Məhkəmə qərarları › İş №2-1(107)-430/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-430/2020

13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-430/2020 13.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialına qarşı “xx.xx.2019-cu il tarixdə veteranlıq aldığı dövrdən əvvəlki üç il müddətin sosial müavinətinin birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)- 1168/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq Təsviri hissə: İddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən “Müharibə veteranı” vəsiqəsi və adı xx xxxxxx 2019-cu il tarixdə verilmişdir. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsini aldıqdan sonra cavabdeh orqana müraciət edərək ona vəsiqənin verildiyi tarixdən əvvəlki üç il üçün ödənilməli olan müavinətin birdəfəlik ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan Prezidentin xx.xx.2019-cu il tarixli Fərmanını əsas gətirərək əvvəlki üç il üçün ödənilməli olan müavinətin birdəfəlik ödənilməsindən imtina etmişdir. Cavabdeh orqan iddiaçının iddia tələbinə münasibət bildirməmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubda iddiaçının DSMF publik hüquqi şəxsin Qax rayon filialından pensiya almadığını və “Müharibə veteranı” kimi ona Prezident təqaüdünün ödənildiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli Şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, xx.xx.2019cu il tarixli 032473 nömrəli veteran vəsiqəsinin təsdiqlənmiş surəti, cavabdehin xx.xx.2020ci il tarixli **********9 nömrəli imtina məktubu, cavabdehin xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1168/2020 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialının üzərinə İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş və xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixinədək ödənilməmiş müavinətinbirdəfəlik ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialı Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1168/2020 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialına qarşı xx.xx.2019-cu ildən xx.xx.2016-cı ilədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki inzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)- 1168/2020-ci il tarixli işlə üzrə iddia tam əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 154-cü maddələrini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. İddiaçı ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialına müraciət edərək, ona müharibə veteranı adı verildiyi tarixədək 3 illik dövrə görə sosial müavinətin hesablanmasını və ödənilməsini tələb etmişdir. ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialı vətəndaşa müharibə veteranı statusunu aldığı tarixdən müavinət təyin etmiş, əvvəlki illər üçün müavinət ödəməkdən imtina etmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Odur ki, yuxarıda qeyd olunanlarlı nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1168/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1168/2020 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə etidiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, birinci instasniya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Həmçinin, həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: 4.0.1.6–ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər təyin edilir; 7.0-ci maddəsinə əsasən, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6.müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda; 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (...) müraciət edilmə vaxtından asılı olmayaraq bu qanununqüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək; 10.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Göstərilmiş müddəaların mənasından bəlli olur ki, əgər həmin qanunun qüvvəyə minməsindən sonra şəxsin müvafiq müavinət almaq hüququ yaranırsa, bu halda onun müraciət etdiyi vaxtdan ən çoxu üç il üçün ödənilməmiş müavinətin (aylıq müavinətin) məbləği ona ödənilməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən, aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; 7-ci maddəsinin ikinci hissəsinə əsasən, veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu müddəalardan göründüyü kimi, müharibə veteranı adını almış şəxsin müəyyənləşdirilmiş məbləğdə aylıq sosial müavinət almaq hüququ veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Həmin vəsiqəni təqdim etməklə şəxs özünün müharibə veteranı olması faktının müəyyən ediməsinə əsaslanır. Yəni vəsiqə şəxsin yalnız müvafiq müharibə iştirakçısı olması faktını təsdiq edir. İşin faktiki hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və bu səbəbdən ona Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixli 032473 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2019-cu il tarixində verilsə də, onun müharibə veteranı olması faktı həmin müddətdən əvvəldə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müəyyən edilmişdir. Belə ki, Azərbaycanın Dağlıq Qarabağ vilayətinin və daha 7 rayonun erməni işğalçılarından azad edilməsi ilə və aparılan döyüş əməliyyatları ilə bağlı 1994-cü il may ayından tərəflər arasında atəşkəs razılaşması əldə edilməsi hamıya bəlli olan haldır. İddiaçı da məhz həmin tarixədək olan döyüşlərdə iştirakına görə müharibə veteranı adı və vəsiqəsi almışdır. Bu halda iddiaçının yuxarıda istinad edilmiş qanunvericiliyin müddəalarına əsasən, cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün müavinətin hesablanıb ödənilməsi hüququ yaranmış olur. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, artıq formalaşmış məhkəmə təcrübəsində də analoji mübahisələr üzrə aparılmış bu qiymətləndirməyə uyğun olaraq nəticə əldə edilir. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranlarına nəzərdə tutulmuş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya müharibə veteranı vəsiqəsinin xx.xx.2019-cu il tarixdə verilməsi onun “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2ci bəndindən irəli gələn hüquqlarına təsir etməli deyil. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etdiyindən, artıq “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranıdır. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirdiyindən, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsinə ümid edə bilər. Göründüyü kimi, qanunverici orqan müəyyən etmişdir ki, sosial müavinət, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Odur ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixinədək müavinət ödənilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun mötəbərlik prezumpsiyasından bəhs edən 19.1-ci maddəsində göstərilmişdir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filial tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1168/2020saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar