Məhkəmə qərarları › İş №2-1(107)-433/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-433/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-433/2025 03.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 27 iyun 2024-cü il tarixli **********0519 nömrəli və 5 iyul 2024-cü il tarixli **********2685 nömrəli qərarların ləğv edilməsi və həmin qərarlarla tətbiq edilmiş 11.000 manat maliyyə sanksiyalarının silinməsi” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 aprel 2025-ci il tarixli 2-1(116)- 1140/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. İddiaçı MMC hüquqi şəxs kimi 8 yanvar 1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış, 21 fevral 2006-cı il tarixdə isə o, ********** VÖEN-lə vergi orqanında uçota alınmışdır. Qurumun fəaliyyət növlərinə “yeməkxanaların fəaliyyəti”, “milli və yerli yeməklərin istehsalı” və s. daxildir.

2. İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “Şəki Dastan” Restoranı adlı təsərrüfat subyektində Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 2 may 2024-cü il tarixli qərarı ilə 3 may 2024-cü il tarixdən 31 may 2024-cü il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır.

3. Vergi ödəyicisinə məxsus təsərrüfat subyektində 21 may 2024-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti zamanı Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halının aşkar olunması ilə bağlı 001228 nömrəli, eləcə də əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması ilə bağlı 031584 nömrəli aktlar tərtib edilmişdir.

4. Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi vergi ödəyicisi İddiaçı MMC-yə 27 iyun 2024-cü il tarixdə 031584 nömrəli akt əsasında 1.000 manat maliyyə sanksiyasının tətbiqi barədə **********0519 nömrəli, 5 iyul 2024-cü il tarixdə isə 10.000 manat maliyyə sanksiyasının tətbiqi barədə **********2685 nömrəli qərarlar qəbul etmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

5. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 sentyabr 2024-cü il tarixdə vergi orqanının 27 iyun 2024cü il tarixli **********0519 nömrəli və 5 iyul 2024-cü il tarixli **********2685 nömrəli qərarlarının ləğv olunması və ona tətbiq edilmiş 10.000 manat maliyyə sanksiyasının götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Daha sonra iddiaçı, məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 27 iyun 2024-cü il tarixli **********0519 nömrəli və 5 iyul 2024- cü il tarixli **********2685 nömrəli qərarların ləğv edilməsi və həmin qərarlarla tətbiq edilmiş 11.000 manat maliyyə sanksiyalarının silinməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(116)-1140/2025 saylı qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus “Şəki Dastan” Restoranı təsərrüfat subyekti 20 may 2024-cü il tarixdə fəaliyyətə başlamışdır və quruma işə qəbulla bağlı ərizələr təqdim edilmişdir. Əmək müqavilələri kağız formasında bağlanmışdır. Lakin bəzi işçilərin əmək fəaliyyətinə başlaması yubanmışdır. Çünki, tələblərə görə işçilərin müvafiq arayış olmadan işləməsi mümkün deyil. Həmin işçilərə fikirlərini dəqiqləşdirmək məqsədilə bir neçə gün vaxt verilmişdir. 21 may 2024-cü il tarixdə fəaliyyətə hazırlıq aparılırdı və işçilərin bir qismi tibbi müayinəyə getmişlər. Həmin gün səhər çağlarında texniki səbəblərdən müvafiq portala giriş mümkün olmamışdır. Eyni vaxtda X2 əməkdaşları da yoxlama keçirmək məqsədilə gəlmişlər. Vergi orqanı əməkdaşları işçilərin izahatlarını almışlar. Müəssisənin rəhbəri verdiyi izahatında qısa müddətdə işçilərin rəsmiləşdirilməsinin başa çatdırılacağını bildirmişdir. Sonradan MMCnin rəsmiləri vergi orqanının rəhbərinin qəbulunda əlavə izahat da vermişlər. İddiaçı hesab edir ki, yazılmış cərimələr (sanksiyalar) qanunsuzdur. MMC gələcək əməkdaşlarının mənafeyi naminə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərmişdir.

8. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, İddiaçı MMC-nin “Şəki Dastan” Restoranı təsərrüfat subyektində İdarənin 2 may 2024-cü il tarixli qərarı ilə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi və nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə 3 may 2024-cü il tarixdən 31 may 2024-cü il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Vergi ödəyicisinin rəhbəri həmin qərarla tanış olmuşdur. 21 may 2024-cü il saat 17:45-də aparılmış vergi nəzarəti tədbirləri zamanı təsərrüfat subyektində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduğu müəyyən edilərək, həmin şəxslərin və vergi ödəyicisinin rəhbərinin izahatları alınmış və aşkar edilmiş pozuntu DVX seriyalı 001221 nömrəli aktla rəsmiləşdirilmişdir. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş X1, X5, X9, X7 və X4 izahatlarında 20 may 2024-cü il tarixdən çalışdıqlarını, aylıq əmək haqqının 345 manat olmaqla nağd qaydada ödənilməsinin nəzərdə tutulduğunu bildirmişlər. Qurumun rəhbəri isə verdiyi izahatında obyektin 20 may 2024-cü il tarixdən fəaliyyətə başladığını, yeni işçilərlə kağız daşıyıcıda əmək müqaviləsi bağlansa da, həmin müqavilələr barədə əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilmədiyini, yaxın günlərdə daxil ediləcəyini bildirmişdir. Həmçinin, 21 may 2024-cü il tarixdə saat 17:24-də aparılmış vergi nəzarəti tədbirləri zamanı təsərrüfat subyektində göstərilmiş ictimai iaşə xidməti (1 çaynik çay və paxlava) üçün 5 manat nağd qaydada ödənilmiş, lakin müştəriyə nəzarət-kassa aparatının çeki təqdim edilməmişdir. Nəzarət-kassa aparatı nasaz olduğundan və həmin aparat nasaz olduqda əməliyyatların uçotu kitabı təqdim olunmadığından, uçotdan gizlədilmiş məbləğin nəzarət-kassa aparatına və ya əməliyyatların uçotu kitabına daxil edilməsi mümkün olmamışdır. Vergilər Nazirliyinin 1 aprel 2015-ci il tarixli əmri ilə təsdiq edilmiş «İstismar zamanı nəzarət-kassa aparatının plombunun pozulduğu və başqa nasazlıqlar yarandığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının aparılması Qaydası»nın 2.2-ci bəndinə görə NKS-nın istismarı zamanı plombun pozulması da daxil olmaqla istənilən nasazlıq yarandıqda vergi ödəyicisi tərəfindən bu barədə təcili Servis Texniki Xidmət Mərkəzinə sifariş (çağırış) verilir. Mərkəzə verilmiş sifariş haqqında vergi ödəyicisi və ya onun bu işə məsul etdiyi şəxs tərəfindən Qaydanın 2 nömrəli əlavəsində verilmiş forma üzrə “Nəzarət-kassa aparatına texniki xidmət kitabı”nda müvafiq qeydlər aparılır. Bu kitabın səhifələri nömrələnir, qaytanlanır, imzalanır və möhürlə təsdiq edilir. Bu hal 21 may 2024-cü il tarixli DVX seriyalı 031584 nömrəli aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı tərtib edilmiş sənədlər İddiaçı MMC-nin rəhbərinə tanış olmaq və imza etmək üçün təqdim edilmiş, lakin həmin şəxs imza etməkdən və sənədlərin nüsxəsini qəbul etməkdən imtina etmişdir. İddiaçı barəsində operativ vergi nəzarəti tədbiri zamanı qanun pozuntularının rəsmiləşdirildiyi aktlardan, vergi ödəyicisinin və onun işçilərinin verdiyi izahatlardan və digər sübutlardan, qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının Vergi Məcəlləsinin 58.7.1, 58.10-cu maddələrində nəzərdə tutulmuş qanun pozuntusuna yol verməsi halları tam sübuta yetirilərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 27 iyun 2024-cü il tarixli **********0519 nömrəli və 5 iyul 2024-cü il tarixli **********2685 nömrəli qərarlar qəbul edilmişdir. Göstərilənlərə və Vergi Məcəlləsinin 58.7, 58.10-cu maddələrinə, Əmək Məcəlləsinin 5-1, 49-cu maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur

9. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-1140/2025 nömrəli qərarı ilə (hakim Rüstəm Kərimli) iddia tələbi təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti aşağıdakı kimi əsaslandırmışdır: - Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində 2 may 2024-cü il tarixli **********9053 nömrəli qərarla operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün hüquqi əsasların konkret və qapalı siyahısı müəyyən olunmuşdur. Lakin sözügedən qərarda həmin əsaslardan heç birinə istinad edilməmiş, sadəcə olaraq qanunun ümumi müddəalarına formal şəkildə yer verilməklə kifayətlənilmişdir. Bu hal isə hüquqi müəyyənlik prinsipinə və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsində təsbit olunmuş əsaslandırma öhdəliyinə zidd hesab edilmişdir. Məhkəmənin qənaətinə görə, vergi orqanı tərəfindən operativ nəzarət tədbirinin həyata keçirilməsi diskresion səlahiyyət çərçivəsində mümkün olsa da, bu səlahiyyətdən hansı səbəbdən və hansı əsaslara istinadla istifadə olunduğu qərarda əsaslandırılmamışdır. “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə görə, diskresion səlahiyyətin həyata keçirilməsi hallarında inzibati orqan öz mülahizələrini aydın, konkret və hüquqi əsaslarla izah etməlidir. Əgər operativ vergi nəzarətinin həyata keçirilməsi məqsədəuyğun hesab edilirsə, bu tədbirin zəruriliyini göstərən real hallar qərarda açıq şəkildə göstərilməlidir. İşin hallarından görünür ki, cavabdeh inzibati orqanın 2 may 2024-cü il tarixli **********9053 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, sadəcə həmin Məcəllənin müvafiq maddələri ümumi şəkildə göstərilmişdir. Operativ vergi nəzarəti haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri və şəxsin müdafiə hüququnun səmərəliliyi baxımından cavabdeh inzibati orqanın istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, əmək münasibətlərinin faktiki olaraq mövcudluğu müəyyən edilsə də, bu halların aşkara çıxarılması məqsədilə aparılmış operativ vergi nəzarəti tədbiri qanuni əsaslara söykənmədiyindən, nəticə olaraq qəbul edilmiş qərarlar da qanunsuz hesab edilməlidir. Bu hal iddiaçı MMC-nin hüquqlarının pozulması kimi qiymətləndirilmişdir. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi yalnız dövlətin fiskal maraqlarına xidmət etməməli, eyni zamanda sahibkarlıq subyektlərinin hüquq və mənafelərinin müdafiəsini təmin etməlidir. Belə tədbirlərin qanunvericiliyin tələblərinə uyğun, əsaslandırılmış və şəffaf şəkildə həyata keçirilməsi sahibkarlıq mühitində hüquqi sabitliyin təmin olunması və konstitusion hüquqların müdafiəsi baxımından zəruridir. Vergi orqanları öz səlahiyyətlərini həyata keçirərkən vergi qanunvericiliyinin məqsədlərini və hüquqi sərhədlərini nəzərə almağa borcludurlar.

11. Cavabdeh orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

12. apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, qanunvericiliyin tələblərini düzgün şərh etməmiş, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması barədə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Məhkəmə tərəfindən Vergi Məcəlləsinin 50.2-ci maddəsi ilə müəyyən edilmiş operativ vergi nəzarətinin keçirilməsi üçün əsasların mövcudluğu nəzərə alınmamışdır. Halbuki, Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********9053 nömrəli qərar Vergi Məcəlləsinin 50.2.4-cü maddəsinə, eləcə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 08 may 2023-cü il tarixli, **********083400 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi” Qaydalarının 1.5.2.7-ci yarımbəndində nəzərdə tutulmuş konkret əsaslardan biri – vətəndaş müraciəti – əsasında qəbul edilmişdir. Belə ki, vətəndaş X6 tərəfindən İddiaçı MMC barəsində daxil olmuş şikayət ərizəsində fiziki şəxslərin əmək müqaviləsi olmadan işlərə cəlb edildiyi və digər qanun pozuntularının baş verdiyi bildirilmişdir. Bu müraciət operativ vergi nəzarətinin aparılması üçün qanunvericiliklə müəyyən edilmiş əsas sayılır və məhz bu fakta əsasən 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qanuni qərar qəbul olunmuşdur. Məhkəmə isə əsassız olaraq belə bir müraciətin mövcudluğunu kifayət qədər əsas saymamış, həmçinin operativ vergi nəzarəti keçirilməsinə səbəb olan halın mütləq qaydada qərarda göstərilməli olduğunu qeyd etmişdir. Halbuki, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən belə tələb nəzərdə tutulmamışdır. Qanunvericiliyə görə, operativ vergi nəzarətinin keçirilməsi barədə qərarda yalnız aşağıdakı məlumatlar göstərilməlidir: vergi ödəyicilərinin yerləşdiyi ərazi, nəzarətlə əhatə olunan məsələ (məsələlər), nəzarətin müddəti və bu nəzarəti həyata keçirəcək vəzifəli şəxslər. Operativ vergi nəzarətinə əsas olan halın həmin qərarda ayrıca göstərilməsi tələb olunmur. Bu məlumatlar xidmət sənədi (xidməti məlumat) formasında ayrıca sənəddə əks olunur və bu, vergi orqanlarının inzibati praktikasında qəbul edilmiş formadır. Məhkəmənin bu hissədə gəldiyi nəticə şəxsi mülahizədən ibarətdir və mövcud qanunvericiliyə əsaslanmır. Digər tərəfdən, birinci instansiya məhkəməsi cavabdeh vergi orqanının diskresion səlahiyyətlərindən düzgün istifadə etmədiyini iddia etmişdir. Halbuki, Vergi Məcəlləsinin 50.2.2 və 50.2.4-cü maddələri və “Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi” Qaydalarının 1.5.2.7-ci yarımbəndində qeyd olunan əsaslar mövcud olduğu halda, vergi orqanı operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədə qərar qəbul etməkdə tam qanuni əsaslara malikdir. Belə əsasların mövcudluğu şəraitində vergi orqanının qərar qəbul etməsi onun diskresion səlahiyyətinin hüquqa uyğun həyata keçirilməsi hesab edilməlidir. Bununla yanaşı, birinci instansiya məhkəməsi operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədə qərarın inzibati akt olduğunu qeyd etmiş və buna əsaslanaraq “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsini tətbiq etmişdir. Lakin bu yanaşma tamamilə yanlışdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin keçirilməsi barədə qərar inzibati akt hesab olunmur və bu səbəbdən ona inzibati aktlara dair normalar tətbiq edilə bilməz. İnzibati akt dedikdə, hüquqi və ya fiziki şəxs üçün hüquqi nəticələr doğuran qərar başa düşülür. Halbuki, operativ vergi nəzarətinin keçirilməsi barədə qərar belə nəticələr doğurmur. Vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərar isə, əksinə, inzibati akt hesab olunur. İşin faktiki halları da göstərir ki, operativ vergi nəzarəti tədbiri qanuni əsaslarla, Vergi Məcəlləsinin 50.2.2 və 50.2.4-cü maddələrinə uyğun olaraq, vətəndaş müraciətinə əsasən həyata keçirilmişdir. Məhkəmənin bu qərarın qanunsuz hesab olunması barədə mövqeyi yalnız hüquqi əsaslardan deyil, şəxsi mülahizələrdən ibarətdir. Birinci instansiya məhkəməsi iş üzrə sübutları da lazımi dərəcədə qiymətləndirməmişdir. Məhkəmə protokollarında və iş materiallarında olan izahatlara, xüsusilə də əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş şəxslərin yazılı izahatlarına hər hansı qiymət verilməmişdir. Halbuki həmin izahatlar operativ vergi nəzarəti tədbiri zamanı aşkar edilmiş faktların təsdiqidir. Məhkəmənin bu sübutları nəzərə almadan qərar qəbul etməsi nəticə etibarilə milli qanunvericiliyin və beynəlxalq hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulmasına səbəb olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

14. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz etdiyini bildirərək cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi və Şəki İnzibati Məhkəməsinin 02 aprel 2025-ci il tarixli 2-1(116)-1140/2025 qərarının dəyişdirmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; ... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; ... Maddə 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və Vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında Vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar Vergi ödəyicisinin xeyrinə şərh olunur. 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində ...

58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır.

16. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun: 3.2. bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur və bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən qanun pozuntusu faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

17. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə: 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: ... 3.4.7. yoxlamanın hüquqi əsası, aid olduğu nəzarət sahəsi, vergi yoxlamasının və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi, habelə bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş halın araşdırılması ilə bağlı aparılan yoxlamaların predmeti; ...

18. “Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi” Qaydaları“Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi” Qaydaları: 1.5. Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən aşağıda göstərilənlər operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsas hesab edilir: 1.5.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar olduqda, o cümlədən: 1.5.2.7. vergidən yayınma, həmçinin operativ vergi nəzarəti məsələləri üzrə qanun pozuntusu hallarına yol verilməsi barədə digər dövlət orqanlarından, vergi ödəyicilərindən, vətəndaşlardan və ya 195 telefon xidməti vasitəsi ilə daxil olmuş müraciətlər;

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

21. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. İş materiallarından görünür ki, cavabdeh orqan VM-nin 23, 41 və 50-ci maddələrini rəhbər tutaraq xx.xx.2024-cü il tarixdə "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" **********9053 saylı qərar qəbul etmişdir. xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə keçirilməsi nəzərdə tutulan operativ vergi nəzarətinin əhatə etdiyi məsələlər aşağıdakılar olmuşdur: - iddiaçıya məxsus obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, - Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi.

27. Cavabdeh orqan 27 iyun 2024-cü il tarixli, **********0519 nömrəli qərarla Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına — yəni təqvim ili ərzində bu hala ilk dəfə yol verilməsinə görə — iddiaçıya 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq etmişdir. Bundan əlavə, cavabdeh orqan 5 iyul 2024-cü il tarixli, **********2685 nömrəli qərarla Vergi Məcəlləsinin 58.10-cu maddəsinə istinadən, iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən beş nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyini müəyyən edərək, ona 10 000 manat məbləğində maliyyə sanksiyası tətbiq etmişdir.

28. Cavabdeh orqan mübahisələndirilən qərarların iddiaçıya çatdırılması ilə bağlı vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatlara istinad edir. Lakin məhkəmə mübahisəsinin yaranma əsası olan qərarlar "Elektron imza və elektron sənəd haqqında" Qanunun tələblərinə uyğun deyildir. Elektron üsulla elektron kabinetə göndərilmiş hər hansı sənədin elektron qaydada həqiqiliyi təsdiqlənməlidir. Hazırkı iş materiallarına əlavə edilən qərarlarda isə bu cür təsdiqləmə müəyyən edilmir. Odur ki, elektron qaydada təsdiqlənməmiş qərarla bağlı iddia müddəti tətbiq edilə bilməz.

29. Birinci instansiya məhkəməsi iddianın təmininə dair qənaətə gələrkən operativ nəzarət tədbirinin vergi orqanının diskresion səlahiyyəti daxilində olduğunu, lakin bu səlahiyyətdən hansı hüquqi əsaslara istinadla və hansı səbəbdən istifadə olunduğunun 2 may 2024-cü il tarixli **********9053 saylı qərarda əsaslandırılmadığını vurğulamışdır.

30. Cavabdeh orqan apellyasiya şikayətində qeyd etmişdir ki, Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən, mənbəyi məlum olan məlumatlar operativ vergi nəzarəti üçün hüquqi əsasdır və bu əsas “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi qaydaları”nın 1.5.2 və 1.5.2.7-ci bəndlərində də təsbit olunmuşdur.

31. Cavabdehin iddiasına görə, mübahisəyə səbəb olmuş məlumat iddiaçının keçmiş işçisi tərəfindən təqdim edilmiş, həmin məlumat əsasında isə 2 may 2024-cü il tarixli qərarla operativ vergi nəzarəti həyata keçirilmişdir. Apellyasiya şikayətində cavabdeh, yoxlamanın hüquqi əsası kimi həm Vergi Məcəlləsinin 50.2.2-ci, həm də 50.2.4-cü maddələrinə istinad etmiş, birinci instansiya məhkəməsinin bu maddələrin tətbiqinə lazımi hüquqi qiymət vermədiyini irəli sürmüşdür.

32. Lakin iş materiallarından məlum olur ki, Tərlan Qasımov adlı fiziki şəxs – iddiaçının keçmiş işçisi – vergi orqanına müraciət edərək müəssisədə vergi və əmək qanunvericiliyinin pozulması barədə məlumat vermiş və yoxlamanın aparılmasını xahiş etmişdir. Cavabdeh orqan da məhz həmin müraciətə əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Bununla belə vergi nəzarətinin iddiaçının keçmiş işçisinin müraciəti əsasında aparılmasına dair icraat materialları birinci instansiya məhkəməsinə təqdim edilməmişdir.

33. İş materialları ilə müəyyən edilir ki, vergi orqanı fiziki şəxsin məlumatı əsasında yoxlama keçirməsinə baxmayaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”da yoxlamanın hüquqi əsası kimi Vergi Məcəlləsinin 50.2.4cü maddəsi qeyd edilmişdir. Yəni, yoxlamanın hüquqi əsası “mənbəyi bəlli olan məlumat əsasında operativ vergi nəzarətinin həyata keçirilməsini” deyil (VM 50.2.2), “vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsasının olmasını” nəzərdə tutur.

34. Məhkəmə kollegiyası hazırkı iş üzrə yoxlamanın aparılmasına əsas olmuş fiziki şəxsin müraciətinin məhz bu maddə (50.2.4) baxımından yoxlamanın başlanmasına səbəb olub-ola bilməyəcəyi ilə bağlı aşağıdakı xüsusatlara diqqət yetirilməsini zəruri hesab edir.

35. Sözügedən müraciətə əsaslanaraq Vergi Məcəlləsinin 50.2.4-cü maddəsinin hüquqi əsas kimi göstərilməsi onu göstərir ki, cavabdeh orqan həqiqiliyi şübhə doğuran, yoxlanılmamış ilkin məlumata əsaslanaraq bu maddəni tətbiq etmiş, müvafiq yoxlama aparıldıqdan sonra isə həmin məlumatların doğruluğunu müəyyən etmişdir. Yəni, vergi orqanı yoxlamaya qədər "kifayət qədər əsas"a malik olmamış, əksinə, bu əsası sonradan keçirdiyi yoxlama ilə formalaşdırmışdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi vergi orqanına yalnız 50.1-ci maddədə nəzərdə tutulan halların mövcudluğu şəraitində operativ vergi nəzarəti həyata keçirmək səlahiyyəti verir. Bu zaman nəzarət tədbirinin başlanması üçün sadəcə ehtimal və ya ümumi xarakterli məlumatlar (şikayətlər) deyil, ilkin qiymətləndirməyə əsaslanan və real faktlara söykənən əsaslandırılmış şübhə – yəni "kifayət qədər əsas" olmalıdır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, prinsipcə məlumat verən şəxsin motivasiyasından (işçinin qərəzli olması və ya əmək mübahisəsinin mövcudluğu) asılı olmayaraq, onun vergidən yayınma və ya digər vergi pozuntuları barədə təqdim etdiyi məlumat VM-nin 50.2.2-ci maddəsinə əsasən vergi nəzarətinin başlanması üçün hüquqi maneə yaratmır. Belə ki, qanunvericilik yalnız mənbənin məlum olmasını və təqdim edilən məlumatın konkret vergi pozuntusuna aid olmasını tələb edir, lakin bu məlumatın VM-nin 50.2.4-cü maddəsi üzrə hüquqi əsas kimi istifadə oluna bilməsi üçün həmin məlumat "kifayət qədər əsas" meyarına uyğun olmalı, “kifayət qədər əsas”ın mövcudluğunu əvvəlcədən sübuta yetirməlidir. Sadəcə mənbəyi məlum olan məlumatın olması VM-nin 50.2.4-cü maddəsinin tətbiqi üçün yetərli deyil və qanunvericilikdə nəzərdə tutulan “kifayət qədər əsas” meyarının mövcudluğunu təsdiqləmir.

38. Vergi Məcəlləsinin tələbinə görə vergi orqanı müvafiq yoxlamanın hansı əsasla keçirilməsini dəqiq müəyyən etməli, konkret hüquqi əsası göstərməli və həmin əsas üzrə qanunvericilikdə nəzərdə tutulmuş tələblərə əməl etməlidir. Əgər hüquqi əsas kimi VM-nin 50.2.4-cü maddəsi göstərilibsə, bu halda "kifayət qədər əsas" anlayışı tətbiq edilməli və onun mövcudluğu sənədlərlə əsaslandırılmalıdır. Belə əsas faktiki olaraq yoxdursa və əvəzində sadəcə mənbəyi məlum olan, lakin yoxlanılmamış ilkin məlumat varsa, bu halda VM-nin 50.2.4-cü maddəsinə istinad etməklə yoxlamanın aparılması həmin yoxlamanın qanuniliyini şübhə altına alır. İş materiallarında olan müraciətin məzmunu isə ilkin yoxlamadan öncə belə əsasın mövcud olduğunu təsdiqləmir.

39. Əks yanaşma - sahibkarlıq subyektlərində "kifayət qədər əsas" olmadan bu cür məlumatlar əsasında yoxlamaların aparılması - özbaşınalığa və səlahiyyətlərdən suiistifadəyə səbəb ola bilər.

40. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.7-ci bəndi yoxlamanın hüquqi əsasının reyestrdə dəqiq göstərilməsini tələb edir. Hüquqi əsasın düzgün göstərilməsi hüquqi sabitliyin başlıca şərtidir. Bu o deməkdir ki, vergi orqanı "potensial mümkün əsaslar"dan çıxış etməməli, keçirilməsi nəzərdə tutulan yoxlamanı reyestrdə konkret bir hüquqi əsasla qeydiyyata almalı və sonradan “əslində başqa əsas da mövcud idi” deyərək yoxlamanın hüquqi əsasını dəyişdirməməlidir.

41. Cavabdeh orqan apellyasiya şikayətinin dəlillərində nəzarət tədbiri barədə qərarın inzibati akt olmamasını, hüquqi nəticə doğurmamasını və buna görə də, onun əsaslandırılmasının zəruriliyi ilə bağlı İnzibati icraat haqqında Qanunun 61.1 maddəsinin tətbiqinin yolverilməzliyini qeyd etmişdir.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, 2 may 2024-cü il tarixli **********9053 saylı vergi nəzarətinin keçirilməsi barədə qərar Qanunun 2.0.2-ci maddəsində nəzərdə tutulmuş anlamda inzibati akt hesab oluna bilməz. Belə ki, vergi yoxlamasının keçirilməsi haqqında inzibati orqanın qərarı inzibati aktın normativ anlayışında nəzərdə tutulmuş əlamətlərə, xüsusən də iddiaçı üçün hüquqi nəticələr yaratmaq əlamətinə malik deyildir.

43. Bununla belə həmin qərarın qanunauyğunluğu və əsaslılığı həmin qərar əsasında keçirilmiş yoxlamanın nəticəsinə dair yekun inzibati aktın mübahisələndirildiyi təqdirdə, həmin mübahisəyə baxılması üzrə icraat çərçivəsində yoxlanılmalıdır.

44. Həmin qərarın əsaslandırılması zərurəti ondan irəli gəlir ki, VM-nin 50.3-cü maddəsi operativ vergi nəzarətinin vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilməsini birbaşa müəyyən edir.

45. Digər tərəfdən Vergi Məcəlləsinin 50-ci maddəsində yoxlamanın keçirilməsi üçün hüquqi əsaslar konkret formada müəyyən olunmuşdur. Məcəllədə 50.2.2 və 50.2.4-cü maddələr arasında müxtəlif hüquqi meyarlar tətbiq olunur — biri faktın mövcudluğu (mənbəyi bəlli məlumat), digəri isə hüquqi qiymətləndirmə və əsaslandırma tələb edir ("kifayət qədər əsas").

46. Beləliklə, cavabdeh orqan informativ xarakterli məlumatlarla kifayətlənməməli, həmin məlumatların hüquqi əsas yaratmaq qabiliyyətini ilkin mərhələdə dəyərləndirməklə “kifayət qədər əsas”ın mövcudluğunu müəyyən etməlidir. Məhz buna görə də, operativ vergi nəzarətinin aparılması ilə bağlı qərarın əsaslandırılması VM-nin 50.3-cü və 50.2.4-cü maddələrinin tələbləri baxımından zəruridir.

47. İş materiallarında olan işçilərin yazılı izahatlarına ümumiyyətlə münasibət bildirilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı operativ vergi nəzarətinin aparılması ilə bağlı reyestrə səhv hüquqi əsas daxil etmiş və yoxlamanı Vergi Məcəlləsinin 50.2.4-cü maddəsinə istinadla aparmışdır. Əslində isə hüquqi əsas olaraq VM-nin 50.2.2-ci maddəsinə istinad olunmalı idi. Bu isə yoxlamanın hüquqi əsasının düzgün göstərilməməsi və faktiki olaraq yoxlamanın reyestrdə qeydiyyata alınmayan hüquqi əsas üzərindən aparılması deməkdir. Faktiki olaraq yoxlamanın hüquqi əsası ilə aparılma əsası tamamilə fərqli olduğundan yoxlamanın qanunsuz aparılması müəyyən olunur. Belə ki, aparılmış yoxlamanın qanunsuz olması yoxlama nəticəsində qəbul edilmiş inzibati aktın ləğv edilməsi üçün birbaşa əsas sayılır. Odur ki, işçilərin yazılı izahatlarının əlavə araşdırılaraq hüquqi qiymət verilməsinə lüzum da yoxdur.

48. Hazırkı iş üzrə cavabdehin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 2 may 2024-cü il tarixli, **********9053 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilmədiyindən, bundan əlavə, reyestrdən çıxarışda 50.2.4-cü maddəyə istinad edilsə də, cavabdeh operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğunu əsaslandırmadığından, beləliklə də, aparılmış operativ vergi yoxlaması qanunsuz olduğundan, həmin yoxlama nəticəsində qəbul edilmiş qərar əsassız və qanunsuz hesab edilməklə ləğv olunmalıdır.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2-1(116)-91/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar