Məhkəmə qərarları › İş №2-1(107)-432/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-432/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-432/2022 22.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu, Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2022-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 3-cü dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2022-ci ildən hərbi qulluqçu kimi 3-cü dərəcə əlilliyə görə aldığı pensiya arasındaki fərqin) hesablanaraq fərq məbləğinin tam şəkildə birdəfəlik ödənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(116)-1985/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2022-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 3-cü dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2022-ci ildən hərbi qulluqçu kimi 3-cü dərəcə əlilliyə görə aldığı pensiya arasındaki fərqin) hesablanaraq fərq məbləğinin tam şəkildə birdəfəlik ödənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, ağır yaralanmışdır, xx.xx.2018-ci ildən Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar 3-cü dərəcə əlildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2018-ci ilin mart ayından 2022-ci ili may ayınadək əmək pensiyası almışdır. xx.xx.2018-ci il tarixdən Müdafiə Nazirliyinin məlumat vərəqəsi əsasında ona 3cü dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya təyin olunmuş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən aldığı əmək pensiyası dayandırılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən 2022ci ilin may ayından etibarən 3-cü dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya hesablanıb ödənilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən ona xx.xx.2018-ci ildən xx.xx.2022-ci ilədək olan müddət pensiya yenidən hesablanması barədə müraciət etmişdir. Lakin cavabdeh ona xx.xx.2019-ci ildən xx.xx.2022-ci ilədək qeyd etdiyi müddət üçün 3 il ödəniş etmiş, qalan xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək müddət üçün ödəniş etməkdən imtina etmişdir. Dəfələrlə cavabdehə bu barədə ərizə ilə müraciət etsədə cavabdeh hər dəfə cavab məktubunda qeyd etmişdir ki, keçmiş dövr üzrə alınmamış pensiyanın məbləği ən çoxu üç il müddəti üçün hesablanaraq ödənilməsi nəzərdə tutulmuşçdur. Lakin hesab edir ki, cavabdehin yazdığı cavab məktubları əsasız və qanunsuzdur, belə ki, ona xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2022-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 3-cü dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2022-ci ildən hərbi qulluqçu kimi 3cü dərəcə əlillliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq ödənilməsi qanuna müvafiqdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Belə ki, İddiaçı 20 may 2022ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona hərbi qulluqçu kimi güzəştli şərtlərlə əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin MN-17906 nömrəli məlumat vərəqəsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən İddiaçı mərkəzi filial tərəfindən 14 iyun 2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar 3-cü dərəcəli əlilliyə görə təminat xərcliyinin 55 faizi məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə əlilliyə görə əmək pensiyası təyin edilmiş, mərkəzi filiala müraciət etdiyi tarixdən keçmiş 3 il müddət üçün hesablanmışdır. İddiaçı təyin edilmiş hərbi qulluqçu kimi güzəştli şərtlərlə əlilliyə görə əmək pensiyasının keçmiş dövr üzrə hesablanmış 9135,73 manat məbləği iyun ayı üzrə təyin edilmiş 237,77 manat əmək pensiyasının üzərinə əlavə edilməklə, iyul və avqust ayları üzrə isə hər ay üçün birdəfəlik 4440,98 manat olmaqla ödənilmişdir. Qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulduğundan və İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 9135,73 manat fərq məbləği tam şəkildə ödənildiyindən onun xx.xx.2018-ci il tarixdən xx.xx.2019cu il tarixədək olan müddət üçün pensiya fərqinin hesablanaraq fərq məbləğinin birdəfəlik ödənilməsinə dair tələbi əsassızdır. Tərəflərə birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur: İş materiallarında olan: İddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 634 nömrəli qərarında “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” qeyd olunmuşdur. Cavadehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki,iddiaçının inzibati orqana ilkin müraciəti təmin edilməmişdir. DSMF-nin Mingəçevir Şəhər Şöbəsi tərəfindən verilmiş 010309 nömrəli vəsiqədən görünür ki,iddiaçıya İİİ qrup əlillik verilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 16 noyabr 2022-ci il tarixli, 2- 1(116)-1985/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2022-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 3-cü dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2022-ci ildən hərbi qulluqçu kimi İİİ qrup əlilliyə görə aldığı pensiya arasındaki fərqin) hesablanaraq fərq məbləğinin tam şəkildə birdəfəlik ödənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(116)-1985/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, məhkəmə qeyd etmişdir ki, o müharibə əlili kimi vaxtında müraciət etmədiyi üçün iddia tələbi təmin edilməməlidir. Ancaq o, bununla razı deyildir. Çünki həmin dövrdə ona əsassız olaraq hərbi qulluqçu kimi pensiya təyin edilməmiş, onun kifayət qədər hüquqi savadı olmadığı üçün digər əmək pensiyası alan əlillər kimi deyil, əsgər kimi pensiya almışdır. Bu kimi qanunların tətbiqinə yanaşma əlillərin arasında ayrı seçkilik salınması deməkdir. Hər bir müharibə əlilinin hüquqları eynidir və qanunla eyni qaydada tətbiq edilməlidir. Əgər eyni qaydada tətbiq edilsə ayrı seçkilik edilməsə, ona da keçmiş dövr üçün ödənilməyən fərq məbləğinin ödənilməsi qanunamüvafiq ola bilər. Odur ki, Şəki İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(116)-1985/2022 saylı iş üzrə qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(116)-1985/2022 saylı iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı ştirak etməmiş, məhkəmənin xidməti telefonu vasitəsilə əlaqə saxlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(116)-1985/2022 saylı iş üzrə qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).. Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. “Əmək pensiyaları haqqında” Qanun: 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli,03/20 saylı Qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Həmin qərardadın 106-cı bəndinə görə yeni tənzimləmələrlə gətirilən tədbirlərin geriyə şamil edilməsi əmək pensiyaçılarını əlverişsiz vəziyyətdə də qoymur. Çünki, onlar hər şeydən əvvəl əmək pensiyaçısı olmaq statuslarını saxlayırlar, əmək pensiyasının tamamilə məhrum edilməsi və ya ləğv edilməsi halından söz edilə bilməz. Bundan başqa, pensiyaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilmirlər, əvvəlki üç ili almaq hüquqları qalır. Dolayısıyla, bu kateqoriya şəxslərin itirdikləri məbləğ onların alacaqları vəsaitlərin əhəmiyyətli dərəcədə azalmasına və müvafiq olaraq yaşayış səviyyəsinin son dərəcədə pisləşməsinə də gətirib çıxarmır. Həmin qərardadın 107-ci bəndinə görə müdaxilənin mütənasibliyinin qiymətləndiriliməsi baxımından konkret vəziyyətdə şəxslərdən gözlənilən məsuliyyətli davranışın edilib-edilmədiyinə də diqqət yetirilməlidir. Bu baxımdan, şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 98-1.3-cü maddəsinə görə Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. Həmin Məcəllənin 98-1.4-cü maddəsinə görə Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. Hazırkı iş üzrə iddiaçıya xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasına ilə əlaqədar olaraq İİİ qrup əlillik verilmişdir.İddiaçı xx.xx.2022ci il tarixində ilk dəfə hərbi qulluqçu kimi güzəştli şərtlərlə əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.Cavabdeh orqan tərəfindən həmin tarixdən əvvəlki 3 il müddət üçün 9135,73 manat məbləğ hesablanaraq iddiaçıya ödənilmişdir. Göründüyü kimi iddiaçı pensiyanın yenidən hesablanması ilə bağlı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi ilə 3 illik məhdudiyyətin tətbiq olunmağa başlandığı xx.xx.2019-cu ildən tarixindən sonra müraciət etdiyindən və Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında da vurğulandığı kimi Qanunun 32.1-2-ci maddəsi ilə məhz əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimləndiyindən,bu halda şəxsə yenidən hesablanmış pensiya məbləği əvvəlki dövr üzrə üç illik müddət üçün ödənilməlidir. Göstərilən hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2026/2020 saylı, xx.xx.2020-ci il tarixli və 2-1(102)-169/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarlarında da təsbit edilmişdir. Həmçinin, iddiaçı xx.xx.2019-cu il tarixinədək müraciət edilməməsinin şəxsin iradəsindən asılı olmayan hallara görə mümkün olmadığına dair sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan normaları hazırkı iddia tələbi üzrə tətbiq edərək cavabdehin iddiaçının müraciətini təmin etməməkdə haqlı olduğu barədə düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən də iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(116)-1985/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar