Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-436/2025 10.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2023-cü il tarixindən iddiaçıya əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)- 406/2025 nömrəli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. işin halları:
1. İddiaçı xx.xx.1994-cü ildə döyüş zonasında hərbi xidmət zamanı sağ qalça-sağrı nahiyyəsinin yumşaq toxumalarının dəlib-keçən güllə yaralanması almış, bu yaralanma Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli, 630 saylı qərarı ilə “Hərbi travma. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təsdiqlənmişdir.
2. İddiaçıya xx.xx.2012-xx.xx.2013, xx.xx.2014-xx.xx.2015, xx.xx.2015-xx.xx.2016-cı illərdə 1 il müddətinə, xx.xx.2016-xx.xx.2021-ci illərdə 5 il müddətinə “başın səthi travmalarının nəticələri, sağ sağrının, qalça nahiyyəsinin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət” diaqnozu ilə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar 3-cü dərəcəli əlillik təyin edilmişdir.
3. xx.xx.2023-cü il tarixdə iddiaçıya tibbi göndəriş tərtib etmiş səhiyyə müəssisəsi (Qəbələ RMX) ona aşağıdakı diaqnozları qoymuşdur: Əsas diaqnoz: G57.0 – oturaq sinirin zədələnməsi, sağ oturaq sinirin posttravmatik neyropatiyası; Ağırlaşma: G83.1 – aşağı ətrafların monoplegiyası, sağ aşağı ətrafın monoparezi; Yanaşı xəstəliklər: M16.5 – digər posttravmatik koksartrozlar; Odlu silah yaralanması, sağ bud sümüyünü dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət; Sağ bud-çanaq oynağının deformasiyaedici koksartrozu, sağ bud-çanaq oynağının kontrakturası; Sağ budun yuxarı 1/3 hissəsində posttravmatik çapıq; Sağ aşağı ətrafın dayaq-hərəkət funksiyasının pozulması.
4. Cavabdeh orqan iddiaçıya sonuncu dəfə xx.xx.2023-cü il tarixdə “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina cavabı vermişdir.
5. Tibbi göndərişi tərtib etmiş səhiyyə müəssisəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçıya qoyulmuş diaqnozlar “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”nin 13.4.25-ci yarımbəndində əks olunmuşdur.
6. Məhkəmə-Tibbi Ekspertiza və X2 24 yanvar 2025-ci il tarixli, 312 nömrəli rəyi ilə iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü təsdiqlənmiş, həmin diaqnozun iddiaçının aldığı travma ilə səbəbli əlaqəsi müəyyən edilmişdir. birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
7. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “əlilliyin bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1900/2024 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(107)-480/2024 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1900/2024 saylı qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır.
10. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1900/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir.
11. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2023-cü il tarixindən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ildə Qəbələ rayon komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, N saylı hərbi hissənin tərkibində döyüşə başlamışdır. Orada gedən bütün döyüşlərdə yaxından iştirak etmiş, 1994-cü ilin aprel ayının 13-də döyüş zamanı düşmən tərəfindən atılan güllədən sağ ayağından 2 güllə yarası almışdır. Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2011-ci ildən xx.xx.2021-ci il tarixədək ona 3-cü qrup əlillik təyin edilərək pensiya almışdır. Sonra ona təyin edilən pensiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dayandırılmışdır.
13. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Qəbələ Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Oturaq sinirinin zədələnməsi, Sağ oturaq sinirinin neyropatiyası. Odlu silah yaralanması, sağ bud yumşaq toxumalarının dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət. Sağ budun yuxarı 1/3-nin postravmatik çapığı. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Qəbələ rayon sakini xx.xx.1973-cü il təvəllüdlü X1 əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir (ESDAS **********8). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, P.Əliquliyevə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 630 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ qalçasağrı nahiyəsinin yumşaq toxumalarının dəlib-keçən güllə yaralanması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd olunmuşdur ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Baxış zamanı sağ aşağı ətrafda budun yuxarı 1/3-də çapıq qeyd olunmuş, hər iki aşağı ətraflarda əzələ gücü, tonusu normal olmuş, reflekslər canlı çağrılmış, iflic, parez müəyyən olunmamış, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir” kimi qeyd olunmuş, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, aşağı ətraflarda olan hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı sağ sağrı və qalça nahiyələrində çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji statusunda aşağı ətraflarda əzələ gücü və tonus norma daxilində, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. X3 və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli ********** nömrəli Tibbi Rəyində diaqnoz “Odlu silah yaralanması, sağ budun orta 1/3-nin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət. Sağ bud-çanaq oynağının deformasiyaedici koksartrozu, ağrı sindromu və kontrakturası, ağrılı kelloid çapıq” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X5 Bərpa İnstitutunun xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “Sağ oturaq sinirinin neyropatiyası. Sağ aşağı ətrafın parezi” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X5 Bərpa İnstitutunun xx.xx.2023-cü il tarixli EMQ müayinəsinin nəticəsi “Neyromotor aparatda nevral tipli pozulma, sağ oturaq sinirinin neyropatiyası” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Referans Klinikasının xx.xx.2023-cü il tarixli MRT müayinəsinin nəticəsi “Paranazal sinuslarda selikli qişa qalınlaşmaları qeyd edilir. İİİ və yan mədəciklər yaşa bağlı mülayim genişdir. Beyin şırımları yaşa bağlı mülayim genişdir. Hər iki frontal paya qonşu ekstraaksial likvor məsafəsi mülayim genişdir. Beyin parenximasında diffuziyanı restriksiya edən sahə, sol id və ya kistik lezyon izlənilmədi” kimi qeyd olunmuşdur. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
14. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-406/2025 nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilmiş, İddiaçı 18 avqust 2023-cü il tarixindən 2 il müddətində “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” İİİ dərəcə əlilliyinin (orqanizm funksiyalarının pozulmasının 50-60 faiz) müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya 28 noyabr 2015-ci ildən etibarən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilmiş, həmin vaxt qoyulmuş diaqnoz “Başın səthi travmalarının nəticələri, sağ sağrının və qalça nahiyəsinin dəlib-keçən güllə yarasından sonrakı vəziyyət” olmuşdur. Bu diaqnoz sonrakı qiymətləndirmələr zamanı da təsdiqlənərək 2021-ci ilədək qüvvədə qalmışdır. Lakin 18 avqust 2023-cü il tarixli göndəriş əsasında cavabdeh inzibati orqan iddiaçının əlillik təyin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin etmişdir. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 24 yanvar 2025-ci il tarixli 312 nömrəli rəyində göstərilmişdir ki, iddiaçıya Tibbi-Sosial Ekspert Komissiyasının göndərişində qeyd edilən “Oturaq sinirinin zədələnməsi, sağ oturaq sinirin neyropatiyası, odlu silah yaralanması, sağ budun yumşaq toxumalarının dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət və sağ budun yuxarı üçdə birinin posttravmatik çapığı” diaqnozu ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edildiyindən onu inkar etmək olmaz. Qeyd olunan diaqnozun aldığı travma ilə səbəbli əlaqəsi vardır (Mərkəzi Hərbi Həkim Komissiyasının 19 avqust 2011-ci il tarixli 630 nömrəli qərarı). Bununla belə, ekspertiza qeyd etmişdir ki, iddiaçının əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində hesab edilmir və bu səbəbdən ona nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nın, nə də 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bəndi tətbiq edilə bilməz. Eyni zamanda iş materiallarından və tibbi sənədlərdən müəyyən edilmişdir ki, 17 dekabr 2024-cü ildə Şəki Mərkəzi Rayon Xəstəxanasının PHŞ-nə müraciət etmiş iddiaçıya XBT-10 üzrə “M16.4 – hər iki bud-çanaq oynaqlarının posttravmatik koksartrozu, R52.0 – kəskin ağrı sindromu, M24.5 – oynaqların kontrakturası və R26.8 – yerişin pozulması ilə” diaqnozu qoyulmuşdur. Ekspert rəyinə əsasən bu diaqnoz təsdiqlənmişdir. Cavabdehin imtinası isə məhz bu diaqnozun əlillik təyinatına əsas verməməsi ilə izah edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarının 6.8.2-ci bəndində orta dərəcəli əzələ zəifliyi, neyropatik ağrılar, mülayim statodinamik pozuntular, həmçinin əzələ gücünün azalması, əzələ hipotrofiyası, aktiv hərəkətlərin amplitudasının orta dərəcəli məhdudlaşması və yerişin çətinləşməsi hallarında orqanizmin funksiyalarının pozulması faizinin (OFP) 50-60 faiz müəyyən edilməsi və əlilliyin 2 il müddətinə təyin olunması nəzərdə tutulur. Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarının 1.10-cu bəndinə əsasən isə OFP faiz göstəriciləri 5 faiz aralığı ilə qiymətləndirilməlidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının OFP-nin 50-60 faiz aralığında konkret hansı faiz dərəcəsinə aid olmasının müəyyən edilməsi inzibati orqanın qiymətləndirmə səlahiyyətinə daxildir. Bununla belə, işin hallarına və göstərilən normativ tələblərə əsaslanaraq məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, 18 avqust 2023-cü il tarixindən (J00122642RHJ nömrəli forma 88 göndərişi əsasında) iddiaçıya 2 il müddətində İİİ dərəcə əlilliyin (orqanizm funksiyalarının pozulmasının 50-60 faiz müəyyən edilməsi) təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
16. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
17. İşə baxan məhkəmə iş üzrə ekspert rəyinə əsaslansa da, rəyi nəyə əsasən əsaslı hesab etməsini öz qərarında əsaslandırmamışdır. Belə ki, şəxsdə diaqnozun olması ona əlillik təyin edilməsinə əsas vermir. Şəxsdə diaqnozla yanaşı, onun əziyyət çəkdiyi xəstəliklərin ağırlaşmaları olmalıdır. Ekspert rəylərində də konkret olaraq şəxsdə əlillik təyin ediləcək xəstəliklərin ağırlaşmalarının olmadığı üçün ona əlillik təyin edilmədiyi konkret olaraq qeyd edilmişdir. Eyni zamanda, şəxsə əlillik təyin edilməsi qanunvericiliyə əsasən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspertlərinin səlahiyyətinə aiddir. Məhkəmə isə bunu nəzərə almamış, əsassız olaraq iddianı təmin etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində işə baxılarkən şifahi vəsatətlər verilməsinə baxmayaraq, vəsatətlər əsassız olaraq təmin edilməmiş, iddiaçı əyani müayinəyə cəlb edilməmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən məhkəmə aralıq inzibati aktı qəbul edərək, iddiaçını əyani müayinəyə cəlb edə bilərdi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
19. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-406/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir.
tətbiq edilən hüquq
20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”:
3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 22.“Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti
13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri 13.4.25. hər iki bud-çanaq oynağının hərəkətinin orta dərəcə məhdudlaşması.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
24. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; ...
25. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
27. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman iddiaçıya əlilliyin təyin edilməsi ilə bağlı düzgün nəticəyə gəlinsə də, əlilliyin müddətinin müəyyən edilməsində səhvə yol verilmiş, tibbi göndərişdə göstərilən diaqnozlara münasibətdə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin müvafiq bəndi düzgün müəyyən edilməmişdir.
30. Cavabdeh orqanın apellyasiya şikayətinin ümumiləşmiş dəlilləri ondan ibarətdir ki, məhkəmə ekspert rəyini əsaslı hesab etməsini əsaslandırmamış, diaqnozun əlillik üçün yetərli olmadığını və ağırlaşmaların olmamasını nəzərə almamışdır. Əlillik təyinatı yalnız səlahiyyətli orqana aid olduğu halda, məhkəmə əsassız olaraq iddianı təmin etmiş, vəsatətləri rədd edərək iddiaçını əyani müayinəyə cəlb etməmişdir.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakı xüsusatların qeyd edilməsini zəruri hesab edir.
32. Qanunvericiliyə əsasən diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.
33. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).
34. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin, göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir.
35. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona xx.xx.2023-cü il tarixdən əlilliyin təyin edilməsinə yönəlmişdir. Cavabdeh orqan sonuncu dəfə həmin tarixdə “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina cavabı vermişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina cavabı, diaqnozun mövcudluğunu inkar etmir, lakin həmin diaqnozun səbəb olduğu funksional pozuntuların və həyat fəaliyyətinə təsirin əlilliyin müəyyən edilməsi üçün tələb olunan həddə çatmadığını ifadə edir.
37. Belə ki, şəxsə diaqnoz düzgün qoyulsa da, əgər xəstəlik nəticəsində orqanizmin funksiyalarında əlilliyin təyin edilməsi üçün zəruri olan dərəcədə pozuntu müəyyən edilmirsə və bu səbəbdən hərəkət, ünsiyyət, özünə qulluq və digər əsas həyat fəaliyyətləri sahələrində daimi və əhəmiyyətli məhdudiyyətlər yaranmamışdırsa, həmin diaqnoz əlillik əlaməti hesab edilə bilməz.
38. Başqa sözlə, cavabdeh orqan bu əsasla imtina cavabı verərkən diaqnozu qəbul etdiyini, lakin onun həyat fəaliyyətinə təsirinin əlillik meyarlarına uyğun olmadığını bildirmiş olur. Bu halda funksional məhdudiyyətlərin normativ həddə çatmaması aydın və konkret meyarlarla əsaslandırılmalıdır. Hazırkı iş üzrə materiallardan görünür ki, cavabdeh orqan mövcud diaqnozların iddiaçının əsas həyat fəaliyyətlərinə təsir etməməsi ilə bağlı qənaətini, eləcə də funksional pozuntuların əlillik üçün tələb olunan həddə çatıbçatmamasını əsaslandırmamışdır.
39. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan tibbi göndərişlərdəki status localis məlumatları iddiaçının sağlamlıq vəziyyətində əsas həyat fəaliyyətlərini əhəmiyyətli dərəcədə məhdudlaşdıran funksional pozuntuların olduğunu təsdiq edir.
40. Status localisdə iddiaçı barəsində “sağ ayaqda zəiflik, keylik, yerinəyəndə çətinlik çəkməsi, yerişinin pozulması (yara nahiyyəsində ağrılardandır), yerişinin sağ tərəfli monoparetik olması, baldır və pəncənin bükücü əzələlərində gücün 3 bala enməsi, hipotoniya əlamətlərinin mövcudluğu, bud və baldırın arxa səthinin hipesteziyalı olması, xəstənin axsayaraq gəzməsi, sağ bud çanaq oynağında, budda ağrı, çapıqlar, hərəkət məhdudluğu funksiya pozgunluğu” kimi tibbi göstəricilər öz əksini tapmışdır.
41. Cavabdeh orqan iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı diaqnozların “klinik olaraq öz təsdiqini tapmadığını” qeyd etsə də, özünün də nümayəndəsinin iştirakı ilə aparılmış ekspert tədqiqatında diaqnozların düzgünlüyü müəyyən edilmişdir.
42. Bununla yanaşı diaqnozun əlillik əlaməti təyin edib-etməməsinə hüquqi qiymət verilməsi üçün qoyulmuş diaqnozun düzgünlüyü və iddiaçının sağlamlıq vəziyyətinə uyğunluğu müəyyən edilməlidir. İddiaçıya qoyulmuş diaqnoz düzgün hesab edildiyi halda onun sağlamlıq vəziyyəti “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin müvafiq bəndləri əsasında qiymətləndirilməli və buna uyğun OFP-nın faiz göstəricisi və müddəti müəyyən edilməlidir. Qiymətləndirmə isə xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin hansı məhdudlaşması halına uyğunluğu ilə müəyyən olunur.
43. İş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1994-cü ildə döyüş zonasında hərbi xidmət zamanı sağ qalça-sağrı nahiyyəsinin yumşaq toxumalarının dəlibkeçən güllə yaralanması almış, bu yaralanma - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli, 630 saylı qərarı ilə “Hərbi travma.Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təsdiqlənmişdir.
44. İddiaçı barəsində tibbi göndəriş tərtib etmiş səhiyyə müəssisəsi ona “Əsas diaqnoz - G57.0 oturaq sinirin zədələnməsi, sağ oturaq sinirin posttravmatik neyropatiyası, ağırlaşma G83.1 – aşağı ətrafların monoplegiyası, sağ aşağı ətrafın monoparezi, yanaşı xəstəliklər – M16.5 - digər posttravmatik koksartrozlar, odlu silah yaralanması, sağ bud sümüyünü dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət, sağ bud çanaq oynağının deformasiyaedici koksartrozu, sağ bud çanaq oynağının kontrakturası, sağ budun yuxarı 1/3 hissəsində posttravmatik çapıq, sağ aşağı ətrafın dayaq hərəkət funksiyasının pozulması” diaqnozlarını qoymuşdur. M16 XBT kodu istinad olunan Əlavənin 13.4-cü bəndində qeyd edilmişdir.
45. Eyni müəssisə xx.xx.2025 tarixli məktubunda bu diaqnozların “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.25-ci yarımbəndinə uyğun olduğunu təsdiqləmişdir.
46. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və həmin diaqnozun alınan travma ilə səbəbli əlaqəsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası sözügedən rəyi “diaqnozun düzgünlüyü və səbəbli əlaqənin təsdiq edilməsi” hissəsində işdə mövcud olan digər sübutlarla (iddiaçının xəstəliyini əks etdirən tibbi sənədlərlə) kompleks şəkildə qiymətləndirərək mötəbər sübut olaraq qəbul edir.
47. Həmin rəydə göstərilmiş “iddiaçının əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində hesab edilməməsi” və “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bəndi tətbiq edilməsinin mümkünsüzlüyü” ilə bağlı qeydlərə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, ekspert aşkar edilmiş patofunksional dəyişikliklərin əlillik səviyyəsində hesab edilmədiyini qeyd etsə də, bununla bağlı hər hansı tədqiqat aparmamışdır. Ekspertiza cavabdeh orqanın nümayəndəsinin iştirakı və onun təsiri altında aparıldığından gəlinən nəticə ümumi xarakterli sözlərlə cavabdeh orqanın mövqeyinə uyğun ifadə edilmiş, iddiaçının sağlamlıq vəziyyətində mövcud olan funksional məhdudiyyətlərin normativ həddə çatmaması, mövcud diaqnozların iddiaçının əsas həyat fəaliyyətlərinə təsir etməməsi aydın və konkret meyarlarla əsaslandırılmamışdır. Odur ki, sözügedən hissədə məhkəmə kollegiyası ekspert rəyini əsassız hesab edir.
48. Apellyasiya şikayətində iddiaçının əyani müayinəyə cəlb edilməməsi ilə bağlı iradlara münasibətdə kollegiya qeyd edir ki, cavabdeh orqan onu xx.xx.2022 və xx.xx.2023 tarixlərində əyani müayinə etmiş və bunun əsasında imtina qərarları qəbul etmişdir. Məhkəmə icraatında da ekspertiza aparılmış (cavabdehin nümayəndəsi iştirak etmişdir) və iddiaçı növbəti dəfə əyani müayinədən keçirilmişdir.
49. İddiaçının artıq 3 dəfə müayinədən keçməsinə baxmayaraq yenidən müayinə aparılması barədə vəsatətlərin verilməsi əvvəlki müayinələrin formal xarakter daşımasını və məhkəmə icraatının əsassız uzatmağa yönəlməsini dolayı yolla təsdiq edir.
50. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçıya qoyulmuş diaqnozun “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”na Əlavənin 6.8.2-ci bəndinə uyğun olmasını və bunun OFP-nin 2 il müddətinə 50-60 faiz müəyyən edilməsinə əsas olmasını qeyd etsə də, müvafiq uyğunluğun hansı tibbi sənədə əsasən müəyyən edilməsi aydın deyil.
51. Sözügedən bənddə qeyd edilmiş (orta dərəcəli əzələ zəifliyi (əzələ gücünün 3 bala qədər azalması, 4-7 sm-lik əzələ hipotrofiyası , yuxarı və aşağı ətraflarda aktiv hərəkətlərin amplitudasının orta dərəcəli məhdudlaşması, yerişin çətinləşməsi, xırda əşyaların tutulmasının çətinləşməsi); orta dərəcəli hissi pozulmalar; neyropatik tipli ağrılar; mülayim statodinamik pozuntular) tibbi qiymətləndirmə halları Polinevropatiyalar, İrsi və idiopatik nevropatiya, İltihabi polinevropatiya, Digər polinevropatiyalara aid G63*, G60, G61 və G62 XBT kodlarında nəzərdə tutulmuş xəstəliklərin qiymətləndirmə bəndləridir ki, iddiaçıya qoyulmuş diaqnozun sözügedən xəstəliklərlə heç bir əlaqəsi yoxdur.
52. İddiaçıya qoyulmuş diaqnoz “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 13.4.25-ci yarımbəndində nəzərdə tutulduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək ona “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” müddətsiz OFPnın 1-ci dərəcəli məhdudlaşması halının (40%) təyin edilməsi cavabdeh orqanın üzərinə qoyulmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikаyət təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2-1(116)-406/2025 nömrəli qərarı dəyişdirilir. İddia təmin edilir. İddiaçı 18 avqust 2023-cü il tarixdən müddətsiz “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” orqanizm funksiyalarının İ dərəcə məhdudlaşması halının (40%) müəyyən edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulur. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.