Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-43/2023 26.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Yevlax şəhəri, C.Mustafayev küçəsi 106 mənzil 22 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1837/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Yevlax şəhəri, C.Mustafayev küçəsi 106 mənzil 22 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instainsiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclasında iddiaçı tələbini dəqiqləşdirərək “Yevlax şəhəri C.Mustafayev küçəsi 106 mənzil 22 üzərində mülkiyyət hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. İddianın əsaslarına görə iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən ağır döyüşlərdə bir çox sayda ağır bədən xəsarətləri alaraq yaralanmışdır. Qarabağ müharibəsi əlili kimi qeydiyyata alınmış və sosial durumunun yaxşılaşdırılması məqsədi ilə Yevlax şəhəri, C.Mustafayev küçəsində inşa olunan çoxmənzilli yaşayış binasından Yevlax rayon icra hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli sərəncamı ilə Yevlax şəhəri, C.Mustafayev küçəsi 106 mənzil 22 iddiaçının mülkiyyətinə verilmişdir. Bu barədə xx.xx.2010-cu il tarixli 73 nömrəli order tərtib edilmişdir. İddiaçı sözügedən mənzilin Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********39 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı C.Mustafayev küçəsi 106 nömrəli evin 22 nömrəli mənzili üzərində Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli 73 nömrəli order əsasında mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsinə dair ərizə ilə cavabdehə müraciət etmişdir.İddiaçıya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların qeydiyyatı üçün əsas hesab edildiyi bildirilir. xx.xx.2010-cu il tarixli 73 nömrəli order Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli sərəncamı əsasında verilmişdir. xx.xx.2009cu il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış mənzilinə order verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilən səbəblərdən mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasının mümkün olmamasına dair imtina verilmişdir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas sayılır. Cavabdeh etiraz məktubunda iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə birinci instainsiya məhkəməsinin iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Birinci instainsiya məhkəməsinin iclasında iştirak edən iddiaçı 2010-cu ildən həmin mənzildə yaşadığını və tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instainsiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi isə etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 24 oktyabr 2022-ci il tarixli, 2- 1(116)-1837/2022 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı dəqiqləşdirərək “Yevlax şəhəri C.Mustafayev küçəsi 106 mənzil 22 üzərində mülkiyyət hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2- 1(116)-1837/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün qənatətə gəlməmişdir. Belə ki, o Qarabağ əlilidir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən ağır döyüşlərdə bir çox sayda ağır bədən xəsarətləri almışdır. Sosial yaşayış vəziyyətinin yaxşılaşdırılması məqsədilə Yexlax şəhərində Ceyhun Mustafayev küçəsi 106 saylı ünvanda inşa olunan çox mənzilli yaşayış binasında ona Yevlax rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli sərəncamı ilə həmin binada 22 saylı mənzil mülkiyyətinə verilərək orderlə təmin edilmişdir. Cavabdeh orqan tələbini məhkəmədən kənar təmin etmədiyi üçün, o, məsələnin hüquqi müstəvidə həllinə güman edərək Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi qərar çıxararkən özündən ali instansiya məhkəməsinin təcrübəsinə əsaslanmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1837/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1837/2022 nömrəli iş üzrə qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). . Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin iddiaçının apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan: Cavabdehin xx.xx.2022-ci il tarixli **********00 nömrəli imtina məktubundan müəyyən olunur ki,iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etmişdir. X2 filialının xx.xx.2022-ci il tarixli 60 nömrəli məktubuna əlavə olunmuş Yevlax ŞİH başçısının xx.xx.2010-cu il tarixli 126 nömrəli “Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikintisi başa çatmış Yevlax şəhəri C.Mustafayev küçəsi 106 nömrəli binanın Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin arasında bölünməsi barədə” sərəncamından görünür ki, həmin sərəncamla binanın 1-ci girişi, 4-cü mərtəbə ümumi sahəsi 82,4 kv.m, yaşayış sahəsi 42,4 kv.m olan 2 otaqlı 22 nömrəli mənzil ailə tərkibi 5 nəfərdən ibarət olan İİ qrup Qarabağ müharibəsi əlili İddiaçı Sətif oğluna verilmişdir.Sərəncamda iddiaçının atasının adı “Sətif” yazılmışdır. Yevlax şəhəri C.Mustafayev küçəsi 106 nömrəli binanın 22 nömrəli mənzilinə dair tərtib edilmiş xx.xx.2010-cu il tarixli 73 nömrəli orderin təsdiq olunmuş surətindən görünür ki, order İH başçısının xx.xx.2010-cu il tarixli 126 nömrəli sərəncamı əsasında verilmişdir. Orderdə ailə tərkibi 5 nəfərdən ibarət olaraq göstərilmiş,order İddiaçı verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderini və ya mənzil kirayəsi müqaviləsini göstərmişdir. Hazırkı işdə isə, sözügedən mənzilin iddiaçıya 2010-cu il tarixdə verilmiş müvafiq sərəncamla verildiyi müəyyən edilir. Bu isə onu deməyə əsas verir ki, həmin mənzil iddiaçıya əvvəllər hər hansı hüquq müəyyənedici sənəd əsasında verilməmişdir. Mənzilin iddiaçıya ayrılmasını təsdiq edən yeganə sənəd Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 126 nömrəli sərəncamı və onun əsasında verilmiş 73 nömrəli xx.xx.2010-cu il tarixli orderdir ki, həmin sənədlər də Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra verildiyindən iddiaçının tələb hüququnun əsası kimi çıxış edə bilməzlər. Eyni zamanda həmin sərəncamda mənzillərin şəxslərin mülkiyyətinə verilməsi barədə göstəriş olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-606/2020 saylı xx.xx.2020-ci il tarixli və 2-1(102)-636/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarlarında təsbit olunmuş hüquqi mövqeyə əsasən orderin verildiyi tarixlə bərabər iddiaçıların həmin mənzillərdə faktiki yaşamağa başlamaları da araşdırılmalıdır. Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 126 nömrəli Sərəncamından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Yevlax şəhərində inşa edlmiş 36 mənzilli binanın tikintisi 2009-cu ilin dekabr ayında başa çatmışdır. Hazırkı iş üzrə order 1 oktyabr 2009-cu il tarixdən sonra verildiyi üçün qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Yekun müddəalarına əsasən: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Məcəllənin qeyd olunan normalarından göründüyü kimi, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunu vətəndaşlara 1 oktyabr 2009-cu il tarixdən sonra verilən dövlət mənzil fondunun yaşayış sahələrinə münasibətdə şamil olunmur. Belə yaşayış sahələrinin özəlləşdirilməsi yalnız qanunla nəzərdə tutulduğu hallarda mümkün ola bilər. Bu baxımdan, konkret halda, iddiaçının “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1, 5 və 8-ci maddələrinə əsaslanaraq ünvan rayon icra hakimiyyətinin qeyd olunan sərəncamı (sərəncamları) əsasında özəlləşdirmək hüququ yoxdur. Belə ki, Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra verilmiş order yuxarıda adı çəkilən qanunda hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas kimi müəyyən edilməmişdir. Bundan əlavə, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs deyildir. Yəni, iddiaçının 01 oktyabr 2009-cu il tarixədək belə hüququ olmamış, verilmiş order isə ona buna hüququ yaratmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmçinin xüsusilə qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə ayrılmış mənzillərin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanına əsasən müəyyən edilmişdir ki, 1.1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 avqust tarixli 2871 nömrəli Sərəncamının 1.1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının “X1” adı verilmiş şəxslərə, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılmış mənzillər (bundan sonra – mənzillər) əvəzsiz olaraq həmin mənzilin ayrıldığı şəxslərin mülkiyyətinə verilməklə özəlləşdirilir; 1.2. mənzillərin özəlləşdirilməsi bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan şəxslərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciəti əsasında bu Fərmanın 4.1-ci bəndi nəzərə alınmaqla həyata keçirilir. Fərmanın 4.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 avqust tarixli 2871 nömrəli Sərəncamına uyğun olaraq mənzil ayrılmış şəxslərin siyahısını (hər bir şəxsə ayrılmış mənzilə dair məlumatlar dəqiq göstərilməklə) və mənzilin ayrılmasına dair müvafiq təsdiqedici sənədin surətini bir ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etmək həvalə edilmişdir. Qanunvericiliklə görülən tədbirlər, məhz əhalinin bu qrupunun sosial müdafiəsinə yönəlmiş, mənzillərin onların mülkiyyətinə verilməsi anlamını ifadə etməmişdir. Belə olan halda, qeyd olunan məsələnin tənzimlənməsi zərurəti yaranmaz, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə “X1” adı verilmiş şəxslərə, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılmış mənzillərin əvəzsiz olaraq həmin mənzilin ayrıldığı şəxslərin mülkiyyətinə verilməklə özəlləşdirilməsi mexanizmi müəyyən edilməz, mənzilləri özəllşdirmək hüququna malik olan şəxslərin qəti dairəsi təsbit edilməzdi. Beləliklə, iş materiallarına istinad etməklə birinci instansiya məhkəməsi iddia tələbinin əsassız olması barədə düzgün qənaətinə gələrək qeyd etmişdir ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin mənzilin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Qeyd olunan hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-2295/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli qərarında da təsbit olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə iddiaçı apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1837/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-43/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-43/2023
26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver