Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-434/2023 13.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququ yarandığı vaxtdan – 57 yaşı bitdiyi xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2-1(116)-255/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı “hüququ yarandığı vaxtdan – 57 yaşı bitdiyi xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Qırğızıstan Respublikası Oş vilayətinin Aravan rayonunda anadan olmuşdur, orta məktəbi Qırğızıstan Respublikasında bitirmiş, məktəbi bitirdikdən sonra Qırğızıstanda kolxoz tərəfindən açılmış xx.xx.1972-ci tarixli 991 saylı əmək kitabçasında olan məlumatlarda da qeyd edildiyi kimi xx.xx.1970-xx.xx.1972-ci illərdə Qırğızıstan Respublikasının Aravan rayonda Lenin adına kolxozda kolxozçu işləmiş və əmək kitabçasında 1970-ci ildə adambaşı iş günü sayı 232 gün, 1971-ci ildə 292 gün, 1972-ci ildə 27 gün olmuşdur. Daha sonra xx.xx.1973xx.xx.1973-cü illərdə Aravan rayon “Kırqız selxoztexnikumıı "nda elektrik qaynaqçısı işləmiş, 1973-1976-cı illərdə 3 il hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra xx.xx.1977ci ildə yenidən Aravan rayon "Kırqız selxoztexnikumu"nda elektrik qaynaqçısı olaraq işinə davam etmişdir. xx.xx.1978-ci ildə həmin idarədə 3-cü dərəcəli qaynaqçı vəzifəsinə keçirilmişdir, xx.xx.1979-cu ilə qədər qaynaqçı işlədikdən sonra həmin tarixdən sürücü vəzifəsinə keçirilmiş, xx.xx.1980-ci ilə qədər sürücü işlədikdən sonra həmin tarixdən yenidən 3-cü dərəcəli qaynaqçı vəzifəsinə keçirilmiş, xx.xx.1985-ci ildə 4-cü dərəcəli qaynaqçı vəzifəsinə keçirilmiş və xx.xx.1990-cı ildə Azərbaycana gəldiyi üçün öz ərizəsilə işdən azad edilmişdir. O, 1986 və 1987-ci illərdə həmin "Kırqız selxoztexnikumu"nda yaxşı işləməyinə görə mükafatlandırılmış və bu onun əmək kitabçasında öz əksini tapmışdır.
3. 1990-cı ildə Azərbaycana gəldikdən sonra xx.xx.1990-cı ildən P.Babayev adına üzümçülük sovxozunda elektrik qaynaqçısı olaraq işə başlamışdır. xx.xx.1997-ci ildə İcra Hakimiyyətinin qərarına əsasən X3 Müəssisəsinə çilingər-qaynaqçı keçrilmiş və Beşevlər KTMUK-nin xx.xx.1997-ci il tarixli əmri ilə işə davam etmişdir. xx.xx.1998-ci ildə Beşevlər KTMUK-də Aqrar İslahat getdiyi üçün kooperativin fəaliyyəti dayandırılmış və o bu səbəbdən işdən azad edilmişdir. O, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Həmin orqan müraciətinə xx.xx.2022-ci il tarixdə cavab verərək güzəştli şərtlərlə pensiya təyini barədə tələbindən imtina etmişdir.
4. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, İddiaçı ümumi sosial sığorta stajı 21 il 1 ay 21 gün (xx.xx.1973-cü il tarixdən xx.xx.1973-cü il tarixədək, xx.xx.1973-cü il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1997ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrlər) təşkil edir və bu da qanunvericiliklə tələb edilən müddətdən (25 il) azdır. Eyni zaman da bildirilmişdir ki, 7 iyul 1972-ci il tarixli 991 nömrəli əmək kitabçasına əsasən 1970-1972-ci illərdə Lenin adına Aravan rayon kolxozunda işlədiyi dövr üzrə “il ərzində əmək günü” və “müəyyən edilmiş əmək günləri minumumu” barədə məlumatlar göstərilməməsi səbəbindən qeyd edilən dövr sosial sığorta stajına daxil edilməmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün digər şərt isə tələb olunan pensiya kapitalının tamamlanmasıdır. Əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 34560,00 manat hesablandığı halda qeydə alınan pensiya kapitalı cəmi 17190,08 manat təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan ümumi sosial sığorta stajı və pensiya kapitalı tamamlanmadığına görə, ona güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır.
5. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 1 iyun 2023-cü il tarixli 2- 1(116)-255/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2-1(116)-255/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavebdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2-1(116)-255/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
12. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - İddiaçıya məxsus 1 iyul 1972-ci və 23 mart 1973-cü il tarixli kolxozçunun əmək kitabçaları; - İddiaçıya məxsus 25 aprel 1973-cü il tarixli HC ******* nömrəli hərbi bilet; - İddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli Şəxsiyyət vəsiqəsi; - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2023-cü il tarixli məktubuna əlavə edilmiş 5/402-4/463-5/433 nömrəli ekspert rəyi; - X6 filialının xx.xx.2019-cu il tarixli məktubu; - Qırğızıstan Respublikası Oş vilayətinin Aravan rayonun Dövlət Arxivinin 3 oktyabr 2013-cü il tarixli arayışları. TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
14. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...
15. 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
17. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
18. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
20. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2-1(116)-255/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. İşin məhkəmə araşdırılması zamanı iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasının bəzi qeydlərində vizual müşahidə zamanı aşkar olunan dəyişikliklər olduğu müəyyən edilmişdir. Bu baxımdan da birinci instansiya məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2-1(116)-255/2023 nömrəli qərardadı ilə iş üzrə sənədlərin məhkəmətexniki ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2023-cü il tarixli məktubuna əlavə edilmiş 5/402-4/463-5/433 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, əmək kitabçasının müxtəlif səhifələrində düzəlişlər aparılmışdır.
26. Ekspert rəyində deyilir: Tədqiq olunan “Əmək kitabçasının üz hissəsi boz üzlüklə cildlənmiş, üzərində “ТРУДОВАЯ КНИЖКА ЭМГЕК КНИЖКАСЫ» yazısı və “СССР” gerbinin təsviri vardır. Əmək kitabçası 34 səhifədən ibarət olub, qrafalarda qələm vasitəsi ilə icra edilmiş yazılar, imzalar və möhür əksləri vardırlar.
1. Tədqiqata təqdim edilmiş “Əmək kitabçası”nın 4-cü səhifəsində 5-ci sıradakı “год” qrafasındakı “1977” və həmin sırada 4-cü sütunda olan “İİ/İV/-77” rəqəmlərdə hər hansı bir düzəlişlərin (mexaniki üsulla pozma, üstdən düzəliş etmə, kimyəvi üsulla silmə, sonradan əlavə etmə, ağardıcı maddə ilə pozma və s.) edilib-edilməməsini müəyyən etmək üçün “Leica M 205 C” mikroskopu, «Foster-Freeman» firmasının istehsalı olan VSC- 6000/HS markalı video komporator vasitəsilə tədqiqat işləri aparıldı və aşağıdakı əlamətlər müəyyən olundu (şəkil 1): - kağız liflərinin zədələnməsi; - həmin hissələrdə kağızın üst qatının zədələnməsi; - həmin hissələrin lüminessensiyasının fərqli olması. Yuxarıda göstərilən əlamətlərə əsasən belə nəticəyə gəlindi ki, təqdim edilmiş İddiaçı adına verilmiş 23 mart 1973-cü il tarixli “Əmək kitabçası”nın 4-cü səhifəsində 5-ci sıradakı “год” qrafasındakı “1977” və həmin sırada 4-cü sütunda olan “İİ/İV/-77” rəqəmlərdən sonuncu “7” rəqəmlərində iti pridmetdən istifadə etməklə (ülgüclə, bıçaq, cızçəkən və s.) mexaniki üsulla pozulmanın izləri müəyyən edildi. Həmin pozulmalar yerli və intensiv olduğu üçün rəqəmlərin yerində hər hansı bir digər rəqəmin olub-olmamasını müəyyən etmək mümkün olmadı.
2. Təqdim edilmiş “Əmək kitabçası”nın 2-ci səhifəsində 3-cü sırada 4-cü sütunda olan “25/İV/-73” qrafasındakı rəqəmlərdə hər hansı bir düzəlişlərin (mexaniki üsulla pozma, üstdən düzəliş etmə, kimyəvi üsulla silmə, sonradan əlavə etmə, ağardıcı maddə ilə pozma və s.) edilib-edilməməsini müəyyən etmək üçün Rəyin 1-ci bəndin tədqiqi hissəsində qeyd edilmiş metodlar vasitəsilə tədqiqat aparıldı və aşağıdakı əlamətlər müəyyən olundu (şəkil 2): - əlavə cizginin olması; - basma izinin müxtəlif olması; - qaralamanın olması; Yuxarıda göstərilən əlamətlərə əsasən belə nəticəyə gəlindi ki, təqdim edilmiş İddiaçı adına verilmiş 23 mart 1973-cü il tarixli “Əmək kitabçası”nın 2-ci səhifəsində 3-cü sırada 4cü sütunda olan “25/İV/-73” rəqəmlərdəki “İV” rum rəqəmlərinin üzərlərindəki qaralamalar yerli və intensiv olduğu üçün ilkin rəqəmləri müəyyən etmək mümkün olmadı.
27. İşin hallarından və təqdim olunan ekspert rəyindən müəyyən edilir ki, iddiaçının əmək kitabçasının bəzi qeydləri mötəbər deyildir.
28. İddiaçı xx.xx.1955-ci il doğumlu olduğundan 15 yaşının tamam olduğu xx.xx.1970-ci il tarixdən başlayaraq onun əmək stajı aşağıdakı qaydada hesablanmışdır:
1. İddiaçıya məxsus xx.xx.1972-ci il tarixli Kolxozçunun əmək kitabçasına əsasən 01 il 09 ay;
2. İddiaçıya məxsus xx.xx.1973-cü il tarixli Kolxozçunun əmək kitabçasına əsasən; xx.xx.1973-xx.xx.1973-cü il, Aravan rayon Kırqız selxoztexnikumunda elektrik qaynaqçısı- 03 ay 23 gün; xx.xx.1980-xx.xx.1990-cı il, həmin iş yerində üçüncü və dördüncü dərəcə qaynaqçı- 09 il 11 ay 09 gün; xx.xx.1990-xx.xx.1997-ci il, P.Babayev adına üzümçülük sovxozunda elektrik qaynaqçısı-06 il 07 ay 26 gün; xx.xx.1997-xx.xx.1998-ci il, Beşevlər KTMUK-nin qaynaqçı-01 il 01 ay 05 gün;
3. İddiaçıya məxsus 25 aprel 1973-cü il tarixli HC ******* nömrəli hərbi biletə əsasənxx.xx.1973-xx.xx.1976, 03 il 09 gün;
29. Yuxarıda qeyd olunan iş illərinin cəmi 22 il 09 ay 12 gündür. Bununla bərabər ekspert tədqiqatının predmeti olmuş xx.xx.1977-xx.xx.1980-ci illəri əhatə edən 3 il 3 ay 10 günlük dövrün xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək olan hissəsi nəzərə alınmaqla iddiaçının həmin dövrü əhatə edən və mötəbər hesab edilən iş stajı 01 il 07 ay 28 gündür.
30. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iddiaçının bütövlükdə iş stajı 24 il 05 ay 10 gün təşkil etməklə tələb olunan 25 il iş stajından azdır.
31. Göründüyü kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə aparılan araşdırma nəticəsində cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. İddiaçı ona münasibətdə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermir. Cavabdehin imtinası əsaslıdır.
32. Belə olan halda məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz hərəkət sayıla bilməz.
33. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdehin imtinası qanuna zidd sayılmamalı və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
34. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanı nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının hüququ yarandığı vaxtdan – 57 yaşı bitdiyi xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
35. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2-1(116)-255/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.