Məhkəmə qərarları › İş №2-1(107)-433/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-433/2022

16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-433/2022 16.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı direktoru X1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax şəhəri H.Əliyev prospekti 39 ünvanında yerləşən 0,04848 ha torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmasına dair öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2-1(116)- 1880/2022 nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Yevlax şəhəri H.Əliyev prospekti 39 ünvanında yerləşən 0,04848 ha torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmasına dair öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, Yevlax Bələdiyyəsinin 13 fevral 2009-cu il tarixli 06 nömrəli qərarı ilə İddiaçı rəsmi müraciəti (Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının məktubu) nəzərə alınaraq Yevlax Bələdiyyəsinin torpaqlarına aid olan şəhərin Heydər Əliyev prospektində boş və istifadəsiz qalan ərazidən 484,8 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti üçün "xxxx" MMC-nin mülkiyyətinə verilmişdir. Mülkiyyətə verilən 484,8 kv.m torpaq sahəsinin hüdudlarına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Yevlax Rayon Şöbəsinin tərtib etdiyi yerquruluşu planı (cizgisi) və sahədə tikinti aparılmasının normativ qaydalara uyğunluğu barədə aidiyyəti sahələrin birgə rəsmi aktının təsdiq edilməsi, sahədə tikinti işlərinin arxitextura qaydalara uyğunluğu ŞİH Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmaqla həyata keçirilməsi,qərarın surətinin ayrılan torpaq sahəsinin dövlət qeydiyyatına alınması və kadastr planının hazırlanması üçün DTXK Yevlax Rayon Şöbəsinə, X6 Kadastr Mərkəzinə və DƏDRX-nin Yevlax Ərazi İdarəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 №li Fərmanı ilə təsdiq edilmiş "Torpağın alqısatqı qaydaları”na əlavəyə uyğun olaraq 14 fevral 2009-cu il tarixdə "Torpaqların alqısatqısına dair" Yevlax Şəhər Bələdiyyəsi ilə "xxxx" MMC arasında akt bağlanmış və aktın bağlanması 1286 nömrə ilə qeydiyyata alınmışdır.

3. İddiaçı cavabdehə hazırkı tələblə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli **********19 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Yevlax Bələdiyyəsi tərəfindən qəbul edilmiş 13 fevral 2009-cu il tarixli 06 nömrəli qərarı əsasında tərtib edilmiş “torpaq sahəsinin alqı-satqısına dair” aktı 14 qeydiyyat nömrəsi ilə ləğv edilmiş DTXK-nin Yevlax rayon şöbəsində xx.xx.2009-cu il tarixində qeydə alınmışdır ki, bu da “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 oktyabr 2007- ci il tarixli 466-İİİQD saylı Qanununun, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mövcud tələblərinə ziddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15.1.1-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur.

5. Cavabdeh xx.xx.2022-ci il tarixli **********25 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı MMC-nin “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Etiraz məktubunda bildirilmişdir ki, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda isə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun, 9.1-ci maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və ya icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir və bu müqavilə notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.

6. Azərbaycan Respublikası Prezidentinin 2015-ci ilin 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 2.0.2, 2.0.3 və 2.0.4-cü bəndlərinə əsasən 17 saylı Yevlax Ərazi İdarəsinin fəaliyyət istiqamətləri daşınmaz əmlakın dövlət reyestrinin və inventarlaşdırma işlərinin aparılması ilə texniki sənədlərin tərtib edilməsini təmin etməkdən, həmçinin, daşınmaz əmlakın qiymətləndirilməsini təşkil etməkdən ibarətdir.

7. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

8. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1880/2022 nömrəli qərardadı ilə Yevlax Bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 25 oktyabr 2022-ci il tarixli 2- 1(116)-1880/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

12. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yevlax Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 06 nömrəli qərarı ilə İddiaçı rəsmi müraciətinin nəzərə alınması, Yevlax Bələdiyyəsinin torpaqlarına aid olan, şəhərin Heydər Əliyev prospektində boş və istifadəsiz qalan ərazidən 0,04848 ha torpaq sahəsinin sahibkarlıq fəaliyyəti üçün İddiaçı mülkiyyətinə verilməsi, mülkiyyətə verilən 0,04848 ha torpaq sahəsinin hüdudlarına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Yevlax Rayon Şöbəsinin tərtib etdiyi yerquruluşu planı (cizgisi) və sahədə tikinti aparılmasının normativ qaydalara uyğunluğu barədə aiddiyyəti sahələrin birgə rəsmi aktının təsdiq edilməsi, sahədə tikinti işlərinin arxitektur qaydalara uyğunluğu ŞİH başçısı aparatının Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmaqla həyata keçirilməsi, qərarın surətinin ayrılan torpaq sahəsinin dövlət qeydiyyatına alınması və kadastr planının hazırlanması üçün DTXK Yevlax şöbəsinə, X6 Kadastr Mərkəzinə və DƏDRX-nin Yevlax Ərazi İdarəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərar hal-hazıradək qüvvədədir, dəyişdirilməmiş, ləğv edilməmiş və etibarsız sayılmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağın alqı-satqı qaydaları”na əlavəyə uyğun olaraq 14 fevral 2009-cu il tarixdə “Torpaqların alqı-satqısına dair” Yevlax Şəhər Bələdiyyəsi ilə İddiaçı MMC arasında akt bağlanmış və aktın bağlanması 1286 nömrə ilə qeydiyyata alınmışdır. Həmin akt mübahisələndirilməmiş və hal-hazıradək qüvvədədir. Analoji işlər üzrə cavabdeh inzibati orqan tərəfindən mülkiyyət hüququnun tanınması ilə bağlı dövlət reyestrindən çıxarışlar verilmişdir. İddiaçınə münasibətdə ədalətsizliyə yol verilmişdir və bu hal nəzərə alınmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2-1(116)-1880/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2-1(116)-1880/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Yevlax Bələdiyyəsinin nümayəndəsi X3 iş üzrə qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

17. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Yevlax Bələdiyyəsinin 13 fevral 2009-cu il tarixli 06 nömrəli qərarı ilə Yevlax Bələdiyyəsinin torpaqlarına aid olan Yevlax şəhəri H.Əliyev prospektində yerləşən 484,8 kv.m torpaq sahəsi sahibkarlıq məqsədi üçün "xxxx" MMC-nin mülkiyyətinə verilmişdir. - Torpaqların alqı-satqısına dair xx.xx.2009-cu il tarixli aktdan və ABB-nin xx.xx.2009cu il tarixli qəbzin surətindən görünür ki, iddiaçı torpaq sahəsinin dəyərini 970 manat məbləğində pulu bələdiyyənin bank hesabına ödəmişdir. - DTXK-nın Yevlax rayon şöbəsinin rəyindən görünür ki, şöbə torpaq sahəsinin sahibkarlıq məqsədilə iddiaçıya satılmasına etiraz etməmişdir. - X5 filialının xx.xx.2022-ci il tarixli 69 nömrəli məktubuna əsasən müəyyən edilir ki, Yevlax Şəhər Bələdiyyəsi sənəd materiallarını mühafizə olunmaq üçün X5 filialına təhvil vermədiyindən "xxxx" MMC-yə torpaq sahəsinin ayrılması haqqında qərar aşkar olunmamışdır. - Yevlax Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 253 nömrəli məktubuna əsasən müəyyən edilir ki, bələdiyyənin mühasibat və digər sənədləri "xxxx" MMC-nin arxivinə təhvil verilmişdir. - Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 24 nömrəli Sərəncamına əsasən, Yevlax Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 06 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 484,6 kv.m torpaq sahəsində tərtib olunmuş layihə əsasında xidmət obyekti binasının (ticarət, ictimai iaşə, ofis obyektlərinin) tikintisinə razılıq verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********21 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, elektron məlumat bazasında mövcud olan Yevlax Bələdiyyəsinin xəritə materiallarında (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) və “X2 X4”ndə sözügedən torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat və digər sosial və ictimai tikinti altında olan torpaqlar, mülkiyyətçisi Yevlax Bələdiyyəsidir. İddiaçı X1 naturada göstərdiyi torpaq sahəsi başqa şəxslərin mülkiyyətinə aid olan torpaq sahələri ilə üst-üstə düşmür. Yevlax Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı ilə iddiaçıya satılmış 484.8 kv.m torpaq sahəsi ilə naturada istifadə edilən 426.0 kv.m torpaq sahəsi üst-üstə düşür. - Məhkəmə kollegiyasına təqdim edilmiş Yevlax Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 380 nömrəli məktubuna əsasən, bələdiyyə mülkiyyətinə aid olan Yevlax şəhəri, H.Əliyev prospekti 39 ünvanında yerləşən, xx.xx.2009-cu il tarixli qərarla İddiaçı mülkiyyətinə verilmiş 0,04848 ha torpaq sahəsinin hüdudlarına dair DTXK Yevlax rayon yerquruluşu planı tərtib olunmuş, normativ qiymətə görə torpağın dəyəri bələdiyyənin müvafiq hesabına ödənilmişdir. Qeyd olunan torpaq sahəsi 2009-cu ildən İddiaçı istifadəsində və sahibliyindədir. Yevlax Bələdiyyəsinin həmin torpaq sahəsinə dair heç bir iddiası yoxdur və torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun tanınmasına etiraz etmir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 12. İşin hallarının araşdırılması prinsipi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

21. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.3-cü maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub-olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir: 7.3.1. fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına; 7.3.2. fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə; 7.3.3. sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə.

22. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

23. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır.

24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 28 . Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edildi ki, Yevlax Bələdiyyəsinin 13 fevral 2009-cu il tarixli 06 nömrəli qərarı ilə Yevlax Bələdiyyəsinin torpaqlarına aid olan Yevlax şəhəri H.Əliyev prospektində yerləşən 484,8 kv.m torpaq sahəsi sahibkarlıq məqsədi üçün "xxxx" MMC-nin mülkiyyətinə verilmişdir. Torpaqların alqı-satqısına dair xx.xx.2009-cu il tarixli akta və ABB-nin xx.xx.2009-cu il tarixli qəbzinə əsasən, iddiaçı torpaq sahəsinin dəyərini 970 manat məbləğində pulu bələdiyyənin bank hesabına ödəmişdir. DTXK-nın Yevlax rayon şöbəsinin rəyindən görünür ki, şöbə torpaq sahəsinin sahibkarlıq məqsədilə iddiaçıya satılmasına etiraz etməmişdir. Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 24 nömrəli Sərəncamına əsasən, Yevlax Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 06 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 484,6 kv.m torpaq sahəsində tərtib olunmuş layihə əsasında xidmət obyekti binasının (ticarət, ictimai iaşə, ofis obyektlərinin) tikintisinə razılıq verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********21 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, elektron məlumat bazasında mövcud olan Yevlax Bələdiyyəsinin xəritə materiallarında (DWJ-torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) və “X2 X4”ndə sözügedən torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat və digər sosial və ictimai tikinti altında olan torpaqlar, mülkiyyətçisi Yevlax Bələdiyyəsidir. İddiaçı X1 naturada göstərdiyi torpaq sahəsi başqa şəxslərin mülkiyyətinə aid olan torpaq sahələri ilə üst-üstə düşmür. Yevlax Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı ilə iddiaçıya satılmış 484.8 kv.m torpaq sahəsi ilə naturada istifadə edilən 426.0 kv.m torpaq sahəsi üst-üstə düşür. Məhkəmə kollegiyasına təqdim edilmiş Yevlax Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 380 nömrəli məktubuna və kollegiyanın iclasında izahat verən Yevlax Bələdiyyəsinin nümayəndəsinin izahatına əsasən, bələdiyyə mülkiyyətinə aid olan Yevlax şəhəri, H.Əliyev prospekti 39 ünvanında yerləşən, xx.xx.2009-cu il tarixli qərarla İddiaçı mülkiyyətinə verilmiş 0,04848 ha torpaq sahəsinin hüdudlarına dair DTXK Yevlax rayon yerquruluşu planı tərtib olunmuş, normativ qiymətə görə torpağın dəyəri bələdiyyənin müvafiq hesabına ödənilmişdir. Qeyd olunan torpaq sahəsi 2009-cu ildən İddiaçı istifadəsində və sahibliyindədir. Yevlax Bələdiyyəsinin həmin torpaq sahəsinə dair heç bir iddiası yoxdur və torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun tanınmasına etiraz etmir.

29. Cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli **********19 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Yevlax Bələdiyyəsi tərəfindən qəbul edilmiş 13 fevral 2009cu il tarixli 06 nömrəli qərarı əsasında tərtib edilmiş “torpaq sahəsinin alqı-satqısına dair” aktı 14 qeydiyyat nömrəsi ilə ləğv edilmiş DTXK-nin Yevlax rayon şöbəsində xx.xx.2009-cu il tarixində qeydə alınmışdır ki, bu da “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 oktyabr 2007- ci il tarixli 466-İİİQD saylı Qanununun, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mövcud tələblərinə ziddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15.1.1-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur.

30. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, Yevlax Bələdiyyəsinin 13 fevral 2009-cu il tarixli 06 nömrəli qərarı ilə Yevlax Bələdiyyəsinin torpaqlarına aid olan ərazidən 484,8 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün "xxxx" MMC-nin mülkiyyətinə verilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda bələdiyyə torpağının sahibkarlıq məqsədi ilə açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə satılması tələbinə riayət edilməmişdir.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda imtina edilə bilər.

32. Bununla bağlı kollegiya qeyd edir ki, hazırkı mübahisədə Yevlax Bələdiyyəsinin 13 fevral 2009-cu il tarixli 06 nömrəli qərarı ilə Yevlax Bələdiyyəsinin torpaqlarına aid olan Yevlax şəhəri H.Əliyev prospektində yerləşən 484,8 kv.m torpaq sahəsi sahibkarlıq məqsədi üçün "xxxx" MMC-nin mülkiyyətinə verilmiş, torpaqların alqı-satqısına dair xx.xx.2009-cu il tarixli akta və ABB-nin xx.xx.2009-cu il tarixli qəbzinə əsasən, iddiaçı torpaq sahəsinin dəyərini 970 manat məbləğində pulu bələdiyyənin bank hesabına ödəmişdir.

33. Bundan başqa, torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə əsas olmuş Yevlax Bələdiyyəsinin 13 fevral 2009-cu il tarixli 06 nömrəli qərarı bu vaxta kimi mübahisələndirilməmiş və Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 24 nömrəli Sərəncamı ilə Yevlax Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 06 saylı qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş 484,6 kv.m torpaq sahəsində tərtib olunmuş layihə əsasında xidmət obyekti binasının tikintisinə razılıq verilmişdir.

34. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.

35. Göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, Yevlax Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 380 nömrəli məktubuna əsasən, bələdiyyə mülkiyyətinə aid olan Yevlax şəhəri, H.Əliyev prospekti 39 ünvanında yerləşən, xx.xx.2009-cu il tarixli qərarla İddiaçı mülkiyyətinə verilmiş 0,04848 ha torpaq sahəsinin hüdudlarına dair DTXK Yevlax rayon yerquruluşu planı tərtib olunmuş, normativ qiymətə görə torpağın dəyəri bələdiyyənin müvafiq hesabına ödənilmişdir. Qeyd olunan torpaq sahəsi 2009-cu ildən İddiaçı istifadəsində və sahibliyindədir. Yevlax Bələdiyyəsinin həmin torpaq sahəsinə dair heç bir iddiası yoxdur və torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun tanınmasına etiraz etmir.

37. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında, həmçinin qeyd edilmişdir ki, etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri).

38. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır.

39. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının mülkiyyətinə xx.xx.2009-cu il tarixdə satılmışdır və torpaq sahəsi 2009-cu ildən İddiaçı istifadəsində və sahibliyindədir. Eyni zamanda mübahisə predmeti olan torpaq sahəsinin verilməsinə əsas olmuş Yevlax Bələdiyyəsinin 13 fevral 2009-cu il tarixli 06 nömrəli qərarı bu vaxta kimi mübahisələndirilməmiş və hal-hazırda da qüvvədədir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununun 8.0.1-ci maddəsinə əsasən mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının adına dövlət qeydiyyatına alınmasına əsas olan Yevlax Bələdiyyəsinin 13 fevral 2009-cu il tarixli 06 nömrəli qərarı qüvvədə olduğundan cavabdeh iddiaçının müraciətindən imtina etməkdə haqlı olmamışdır.

40. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-in 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuş, birinci instansiya məhkəməsi inzibati işin qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, qanunu düzgün təfsir etməmiş, mübahisənin maddi və prossesual hüquqi əsaslarını araşdırmamış və bununla da düzgün nəticəyə gəlməmişdir.

41. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********21 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, Yevlax Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı ilə iddiaçıya satılmış 484.8 kv.m torpaq sahəsi ilə naturada istifadə edilən 426.0 kv.m torpaq sahəsi üst-üstə düşür. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 426.0 kv.m torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmasına dair hissədə təmin edilməlidir.

42. Beləliklə, işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilməli, cavabdehin üzərinə Yevlax şəhəri H.Əliyev prospekti 39 ünvanında yerləşən 426.0 kv.m torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınması öhdəliyi qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

43. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2-1(116)-1880/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Yevlax şəhəri H.Əliyev prospekti 39 ünvanında yerləşən 426.0 kv.m torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınması öhdəliyi qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar