Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-429/2023 29.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “A seriyalı 245274 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində qeyd olunan koordinatların iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğunlaşdıraraq 578 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 may 2023-cü il tarixli 2-1(116)-227/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı Mingəçevir şəhəri, 2-ci Günəşli küçəsində yerləşən 599.39 kv.m torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının vəkili 16 may 2023-cü il tarixli birinci instansiya məhkəməsinin iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “A seriyalı 245274 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində qeyd olunan koordinatların iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğunlaşdıraraq 578 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-227/2023 nömrəli qərardadı ilə Mingəçevir bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı Mingəçevir şəhəri, 2-ci Günəşli küçəsində yerləşən 599.39 kv.m torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi tələbi ilə cavabdehə müraciət etmişdir, cavabdeh xx.xx.2022-ci il tarixli məktubla ləğv edilmiş DT və XK-nın Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş, 599.39 kv.m həyətyanı sahəyə dair X11 kitabında xx.xx.2009-cu il tarixində 2959 nömrə ilə uçota alınmış, A seriyalı 245274 nömrəli torpaq sahəsinin planı və ölçüsü isə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin vəziyyətini, şərti işarələr və nişanələr vasitəsilə əks etdirən texniki sənəd olduğu üçün, həmin sənəd əsasında torpaq sahəsinin dövlət reyestrində qeydiyyatı, çıxarışın və texniki pasportun verilməsi tələbinin icrasından imtina etmişdir.
5. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya münasibətində bildirmişdir ki, ləğv edilmiş DT və XK-nın Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş, 599.39 kv.m həyətyanı sahəyə dair X11 kitabında xx.xx.2009-cu il tarixində 2959 nömrə ilə uçota alınmış, A seriyalı 245274 nömrəli torpaq sahəsinin planı və ölçüsü isə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin vəziyyətini, şərti işarələr və nişanələr vasitəsilə əks etdirən texniki sənəd olduğu üçün, həmin sənəd əsasında torpaq sahəsinin dövlət reyestrində qeydiyyatı, çıxarışın və texniki pasportun verilməsi qanuna ziddir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtina dəlillərinə uyğun əsaslandırmışdır.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
8. Üçüncü şəxs iddia ərizəsinə münasibətində bildirmişdir ki, iddia olunan torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla faktiki olaraq iddiaçının istifadəsindədir, iddia tələbinin təmin edilməsinə etiraz etməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 16 may 2023-cü il tarixli 2- 1(116)-227/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
10. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən nəzərə almamışdır ki, torpaq sahəsinin planı və ölçüsü isə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin vəziyyətini, şərti işarələr və nişanələr vasitəsilə əks etdirən texniki sənəd olduğu üçün, həmin sənəd əsasında torpaq sahəsinin dövlət reyestrində qeydiyyatı, çıxarışın və texniki pasportun verilməsi qanuna ziddir. Belə ki, qanunverici orqan tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsaslar qismində iddiaçı tərəfindən təqdim edilən sənəd nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxan zaman iş üzrə tərtib edilmiş mütəxəssis rəyində qeyd edildiyi kimi DT və XKnın Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş, 599.39 kv.m həyətyanı sahəyə dair X11 kitabında xx.xx.2009-cu il tarixində 2959 nömrə ilə uçota alınmış, A seriyalı 245274 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlarla iddiaçının naturada faktiki istifadə etdiyi torpaq sahəsi arasında hava yolu ilə 71.3 metr ara məsafəsi vardır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 may 2023-cü il tarixli 2-1(116)-227/2023 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 may 2023-cü il tarixli 2-1(116)-227/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 16 may 2023-cü il tarixli 2-1(116)-227/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir.
15. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
16. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - A seriyalı 245274 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 599.39 kv.m torpaq sahəsi Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə İddiaçı adına verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı və Mingəçevir şəhəri üzrə həyətyanı torpaq sahələrinə aid subyektlər siyasından çıxarışdan görünür ki, İddiaçı adı qeyd olunmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-143/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı naturada göstərdiyi 578 kv.m torpaq sahəsinin təyinatı kənd təsərrüfatı torpaqlar, islahat uqodiyası meyvə bağları, mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. İddiaçı naturada göstərdiyi 578 kv.m torpaq sahəsi digər şəxslərə məxus torpaq sahələri ilə üst-üstə düşmür. - 2015014408 qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Mingəçevir şəhəri, Günəşli massivinin şimal hissəsində yerləşən 0.0597 ha torpaq sahəsi X3 mülkiyyətindədir. - 2015015154 qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Mingəçevir şəhəri, Günəşli massivinin şimal hissəsində yerləşən 0.0298 ha torpaq sahəsi X4 mülkiyyətindədir. - 2014005008 qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi X6 mülkiyyətindədir. - ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Mingəçevir şəhəri, Günəşli massivinin şimal hissəsində yerləşən 0.06 ha torpaq sahəsi X1 mülkiyyətindədir. - Şəki Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılaraq, qanuni və obyektiv qərar qəbul edilməsi baxımından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət X5 və Mingəçevir Şəhər İcra Hakimiyyətinə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə Mingəçevir şəhərində vətəndaşların xüsusi mülkiyyətinə həyətyanı torpaq sahəsinin verilməsinə dair siyahıda İddiaçı adının mövcud olub-olmaması barədə məlumatın verilməsinə dair sorğu edilmişdir. - Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2023-cü il tarixli arxiv arayışına əlavə edilmiş Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, şəhər ərazisində qanuni istifadədə olan həyətyanı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi qərara alınmışdır. - xx.xx.2004-cü il tarixli məlumatın təsdiq edilmiş surətindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssislərinin şəhər ərazisində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin inventarlaşdırılmasının başa çatdırmaq üzrə olduğu bildirilmişdir. - Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 5-3/2- 1184/2023 nömrəli məktubundan görünür ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli Sərəncamı və sərəncama əlavə olunmuş bütün sənədlər Azərbaycan Respublikası Dövlət X5 təhvil verilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
19. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
20. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavadehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarından göründüyü kimi Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə iddiaçıya 599.39 kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş Mingəçevir şəhəri üzrə həyətyanı torpaq sahələrinə aid subyektlər siyasından çıxarışdan görünür ki, İddiaçı qanuni istifadəsində 0,06 ha torpaq sahəsinin olduğu qeyd olunmuşdur.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Belə ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılaraq, qanuni və obyektiv qərar qəbul edilməsi baxımından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət X5 və Mingəçevir Şəhər İcra Hakimiyyətinə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə Mingəçevir şəhərində vətəndaşların xüsusi mülkiyyətinə həyətyanı torpaq sahəsinin verilməsinə dair siyahıda İddiaçı adının mövcud olub-olmaması barədə məlumatın verilməsinə dair sorğu edilmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 5-3/2- 1184/2023 nömrəli sorğuya cavab məktubundan görünür ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli Sərəncamı və sərəncama əlavə olunmuş bütün sənədlər Azərbaycan Respublikası Dövlət X5 təhvil verilmişdir.
28. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2023-cü il tarixli arxiv arayışına əlavə edilmiş Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, şəhər ərazisində qanuni istifadədə olan həyətyanı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi qərara alınmışdır. xx.xx.2004-cü il tarixli məlumatın təsdiq edilmiş surətindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssislərinin şəhər ərazisində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin inventarlaşdırılmasının başa çatdırmaq üzrə olduğu bildirilmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.
30. Göründüyü kimi, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli Sərəncamına əsasən Mingəçevir şəhərində qanuni istifadədə olan həyətyanı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi qərara alınsa da şəhər ərazisində qanuni istifadədə olan mülkiyyətə verilən həyətyanı torpaq sahələrinə aid siyahıda iddiaçının adı qeyd edilməmişdir.
31. Belə ki, qeyd edilən sərəncam ümumi xarakter daşıdığından həmin sərəncama əsasən iddiaçının şəhər ərazisində qanuni istifadədə olan mülkiyyətə verilən həyətyanı torpaq sahələrinə aid siyahıda adının olmaması mübahisə predmeti olan torpaq sahəsinin üzərində onun mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsasdır.
32. Beləliklə, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
33. İş materiallarında olan Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Mingəçevir şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid siyahıda 2167-ci sırada İddiaçı adı qeyd edilsə də iddia tələbində iddiaçının hüquqi marağı “A seriyalı 245274 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində qeyd olunan koordinatların iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğunlaşdıraraq 578 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. Bununla bağlı da inzibati orqana A seriyalı 245274 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində göstərilən 599.39 kv.m torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması barədə müraciət etmişdir. Cavabdeh inzibati orqan da A seriyalı 245274 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planalma aparılan anda özündə ərazinin bütün vəziyyətini, şərti işarələr və nişanələr vasitəsilə əks etdirən olan texniki sənəd olduğu üçün həmin sənəd əsasında torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasının qanunverciliyə zidd olması əsası ilə imtina etmişdir.
34. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək və apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
35. Məhkəmə kollegiyası iş materiallarını, kollegiya tərəfindən edilən sorğunun nəticələrini nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuş, məhkəmə inzibati işin faktiki hallarını tam araşdırmadan, sübutları maddi və prossesual normalara uyğun qiymətləndirmədən iddia tələbini təmin etməkdə haqlı olmamışdır.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.
37. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 16 may 2023-cü il tarixli 2-1(116)-227/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “A seriyalı 245274 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində qeyd olunan koordinatların iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğunlaşdıraraq 578 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.