Məhkəmə qərarları › İş №2-1(107)-43/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-43/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-43/2025 04.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri, Az.DRES qəsəbəsi, Naxçıvan küçəsindəki 31 saylı binanın (yataqxananın) qarşısında yerləşən 320 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-977/2024 nömrəli qərarından iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir bələdiyyəsinin 19 mart 2007-ci il tarixli, 33/5 saylı qərarı ilə Mingəçevir şəhəri, Az.DRES qəsəbəsi, Naxçıvan küçəsindəki 31 saylı binanın (yataqxananın) qarşısındakı ərazidən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə verilmiş 320 kv.metr torpaq sahəsinə onun mülkiyyət hüquqlarını qeydiyyata almaqla çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-3405/2022 nömrəli qərardadı ilə Mingəçevir bələdiyyəsi adi qaydada üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mingəçevir Bələdiyyəsinin 19 mart 2007-ci il tarixli, 33/5 saylı qərarı ilə Mingəçevir şəhəri, Az.DRES qəsəbəsi, Naxçıvan küçəsindəki 31 saylı binanın (yataqxananın) qarşısındakı ərazidən fərdi mənzil tikintisi üçün iddiaçıya alqı-satqı yolu ilə 320 kv.metr torpaq sahəsi satılmışdır. Elə 2007-ci ildən o, qeyd olunan torpaq sahəsindən istifadə edir. Bundan sonra iddiaçı, cavabdeh orqana müraciət edərək, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsini xahiş etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

4. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Mingəçevir Bələdiyyəsi tərəfindən fərdi mənzil tikintisi üçün ayrılan 0,032 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə köməklik göstərilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi idarəsinə müraciət etmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər (surətlər) ekspertiza edilərək araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, Mingəçevir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 33/5 nömrəli qərarı ilə fərdi mənzil tikintisi üçün 0.032 torpaq sahəsi iddiaçıya ayrılarkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun, “Bələdiyyələ dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD saylı Qanununun, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mövcud tələblərinə uyğun aparılmamışdır. Belə ki, əlavə edilən sənədlər içərisində torpaqların alqı satqısına dair akt ləğv edilmiş DTXK-nin Mingəçevir şəhər şöbəsində qeydiyyata alınmamışdır, torpaq sahəsinin yerləşməsini əks etdirən torpaq sahəsinin planı və ölçüsü sənədi və ləğv edilmiş DTXK-nin Mingəçevir şəhər şöbəsi tərəfindən verilməli olan rəy təqdim edilməmişdir.

5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubu imtina məktubu, - DT və XK Mingəçevir şəhər şöbəsinin rəyi, - Mingəçevir bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 33/5 nömrəli qərarı (baş planda göstərilən yerdən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 320 (üç yüz iyirmi) kv.metr torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətinə verilməsi qeyd edilmişdir) - cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi (Elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin “X3 X5”ndəki xəritəsinə əsasən, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları, uqodiyası - tikinti altında olan torpaqlar, mülkiyyətçisi - Mingəçevir bələdiyyəsidir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin şimal və cənub tərəfindən yüksək gərginlikli elektrik xətləri keçir). - X4 filialının xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş sənədlər, - Mingəçevir Bələdiyyəsinin ümumi yığıncağının xx.xx.2007-ci il tarixli 33 saylı protokolu.

6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 11 iyun 2024-cü il tarixli, 2- 1(116)-977/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri, Az.DRES qəsəbəsi, Naxçıvan küçəsindəki 31 saylı binanın (yataqxananın) qarşısında yerləşən 320 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddia olunan torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədin mövcudluğu müəyyən olunmur. İddiaçı tərəfindən təqdim edilən Mingəçevir bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 33/5 saylı qərarı sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas hesab edilə bilməz. Belə ki, bələdiyyənin “torpaq ayrıma barədə qərarı” iclas protokoluna istinad olunmaqla verilə bilər. Bələdiyyənin iclas protokolu isə müraciət edən subyektə müvafiq torpaq sahəsinin ayrılması ilə bağlı məlumatların mövcudluğunun təsdiq edən sənəddir. İlkin iclas protokolunda torpaq sahəsinin ayrılması ilə bağlı qeyd yoxdursa bələdiyyə sədri tərəfindən verilmiş “torpaq ayrıma barədə” qərar ayrılıqda hər hansı hüquqi qüvvəyə malik deyildir. Məhkəmə tərəfindən Mingəçevir bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 33/5 saylı iclas protokolunun məzmunu bütövlükdə tədqiq edilmiş və müəyyən edilmişdir ki, istinad olunan iclasda iddiaçıya torpaq sahəsinin ayrılması qərara alınmamışdır. Müvafiq iclas protokolunda torpaq sahəsinin ayrılması məsələsi öz əksini tapmadığı halda bələdiyyə sədrinin ayrıca qərar verməklə torpaq sahəsini iddiaçıya satmaq səlahiyyəti yoxdur. Odur ki, Mingəçevir bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 33/5 saylı qərarı “İnzibati icraat haqqında” Qanunun 65.1.3-cü maddəsinin tələbi baxımından etibarsız inzibati akt olmaqla, heç bir hüquqi nəticə yaratmır. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyəti hüququnun dövlət qeydiyyatına alınması üçün üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

8. İddiaçı nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2-1(116)-977/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2-1(116)-977/2024 saylı qərarını əsassız və qanunsuz hesab edir. Belə ki, Mingəçevir Bələdiyyəsinin 19 mart 2007-ci il tarixli, 33/5 saylı qərarı ilə Mingəçevir şəhəri, Az.DRES qəsəbəsi, Naxçıvan küçəsindəki 31 saylı binanın (yataqxananın) qarşısındakı ərazidən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 320 (üç yüz iyirmi) kv.metr torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir. 2007-ci ildən də qeyd olunan torpaq sahəsindən hazırki vaxtadək istifadə edir. Bundan sonra cavabdehə rəsmi qaydada müraciət edərək, Mingəçevir şəhəri, Az.DRES qəsəbəsi, Naxçıvan küçəsindəki 31 saylı binanın (yataqxananın) qarşısındakı ərazidən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə verilmiş 320 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsini xahiş etmiş, lakin cavabdeh idarənin ona ünvanladığı 30 oktyabr 2023-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, Mingəçevir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 33/5 nömrəli qərarı ilə fərdi mənzil tikintisi üçün 0.032 ha torpaq sahəsi ona ayrılarkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Qanunun, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin mövcud tələblərinə uyğun aparılmadığı, ərizəsinə əlavə etdiyi sənədlərin içərisində olan torpaqların alqı-satqısına dair akt ləğv edilmiş DTXK-nin Mingəçevir şəhər şöbəsində qeydiyyata alınmamış, torpaq sahəsinin yerləşməsini əks etdirən torpaq sahəsinin planı və ölçüsü sənədi və ləğv edilmiş DTXK-nin Mingəçevir şəhər şöbəsi tərəfindən verilməli olan rəyin təqdim olunmadığı və “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1 və 15.1.1-ci maddələrinə əsasən ərizəsinin icrasından imtina olunmuşdur. Lakin, qeyd olunan imtinanı əsassız və qanunsuz hesab edir. Belə ki, Mingəçevir Bələdiyyəsinin 19 mart 2007-ci il tarixli, 33/5 saylı qərarı ilə Mingəçevir şəhəri, Az.DRES qəsəbəsi, Naxçıvan küçəsindəki 31 saylı binanın (yataqxananın) qarşısındakı ərazidən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 320 (üç yüz iyirmi) kv.metr torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir. Belə olan halda 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Qanun ona şamil edilə bilməz. İddiaçı da həmin torpaq sahəsindən 2007-ci ildən hazırki vaxtadək öz mülkiyyəti kimi istifadə edir. İddiaçı torpaq sahəsini başqa qaydada adına sənədləşdirə bilmir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin, işə baxan Şəki İnzibati Məhkəməsi işə baxarkən bu halların heç birini nəzərə almamış, 11 iyun 2024-cü il tarixli qərarını əsaslandırmamışdır. Belə ki, Şəki İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixli qərarında iddia tələbinin əsassız olmasını konkret olaraq göstərməmiş, yalnız formal əsaslandırma ilə kifayətlənmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək iddia tələbinin “cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə Mingəçevir Bələdiyyəsinin 19 mart 2007-ci il tarixli, 33/5 saylı qərarı ilə Mingəçevir şəhəri, Az.DRES qəsəbəsi, Naxçıvan küçəsindəki 31 saylı binanın (yataqxananın) qarşısında ərazidən fərdi mənzil tikintisi üçün iddiaçıya ayrılmış 320 (üç yüz iyirmi) kv.metr torpaq sahəsinin koordinatlarını faktiki istifadə vəziyyətinə, yəni Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin 24 dekabr 2024-cü il tarixli rəyində göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına uyğun olaraq həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulması” kimi qəbul edilməsini xahiş etdi. Əlavə olaraq hazırki iddianın təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2-1(116)-977/2024 nömrəli qərarının ləğv edilməsini və verilmiş apellyasiya şikayətinin də təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 fevral 2025-ci il tarixli, 2-1(107)-43/2025 nömrəli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.

13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 11 iyun 2024cü il tarixli, 2-1(116)-977/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanmasına dair qərar qəbul edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Üçüncü şəxs Mingəçevir bələdiyyəsi xx.xx.2025-ci il tarixli 112 nömrəli məktubunda bələdiyyə yenidən təşkil olunduğu üçün üzürlü səbəbdən məhkəmə prosesində nümayəndə kimi iştirak edə bilmədiyini, iştirakları olmadan qanunvericiliyin tələblərinə uyğun olaraq işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

20. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Maddə 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar. Maddə 7.2. Ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə satıla bilər. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.

21. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

22. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun Bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir.

23. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: .

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. ...

18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.

19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.

20. Yerquruluşu işləri (planlama) və ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda hüquqi və fiziki şəxslərin, digər hallarda bələdiyyənin vəsaiti hesabına aparılır.

21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir.

24. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir;

2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır;

25. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək;

26. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad – inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt.

27. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.

Apellyasiya şikayətinin mümkünlüyü

28. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

29. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

30. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

31. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin və iddia ərizəsinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. İş materiallarından görünür ki, iddiaçının hüquqi marağı Mingəçevir Bələdiyyəsinin 19 mart 2007-ci il tarixli, 33/5 saylı qərarı ilə Mingəçevir şəhəri, Az.DRES qəsəbəsi, Naxçıvan küçəsindəki 31 saylı binanın (yataqxananın) qarşısında ərazidən fərdi mənzil tikintisi üçün ona ayrılmış 320 (üç yüz iyirmi) kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsinə nail olmaqdan ibarətdir.

34. Cavabdeh orqanın etirazının dəlilləri ondan ibarətdir ki, Mingəçevir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 33/5 nömrəli qərarı ilə fərdi mənzil tikintisi üçün 0.032 ha torpaq sahəsi iddiaçıya ayrılarkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Qanunun, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin mövcud tələblərinə uyğun aparılmamışdır. Belə ki, iddiaçının ərizəsinə əlavə etdiyi sənədlərin içərisində olan torpaqların alqı-satqısına dair akt ləğv edilmiş DTXK-nin Mingəçevir şəhər şöbəsində qeydiyyata alınmamış, torpaq sahəsinin yerləşməsini əks etdirən torpaq sahəsinin planı və ölçüsü sənədi və ləğv edilmiş DTXK-nin Mingəçevir şəhər şöbəsi tərəfindən verilməmişdir.

35. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Mingəçevir bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 33/5 saylı qərarı ilə İddiaçı 320 kv.m həyətyanı torpaq sahəsi satılmış (torpağın alqı-satqısına dair xx.xx.2007-ci il tarixli akt işə əlavə edilmişdir), sonuncu tərəfindən satılan torpaq sahəsinin dəyəri ödənilmiş, Mingəçevir şəhər İH-nin Memarlıq və Tikinti şöbəsi tərəfindən həmin torpaq sahəsinin iddiaçıya ayrılmasına etiraz edilməmiş, bələdiyyə tərəfindən iddiaçıya ayrılmış həyətyanı torpaq sahəsinin cizgisi hazırlanmaqla Mingəçevir şəhər İH-nin Memarlıq və Tikinti şöbəsi və DTXK-nin Mingəçevir şəhər şöbəsi ilə razılaşdırılaraq təsdiq edilmişdir.

36. Həmçinin, işdə olan DTXK-nin Mingəçevir şəhər şöbəsinin Mingəçevir bələdiyyəsinə ünvanladığı 22 sentyabr 2004-cü il tarixli məktubda göstərilmişdir ki, bir qrup şəhər sakininə Azərba.DRES qəsəbəsində fərdi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması barədə daxil olmuş vəsatətə baxılmışdır. Bildiririk ki, qüvvədə olan Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq fərdi mənzil tikintisi üçün torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək üçün həmin əraziyə yerində baxış keçirilmişdir. Fərdi mənzil tikintisi üçün seçilmiş və ayrılması nəzərdə tutulmuş torpaq sahələri Azərb.DRES qəsəbəsində yerləşən 2 nömrəli yataqxananın ətrafındadır. Mingəçevir bələdiyyəsinin ehtiyat fondu torpağıdır. Hər bir vətəndaşın mülkiyyətinə veriləcək torpağın sahəsi 500 kv.metrdir. Şəhərin İİİ zonasında yerləşir. Yuxarıda qeyd olunan məqsəd üçün ayrılan torpaq sahələri Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə, Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq verilmişdir.

37. Göründüyü kimi, mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə bələdiyyə qərarı, torpaqların alqı-satqısına dair akt, Mingəçevir şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin rəyi, DTXK-nin Mingəçevir şəhər şöbəsinin məktubu, təsdiq edilmiş torpaq sahəsinin cizgisi, xx.xx.2007-ci il tarixli ödəniş qəbzi ilə təsdiq edilir.

38. Birinci instansiya məhkəməsi isə iddia tələbini rədd edərkən ona əsaslanmışdır ki, bələdiyyənin “torpaq ayırma barədə qərarı” iclas protokoluna istinad olunmaqla verilə bilər. Bələdiyyənin iclas protokolu isə müraciət edən subyektə müvafiq torpaq sahəsinin ayrılması ilə bağlı məlumatların mövcudluğunu təsdiq edən sənəddir. İlkin iclas protokolunda torpaq sahəsinin ayrılması ilə bağlı qeyd yoxdursa bələdiyyə sədri tərəfindən verilmiş “torpaq ayırma barədə” qərar ayrılıqda hər hansı hüquqi qüvvəyə malik deyildir. Məhkəmə tərəfindən Mingəçevir bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 33/5 saylı iclas protokolunun məzmunu bütövlükdə tədqiq edilmiş və müəyyən edilmişdir ki, istinad olunan iclasda iddiaçıya torpaq sahəsinin ayrılması qərara alınmamışdır. Müvafiq iclas protokolunda torpaq sahəsinin ayrılması məsələsi öz əksini tapmadığı halda bələdiyyə sədrinin ayrıca qərar verməklə torpaq sahəsini iddiaçıya satmaq səlahiyyəti yoxdur.

39. Bununla bağlı Kollegiya qeyd edir ki, hazırki iş üzrə bu xüsusat iddia tələbinin rədd olunması üçün əsas deyil. Həm də ona görə ki, cavabdeh orqan qeyd edilən əsasla iddiaçının ərizəsindən imtina etməmiş, bu halı mübahisələndirməmişdir.

40. Belə ki, məhkəmə kollegiyasının sorğusuna əsasən X4 filialı 26 sentyabr 2024cü il tarixli məktub göndərərək qeyd etmişdir ki, X4 filialı tərəfindən Mingəçevir bələdiyyəsinə təqdim olunan 20 dekabr 2023-cü il tarixli 3-48-DA-8F/2-180/2023 saylı arayışda texniki səhv olaraq protokol əvəzinə qərar yazılmışdır.

41. Hansı ki, həmin arayışda yazılmışdır ki, Mingəçevir bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 33/5 saylı qərarında İddiaçı adı qeyd edilməmişdir.

42. Bundan başqa, məhkəmə kollegiyasının sorğusuna əsasən Mingəçevir bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 1099 nömrəli məktubunda göstərilmişdir ki, Sizin obyektiv məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə Mingəçevir Bələdiyyəsinin 19 mart 2007-ci il tarixli 33 saylı ümumi yığıncağının protokolunda İddiaçı adı nəzərdə tutulmadığı halda Mingəçevir Bələdiyyəsinin 33/5 №-li 19 mart 2007-ci il tarixli qərarına əsasən onun xüsusi mülkiyyyətinə verilmiş 320 kv.metr torpaq sahəsinin hansı hüquqmüəyyənedici sənədlər əsasında verilməsi barədə Şəki Apellyasiya Məhkəməsinə məlumat verilməsi haqqında 11 sentyabr 2024-cü il tarixli məktubunuza cavab olaraq Mingəçevir Bələdiyyəsinin 25 sentyabr 2024-cü il tarixli, 1097 nömrəli məktubu ilə yazılı məlumat vermişdik ki, Mingəçevir Bələdiyyəsinin sözügedən qərarında və ümumi yığıncaq protokolunda İddiaçı torpaq sahəsinin ayrılması qeyd olunmamışdır. - Mingəçevir Bələdiyyəsi belə məlumatı X4 X1 ünvanlanmış xx.xx.2023-cti il tarixli, 3-48-DA-8F/2-180/2023 nömrəli məktubu əsasında Sizə göndərmişdir. Belə ki, Mingəçevir Bələdiyyəsinin 19 mart 2007-ci il tarixli 33/5 saylı qərarı və qərara əlavə olunan hüquqmüəyyənedici sənədlər X4 Filialına təhvil verildiyi üçün həmin arxivdə saxlanılır, Mingəçevir Bələdiyyəsində saxlanılmır. Lakin tərəfimizdən xx.xx.2024-cü il tarixdə X4 Filialına bu məsələ ilə əlaqədar yenidən müraciət olunmuş və X4 Filialı məsələni yenidən öyrənərək Mingəçevir Bələdiyyəsinə şifahi olaraq məlumat vermişdir ki, X4 X1 ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-48-DA-8F/2-180/2023 nömrəli məktubda İddiaçı qeyd olunmaması düzgün məlumat deyil, bu Arxivin səhvidir və Mingəçevir Bələdiyyəsinin 19 mart 2007-ci il tarixli, 33/5 saylı qərarında İddiaçı adı var. - Eyni zamanda bir daha qeyd edirik ki, Mingəçevir Bələdiyyəsinin 19 mart 2007-ci il tarixli, 33 saylı protokolunda İddiaçı adı onlara məlum olmayan səbəbdən qeyd olunmamışdır. - Eləcə də Mingəçevir Bələdiyyəsinin 2007-ci il tarixli bütün qərarları və qərara əlavə olunmuş hüquqmüəyyənedici sənədlər Mingəçevir Bələdiyyəsinin arxivində yoxdur və müvafiq qaydada X4 Filialına təhvil verilmişdir. Odur ki, X4 Filialının səhvindən olan bu yanlışlığın nəzərə alınmasını xahiş etmişdir.

43. Kollegiya qeyd edir ki, Mingəçevir bələdiyyəsinin Ümumi Yığıncağının 33 saylı protokolunda iddiaçının adının yazılmaması iddiaçının hüququnun məhdudlaşdırılması üçün əsas deyil. Ona görə ki, Mingəçevir bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 33/5 saylı qərarından görünür ki, həmin qərarı bələdiyyə sədri imzalasa da, bələdiyyənin ümumi iclası qərara almışdır ki, AzDRES qəsəbəsinin Naxçıvan küçəsi 31 saylı binanın (yataqxana) qarşısındakı ərazidən İddiaçı fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə torpaq sahəsi ayrılsın. 320 kv.m. torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.

44. Həmçinin, şəxsə torpaq sahəsinin ayrılması ilə bağlı torpaqların alqı-satqısına dair aktın tərtib olunması və ya müqavilənin bağlanması torpaq sahəsinin ayrılması üzrə inzibati icraatın tərkib hissəsi kimi qəbul olunmalıdır. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin ayrılması ilə bağlı hakimiyyət iradəsi məhz bu barədə qərarda ifadə olunur. Alqı-satqı aktı və ya müqavilə həmin qərara əsaslanır, həmin qərarın icrasının və torpaq sahəsinin dəyərinin ödənilməsinin təmin olunması məqsədlərinə xidmət edir.

45. Hazırkı mübahisəyə münasibətdə torpaq sahəsinə görə müəyyən olunmuş vəsaitin xx.xx.2007-ci il tarixdə Mingəçevir Bələdiyyəsinin hesabına ödənilməsi də tərəflər arasında torpaq sahəsinin alqı-satqısının baş tutduğunun təsdiqi kimi qəbul olunmalıdır.

46. Bəhs olunanlara əsasən kollegiya bu qənaətə gəlir ki, torpaq sahəsi iddiaçıya bələdiyyə qərarı ilə ayrılmış, bələdiyyə qərarının mötəbər olmaması işdə olan hər hansı sübutla təsdiqini tapmamış və bələdiyyə qərarı ilə ayrılan torpaq sahəsi xüsusi mülkiyyətə verilə bilən sahə olmuşdur.

47. Qeyd olunmalıdır ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə müvafiq qərarın hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda cavabdeh tərəfindən də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

48. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.

49. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilən hallarına görə iddiaçıya yuxarıda qeyd edilən bələdiyyə qərarı əsasında 320 kv.m. torpaq sahəsi ayrılsa da, iddiaçının faktiki istifadəsində 335 kv.m. torpaq sahəsi olduğu qeyd edilir. Bu baxımdan da, Kollegiya tərəfindən iddiaçıya ayrılmış 320 kv.m. torpaq sahəsinin onun faktiki istifadəsində olan 335 kv.m. torpaq sahəsinin məhz hansı hissəsinə düşməsi ilə bağlı zəruri araşdırma aparılmışdır.

50. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin üzərinə “Mingəçevir bələdiyyəsinin 19 mart 2007-ci il tarixli, 33/5 saylı qərarı ilə satılmış 320 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulmalı olduğu barədə” nəticəyə gəlindiyi halda, deməli iddiaçıya ayrılmış 320 kv.m. torpaq sahəsinin onun faktiki istifadəsində olan 335 kv.m. torpaq sahəsinin məhz hansı hissəsinə aid edildiyi, iddiaçının qeydə alınmalı hüququ ilə əhatə edilən torpaq sahəsinin yerləşmə vəziyyəti (sərhədləri), onun döngə nöqtələrinin koordinatları dəqiq müəyyən edilməklə məhkəmə qərarında göstərilməli, buradan, icrası mümkün olan, üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmalı olduğu torpaq sahəsi ilə bağlı yeni mübahisə predmeti yaratmayan qərar qəbul edilməlidir.

51. Kollegiyanın sorğusu əsasında tərtib edilmiş “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin 24 dekabr 2024-cü il tarixli rəyində Mingəçevir bələdiyyəsinin 19 mart 2007-ci il tarixli, 33/5 saylı qərarı ilə Mingəçevir şəhəri, Az.DRES qəsəbəsi, Naxçıvan küçəsindəki 31 saylı binanın (yataqxananın) qarşısındakı ərazidən fərdi mənzil tikintisi üçün İddiaçı ayrılmış 320 kv.m. torpaq sahəsi onun naturada göstərdiyi və iddia etdiyi ölçüsü 335 kv.m. olan torpaq sahəsinin hansı hissəsində yerləşmə vəziyyəti (sərhədləri və döngə nöqtələrinin koordinatları) tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçı ayrılmış 0.0320 ha torpaq sahəsinin naturada göstərdiyi torpaq sahəsində yerləşmə vəziyyətinin döngə nöqtələrinin koordinatları X 668636,47, 668649,81, 668650,64, 668637,94 və Y 4515298,98, 4515299,60, 4515274,85, 4515274,64 kimi qeyd edilmişdir.

52. Eyni zamanda məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin “X3 X5”ndəki xəritəsinə əsasən, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları, uqodiyası - tikinti altında olan torpaqlar, mülkiyyətçisi - Mingəçevir bələdiyyəsidir.

53. Məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir bələdiyyəsinin 19 mart 2007-ci il tarixli, 33/5 saylı qərarı ilə satılmış 320 kv.m. torpaq sahəsi üzərində Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2024-cü il tarixli Yerquruluşu Planında göstərilən döngə nöqtələrinin koordinatlara uyğun olaraq İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.

54. Həmçinin, məhkəmə kollegiyasının araşdırması zamanı iddiaçıya ayrılan torpaq sahəsinə bitişik qonşu ərazidə yerləşən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər əldə edilərək tədqiq edilmiş, müəyyən edilmişdir ki, qonşuluqda olan torpaq sahələri çıxarışla qeydə alınmış, onunla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Bununla da, hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur.

55. Göründüyü ki, cavabdeh orqan tərəfindən qonşuluqda olan torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər mübahisələndirilməmiş, bununla bağlı inzibati icraat başlanılmamışdır.

56. Məhkəmə kollegiyası qeyd edir ki, "İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində inzibati icraatda bərabərliyin təmin edilməsi üçün çox konkret meyarlar müəyyən edilmişdir. İnzibati orqanın eyni hallar üzrə müxtəlif qərarlar qəbul etməsinə yol verilmir.

57. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində də hər kəsin hüquq və azadlıqlarının qanun və məhkəmə qarşısında bərabərliyinə təminat verilir.

58. Belə ki, Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır.

59. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi, hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.

60. Hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasını şərtləndirir.

61. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən eyni statusda olan şəxslərə münasibətdə həmin ərazidə yerləşən torpaq sahələrinin hüquqlarının qeydiyyata alındığı və onlara müvafiq çıxarış verilməsi ilə bağlı fərqli yanaşmaya yol verildiyindən, cavabdehin bu hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin və "İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinin tələbinə uyğun olmamışdır.

62. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 10 dekabr 2024-cü il tarixli qərardadından görünür ki, “Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin, habelə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq, inzibati orqan tərəfindən müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul edilməsi yolverilməzdir.

63. Göründüyü kimi, cavabdeh orqanın imtinasında qeyd etdiyi dəlillər mötəbər sübutlarla öz təsdiqini tapmır, əksinə işdə olan sübutlarla cavabdehin göstərdiyi dəlillər təkzib olunur. Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasından imtina etməsi qanunsuz olmuş, onun hüquqlarını pozmuşdur.

64. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

65. Yuxarıda istinad edilən qanunvericilik aktlarına əsasən, cavabdeh inzibati orqanın istər imtinanın verildiyi zaman, istərsə də hazırda olan statusu baxımından, torpaq sahəsinin ayrılmasına dair bələdiyyə tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır.

67. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.

68. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada, hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.

69. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “....müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir”.

70. Qeyd edilən hallara istinadən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçıya torpaq sahəsinin ayrılması (satılması) barədə Mingəçevir bələdiyyəsinin 19 mart 2007-ci il tarixli, 33/5 saylı qərarının hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni həmin qərar öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Eyni zamanda, cavabdeh tərəfindən də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

71. Məhkəmə kollegiyasının qənaətinə görə Mingəçevir bələdiyyəsinin torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan 19 mart 2007-ci il tarixli, 33/5 saylı qərarı ilə həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.

72. Bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Etimad hüququnun qorunması prinsipi baxımından müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların həmin vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Qanunun 13.1-ci maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipi inzibati orqanın faktiki xarakterli hərəkətlərinə də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.

73. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

74. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

75. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Mingəçevir bələdiyyəsinin 19 mart 2007-ci il tarixli, 33/5 saylı qərarı ilə iddiaçıya satılmış 320 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarış, plan və ölçü sənədinin hazırlanıb verilməsindən imtinaya dair cavabdehin hərəkətləri qanunauyğun olmamışdır. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul edir. Ona görə də, İPM-in 87.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apellyasiya şikayəti və iddia tələbi təmin edilməlidir.

76. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2-1(116)-977/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə “Mingəçevir Bələdiyyəsinin 19 mart 2007-ci il tarixli, 33/5 saylı qərarı ilə Mingəçevir şəhəri, Az.DRES qəsəbəsi, Naxçıvan küçəsindəki 31 saylı binanın (yataqxananın) qarşısındakı ərazidən fərdi mənzil tikintisi üçün iddiaçıya ayrılmış 320 (üç yüz iyirmi) kv.metr torpaq sahəsi üzərində Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin 24 dekabr 2024-cü il tarixli rəyində göstərilən döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi” qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar