Məhkəmə qərarları › İş №2-1(107)-430/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-430/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-430/2023 11.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və pensiyanın təyin ediləcəyi günədək yığılmış pensiya məbləğinin birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 2 may 2023-cü il tarixli 2-1(116)-754/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “hüququ yarandığı vaxtdan – 57 yaşı bitdiyi xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında iddiaçının vəkili iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və pensiyanın təyin ediləcəyi günədək yığılmış pensiya məbləğinin birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsinə əsasən iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1980-ci il tarixinədək Ləki pambıq təmizləmə zavodunda 7 ay 23 gün, xx.xx.1980-ci ildən xx.xx.1980-ci il tarixinədək kolxozda 2 ay 8 gün, müddətli hərbi xidmətdə 2 il, xx.xx.1983-cü ildən xx.xx.1983-cü il tarixinədək yenə kolxozda 6 ay 24 gün, xx.xx.1983-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun gündüz hazırlıq şöbəsinə 9 aylıq tədris müddəti, xx.xx.1984-cü ildən xx.xx.1989-cu il tarixinədək 5 illik ali təhsil müddəti, xx.xx.1989-cu ildən xx.xx.2002-ci il tarixinədək “Azrezintexnika” zavodunda pozvari qayışlar sexində 12 il 6 ay 7 gün, işsizlik müavinəti aldığı xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək olan dövr üzrə 6 ay, habelə xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilədək olan dövr üzrə yenə 6 ay, xx.xx.2005-ci ildən xx.xx.2013- cü il tarixinədək “X3” ASC-də idarə heyətinin sədri vəzifəsində 8 il 6 ay 12 gün, xx.xx.2013-cü ildən xx.xx.2018-ci il tarixinədək "xxxx" ASC-nin sədri vəzifəsində 4 il 8 ay 2 gün olmaqla toplamda 35 il 10 ay 16 gün əmək stajına, həmçinin (12 il 6 ay 7 gün + 8 il 6 ay 12 gün) 21 il 19 gün güzəştli şərtlərlə yaşa görə əmək stajına malikdir. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş, xx.xx.2022-ci il tarixli məktuba əsasən tələbinin icrasından imtina edilmişdir.

4. Cavabdeh orqan birinci instansiya məhkəməsinə təqdim olunmuş xx.xx.2022-ci il tarixli iddia tələbinə etirazında bildirmişdir ki, iddiaçının əmək kitabçasında ona xx.xx.2002ci ildə işsizliyə görə müavinətin təyin edildiyi, xx.xx.2002-ci ilə qədər ödənildiyi və xx.xx.2003-cü ildən yenidən işsizlik müavinəti təyin edildiyi qeyd olunmuşdur. İşsizlik müavinətinin təyin edildiyi tarix qeyd olunsa da, onun nə vaxta qədər ödənildiyi qeyd olunmamışdır. Həmçinin, iddiaçı tərəfindən mərkəzi filiala işsizlik müavinəti alması ilə bağlı hər hansı bir sənəd təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının işsizlik müavinəti aldığı dövrlər onun sosial sığorta stajına daxil edilməmişdir. xx.xx.2005-ci il tarixdə “X3'' ASC-də idarə heyətinin sədri vəzifəsinə təyin edilmiş, xx.xx.2013-cü il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2013-cü il tarixdən "xxxx" ASC-nin sədri təyin edilmiş, xx.xx.2018-ci il tarixdə müəssisənin ləğv edilməsi səbəbi ilə tutduğu vəzifədən azad edilmişdir.

5. İddiaçı tərəfindən mərkəzi filiala təqdim edilən sənədlərdə onun xx.xx.1989-cu il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2013-cü il tarixədək “X3” ASC-də mexanik vəzifəsində işlədiyi qeyd edilib. Sözügedən müəssisədəki iddiaçının iş stajına dair məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq arxivdə saxlanılan sözügedən müəssisəyə dair sənədlərdə qeyd olunanlara əsasən 1999-cu ilin 12 ayı üzrə və 2002-ci ilin yanvar, fevral aylarında ona əmək haqqı hesablanmadığı bildirilib. Qeyd olunan fakt adıçəkilən müəssisə tərəfindən xx.xx.2022-ci il tarixli Akt ilə təsdiq olunmuşdur. Göstərilənləri nəzərə alaraq, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 4 ay 6 gün (xx.xx.1989-cu il, xx.xx.2000-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.

6. Eyni zamanda bildirilmişdir ki, iddiaçının ümumi iş stajı 25 ildən az (22 il 9 ay 19 gün (xx.xx.1979 - xx.xx.1980-ci il, xx.xx.1980 - xx.xx.1982-ci il, xx.xx.1989 - xx.xx.1999-cu il, xx.xx.2002-ci il, xx.xx.2005 - xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 8 il 2 ay)) təşkil edir.

7. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bugünə cəmi 17555,46 manat təşkil edir.

8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsinə və iş materiallarına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. İddiaçının vəkili iddia ərizəsinə və iş materiallarına uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 2 may 2023-cü il tarixli 2- 1(116)-754/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

12. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birincisi, 1999-cu ilin 12 ayı üzrə və 2002-ci ilin yanvar, fevral aylarında iddiaçının adına əmək haqqı hesablanmamışdır. Birinci instansiya məhkəməsi isə həmin dövrləri iddiaçının sosial sığorta stajına daxil etmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddənin məzmunundan da göründüyü kimi əmək pensiyası şəxsin aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiya edilməsi məqsədilə ödənilir. 1999-u ilin 12 ayı üzrə və 2002-ci ilin yanvar, fevral aylarında iddiaçının adına əmək haqqı hesablanmadığı üçün həmin dövrlər onun sosial sığorta stajına daxil edilməməlidir. İkincisi, birinci instansiya məhkəməsi qərarında Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Sazişə istinad etmiş, lakin nəyə əsasən, işin hansı halı ilə bağlı istinad etdiyini əsaslandırmamışdır. Qeyd edək ki, iş materiallarında iddiaçının Türkmənistanda əmək fəaliyyətini sübut edən heç bir fakt müəyyən edilməmişdir. Üçüncüsü, iddiaçı iddia ərizəsində xx.xx.2019-cu il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq istədiyini qeyd etsə də, birinci instansiya məhkəməsi proses zamanı iddia tələbini dəqiqləşdirərək iddianı xx.xx.2022-ci il tarixdən 60 yaşdan təmin etmişdir. Həmçinin, birinci instansiya məhkəməsi iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1989-cu il tarixədək ali təhsil aldığı müddəti də onun ümumi sosial sığorta stajına daxil etmişdir. Halbuki, xx.xx.2022-ci i! tarixdə qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq təhsil müddəti vətəndaşın sosial sığorta stajına daxil edilmir. Dördüncüsü, birinci instansiya məhkəməsi iddianı təmin edərkən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2022-ci il tarixdən təyin olunması və pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci hissəsinə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İstinad olunan qanunun normasından göründüyü kimi ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği birdəfəlik qaydada deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsini 2 may 2023-cü il tarixli 2-1(116)-754/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 2 may 2023-cü il tarixli 2-1(116)-754/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 2 may 2023cü il tarixli 2-1(116)-754/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.

16. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli xx.xx.1980-ci il tarixdə tərtib olunmuş əmək kitabçası; - İddiaçıya məxsus PB № 043959 nömrəli xx.xx.1989-cu il tarixdə tərtib olunmuş diplom. - Azərbaycan Respublikasının Dövlət Arxivinin Mingəçevir filialının xx.xx.2023-cü il tarixli T-222 (E) nömrəli arxiv arayışı; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 X5 Məşğulluq filialının xx.xx.2023-cü il tarixli 3-17-2/2-12325/2023 nömrəli məktubu; - “X3” ASC-nin xx.xx.2023-cü il tarixli 424 və 425 nömrəli güzəştli arayışları; - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağdaş Rayon İcra Hakimiyyəti Ağdaş Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 196 nömrəli arxiv arayışı.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

18. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Maddə 149. Vİİ hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

19. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...

20. 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.

21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

22. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

24. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 2 may 2023-cü il tarixli 2-1(116)-754/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2022-ci ildən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1962-ci ildə doğulub). Həmçinin, iddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən həmin dövr üçün pensiya kapitalı tələbi yoxdur.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

31. Məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının xx.xx.2006-cı il tarixədək 25 il iş stajı olmamışdır. Lakin həmin tarixdən sonra iddiaçı xx.xx.2018-ci il tarixədək əmək fəaliyyətini davam etdirmişdir. İddiaçının ümumilikdə iş stajı 34 il 11 ay 2 gün, güzəştli şərtlərlə pensiya hüququ verən peşədə işlədiyi müddət 17 il 7 ay 26 gün olmaqla aşağıdakı kimi hesablanmalıdır. xx.xx.1979 - xx.xx.1980-ci il, Ləki pambıq təmizləmə zavodunda 7 ay 23 gün; xx.xx.1980 - xx.xx.1980-ci il, Ağdaş rayon Nehrəxəlil kəndi “ Özbəkistan” kolxozunda 1 ay 21 gün (34x365:240=51 gün); xx.xx.1980 - xx.xx.1982-ci il, müddətli hərbi xidmət 2 il 5 gün; xx.xx.1983 - xx.xx.1983-cü il, Ağdaş rayon Nehrəxəlil kəndi “ Özbəkistan” kolxozunda 6 ay 24 gün; xx.xx.1984 - xx.xx.1989-cu il, Azərbaycan Neft-Kimya İnstitutunda ali təhsil müddəti; 4 il 9 ay 28 gün xx.xx.1989- xx.xx.2002-ci il, “Azrezintexnika” zavodunda pozvari qayışlar sexində 12 il 6 ay 7 gün (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahıya əsasən 2110A010 koduna uyğun olaraq); xx.xx.2002-xx.xx.2002-ci il, xx.xx.2003- xx.xx.2003-cü il İşsizlik müavinəti aldığı ümumi 1 il; xx.xx.2005-xx.xx.2013-cü il “X3” ASC-də 7-ci,9-cu dərəcə avadanlıqların təmiri üzrə usta, İdarə heyətinin sədri vəzifəsində,cəmi 8 il 6 ay 12 gün; xx.xx.2013-xx.xx.2018-ci il tarixinədək "xxxx" ASC-nin sədri vəzifəsinin icrası 4 il 8 ay 2 gün;

32. Nəzərə alınmalıdır ki, formalaşmış məhkəmə təcrübəsi və iddiaçının fəaliyyət göstərdiyi müəssisənin xarakterinə əsasən, iddiaçının yuxarıda qeyd edilən vəzifələrdə həyata keçirdiyi fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahıya əsasən 2110A010 kodunda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Kimya istehsalatı bölməsinin 8.3.1ª bəndində nəzərdə tutulmuşdur. Odur ki, həmin müddət xüsusi iş stajı kimi nəzərə alınmalıdır.

33. Beləliklə, iddiaçı 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin tələb olunan yaş həddinə çatması müəyyən edilir.

34. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının xx.xx.2022-ci ildən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1962-ci ildə doğulub). Həmçinin, iddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən həmin dövr üçün pensiya kapitalı tələbi yoxdur.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, iddia tələbi əsaslı olmuşdur.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və pensiyanın təyin ediləcəyi günədək yığılmış pensiya məbləğinin birdəfəlik qaydada ödənilməsindən imtinası qanuni və əsaslı olmamışdır.

37. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

38. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 2 may 2023-cü il tarixli 2-1(116)-754/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar