Məhkəmə qərarları › İş №2-1(107)-437/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-437/2020

13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-437/2020 13.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax şəhər filialına qarşı “xx.xx.1968-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Mingəçevir şəhər Politexnik Texnikumunda əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2011-ci il tarixdən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-646/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax şəhər filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1968-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Mingəçevir şəhər Politexnik Texnikumunda əyani təhsil almışdır. 1974-cü ildən 2010-cu ilədək müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2010-cu il tarixdən əmək pensiyası alır. İddiaçı əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi üçün cavabdeh orqana rəsmi müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının əyani təhsil müddətinin onun əmək kitabçasında qeyd olunmadığını əsas gətirərək təhsil müddətinin sığorta stajına daxil edilməsindən imtina etmişdir. Bununla bağlı iddiaçı “xx xxxxxxxx 1968-ci il tarixdən xx xxxx 1972-ci il tarixədək Mingəçevir şəhər Politexnik Texnikumunda əyani təhsil aldığı müddətin onun sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasında məhkəməyə ərizə təqdim edib iddia tələbində dəqiqləşmə apararaq “xx.xx.1968-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Mingəçevir şəhər Politexnik Texnikumunda əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2011-ci il tarixdən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı: İddiaçı əyani təhsil illəri sosial sığorta stajına daxil edilərsə pensiyasının məbləğində artım olacaqdır. Keçmiş müddət üçün alınmamış pensiya və ya qanunla nəzərdə tutulmuş əlavələrin əvvəlki dövr üçün ən çoxu müraciət edilən tarixdən üç il geri ödənilməsi mümkündür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddəsinin tələblərinə uyğun olaraq keçmiş müddət üçün alınmamış məbləğin ödənilməsi tənzimlənmişdir. İddiaçı xx.xx.2011-ci il tarixdə 36 il 7 ay sosial sığorta stajına əsasən yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, DSMF-nin Yevlax şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli imtina məktubu, “Ч” seriyalı 669128 nömrəli diplomun təsdiqlənmiş surəti, iddiaçının əmək kitabçasının təsdiq edilmiş surəti, DSMF-nin Yevlax şəhər şöbəsinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktubları aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-646/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı xx.xx.1968-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Mingəçevir şəhər Politexnik Texnikumunda əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2011ci il tarixindən pensiyasının yenidən hesablanması öhdəliyi qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax şəhər filialı Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-646/2020nömrəli qərarından apelyasiya şikayəti vermişdir. Apellyаsiyа şikаyətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, İş № 2-1(116)-646/2020 saylı qərardadını qanunsuz və əsassız hesab edirik. Çıxarılmış qətnamə qanunun tələblərini pozmaqla çıxarıldığından əsaslı hesab edilə bilməz. İddiaçı xx.xx.1968-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Mingəçevir şəhər Politexnik Texnikumundan əyani təhsil almışdır. 1974-cü ildən 2010-cu ilədək müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2010-cu il tarixdən əmək pensiyası alır, iddiaçı əyani təhsil aldğı müddətdən sosial sığorta stajına daxil edilməsi üçün cavabdeh orqana rəsmi müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının əyani təhsil müddətinin onun əmək kitabçasında qeyd olunmadığını əsas gətirərək təhsil müddətinin sığorta stajına daxil edilməsindən imtina etmişdir. Bununla bağlı iddiaçı “xx xxxxxxxx 1968- ci il tarixdən xx xxxx 1972-ci il tarixədək Mingəçevir şəhər Politexnik Texnikomunda əyani təhsil aldığı müddətdin onun sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şəki İnzibati Məhkəməsini müraciət etmişdir. Şəki İnzibati Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli, İş № 2-1(116)-646/2020 saylı qərardadı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı xx.xx.1968-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Mingəçevir şəhər Politexnik Texnikomunda əynani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2011-ci il tarixdən pensiyasının yenidə hesablanması öhdəliyi qoyuluması qət edilmişdir. Şəki İnzibati Məhkəməsinin işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmiş, nəticədə Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci, 385.1.3-cü, 385.1.4-cii maddələrinin tələbləri və ədalətli məhkəmə baxışı hüquqlarımız əhəmiyyətli dərəcədə pozulmuşdur. Şəki İnzibati Məhkəməsi hesab edirik ki, doğru qərar qəbul etməmişdir. Qəbul olunmuş qərarda iddiaçının əyani təhsil alması ilə bağlı sosial sığorta stajı hesablanmaqla bərabər pensiyanın hesablanma müddəti xx.xx.2011-ci ilə müəyyən edilir. Yəni 9 il öncəyə müəyyən edilir. X6 Məhkəməsində rəsmi etirazımızı bildirmişik, qeyd etmişik ki, əyani təhsil illəri məhkəmə tərəfindən sosial sığorta stajı kimi nəzərə almarsa əlavələrin hesablanması müraciət edilən tarixdən 3 il geriyə mümkün olar ki bu da “Əmək pensiyası haqında” Qanunun 32.1-1 və 37.7-ci maddələrinə müvafiq olaraq təmzimlənə bilər. X5 Məhkəməsi həmin illərin geriyə dövrünü 9 il müəyyən etmişdir. Buda yuxarıda qeyd etdiyim Qanunun tələblərinə ziddir. Məhkəmə Konstitusiyasının 149-cu maddəsinə istinad edərək fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.Ona görə də apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, İş № 2-1(116)-646/2020 saylı qərardadı ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair məhkəmə qərarı çıxarılmasını xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-646/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-646/2020 nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Yevlax şəhər filialının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apellyasiya şikayəti qismən uğurlu olacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2ci maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fizi-ki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. İddiaçı iddia ərizəsindən görünür ki, o, Mingəçevir şəhər Politexnik Texnikumunda əyani təhsil aldığı xx xxxxxxxx 1968-ci il tarixdən xx xxxx 1972-ci il tarixədək onun sığorta stajına daxil edilməsini, xx.xx.2011-ci il tarixdən pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi qanunun müvafiq normalarına düzgün olaraq istinad edərək təhsil illərini sığorta stajına daxil edilməsi qənaətinə düzgün gəlsə də qərar qəbul edərkən pensiyanın hesablanması zamanı yaranmış fərqin hansı müddət üçün ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını qərara almamışdır. Cavabdehin apellyasiya şikayətindən görünür ki, o, hesablanan pensiya fərqinin xx.xx.2011-ci il tarixdən yenidən hesablanaraq ödənilməsi öhdəliyinin qoyulmasından narazıdır və mövqeyini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2020-ci il 06 fevral tarixli **********2 nömrəli tapşırığına, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubuna əsasən 2006-cı il 01 yanvar tarixinədək bitmiş əyani təhsil müddəti nəzərə alınmaqla əmək pensiyalarının təyin edilməsinin və hesablanmasının (o cümlədən yenidən hesablanmasının) vətəndaşın müraciəti əsasında həyata keçirilməsi və keçmiş dövr üçün hesablanmış məbləğlərin ödənilməsinin “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə uyğun aparılmasının tənzimlənməsi ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx xxxxxxx 2020-ci il tarixli qərarında “pensiyanın yenidən hesablanması” tələbinə dair işlər üzrə hüququn tələbi üzrə məhkəmə təcrübəsinin vahidliyini təmin edilməsi məqsədlə qərara alınmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Cavabdeh orqanının imtina məktubundan görünür ki, iddiaçı təhsil illərinin sığorta stajına daxil edilməsi, pensiyanın yenidən hesablanması və ödənilməsi üçün cavabdeh inzibati orqana xx xxxxxx 2019-cu ildə müraciət etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini tam təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax şəhər filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-646/2020saylı qərarı qismən-yəni xx.xx.2011-ci il tarixdən pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması hissəsində dəyişdirilməli, pensiyanın yenidən hesablanması və xx.xx.2016-cı il tarixdən müraciət etdiyi xx.xx.2019-cu il tarixə kimi ödənilməmiş pensiya məbləğinin fərqinin ödənilməsi öhdəliyi qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax şəhər filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-646/2020saylı qərarı qismən-yəni xx.xx.2011-ci il tarixdən pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması hissəsində dəyişdirilsin, pensiya yenidən hesablansın və ona xx xxxxxx 2016-cı il tarixdən müraciət etdiyi xx xxxxxx 2019-cu il tarixdə kimi yaranmış fərqin ödənilməsi öhdəliyi qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar