Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-43/2021 08.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək və xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək olan 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməklə, xx.xx.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi və ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1153/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının mütəxəssisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. xx.xx.2019-cu il tarixdə ona ümumi xəstəlikdən ikinci qrup əlillik dərəcəsi təyin olunmuşdur. 1980-1985-ci illərdə əyani təhsil almışdır. Hal-hazırda 5 saylı məktəbdə laborant vəzifəsində işləyir. Həmçinin xx.xx.1987-ci il tarixdə Sevda adlı, xx.xx.1990-cı il tarixdə isə Səadət adlı övladları anadan olmuşdur. Təhsil illəri və işləməyərək uşaqlarına qulluq etdiyi müddət stajına daxil edilmədiyindən xx.xx.2019-cu il tarixdən sosial müavinət alır. O, əlilliyə görə əmək pensiyası təyin olunması üçün sənədlərini Şəki Regional «ASAN Xidmət» mərkəzi vasitəsilə ƏƏSMN yanında DSMF-nin Şəki şəhər şöbəsinə təqdim etmişdir. Lakin şöbə tərəfindən göndərilmiş məktubda tələb olunan pensiya kapitalı olmadığından əlilliyə görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, İddiaçı əlilliyə görə əmək pensiyası təyin olunması üçün Şəki Regional “ASAN Xidmət” mərkəzinə müraciət etmişdir. Təqdim olunmuş sənədlərə baxılmış və vətəndaşın tələb olunan pensiya kapitalı olmadığından əmək pensiyası almaq hüququ olmamışdır. İddiaçının əmək kitabçası və diplomuna əsasən xx.xx.2006-cı il tarixədək 14 il 9 ay sosial sığorta stajı - 10567.08 manat pensiya kapitalı, xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək fərdi uçot məlumatlarına əsasən hesabında 5561.32 manat pensiya kapitalı olmaqla, cəmi 16128.40 manat pensiya kapitalı vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinadən əlillik təyin olunarkən 57 yaşı tamam olduğundan əmək pensiyası təyin olunması üçün 14 il sosial sığorta stajı və 20160.0 (57-15 = 42 x 4 =168 /192 * 144 = 126 x 160 = 20160) manat pensiya kapitalı tələb olunur. İddiaçı tələbində xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək və xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək olan müddətin işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddət kimi sosial sığorta stajına daxil edilməsini qeyd etmişdir. Lakin «Əmək pensiyaları haqqında» Azərbaycan Pespublikası Qanununun 21-ci maddəsinə əsasən işləməyərək 3 yaşadək uşağa qulluq müddətinin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. İddiaçının təhsil müddəti stajına daxil edilmişdir. Əgər iddiaçının tələbində qeyd etdiyi 5 il 10 ay müddət sosial sığorta stajına daxil edilsəydi, o zaman onun xx.xx.2006-cı il tarixədək 20 il 7 ay sosial sığorta stajı - 14746.15 manat pensiya kapitalı olmaqla, cəmi 20307.47 manat pensiya kapitalı olardı. Bu kapital da iddiaçıya xx.xx.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyası təyini üçün kifayət edərdi. Yuxarıdakıları nəzərə alaraq, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə və 12.1-ci maddəsinə istinadən vətəndaşın tələb olunan pensiya kapitalı olmadığından iddiasını əsassız hesab edir və məhkəmədən təmin edilməməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1(116)-1153/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının üzərinə İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək və xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək olan 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməklə, ona xx.xx.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi və ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği fərqinin ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı “xx.xx.1987-ci il tarixdən xx.xx.1990cı il tarixədək və xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək olan 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəticədə, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələb olunan sığorta stajının və pensiya kapitalının olmamasına baxmayaraq əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Sığortaolunanın sığorta stajına Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, həmin Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər də daxil edilir.“Əmək pensiyaları haqqında” Qanunda işləməyən ananın üç yaşadək uşağına qulluq etdiyi müddətin sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır.Yuxarıda qeyd olunanlara əsasən bildirmişdir ki, İddiaçı 2-ci dərəcə əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan pensiya kapitalı və sığorta stajı olmalıdır. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1(116)-1153/2020 nömrəli qərarının qanunsuz və əsassız olduğunu qeyd edib, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1153/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********4 nömrəli imtina məktubu, iddiaçının diplomunun, əmək kitabçasının və nikah haqqında şəhadətnaməsinin təsdiq edilmiş sürətləri, doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş sürətləri,cavabdehin xx.xx.2020-ci il tarixli **********1 nömrəli münasibət məktubu və onlara əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri aiddir. Əsaslandırma hissəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1153/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının üzərinə İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək və xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək olan 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməklə, ona xx.xx.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi və ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği fərqinin ödənilməsi öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin təsdiqlənmiş surətlərindən görünür ki, xx.xx.1990-cı il tarixdə X5, xx.xx.1987-ci il tarixdə X6 doğulmuşdur. X1 anaları İddiaçıdır. İddiaçıya əlillik təyin olunarkən 57 yaşı tamam olduğu üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinadən əmək pensiyası təyin olunması üçün 14 il sosial sığorta stajı və 20160.0 manat pensiya kapitalı tələb olunur. “Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçıya əlil kimi pensiya təyin edə bilmək üçün qanunun qeyd edilən müddəasında təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur – 1) tələb olunan sığorta stajı mövcud olmalıdır və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İş materiallarında olan DSMF-nin xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubundan görünür ki, əlillik təyin olunarkən 57 yaşı tamam olduğundan əmək pensiyası təyin olunması üçün 14 il sosial sığorta stajı və 20160.0 (57 -15 = 42 x 4 = 168 /192 * 144 = 126 x 160 = 20160) manat pensiya kapitalı tələb olunur. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək və xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək işləməyərək körpə uşağına qulluq etdiyi illər iş stajına daxil edilməlidir. Belə ki, qeyd olunan müddət iddiaçının stajına daxil ediləcəyi təqdirdə onun tələb olunan 20160.0 manat pensiya kapitalı tamamlanacaqdır.(xx.xx.2006-cı ilə qədər mübahisələndirilməyən 14 il 9 ay sosial sığorta stajı və xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabında olan 10567.08 manat pensiya kapitalı, cəmi 16128,40 manat pensiya kapitalı+körpə uşağına qulluq etdiyi 5 il 10 ay = 20 il 7 ay sığorta stajı, 20307,47 manat pensiya kapitalı) xx xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir. Bununla bağlı olaraq məhkəmə kollegiyası onuda qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu,körpə uşaqlara qulluq etdiyi və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fizi-ki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqimüəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Göründüyü kimi, bərabərlik prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının üzərinə İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək və xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək olan 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməklə, ona xx.xx.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi və ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği fərqinin ödənilməsi öhdəliyinin qoyulması" tələbinə dair iddiasını təmin etməkdə haqlıdır. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1153/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-43/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-43/2021
08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver