Məhkəmə qərarları › İş №2-1(107)-435/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-435/2020

21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-435/2020 21.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Məmmədov Emin Nizami oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis şöbəsinə qarşı (üçüncü şəxs Məmmədova (Əliyeva) Nübar Aydın qızı) “ünvan 1 ünvanında qeydiyyatda olan xx xxxxxx 2018-ci ildən faktiki olaraq Şəki şəhəri, 31-ci rayon, Ziya Bünyadov küçəsi, döngə 2, ev 2 ünvanında yaşayan X5 mülkiyyətində olan ünvan 33 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarmaq öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-89/2020 nömrəli qərarından iş üzrə üçüncü şəxs Məmmədova (Əliyeva) Nübar Aydın qızı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis şöbəsinə qarşı (üçüncü şəxs X7) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ünvan 1 ünvanında qeydiyyatda olan xx xxxxxx 2018-ci ildən faktiki olaraq Şəki şəhəri, 31-ci rayon, Ziya Bünyadov küçəsi, döngə 2, ev 2 ünvanında yaşayan X5 mülkiyyətində olan ünvan 33 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarmaq öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçının oğlu Anar Rizvan oğlu X4 ilə 2016-cı il tarixdə ailə həyatı qurmuş və bu nikah xx xxxxxx 2016-cı ildə Şəki rayon Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. xx xxxx 2017-ci ildə birgə nikahdan X9 dünyaya gəlmişdir. Bir müddət normal ailə münasibətləri şəraitində yaşayan bu şəxslər arasında anlaşılmazlıq, fikir ayrılığı yaranmış və 2018-ci ilin avqust ayının 21-də iddiaçının gəlini X7 övladı ilə evi tərk etmiş və bir daha geri qayıtmamışdır. X5 müraciəti əsasında Şəki rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2 (075)-314/2019 saylı qətnaməsi ilə nikah müqaviləsi ləğv edilmişdir. Nikah münasibəti ləğv olunduqdan sonra X7 atası evində yaşayır. Ancaq üçüncü şəxsin qeydiyyatının iddiaçıya məxsus ünvan 1 ünvanında saxlanması bir mülkiyyətçi kimi onun hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan bundan imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Cavabdeh orqan iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, vətəndaş, İddiaçı xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinə əsasən həmin evə qeydiyyata alınmışdır. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-89/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinin üzərinə üçüncü şəxs Məmmədova (Əliyeva) Nübar Aydın qızının İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması qərara alınmışdır. Üçüncü şəxs Məmmədova (Əliyeva) Nübar Aydın qızı həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Üçüncü şəxs Məmmədova (Əliyeva) Nübar Aydın qızının apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)- 89/2020 saylı qərarını qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin lallarım hərtərəfli və obyektiv araşdırmamış, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamış və demək olar ki, heç bir araşdırma aparılmamışdır. xx.xx.2009-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə» ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bu hal isə ona şamil edilir ki, hüquq münasibətləri bir başa olaraq 2009-cu ildən yaranamış olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair" xx xxxxxx 2014-cü il tarixli qərarında deyilir: “Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi).” Qeyd edilənlərin nəzərə alınaraq apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-89/2020 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasına gələ bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara cavabdehin xx.xx.2019-cu il tarixli imtina məktubu, MH seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surəti, 324777 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin təsdiq edilmiş surəti, “Elektron notariat” X1 çıxarışın təsdiq edilmiş surəti, Şəki rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli məktubu, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(102)- 3198/2020 nömrəli qərarının surəti aiddir. Əsaslandırma hissəsi Üçüncü şəxs Məmmədova (Əliyeva) Nübar Aydın qızınınapelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, Cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinin üzərinə üçüncü şəxs Məmmədova (Əliyeva) Nübar Aydın qızının İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan və kollegiyanın iclasında tədqiq edilən: - MH seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. - 324777 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçının oğlu X13 ilə X10 arasında bağlanmış nikah xx xxxx 2019-cu il tarixdə ləğv edilmişdir. - “Elektron notariat” X1 çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı X3 gəlini, hazırkı iş üzrə üçüncü şəxs olan X5 onun ünvanına qeydiyyata düşməsinə razılıq vermişdir. - Üçüncü şəxs X5 məhkəməyə təqdim etdiyi xx xxxxxx 2019-cu il tarixli vəsatətdən müəyyən edilir ki, o, keçmiş qaynatası İddiaçı qarşı iddia ərizəsi ilə Şəki rayon Məhkəməsinə müraciət edərək “ünvan 33 nömrəli ünvanda yerləşən, cavabdeh qaynatası İddiaçı mülkiyyətində olan (çıxarış: seriya MH, nömrə 0014170) evdən onun və qızı X6 istifadə hüququnun tanınması və evə köçürülmələri” barədə qərar verilməsini xahiş etmişdir. Ona görə də mülki iş üzrə icraat başa çatana kimi hazırkı iş üzrə məhkəmə baxışının dayandırılmasını Şəki İnzibati-İqtisadi Məhkəməsindən xahiş etmişdir. Şəki rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli məktubundan müəyyən edilir ki, hazırkı iş üzrə üçüncü şəxs olan X2 qaynatasına qarşı qaldırdığı iddia tələbi Şəki rayon Məhkəməsinin 2(75)-1663/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Şəki rayon Məhkəməsinin 2(75)-1663/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən həmin iş üzrə iddiaçı Əliyeva(Məmmədova) Nübar Aydın qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) X11 tərəfindən apelyasiya şikayəti verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(107)- 192/2020 saylı qətnaməsi ilə Şəki rayon Məhkəməsinin 2(75)-1663/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 2(107)-192/2020 saylı qətnaməsindən həmin iş üzrə iddiaçı Əliyeva(Məmmədova) Nübar Aydın qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) X11 tərəfindən kassasiya şikayəti verilmişdir. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(102)- 3198/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(107)-192/2020 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olubolmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz.Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı mübahisədə, həqiqətən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin “həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Apelyasiya şikayətinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, Mənzil Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Odur ki, qeyd olunan əsaslara görə apelyasiya şikayəti təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Üçüncü şəxs Məmmədova (Əliyeva) Nübar Aydın qızının apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-89/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar