Məhkəmə qərarları › İş №2-1(107)-431/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-431/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-431/2023 20.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X3 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 15 saylı evin 28 saylı mənzilinin İddiaçı adına 1/3 hissədə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair onun adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli 2-1(116)-1057/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri A.Məmmədov küçəsi ev 15 mənzil 28-in iddiaçının adına qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1057/2023 nömrəli qərardadı ilə X12 və X13 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdirlər.

3. İşin qısa mahiyyəti ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən mənzil 9781 nömrəli orderlə 17 mart 1981-ci ildə mərhum X10 verilmişdir. Sözügedən orderdə İddiaçı, anası X6 və qardaşları- X12 və X13 adları qeyd olunmuşdur. İddiaçının atası və anası vəfat etmişdir. Sözügedən mənzil özəlləşdirilməmiş və heç bir kəsin adına keçməmişdir. ünvan 1 ünvanın istifadəçisi hesab edildiyini bildirərək, sözügedən mənzilin iddiaçı öz adına özəlləşdirilməsi üçün cavabdeh orqana müraciət etmiş və ona həmin idarənin 19 dekabr 2022-ci il tarixli, **********83 saylı məktubu məktubu ilə rədd cavabı verilmişdir. Cavabdeh orqan bildirmişdir ki, iddia olunan mənzilə dair forma – 2 arayış və mənzilin özəlləşdirilməsinə razılıqları barədə həmin mənzil sahəsinə hüququ olan şəxslərin (X12 və X7) ərizələrinin təqdim edilməməsini bildirərək müraciətin təmin edilməsindən imtina olunur. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

4. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın qanuna müvafiq qaydada həll edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 23 may 2023-cü il tarixli 2- 1(116)-1057/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

8. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə göndərərək, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 15 saylı evin 28 saylı mənzilinin İddiaçı adına 1/3 hissədə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair onun adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanı 9781 nömrəli Orderlə 17 mart 1981-ci ildə X4na verilmişdir. Sözügedən evdə o və qardaşları X12 və X13 istifadəçi kimi yazılmışdır. X4 xx.xx.2018-ci ildə vəfat etmişdir. Sözügedən mənzil özəlləşdirilməmiş və onlardan heç birinın adına keçirilməmişdir. Atası vəfat edənə kimi mənzildə həmin vaxtan o və onun ailə üzvləri (arvadı və uşaqları) yaşamışdır. Qardaşları həmin vaxt sözügedən mənzildə yaşamamışlar. Mingəçevir şəhəri A.Məmmədov küçəsi 15 saylı evin, 28 saylı mənzili 9781 nömrəli Orderlə 17 mart 1981-ci ildə onlara verilməsinə baxmayaraq sözügedən mənzili adlarına sənədləşdirə yəni özəlləşdirə bilməmişlər. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda mənzilin özəlləşdirilməsinə dair qanunvericiliyin tələbləri yazılsa da sözügedən normalar heç biri imtina üçün əsas deyil. Yalnız qardaşlarının razılıq ərizəsinin verilməsi ola bilər ki, o da onun səlahiyyətində olan bir iş deyil. Qardaşları pay istəyirsə onları paylı mülkiyyətə bölmək də ola bilər. Lakin onlar öz aralarında razılığa gələ bilmirlər və mənzilin özəlləşdirilməsi mütləqdir ki, məhkəmə mübahisəsinin davam etməsi və hüquqi nəticənin olması üçün mənzilin özəlləşdirilməsi mütləqdir. Hakim qərarında onun mənzili tam şəkildə öz adına özəlləşdirilməsini qeyd etsə də o həm iddia ərizəsində həm də sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə mənzilin özəlləşdirilməsi və bununla əlaqədar çıxarışın onlara verilməsini xahiş etmişdir. Mənzilin istər ümumi birgə, istərsə də paylı mülkiyyətdə özəlləşməsilə bağlı onun etirazı yoxdur. Birinci instansiya məhkəməsi onun tərəfindən verilmiş izahatları tərsinə yozaraq iddianı rədd etmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli 2-1(116)-1057/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli 2-1(116)-1057/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, üçüncü şəxslər X12 və X13 məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - 9781 №-li orderdən görünür ki, X8 adı qeyd edilməklə Mingəçevir şəhəri XDS-nin icraiyyə komitəsinin xx.xx.1981-ci il tarixli 59 nömrəli qərarı ilə Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən 15 №-li evin 28 №-li mənzili onun istifadəsinə verilmişdir. - Mingəçevir şəhər Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X8 ailə üzvləri aşağıdakı kimi qeyd edilmişdir: Arvadı: X11 (xx.xx.1949) ölüb Oğlu: İddiaçı (xx.xx.1975) Oğlu : X12 (xx.xx.1977), Oğlu: X13 (xx.xx.1980). - 02.07.2022-ci il tarixli ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, X12 və X2 şəhəri, A.Məmmədov küçəsi ev 15, mənzil 28 ünvanında qeydiyyatdadırlar. - X9 Filialının xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, Mingəçevir şəhəri XDS-nin icraiyyə komitəsinin arxiv fondunun sənədlərinə əsasən 16 mart 1981-ci il tarixli 59 saylı qərarında Q.Ə.Əzizovun adına ev bölgüsü qeyd edilmişdir. Eyni zamanda bildirilir ki, xx.xx.1981-cü il tarixli 59 nömrəli qərara əlavələr edilməmişdir. - AZ-İİ 949735 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. - AZ-İİ 236711 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir

TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanunu: Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur Maddə 10.2. Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

18. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. 19.“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

20. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya əlavə 1 saylı protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

22. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin şərh olunan müddəalarının hazırkı işin hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, mübahisəli mənzilin özəlləşdirilməsində iştirak etmək hüququna malik şəxslərdən olan üçüncü şəxslərin özəlləşdirmənin aparılmasına dair razılıqları olmadığından və mərhum X1 tam könüllülük prinsipinə əsaslanan mənzilin özəlləşdirilməsi hüququndan istifadə etmədiyindən cavabdehin özəlləşdirməni aparmaqdan imtinası qanuni və əsaslı olmuşdur.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. İddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 15 saylı evin 28 saylı mənzilinin İddiaçı adına 1/3 hissədə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair onun adına çıxarışın və texniki pasportun verilməsinə nail olmaqdır.

29. Göründüyü kimi, birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 13cü maddəsinə əsasən, iddiaçıya iddia tələbinin nədən ibarət olması ilə bağlı hüquqi yardım göstərmədən və İPM-in 12 və 48-ci maddələrinin tələblərinə əsasən işin faktiki hallarını tam araşdırmadan iddia tələbini təmin etməmişdir.

30. Belə ki, birinci instansiya məhkəməsi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə istinad edərək göstərmişdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqları olmalıdır. Qanunvericiliyin müəyyən etdiyi əsas şərtdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda həm kirayəçinin, həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirilmənin aparılmasına dair razılıqları olmalıdır. Sözügedən razılıq mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə, yaxud da onların paylı və ya birgə mülkiyyətinə verilməsinə dair özəlləşmədə iştirak edən şəxslərin iradələrini göstərir.

31. Halbuki birinci instansiya məhkəməsi sözügedən normanın bütün dizpozisiya şərtlərinin ödənilməsi məsələsinə qiymət verməmişdir. Belə ki, şəxsin adının kirayə müqaviləsində əks etdirilməsi özəlləşdirmədə iştirak hüququnun mövcudluğuna birbaşa dəlalət etmir. Başqa sözlə, kirayə müqaviləsində göstərilmiş kirayəçinin yetkinlik yaşına çatmış ailə üzvləri hər bir halda özəlləşdirmədə pay sahibi kimi iştirak etmək hüququna malik deyildirlər.

32. Bununla yanaşı, həmin Qanunun 5-ci maddəsində təsbit edilmiş şərti özəlləşdirilmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqlarının olmasını tələb etsə də, kirayəçilərdən yalnız birinin öz payına düşən hissəsinin özəlləşdirilməsi ilə bağlı kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqlarının olmasını ehtiva etmir. Yəni, sözügedən qanunvericilikdə kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı olmadan bir kirayəçinin yalnız öz payına münasibətdə özəlləşdirmənin aparılacağının mümkünsüzlüyünü özündə əks etdirən hər hansı norma müəyyən edilməmişdir.

33. Məhkəmə kollegiyası baxılan inzibati işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ baxımından da münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya əlavə 1 saylı protokolun mülkiyyət hüququnu müdafiə altına alan 1-ci maddəsi baxımından yerləşmiş presedent hüququna görə sözügedən müdaxilə mülkiyyət hüququnun pozuntusuna gətirib çıxarmışdır.

34. İddiaçı hazırkı halda mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuşdur və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olması dövlətdaxili konkret qanunvericilik aktından, yəni “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanundan irəli gəlir. Ona görə də cavabdeh inzibati orqanın özəlləşdirməni həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir.

35. İddiaçı mübahisəli mənzilin 1/3 hissəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair onun adına çıxarışın və texniki pasportun verilməsini tələb etdiyindən üçüncü şəxslərin mənzil hüquqlarının müdafiəsi ilə bağlı ədalətli tarazılığa da riayət edilmiş olur. Belə ki, özəlləşmənin 1/3 hissədə baş tutması orada yaşayan və mənzili özəlləşdirmək istəyən şəxslərin həmin mənzildən istifadələrinə hər hansı qaydada əngəl törətmir, onların mənzildən çıxarılmalarına səbəb olmur. Eləcə də, həmin şəxslər gələcəkdə özəlləşdirməyə dair ümumi razılıq əldə ediləcəyi halda mənzili özəlləşdirmək hüququndan istifadə imkanlarını yenə də qoruyub saxlayırlar.

36. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.

37. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 15 saylı evin 28 saylı mənzilinin İddiaçı adına 1/3 hissədə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair onun adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulmalı, apellyasiya şikayəti təmin edilməlidir.

39. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli 2-1(116)-1057/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi Ərazi İdarəsinin üzərinə Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 15 saylı evin 28 saylı mənzilinin İddiaçı adına 1/3 hissədə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair onun adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar