Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-433/2023 19.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik еdən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, Şəki İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli 2-1(116)-469/2023 nömrəli qərardadından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 11 may 2023-cü il tarixli 2- 1(116)-469/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən 30 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə məhkəməyə ünvanlandığı “iddianın dəyişdirilməsi barədə” ərizəsinin qəbulundan imtina edilmişdir. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən аpеllyаsiyа şikаyəti verilmişdir. Müəyyən edilmişdir ki, аpellyаsiyа şikаyəti şikayət verilməsi nəzərdə tutulmamış qərardaddan verilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı 19 iyul 2023-cü il tarixə məhkəmə iclası təyin edilmiş, iddiaçıya və onun nümayəndəsi, həmçinin vəkilinə bu barədə rəsmi məlumat verilmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və nümayəndəsi, həmçinin vəkili məhkəmə iclasına gəlməmişlər. Ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, apellyasiya şikayətinin dəlilindən görünür ki, iddiaçı Şəki İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli 2-1(116)-469/2023 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə məhkəməyə ünvanlandığı “iddianın dəyişdirilməsi barədə” ərizəsinin qəbulundan imtina edilməsi məsələsini mübahisələndirmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 81.1.İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 83.3.6. Bu Məcəllənin 21.5-ci, 24.7-ci, 28.4-cü, 54.3-cü, 55.4-cü və 77.2-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Maddə 83.4. Bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan yalnız məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən, məhkəmə qərardadlarından yalnız o halda müstəqil qaydada, yəni ayrıca şikayət verilə bilər ki, onların müstəqil mübahisələndirilməsi İnzibati Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş olsun. İnzibati Prosessual Məcəlləsi ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan yalnız məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər (İPM-in 83.1 və 83.4-cü maddələri). Lakin iddiaçının nümayəndəsi və vəkili hazırkı iş üzrə məhkəmə qərardadından müstəqil qaydada apellyasiya şikayəti vermişdir. Halbuki, qeyd olunan prosessual hüquq normalarından göründüyü kimi, İPM-də bu qərardaddan müstəqil qaydada şikayətin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayıla bilməz. Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin: 87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3-cü maddəsinə əsasən, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4-cü maddəsinə görə, apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli 2-1(116)-469/2023 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli 2-1(116)-469/2023 nömrəli qərarından verilmiş şikayətə baxılan zaman hazırkı qərardadla bağlı yaranmış mübahisəyə münasibət bildiriləcəkdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçının nümayəndəsi və vəkili Vəkil Şəki İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli 2-1(116)-469/2023 nömrəli qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(107)-433/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-433/2023
19.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver