Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-43/2022 21.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxs Balakən Rayonu Hənifə Bələdiyyəsi) qarşı “JN 050A kod 40102018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, JN-0256 KOD 40102018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına düzəliş edilməsi, 0,25 ha həyətyanı torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsünün verilməsinin DT və XK-nin Balakən Rayon Şöbəsinə və 0,15 ha kəsir pay torpağının Hənifə Bələdiyyəsinin ehtiyat fondundan verilməsinin Hənifə Bələdiyyəsinə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 27 avqust 2012-ci il tarixli 2inz(84)-879/2012 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinə və üçüncü şəxs Balakən Rayon Hənifə Bələdiyyəsinə qarşı “JN-050A kod 40102018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, JN-0256 kod 40102018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına düzəliş edilməsi, 0,25 ha həyətyanı torpaq shəsinə torpaq sahəsinin planı və ölçüsünün verilməsinin DT və XK-nin Balakən rayon şöbəsinə və 0,15 ha kəsir pay torpağının Hənifə Bələdiyyəsinin ehtiyat fondundan verilməsinin Hənifə Bələdiyyəsinə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
2. İddiaçı1 birinci instansiya məhkəməsinin iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi.
3. Cavabdeh DT və XK-nin Balakən rayon şöbəsinin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında göstərmişdir ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 14 iyul tarixli 07 saylı qərarına əsasən, Hənifə kəndində torpaqlar xüsusi mülkiyyətə verilmişdir. İddiaçının anası X3 xüsusi mülkiyyətinə əsasən 4 nəfər ailə üzvünə cəmi 1,26 ha pay torpağı verilmişdir. JN-050A kod 40102018 saylı şəhadətnamədə iddiaçının ailəsinin adına 0,10 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçılar 0,25 ha torpaq sahəsinin bərpa olunmasını xahiş etmişlər. Balakən Rayon Dövlət Arxivinin xx.xx.2012-ci il tarixli 328 saylı arayışından məlum olmuşdur ki, çox əvvəl mübahisə edilən həyətyanı 0,25 ha olmaqla iddiaçının atası X2, o, 1991-ci ildə vəfat etdikdən sonra həmin 0,25 ha həyətyanı torpaq sahəsi iddiaçının anası X3 adına keçirilmişdir. İddiaçının anası 2009-cu ildə vəfat etmişdir. 2009-cu ilə kimi mərhum X3 adında 0,25 ha həyətyanı torpaq sahəsi olmuşdur. Dövlət Arxivinin xx.xx.2012-ci il tarixli 325 saylı arxiv arayışında qeyd olunmuşdur ki, həmin 0,25 ha həyətyanı torpaq sahəsində 1918-ci ildə tikilmiş yaşayış evi, 1972-ci ildə inşa edilmiş ma tövləsi, 1988-ci ildə tikilmiş ipəkqurdu bəsləmək üçün kümxana və sair tikililərin olması qeyd olunmuşdur. Balakən Rayon İcra Hakimiyyəti Hənifə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 1818 saylı arayışında təsdiq edilmişdir ki, hal-hazırda da mübahisə edilən həyətyanı torpaq sahəsi 02 saylı təsərrüfat kitabı 145 nömrəli şəxsi hesabında X3 adına 0,25 ha həyətyanı torpaq sahəsi yazılmışdır. İddiaçının tələb etdiyi 0,25 ha həyətyanı torpaq sahəsi bütövlükdə pay torpağına daxil edilmiş və JN-0653 kod 40102018 saylı Dövlət Aktında qeyd olunmuşdur. Lakin, texniki səhv nəticəsində 0,25 ha həyətyanı JN-050 kod 40102018 saylı şəhadətnamədə 0,10 ha həyətyanı torpaq sahəsinin koordinatları yazılmışdır. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məqsədəmüvafiq hesab etmişdir.
4. Üçüncü şəxs Hənifə Bələdiyyəsinin nümayəndəsi X12 xx.xx.2012-ci il tarixli birinci instansiya məhkəməsinin hazırlıq iclasında göstərmişdir ki, İddiaçı1 və İddiaçı2 JN-0653 kod 40102018 saylı Dövlət Aktındakı mülkiyyətə verilmiş torpaq sahəsinin plan üzrə birinci hissəsində yaranmış kəsir 0,15 ha pay torpağının Hənifə Bələdiyyəsinin ehtiyat torpaq fondu hesabına verilməsinin təmini haqqında iddialarına Hənifə Bələdiyyəsi etiraz etmir. Odur ki, məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Mübariz Hüseynov) 27 avqust 2012-ci il tarixli, 2inz(84)-879/2012 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
6. Şəki İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 2inz(84)-879/2012 qərardadı ilə inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi ilə əvəz edilmişdir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 27 avqust 2012-ci il tarixli 2inz(84)-879/2012 nömrəli qərarından apellyasiya şikayəti vermişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli 2-1(107)-43/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə iş üzrə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbaycan Respublikası Məhkəmə Ekspertizаsı Mərkəzinə həvalə edilmiş, rəy alınanadək işə baxılması qeyri-müəyyən müddətə təxirə salınmışdır.
9. 11 oktyabr 2022-ci il tarixdə ekspert rəyi məhkəmə kollegiyasına daxil olmuş və məhkəmə kollegiyasının iclası 21 oktyabr 2022-ci il tarixə təyin edilmişdir.
10. Şəki Apellyasiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi ilə əvəz edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı ilə JN 050A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmişdir. Lakin ləğv edilmiş DTXK tərəfindən təqdim edilmiş həmin şəhadətnamənin hazırlanması üçün əsas olmuş DBF və DWJ baza məlumatlar ləğv olunmamışdır. Sözügedən şəhadətnamənin hazırlanması üçün əsas olunmuş məlumatlar qüvvədə olduğu təqdirdə həmin həyətyanı torpaq sahəsinin məhkəmə qərarına əsasən əlavə 0,15 ha ölçüdə həyətyanı torpaq sahəsinin verilməsi mümkün deyildir. Çünki məhkəmə qərarına əsasən əlavə verilməsi nəzərdə tutulmuş 0,15 ha həyətyanı torpaq sahəsinin islahatla bağlı hazırlanmış bazası mövcud deyildir. Mövcud baza məlumatlarda həmin 0,15 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi rəsmiləşdirilmiş JN-0653 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş 1,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tərkibindədir. Həmçinin, həmin 0,15 ha torpaq sahəsi JN-0653 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş 1,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tərkibindən çıxarılsa belə mövcud baza məlumatlarda həmin 0,15 ha torpaq sahəsinin təyinatı kənd təsərrüfatı olduğundan, həmin torpaq sahəsini 0,10 ha həyətyanı torpaq sahəsin ilə birləşdirilərək ümumilikdə məhkəmə qərarına əsasən 0,25 ha həyətyanı kimi sənədin hazırlanması mümkün deyildir. Buna görə də mövcud baza məlumatlarına əsasən qeyd olunan torpaq sahələri fərqli təyinatlı olduğu üçün yenə də 0,10 ha ölçüdə həyətyanı və 0,15 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi sənədlərin hazırlanması mümkün olacaqdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 27 avqust 2012-ci il tarixli, 2inz(84)-879/2012 nömrəli qərarının ləğv edilərək iddianın mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati məhkəməsinin 27 avqust 2012-ci il tarixli 2inz(84)-879/2012 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 avqust 2012-ci il tarixli 2inz(84)-879/2012 nömrəli qərarının ləğv edilərək iddianın mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs Balakən Rayonu Hənifə Bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmişdir.
15. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
16. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - 387 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun təsdiqlənmiş surətindən görünür ki, X1 üzrə həyətyanı torpaq sahəsi 2500 kv.m-dir. - Balakən rayon Dövlət Arxivinin xx.xx.2012-ci il tarixli 328 nömrəli arxiv arayışından görünür ki, Balakən rayon Hənifə kənd İcra Nümayəndəliyinin Təsərrüfatbaşına kitablarına əsasən 1991-1995-ci illər üzrə X9 ailə başçısı olmaqla (X10, X5, İddiaçı1, X6 və X11) 0,25 ha həyətyanı torpaq sahəsi vardır. - JN-050A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 07 nömrəli qərarı ilə X10, X7, İddiaçı1 və X8 fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı üçün 0,10 ha torpaq sahəsi birgə mülkiyyətlərinə veilmişdir. - JN-0653 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiqlənmiş surətindən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 07 nömrəli qərarı ilə X10, X7, İddiaçı1 və X8 1,26 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. - Hənifə kənd İnzibati Ərazi Dairəsinin xx.xx.2011-ci il tarixli 1818 nömrəli arayışından görünür ki, X4 adına Hənifə kənd İcra Nümayəndəliynin 2006-2010-cu ilərin 02 saylı təsərrüfatbaşına kitabının 64-cü səhifəsində 145 nömrəli şəxsi hesabında 0,25 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. - Hənifə kənd sakini X4 istifadəsində olan qanuni, faktiki istifadəsindəki həyətyanı torpaq sahəsinin sxematik planından görünür i, həmin planda 0,25 ha həyətyanı torpaq sahəsinin yerləşdiyi ərazi qeyd edilmiş və DT və XK-nin Balakən rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. - Hənifə Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 59 nömrəli arayışından görünür ki, İddiaçı1 ailəsinə Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 07 nömrəli qərarı ilə JN-653 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 6 nəfər ailə üzvü olmaqla hər birinə 0,32 ha pay torpaq sahəsi verilmişdir. - Hənifə Bələdiyyəsinin birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2012-ci il tarixli 38 nömrəli məktubundan görünür ki, JN-0653 nömrəli dövlət aktındakı mülkiyyətə verilmiş torpaq sahəsinin plan üzrə 1-ci hissəsində yaranmış kəsir 0,15 ha pay torpaq sahəsinin bələdiyyənin ehtiyat fondu hesabına verilməsinə etiraz etmir. -DT və XK-nin Balakən rayon şöbəsinin birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2012-ci il tarixli 197 nömrəli məktubundan görünür ki, 0,25 ha həyətyanı torpaq sahəsinin bərpa olunmasını və iddiaçıya Hənifə Bələdiyyəsinin ehtiyat fondundan 0,15 ha pay torpaq sahəsinin veilməsini məqsədəmüvafiq hesab edir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəmə kollegyasına daxil olmuş mütəxəssis və xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı1 və İddiaçı2 naturada istifadə etdikləri torpaq sahəsinin ölçüləri 0,61 ha-dır. İdarənin xidməti istifadəsində olan elektron məlumat bazasına əsasən, həmin ərazidə iddiaçıların adına JN- 653 nömrəli dövlət aktının 653 cizgisində 0,37 ha və 653F cizgisində isə 0,44 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi və 50 A şəhadətnaməyə əsasən 0,10 ha həyətyanı torpaq sahəsi işlənilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir.
18. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. 12-ci maddəsinin 2-ci bəndinə əsasən, torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır; 13-cü maddəsinə əsasən, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir.
14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
19. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Hazırkı iddianı qaldırmaqda iddiaçıların hüquqi marağı şəhadətnamənin düzgün tərtib edilməməsi ilə bağlı olmuşdur. Göründüyü kimi, iddiaçılar tərəfindən Aqrar İslahat Komissiyasının qərarı mübahisələndirilməmiş, cavabdeh inzibati orqan tərəfindən şəhadətnamələrin səhv tərtib edilməsi mübahisələndirilmişdir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, 0,15 ha həyətyanı torpaq sahəsi islahat zamanı Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarilxi 07 nömrəli qərarı ilə 1,26 ha pay torpaq sahəsinin tərkibinə daxil edildiyindən və iddiaçıya və onun ailəsinə 0,15 ha pay torpaq sahəsi əskik verildiyindən, iddiaçının JN-0653 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına düzəliş edilərək 0,15 ha kəsir pay torpaq sahəsinin Hənifə Bələdiyyəsinin ehtiyat fondundan verilməsi tələbi haqlıdır.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuşdur.
27. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə obyektiv qərar qəbul edilməsi üçün mütəxəssis rəyi alınmamış, ekspertiza təyin edilməmişdir.
28. Bununla bağlı, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli 2-1(107)-43/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə iş üzrə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbaycan Respublikası Məhkəmə Ekspertizаsı Mərkəzinə həvalə edilmiş, rəy alınanadək işə baxılması qeyri-müəyyən müddətə təxirə salınmışdır. 11 oktyabr 2022-ci il tarixdə ekspert rəyi məhkəmə kollegiyasına daxil olmuş və məhkəmə kollegiyasının iclası 21 oktyabr 2022-ci il tarixə təyin edilmişdir.
29. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının və təqdim edilmiş ekspert rəyinin tədqiqi zamanı müəyyən edildi ki, İddiaçı1 və İddiaçı2 naturada istifadə etdikləri torpaq sahəsinin ölçüləri 0,61 ha-dır. İdarənin xidməti istifadəsində olan elektron məlumat bazasına əsasən, həmin ərazidə iddiaçıların adına JN-653 nömrəli dövlət aktının 653 cizgisində 0,37 ha və 653F cizgisində isə 0,44 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi və 50A şəhadətnaməyə əsasən 0,10 ha həyətyanı torpaq sahəsi işlənilmişdir.
30. Göründüyü kimi, 1,26 ha pay torpaq sahəsinin 0,15 ha hissəsi olan həyətyanı torpaq sahəsi islahat zamanı Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 07 nömrəli qərarı ilə 0,10 ha torpaq sahəsinin tərkibinə daxil edilə bilməzdi, ona görə ki, ekspert rəyindən də göründüyü kimi həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir.
31. Məhkəmə kollegiyasının qənaətinə görə belə olan halda cavabdeh inzibati orqan tərəfindən 1,26 ha pay torpaq sahəsinin 0,15 ha torpaq hissəsinin 0,10 ha torpaq sahəsinin tərkibinə daxil edilməməsi ilə bağlı və iddiaçının müraciətindən imtina edilməsi ilə bağlı hərəkəti qanuni və əsaslı olmuşdur.
32. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, ekspert rəyini və tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alaraq hesab edir ki, göründüyü kimi, iddiaçının Hənifə Bələdiyyəsinin ehtiyat fondundan verilməsini tələb etdiyi 0,15 ha pay torpağı kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid olduğundan JN 050A kod 40102018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, JN-0256 KOD 40102018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına düzəliş edilməsi, 0,25 ha həyətyanı torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsünün verilməsinin DT və XK-nin Balakən Rayon Şöbəsinə və 0,15 ha kəsir pay torpağının Hənifə Bələdiyyəsinin ehtiyat fondundan verilməsinin Hənifə Bələdiyyəsinə həvalə edilməsinə dair iddia tələbi əsassızdır, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsaslıdır. Birinci instansiya məhkəməsi inzibati işin faktiki hallarını tam araşdırmadan, sübutların maddi və prossesual normalara uyğun qiymətləndirilməməsi nəticəsində iddia tələbini təmin etməklə inzibati iş üzrə səhv nəticəyə gəlmişdir.
33. Beləliklə, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia tələbi təmin edilməməli, iş üzrə məhkəmə kollegiyası tərəfindən təyin edilmiş mütəxəssis rəyinin xərci olan 95 (doxsan bes) manat iddiaçılara aid edilməli, məhkəmə-tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manat iddiaçılardan tutularaq Dövlət xəzinədarlığı agentliyinin hesabına, (Kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) köçürülməlidir.
34. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 27 avqust 2012-ci il tarixli 2inz(84)-879/2012 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxs Balakən Rayonu Hənifə Bələdiyyəsi) qarşı “JN 050A kod 40102018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, JN-0256 KOD 40102018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına düzəliş edilməsi, 0,25 ha həyətyanı torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsünün verilməsinin DT və XK-nin Balakən Rayon Şöbəsinə və 0,15 ha kəsir pay torpağının Hənifə bələdiyyəsinin ehtiyat fondundan verilməsinin Hənifə Bələdiyyəsinə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə məhkəmə kollegiyası tərəfindən təyin edilmiş mütəxəssis rəyinin xərci olan 95 (doxsan beş) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. Məhkəmə-tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq Dövlət xəzinədarlığı agentliyinin hesabına, (Kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) köçürülsün. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.