Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-432/2021 27.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-956/2021 nömrəli, 08.09.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Qax rayonu Qax bələdiyyəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X7 Kitabında 16.09.2008-ci il tarixdə 1741 nömrə ilə qeydə alınmış AN: 066604 nömrəli “Torpaq sahəsinin planı və olçüsü” sənədinə düzəliş edilməklə islahat zamanı qanuni istifadəsinə verilmiş 0.11 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 24.05.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-956/2021 nömrəli, 08.09.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Qax rayonu Qax bələdiyyəsi) "X7 Kitabında 16.09.2008-ci il tarixdə 1741 nömrə ilə qeydə alınmış AN: 066604 nömrəli “Torpaq sahəsinin planı və olçüsü” sənədinə düzəliş edilməklə islahat zamanı qanuni istifadəsinə verilmiş 0.11 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Qax Rayon Aqrar İslahat Komissiyasının 30.12.2007- ci il tarixli 02 nömrəli qərarı ilə mənə Qax şəhərində 0.11 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə X7 Kitabında 16.09.2008-ci il tarixdə 1741 nömrə ilə qeydə alınmaqla AN:066604 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi işlənib verilmişdir. Lakin qeyd edilən torpaq sahəsinə verilən plan- ölçü sənədində torpaq sahəsinin ölçüsü 864,73 kv.m olaraq göstərilmiş, torpağın ölçüsü həqiqəti əks etdirməmişdir. Fərdi yaşayış evinə texniki pasport və çıxarış verilməsi məqsədilə cavabdeh orqana müraciət etdim, müraciətim təmin edilmədi. Cavabdeh orqan 23.11.2020- ci il tarixli imtina məktubunda qeyd etdirmişdir ki, ərizədə qeyd olunan yaşayış evinin 0.11 ha torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 0.11 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası qanununun 26- ci maddəsinə uyğun olaraq dövlət rüsumunun ödənilməsi barədə sənədin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə təqdim edilməsi zəruridir. Məhkəmə iddianı miimükün saymamaqda sözügedən torpaq sahəsinin Qax rayon AİK-NİN 30.12.2007-ci il tarixli, 02 nömrəli qərarı ilə iddiaçıya 864.73 kv.m həyatyanı torpaq sahəsi ayrıldığını bildirmişdir. Bu isə kobud hüquq pozuntusuna gətirib çıxarmışdır. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 2-1(116)-956/2021 nömrəli, 08.09.2021-ci il tarixli qərardadının ləğv edilməsini və və işə mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 oğlu şikayətin təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iclasda iştirak etməmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində iddiaçı məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi İddiaçı apellyasiya şikayətini vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 10 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 2-1(116)-956/2021 nömrəli, 08.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İş materiallarında olan və tədqiq edilmiş: Qax rayon Dövlət arxivinin 28.10.2020-ci il tarixli arxiv çıxarışının surətindən görünür ki, Qax rayon Qəbələ” kolxozunun “Qaytanlaşmış torpaq kitabı”nda X2 0.11 ha torpaq sahəsinin verildiyi qeyd edilmişdir (əsas: fond 47, siyahı 2, saxlama vahidi 2, səhifə 51). Qax rayon Dövlət Arxivinin 23.04.2021-ci il tarixli arayışında qeyd edilir ki, Qax şəhər İƏD üzrə Nümayəndəliyi 1996-2008-ci illərin təsərrüfatbaşına kitablarını Qax rayon Dövlət Arxivinə təhvil verməmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilən A seriyalı 066604 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Qax rayon AİK-nın 30.12.2007-ci il tarixli 02 nömrəli qərarı ilə Qax şəhərində yerləşən 864.73 kv.m həyətyanı torpaq sahəsi İddiaçı verilmişdir. X8 kitabında 16.09.2008-ci ildə 1741 nömrə ilə uçota alınmışdır. 1275 inventar nömrəli, 1987-ci ilin iyul ayında tərtib edilmiş “yaşayış evinin texniki pasportu”nun təsdiq edilmiş surətindən görünür ki, Qax şəhəri, Vaqif küçəsində yerləşən 49 nömrəli ev İddiaçı mülkiyyətindədir. Sənəddə faktiki torpaq sahəsinin 1008.9 kv.m, sənəd üzrə isə 0.11 ha olması qeyd edilmişdir. Qax bələdiyyəsinin 26.04.2021-ci il tarixli arayışından qeyd edilir ki, İddiaçı həqiqətən Qax şəhəri Vaqif küçəsi ev 49-da yaşayır və 0.11 ha həyətyanı torpaq sahəsinin vergi ödəyicisidir. Qax rayon AİK-nın 30.12.2007-ci il tarixli, 02 nömrəli iclas protokolundan arxiv çıxarışından görünür ki, sözügedən iclasında YAİK İddiaçı 864.73 kv.m torpaq sahəsinin ayrılmasını qərara almışdır (əsas: fond 103, siyahı 1, saxlama vahidi 102/487, səhifə 1,6 (siyahı üzrə səhifə 32) iş 2007-ci il). Yuxarıda qeyd olunan arxiv çıxarışına əlavə edilən siyahıdan da görünür ki, İddiaçı 864.73 kv.m torpaq sahəsi ayrılmışdır. “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən görünür ki, Qax şəhəri, Vaqif küçəsində yerləşən İddiaçı məxsus olan 49 nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi hüuqmüəyyənedici sənəd üzrə 0.08647 ha, faktiki 0.1011 ha təşkil edir. 0.0147 kv.m torpaq sahəsi zəbt edilmişdir. “Qax şəhəri vətəndaşlarının xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid” cədvəlin təsdiq edilmiş surətindən görünür ki, iddiaçının qanuni istifadəsində 0.11 ha həyətyanı torpaq sahəsi vardır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, ərizəni təmin etməməklə prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməklə 17-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkiyyət hüququ və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki- hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda isə inzibati məhkəmələrdə baxılmalıdır”. İddia ərizəsi və ona əlavə edilən sənədlərdən müəyyən edilir ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı X7 Kitabında 16.09.2008-ci il tarixdə 1741 nömrə ilə qeydə alınmış AN: 066604 nömrəli “Torpaq sahəsinin planı və olçüsü” sənədinə düzəliş edilməklə islahat zamanı qanuni istifadəsinə verilmiş 0.11 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsindən ibarətdir. Cavabdeh orqan isə iddiaçının istinad etdiyi sənədləri (“Qaytanlanmış torpaq kitabı”) 0.11 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınmasına əsas hesab etmədiyi üçün müraciətin icrasından imtina etmiş və beləliklə tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İş materiallarına əlavə edilən yuxarıda sadalanan sənədlərdən müəyyən edilir ki, iddiaçıya məxsus fərdi yaşayış evinin texniki pasportunda torpaq sahəsi 0.11 ha qeyd edilməsinə baxmayaraq, Qax rayon AİK-nın 30.12.2007-ci il tarixli, 02 nömrəli qərarı ilə iddiaçıya 864.73 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Hazırkı halda sözügedən qərar qüvvədə olduğundan A seriyalı 066604 nömrəli “Torpaq sahəsinin planı və olçüsü” sənədinə düzəliş edilməklə 0.11 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi mümkün deyildir. Belə ki, həmin qərarla iddiaçıya 0.11 ha deyil, 864.73 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Hazırkı halda iddia tələbindən görünür ki, iddiaçı AİK-nın 30.12.2007-ci il tarixli, 02 nömrəli qərarı ilə razılaşmır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən, qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı AİKnın 30.12.2007-ci il tarixli, 02 nömrəli qərarı ilə razılaşmadığı halda həmin qərarı MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsinin tələblərinə əsasən 1 ay müddətində mübahisələndirməli idi. İddiaçı həmin qərarı mübahisələndirməmişdir. Qeyd olunan qərar qüvvədədir və yuxarıda qeyd olunan normaya əsasən bu müddət ötürüldüyündən iddia tələbi haqlı olaraq mümkün sayılmamışdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərardad qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərardadı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 2-1(116)-956/2021 nömrəli, 08.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-956/2021 nömrəli, 08.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-432/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-432/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver