Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-435/2021 01.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, iddiaçılar İddiaçı, X12, X7, X14 və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı, X12, X7, X8 və X6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə (üçüncü şəxs: Zərdab rayonu Gödəkqobu bələdiyyəsi) qarşı “Zərdab rayonunun Gödəkqobu kəndində yerləşən onların istifadəsində olan 4.49 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2-1(116)-160/2021 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zərdab Rayon Aqrar İslahat Komissiyasının 29.11.1997-ci il tarixli 10 nömrəli qərarına əsasən ona və digər ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədli verilmiş 4,98 hektar çöl torpaq sahəsindən 4,62 hektarının texniki səbəblər üzündən Torpağa Mülkiyyət Hüququna dair JN-112 KOD-90509028 nömrəli Dövlət Aktında qeyd olunmadığından həmin torpaq sahəsi ilə bağlı sənədləşdirmə işlərinin aparılmasına dair qərar qəbul edilməsi" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iddia tələbi belə əsaslandırılmışdır ki, Zərdab rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 29 noyabr tarixli, 10 nömrəli qərarı ilə iddiaçının ailə üzvlərinə Gödəkqobu kənd ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 4,85 hektar torpaq sahəsi verilmişdir. Lakin onlara verilmiş JN:112, Kod 90509028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında torpaq sahəsi 0,36 hektar göstərilmişdir. Digər 4,49 ha torpaq sahəsinə isə Dövlət Aktı verilməmişdir. O vaxtdan bu günədək onlar həmin torpağı təyinatı üzrə əkib-biçmişlər. Torpağı götürəndən bu günə kimi həmin torpaq onların istifadəsindədir və heç bir mübahisəli hal yoxdur. İddiaçı və ailə üzvlərinin 4,49 ha torpaq sahəsinə hüquq müəyyənedici sənədi olmadığına görə onların mülkiyyət hüququ qeydiyyata alınmamışdır. İddiaçı bununla bağlı cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 16.07.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. İddiaçının müraciətində qeyd olunan məsələnin həlli ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi hər hansı səlahiyyətə malik deyildir. Məhkəməyə 24.06.2021-ci il tarixdə daxil olan ərizədən görünür ki, iddia ərizəsində dəqiqləşdirmə aparılmış, İddiaçı başqa dövlət aktında adları qeyd olunan digər ailə üzvləri də iddiaçı qismində qeyd edilmiş və “Zərdab rayonunun Gödəkqobu kəndində yerləşən onların istifadəsində olan 4.49 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin 25.06.2021-ci il tarixli, 2-1(116)-160/2021 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 04.09.2020-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı Zərdab rayonu, Gödəkqobu kəndi ərazisindən mülkiyyətlərinə əskik verilmiş pay torpağına dair sənədlərin verilməsinə köməklik göstərilməsi ilə bağlı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Vətəndaşın ərizəsinə müraciətində qeyd etdiyi halları təsdiq edən sənədlər əlavə olunmadığı üçün ərizənin icrası mümkün olmamış və ona bu barədə 16.07.2020-ci il tarixli, **********32 saylı məktub ünvanlanmışdır. Əlavə olaraq bildiririk ki, ərazi idarəsinin məlumat bazasında və arxiv materiallarında araşdırma aparılan zaman İddiaçı və onun 4 nəfərdən ibarət ailə üzvünün mülkiyyətinə Zərdab RAİK-nın qərarı ilə Zərdab rayonu Gödəkqobu kəndi ərazisindən 0.36 ha torpaq sahəsi verildiyi, həmçinin adlarına JN-112 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edildiyi məlum olmuşdur. Vətəndaşın tələb etdiyi 4.63 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin məlumat bazasında və arxiv materiallarında heç bir məlumat aşkar olunmamışdır. Şəki İnzibati Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2-1(116)-160/2021 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Zərdab rayon Aqrar İslahat Komissiyasının 29.11.1997-ci il tarixli 10 nömrəli qərarı ilə Zərdab rayonunun Gödəkqobu kəndində yerləşən, iddiaçılar İddiaçı, X12, X7, X8 və X6 mülkiyyətlərinə verilmiş koordinatları X=719651.0000 Y=445817.0000; X=719651.0000 Y=4458760.0000; X=718839.8830 Y=4458747.0280; X=718837.8990 Y=4458800.6710 olan 4.49 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, Zərdab RAİK-nın 29.11,1997-ci il tarixli, 10 nömrəli qərarı ilə iddiaçılara, Zərdab rayonu Gödəkqobu kəndi ərazisindən 4.85 ha (ümumi 0.36 ha və 4.49 ha) torpaq sahəsi ayrılıb-ayrılmaması araşdırılmadan və müvafiq sənədlərlə təsdiq olunmadan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Məhkəmə qərarında qeyd olunan torpaq sahəsinin iddiaçılara ayrılmasını və yerində təhkim edilməsini təsdiq edən sənəd olmadan məhkəmə əsassız olaraq, həmin torpaq sahəsinin iddiaçılara məxsus olması qənaətinə gəlmişdir. Məhkəmə tərəfindən iddiaçılara YAİK-nın və Zərdab RAİK-nın qərarı ilə hansı ölçüdə torpaq sahəsi ayrılması araşdırılmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2-1(116)-160/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2-1(116)-160/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı, X12, X7 və X14 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdilər. Əsaslandırma hissəsi Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçılar tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2-1(116)-160/2021 nömrəli qərarı ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: ““Gümüşlü” kolxozunun islahata getməsi ilə əlaqədar həmin ərazidə özəlləşəcək torpaqdan pay almaq hüququ olan subyektlərin siyahısı”nın təsdiq edilmiş surətindən görünür ki, siyahıda iddiaçıların adları 26-cı sırada qeyd edilmiş, təsərrüfatbaşına kitabına əsasən 0.26 ha, faktiki ölçülmüş isə 0.11 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. “Zərdab rayonunun Gödəkqobu kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”in təsdiq edilmiş surətindən görünür ki, cədvəldə 112ci sırada iddiaçıların adları və 0.26 ha qanuni istifadədə olan həyətyanı torpaq sahəsi qeyd edilmişdir. JN-112F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, Zərdab rayon AİK-nın 29.11.1997-ci il tarixli 10 saylı qərarı ilə 0.22 ha həyətyanı torpaq sahəsi iddiaçılara verilmişdir. JN-112 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən görünür ki, Zərdab rayon AİK-nın 29.11.1997-ci il tarixli 10 saylı qərarı ilə 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçılara verilmişdir. Sənəd dövlət aktı qeydiyyat kitabında 20.11.1998-ci il tarixdə 112 nömrə ilə qeydiyyata alınmışdır. JN-111 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən görünür ki, Zərdab rayon AİK-nın 29.11.1997-ci il tarixli 10 saylı qərarı ilə 3.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9, X3, X10 və X4 verilmişdir. Sənəd dövlət aktı qeydiyyat kitabında 20.11.1998-ci il tarixdə 111 nömrə ilə qeydiyyata alınmışdır. Mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, İddiaçı naturada göstərdiyi və istifadəsində olan torpaq sahəsinin koordinatları və sahəsi rəyə əlavə olunmuş sxemdə göstərilmişdir. Sxemə əsasən iddiaçıların istifadəsində olan 4.49 ha torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: X=719651.0000 Y=445817.0000 X=719651.0000 Y=4458760.0000 X=718839.8830 Y=4458747.0280 X=718837.8990 Y=4458800.6710 Elektron məlumat bazasında mövcud olan xəritə materiallarına əsasən X5 JN-111 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmiş iki hissəli pay torpaq sahəsinin 111 nömrəli çevrəsində göstərilən 3.29 ha torpaq sahəsindən sonrakı torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı əkin torpağıdır və naturada İddiaçı tərəfindən istifadəsində olunur. 412172 nömrəli “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 08.10.2008-ci il tarixdə X15 ilə nikah müqaviləsi bağlamış və “İsmiyeva” soyadını qəbul etmişdir. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 6-cı maddəsinə əsasən hər bir vətəndaşa (ailəyə) düşən torpaq payını dövlət yerquruluşu xidməti hesablayır və həmin payların bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsini yerli aqrar islahatı komissiyası ilə razılaşdırmaqla yerli icra hakimiyyəti orqanı hazırlayır. Torpaq payı alan subyektlər arasında bölgü püşkatma yolu ilə həyata keçirilir. Vətəndaşlar torpaq paylarını dəyişdirmək və ya birləşdirmək istədikdə 10 gün müddətində ərizə ilə yerli aqrar islahatı komissiyasına müraciət etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdirilən torpaqlarının mülkiyyətçilərinə torpağa mülkiyyət hüququna dair dövlət aktı (1 nömrəli əlavə) verilir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəliləri ilə razılaşaraq qeyd edir ki, iddiaçıların mübahisələndirilən torpaq sahəsi üzərində hüquqlarını təsdiq və ya aid edən hər hansı bir hüquqmüəyyəedici sənəd yəni, akt, şəhadətnamə, qeydiyyat vəsiqəsi və ya digər rəsmi sənəd mövcud deyildir. Belə olduğu təqdirdə iddiaçıların mübahisələndirilən torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatı qeyri-mümkündür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır.Ona görə də cavabdeh inzibati orqan iddiaçının sözügedən müraciətinin təmin edilməsindən imtina etməklə haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2-1(116)-160/2021 nömrəli qərarı ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2-1(116)-160/2021 nömrəli qərarı ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(116)-31/2020 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçılar İddiaçı, X12, X7, X8 və X6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə (üçüncü şəxs: Zərdab rayonu Gödəkqobu bələdiyyəsi) qarşı “Zərdab rayonunun Gödəkqobu kəndində yerləşən onların istifadəsində olan 4.49 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulmasına” dair iddia tələbi rədd edilsin. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-435/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-435/2021
01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver