Məhkəmə qərarları › İş №2-1(107)-434/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-434/2020

13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-434/2020 13.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə qarşı “xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixə kimi "Müharibə Veteranı" üçün nəzərdə tutulmuş müavinətin bidəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)- 1023/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq Təsviri hissə: İddiaçı xx.xx.1975-ci ildə Ağdaş rayonunun Qoşaqovaq kəndində anadan olmuşdur. 1992-1996-cı illərdə Azərbaycan Respublikasının Milli Ordusunda xidmət etmişdir. xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi vəsiqə MV № 087370 nömrəli Müharibə veteranı vəsiqəsi vermişdir. Adına“Müharibə Veteranı” vəsiqəsi verildikdən sonra cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə müavinətin 2006-cı il tarixdən hesablanaraq verilməsinə dair ərizələr ilə müraciət etsə də cavabdeh bundan imtina etmişdir. Cavabdehin etirazı: Bildiririk ki, İddiaçı iddia tələbi əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən müavinətlər ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün onu almaq hüququ yaranan gündən ödənilməklə təyin edilir. İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin MV seriyalı 087370 nömrəli veteranlıq vəsiqəsi xx.xx.2020-ci il tarixdə verilmişdir İddiaçı xx.xx.2020ci il tarixdə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayonuna sosial müavinət alınması üçün müracət etmişdir. Müraciət əsasında ona vəsiqənin verildiyi xx.xx.2020-ci il tarixdən sosial müavinət təyin olunmuşdur. Ödəniş “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə uyğun olaraq veteran vəsiqəsi alındığı gündən edilmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli X1 surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli M/V seriyalı 087370 nömrəli müharibə veteranı vəsiqəsinin təsdiqlənmiş surəti, DSMF-nin Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********8 nömrəli imtina məktubu və xx.xx.2020-ci il tarixli **********1 nömrəli etirazı aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1023/2020 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) iddiaçı Məmmədov Məhəmməd Akif oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə qarşı “xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixə kimi "Müharibə Veteranı" üçün nəzərdə tutulmuş müavinətin bidəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1023/2020 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətdə qeyd etmişdir ki,Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixliqərarı aşağıda göstərilənlərə görə əsassız və qanunsuzdur, maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol verilməklə çıxarılmışdır, ona görə də hesab edir ki, həmin qərar ləğv edilməli, iddia tələbim əsaslı olduğundan təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, veteranların müavinət almaq hüququ “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranları adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə və “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2005-ci il tarixli, 257 saylı Fərmanı ilə tənzimlənir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrundadöyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 x xxxx 2005-ci il tarixli, 257 saylı Fərmanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, lakin sonradan müharibə veteranı vəsiqəsi almış, əvvəlki dövrlər üçün müavinət almamış müharibə veteranlarına münasibətdə bu Fərmanla müəyyən edilmiş müavinətin məbləğinin verilməsi məsələsi Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 25-ci maddələrinin tələbləri baxımından həll edilməlidir. Həmin Fərman xx xxxxxx 2005-ci il tarixdən qüvvəyə mindiyinə görə hesab edirəm ki, mənə təyin olunmuş müavinət xx xxxxxx 2006-cı il tarixdən qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən, yəni xx xxxxxx 2005-ci il tarixdən təyin edilməlidir. Yuxarıda göstərdiyim əsaslara görə hesab edirəm ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-cı il tarixli, 2-1(116)- 1023/2020 saylı qərarı Azərbaycan Respublikası Konstitusiyasının, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2005-ci il tarixli, 257 saylı Fərmanının, eləcə də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qeyd olunan maddələrinin tələbləri pozulmaqla və düzgün təfsir edilməyərək çıxarıldığından ləğv edilməlidir. İddiaçı cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə qarşı “xx xxxxxx 2006-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin birdəfəlik ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə” X3 xx xxxxxx 2020-cı il tarixli, 2-1(116)-1023/2020 saylı qərarının ləğv edilməsinə və iddiamın əsaslı olduğundan təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edirəm. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1023/2020 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddiaçının apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, xx.xx.2019-cu il tarixədək müharibə veteranlarına sosial müavinətin ödənilməsi Sosial Müavinətlər haqqında Qanunun tələblərinə uyğun həyata keçirilirdi. İşdə olan Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş M/V seriyalı 087370 nömrəli müharibə veteranı vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, iddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2020-ci il tarixdə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il aprelin 1dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Həmin Fərmanın 2.1.2-ci maddəsinə əsasən, dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Bundan başqa, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman xx.xx.2019-cu il tarixindən tətbiq edilir. Beləliklə, xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra xx.xx.2019-cu il tarixindən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, normayaradıcı müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı yeni yanaşma qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hakimiyyətlər bölgüsünə dair konstitusiya prinsipinə görə məhkəmə orqanları hakimiyyətin digər qolunun səlahiyyətinə aid bu məsələnin tənzimlənmə qaydasına müdaxilə etmək hüququna malik deyildirlər. Məhkəmələrin belə mübahisələrə baxarkən rolları ondan ibarətdir ki, qanunvericilikdə baş vermiş bu dəyişikliklərin şəxslərin qazanılmış hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmasına yol verməsinlər. Nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bunun əksi ümumi qəbul edilmiş “qanuni gözlənti”, “qazanılmış hüquq”və “hüquqi müəyyənlik” prinsiplərinə zidd olardı. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə minənədək şəxslərin artıq qazanılmış hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mövqeyinə uyğun olaraq məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki, təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanunsuz və əsassızdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1023/2020saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar