Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-428/2024 14.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X2 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslər X11, X9 və X7 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 2-1(116)-1134/2024 nömrəli qərarından iş üzrə üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdehnə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “üçüncü şəxslər X11, X9 və X7 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1134/2024 nömrəli qərardadı ilə X11, X9 və X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər.
3. İşin qısa mahiyyəti ondan ibarətdir ki, ünvan 1 ünvanındakı mənzil tam xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı özünə məxsus mənzildən həmin mənzillə bağlı heç bir əmlak hüququ olmayan və orada yaşamayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
4. İddiaçı tələb hüququnu mənzilin onun xüsusi mülkiyyətində olması, üçüncü şəxslərin həmin mənzildə faktiki olaraq yaşamaması və heç bir əmlak hüquqlarının olmaması ilə əsaslandırmışdır.
5. Üçüncü şəxs iddia tələbinə münasibətini aşağıdakı kimi əsaslandırmışdır: - o mübahisə obyekti olan mənzilə dair iddiaçının adına verilmiş çıxarışın ləğv edilməsi və həmin mənzildə onun payının müəyyən edilməsinə dair AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş və ona qeyd olunan mübahisənin yalnız məhkəmə qaydasında həll oluna biləcəyi bildirilmişdir. O, inzibati orqanın imtina cavabından Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə müvafiq məhkəmənin icraatına daxil olmuşdur. Hesab edir ki, verdiyi iddia tələbi üzrə yekun məhkəmə aktı çıxanadək hazırkı iş üzrə icraat dayandırılmalıdır. Belə ki, mübahisə obyekti olan ünvan 1 ünvanında yerləşən mənzil mərhum atası X10 tərəfindən əldə edilmişdir və atası dünyasını dəyişərkən vərəsəsi olaraq həmin miras əmlakda onun payı müəyyən edilməmişdir. Bundan başqa, ev anasının (iddiaçının) adına keçərkən, özgəninkiləşdirilərkən onun həmin ünvanda qeydiyyatda olmağına baxmayaraq razılığı alınmamışdır. Göründüyü kimi, onun iddia tələbi əsaslıdır və iddiası təmin olunacağı təqdirdə hazırkı iş üzrə mövqe kökündən dəyişə bilər. Bu isə onun və digərlərinin əmlak və konstitusion hüquqlarının qorunması üçün zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırılmalıdır. Verdiyi iddia tələbi üzrə iddia ərizəsinin surətini və ərizənin məhkəməyə göndərilməsinə dair poçt qəbzinin surətini əlavə edir. Göstərilənlərə əsasən ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia tələbi üzrə yekun məhkəmə qərarı çıxanadək 2- 1(116)-1134/2024 saylı iş üzrə məhkəmə icraatının dayandırılması xahiş edilmişdir.
6. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 18 aprel 2024-cü il tarixli 2- 1(116)-1134/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.
8. Üçüncü şəxs X11 həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onun anası, X3 isə nənəsidir. Anası bir müddət əvvəl mənzili qardaşına bağışlama müqaviləsi ilə bağışlama etsə də, daha sonradan münasibətlərinin pozulması səbəbilə 2018-ci ildə mənzil yenidən iddiaçının adına qayıtmışdır. O, təxminən 18 ildən artıq müddətdir ki, faktiki olaraq həyat yoldaşından ayrı anası ilə birlikdə mübahisəli obyektə qeydiyyatda olmaqla yaşamışdır. İddiaçı yaşlı qadındır və o onun maddi və mənəvi bütün tələblərini qarşılayır, ona qulluq etmişdir. Anası daha sonradan Rusiya Federasiya köçdüyündən heç bir zaman aralarında mənzildən qeydiyyatdan çıxarılma ilə bağlı mübahisə olmamışdır. Hətta qızı Günay Əhmədovanın ailəsi dağıldıqdan sonra onun da bütün cehiz əşyaları həmin mənzilə yığılmışdır. Həmin mənzildə müxtəlif tədbirlər (ad günləri, yığıncaqlar və s.) keçirilmiş və bu barədə foto ve video görüntülər də vardır. İddiaçı bir dəfə də olsun onun və ya qızının evdən qeydiyyatdan çıxarılmasını şəxsən istəməmişdir. Hazırkı iddia tələbi onun iradəsindən kənar verilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 2-1(116)-1134/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 2-1(116)-1134/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər.
12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, cavabdeh, iddiaçıya məxsus mənzildən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı müraciətin təmin olunmasından imtina etmişdir.
2. 31.05.2023-cü il tarixli ******* nömrəli yaşayış yeri qeydiyyat haqqında arayışdan görünür ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatdadır.
3. ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının tam xüsusi mülkiyyətindədir.
4. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-388/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1498/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər X8 və X4 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbi rədd edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3543/2023 nömrəli qərarından görünür ki, cavabdeh X11 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-388/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Reyestrdə 4Ə-106 nömrə ilə qeydə alınmış, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X1 şəhəri, İ.Qayıbov küçəsi, ev 3/1, mənzil 26 ünvanında yerləşən mənzili iddiaçıya hədiyyə vermişdir.
7. “AZEMİS” Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, üçüncü şəxs X14 xx.xx.2019-cu ildə anadan olmuşlar. X7 anası X9 hazırkı iş üzrə üçüncü şəxslərdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
16. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərlərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında qərara almışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.
19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan faktiki xarakterli digər fəaliyyətinin (hərəkətlərinin) mübahisələndirilməsinə dair işlərə isə öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırmaqla baxılmalıdır. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. İş materialları ilə müəyyən edildi ki, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər hazırda həmin mənzillərdə pasport qeydiyyatındadırlar.
27. İstinad olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır.
28. Hazırkı mübahisədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar birbaşa mövcud olmasa da, Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququ sahibinin tələbi əsasında fərdi yaşayış evinə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması normanın hüquqi məzmunu baxımından məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir.
29. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik «anlaşıqlı», «aydın» və «proqnozlaşdırıla bilən» olmalıdır. Adıçəkilən məhkəmənin təşəkkül tapmış presedent hüququna görə, “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, bu təcrübə həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin qanun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun, eləcə də müvafiq şəxs üçün “çatımlı” və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda “öncədən görmək” mümkündür ki, o hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin.
31. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, ümumi hüquqi tənzimləmə sistemində müəyyənlik, hüquq normalarının anlaşıqlı, aydın və proqnozlaşdırıla bilən olması, onların tənzimlədikləri sahələrdə ardıcıl şəkildə bərabər mənafelərə bərabər münasibətə əsaslanmaları xüsusi əhəmiyyət kəsb edir. Qanunvericilik tənzimləmələrinin göstərilən tələblərə uyğun həyata keçirilməsi hüququn aliliyinin ayrılmaz elementi olaraq, həm qanunvericilik, həm də hüquq tətbiqetmə fəaliyyətində insan hüquqlarının səmərəli müdafiəsinin təmin olunması üçün zəmanət yaradır. Ona görə də, hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün isə hüquq normaları yuxarıda da qeyd edildiyi kimi anlaşıqlı, aydın və proqnozlaşdırıla bilən olmalı və ardıcıl şəkildə bərabər mənafelərə bərabər münasibətə əsaslanmalıdırlar.
32. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun hazırkı iş üzrə faktiki hallar əsasında üçüncü şəxslərin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Lakin, Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur.
33. Lakin hazırkı iş üzrə üçüncü şəxslərin iddiaçının mənzilində hər hansı bir əmlak hüquqlarının olması və qeydiyyatda olduqları ünvanda yaşamaları müəyyən olunmur.Belə ki, iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 388/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin 41-ci bəndində qeyd edilmişdir ki, X5, X3 və azyaşlı Raulun mübahisəli mənzildə istifadə hüququnun olması öz təsdiqini tapmamışdır. İstinad olunan qətnamənin 48-ci bəndində Arzu Əhmədovanın mənzildə istifadə hüququnun itirilməsi, 56-cı bəndində Günay Əhmədova və azyaşlı oğlu Raulun sözügedən mənzildən istifadə hüququnun yaranmasına dair heç bir mötəbər sübutun təqdim edilməməsi, 49-cu bəndində isə Arzu Əhmədovanın 1988-ci ildə ər evinə köçməsindən sonra, Günay Əhmədovanın isə ümumiyyətlə iddiaçı ilə birlikdə mübahisəli mənzildə yaşamalarının müəyyən edilmədiyi qeyd edilmişdir.
34. Yəni, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-388/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə hazırkı iş üzrə üçüncü şəxslərin iddiaçıya məxsus yaşayış sahəsində əmlak hüquqlarının mövcud olmamasına və faktiki yaşamamasına hüquqi qiymət verilmişdir.
35. Kollegiya onu da qeyd edir ki, üçüncü şəxs Arzu Əhmədova xx.xx.2024-cü il tarixdə birinci instansiya məhkəməsinə ünvanladığı vəsatətində özünün və digər üçüncü şəxsin qeydiyyatda olduğu mübahisəli mənzilə köçürülməsi və istifadə hüquqlarının tanınması ilə bağlı Mingəçevir Şəhər Məhkəməsinə müraciət edildiyini bildirmişdir. Göründüyü kimi faktiki olaraq üçüncü şəxslər iddiaçıya məxsus mənzildə yaşamırlar və hazırda sözügedən mənzil üzərində hər hansı əmlak hüquqları yoxdur.
36. İddia tələbində qeydiyyatdan çıxarılması tələb olunan X7 (xx.xx.2019) hazırda 5 yaşı vardır. Odur ki, Raul Həsənlinin yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır.
37. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 3-cü abzasına əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.
38. İş materialları ilə müəyyən edilir ki, X7 anası Günay Əhmədova hazırkı iş üzrə üçüncü şəxsdir və onun özünün də, mübahisəli mənzildə hər hansı əmlak hüquqları yoxdur və faktiki olaraq həmin mənzildə yaşamır. Azyaşlının digər valideyni (atası) – X13 iddiaçıya məxsus yaşayış sahəsində faktiki yaşamadığından və həmin ünvanda əmlak hüquqları olmadığından Raul Həsənlinin sözügedən mənzildə qeydiyyatda olmasının heç bir hüquqi əsası olmur.
39. Belə ki, özləri həmin yaşayış sahəsində yaşamayan və əmlak hüquqları olmayan valideynlər övladlarının yaşayış ünvanı həmin mənzil olaraq müəyyən edilməsinə razılıq verə bilməzlər, o cümlədən övladlarının yaşayış yeri də həmin ünvan sayıla bilməz.
40. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, üçüncü şəxslərin həmin mənzildə qeydiyyatı hər hansı əmlak hüququnun yaranmasına səbəb olmur və qeydiyyat tamamilə formal xarakter daşıyır.
41. Üçüncü şəxs tərəfindən məhkəmə icraatının dayandırılması ilə bağlı xx.xx.2024cü il tarixdə təqdim edilmiş vəsatətə münasibətdə isə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə icraatın dayandırılmasına əsas olan hər hansı hal müəyyən edilmir və verilmiş vəsatət məhkəmə icraatının əsassız yubandırılmasına yönəlmişdir. Belə ki, üçüncü şəxs, iddiaçının adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli çıxarışı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirdiyini bildirsə də, iş materialları ilə müəyyən edilir ki, sözügedən çıxarışla hüquqların dövlət qeydiyyatının aparılmasına əsas xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi olmuşdur. Odur ki, ümumiyyətlə həmin mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir.
42. Həmçinin, mübahisəli mənzilə köçürülmə və istifadə hüququnun tanınması ilə bağlı Mingəçevir Şəhər Məhkəməsinə edilmiş müraciətə münasibətdə məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən iddiaçının evində qeydiyyat üçün zəruri olan şərt daimi və ya daha çox yaşamadır. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini təmin etmir.
43. Odur ki, üçüncü şəxslərə izah olunur ki, iddiaçıya məxsus yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun tanınması ilə bağlı qaldırılmış iddia uğurlu olduğu halda, sözügedən ünvanda faktiki yaşayacaqları halda yenidən həmin mənzilə qeydiyyata düşmələri mümkündür. Hazırkı vəziyyətdə isə üçüncü şəxslər faktiki olaraq yaşamadıqları ünvanda qeydiyyatda qalmaqda təkid edirlər.
44. Bundan başqa nəzərə alınmalıdır ki, qeydiyyat məsələsi həm də iddiaçının mülkiyyət hüququnun tanınması və müdafiə olunması ilə əlaqəlidir. Belə ki, üçüncü şəxslərin iddiaçının evində qeydiyyatı iddiaçı üçün bəzi hallarda məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Şəxsin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir.
46. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxslərin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi də mülkiyyətçinin məhz bu kimi hüquqlarından irəli gəlir.
47. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, üçüncü şəxslər X11, X9 və X7 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmamasına dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
48. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 2-1(116)-1134/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.