Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-437/2023 20.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X2 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Ə.D.Məlikov adına 6№-li BŞX-nin cərrahiyə şöbəsinin xx.xx.2015-ci il tarixində təqdim edilmiş 426 nömrəli Arayışda göstərilən xəstəliklərinə görə İİ qrup əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli 2-1(116)-900/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Ə.D.Məlikov adına 6№-li BŞXnin cərrahiyyə şöbəsinin xx.xx.2015-ci il tarixində təqdim edilmiş 426 nömrəli arayışda göstərilən xəstəliklərinə görə İİ qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Eyni zamanda iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı eyni məzmunlu iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-1553/2023 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş, iş 2-1(116)-1794/2023 nömrə ilə qeydə alınmışdır.
3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1794/2023 nömrəli qərardadı ilə 2-1(116)-1794/2023 nömrəli inzibati iş 2-1(116)-900/2023 nömrəli inzibati işə birləşdirilmiş, 2-1(116)-1794/2023 nömrəli inzibati iş üzrə icraata xitam verilmişdir.
4. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1974-cü il tarixdə Zərdab rayonu, Sileyli kəndində anadan olmuş, İ Qarabağ müharibəsində iştirak etmiş, döyüşlərdə yaralanmışdır. Belə ki, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixinədək, Ə.D.Məlikov adına 6№li BŞX-nin cərrahiyyə şöbəsində müharibə nəticəsində aldığı travma ilə hər iki bazunun aşağı 3/1, hər iki budun yuxarı 3/1, sağ baldırın aşağı 3/1 hissələrinin sağ ayağın alt səthinin kor qəlpə yaralanmaları və çoxlu qəlpələri, hərbi travma, hərəkətin və yerişin pozulması diaqnozu ona təyin edilmişdir. Bununla bağlı bir sıra müalicələr də almışdır.
5. Ə.D.Məlikov adına 6№li BŞX-nin cərrahiyyə şöbəsi tərəfindən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş (Arayış) göndərilmiş və bunun əsasında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaçıya xx.xx.2022-ci ildə imtina vermişdir. İmtina onunla əsaslandırılmışdır ki, ona təyin olunan, hərbi əməliyyatlar nəticəsində mərmi partlayışı zamanı aldığı qəlpələr və digər törədilmiş zədələnmələr, kor qəlpə yaralanması, sol dirsək sinirinin neyropatiyası, sol əlinin distal hissəsində hərəkət hissi pozulması, İV-V barmağın kontrakturası, sol əlin funksiyasının pozulması, oynaqların kontrakturası, dirsək sinirinin zədələnməsi, diaqnozu əlillik əlamətini özündə əks etdirmir.
6. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinə Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G50-G59 - Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi => G56 - Yuxarı ətrafın mononevropatiyası => G56.1 - Orta sinirin digər zədələnmə...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Posttravmatik (kor qəlpə yarası) Sol dirsək sinirinin neyropatiyası. Sol əlin distal hissəsində hərəki hissi pozulmalar və İV-V barmağın kontrakturası ilə; Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Qiymətləndirmədə əmək müqaviləsi olsa da xəstəlik vərəqəsi günləri qeyd edilməyib.” səbəbi ilə imtina verilmişdir.
7. Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M20-M25 - Oynaqların digər zədələnmələri => M24 - Oynaqların digər spesifik zədələnmələri =>...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Posttravmatik (kor qəlpə yarası) Sol dirsək sinirinin neyropatiyası. Sol əlin distal hissəsində hərəki hissi pozulmalar və İV-V barmağın kontrakturası. Sol əlin funksiyasının pozulması ilə Oynaqların kontrakturası. Dirsək sinirinin zədələnməsi.; Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması Səbəb: 1994-cü ildən xəsarət almasına baxmayaraq 2019-cu ilə qədər bərpa müalicələri almayıb, 2019-cu illərdə qeyd edilən stasionar müalicələr göndərişlərin tarixçəsində öz əksini tapmır. İxtisaslaşmış bərpa müalicələri davam etdirilsin.” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, iddiaçı Zərdab rayonu sakini İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti növbəti dəfə tibb müəssisəsinin 0260003AAGEY nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir.
8. Həmin qərardan narazı vətəndaşın müraciəti əsasında xx.xx.2021-ci il tarixdə əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixli 155 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Hər iki bazunun aşağı 1/3-nin, hər iki budun yuxarı 1/3-nin, sağ baldırın aşağı 1/3-nin və sağ ayağın alt səthinin kor qəlpə yarası, çoxsaylı qəlpə yarası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının alınmışdır” kimi müəyyənləşdirilmişdir.
9. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş ‘‘Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Posttravmatik (kor qəlpə yarası) Sol dirsək sinirinin neyropatiyası. Sol əlin distal hissəsində hərəki hissi pozulmalar və İV-V barmağın kontrakturası. Sol əlin funksiyasının pozulması ilə Oynaqların kontrakturası. Dirsək sinirinin zədələnməsi.’’ anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Belə ki, sol əlin qəlpə zədələrinin izləri, İV-V barmaqların hərəki məhdudluğu qeyd olunsa da, əlin tutma funksiyaları pozulmayıb. Nəticədə diaqnoz “Əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
10. Əyani müayinə ilə həyata keçirilən qiymətləndirmənin nəticəsi olaraq Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: XX Sinif Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Posttravmatik (kor qəlpə yarası) Sol dirsək sinirinin neyropatiyası. Sol əlin distal hissəsində hərəki hissi pozulmalar və İV-V barmağın kontrakturası. Sol əlin funksiyasının pozulması ilə Oynaqların kontrakturası. Dirsək sinirinin zədələnməsi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina Əlillik altsisteminə verilmişdir.
11. Bundan əlavə, iddiaçı barəsində əlillik təyinatından imtina qərarı 2021-ci ilin iyun ayında verilsə də o, 2022-ci ilin noyabr ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Təqdim edilən altsistem çıxarışlarda sonuncu imtina qərarının göndərilmə tarixi xx.xx.2021-ci ildə olduğu görünür.
12. Verilən əlillik təyinatından imtina qərarından iddiaçının İPM-in 38-ci maddəsinin tələbinə əsasən, mübahisələndirmə haqqında iddiadan inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, həmçinin məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində və İPM-in 39-cu maddəsinin tələbinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçdikdən sonra məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2022-ci ilin noyabr ayında, yəni təxminən 17 ay sonra verilən əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir.
13. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
14. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
15. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 22 may 2023-cü il tarixli 2- 1(116)-900/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
16. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan Şəki İnzibati Məhkəməsi onun iddiasını təmin etməmək üçün öz qərarını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə və iş üzrə verilmiş “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.2023-cü il tarixli 1554 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyi ilə əsaslandırmağa çalışmışdır. Halbuki, məhkəmənin istinad etdiyi qeyd edilən Əsasnamədə sadalanan hallara görə onun sağlamlığında olan problemlərə görə ona əlillik dərəcəsinin verilməsi tamamilə uyğundur. Ekspert rəyində isə göstərilib ki, guya onun sağlamlığında müşahidə olunan pozuntular mövcud olsa da, bu pozuntular onun özünü müstəqil şəkildə idarə etməsinə maneə yaratmadığına görə, ona əlillik dərəcəsinin verilməsi məqsədəuyğun deyil. Ekspert rəyində deyilir: “Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XX sinif - xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - hərbi əməliyyatlar => Y36.2-hərbi əməliyyatlar nəticəsində digər... Diaqnozun mətni: hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarda və ya qəlpələrdə törənmiş zədələnmələr, pos travmatik (kor qəlpə yarası), sol dirsək sinirinin neyropatiyası, sol əlin distal hissəsində hərəki hissi pozulmalar və İV-V barmağın kontrakturası, sol əlin funksiyasının pozulması ilə oynaqların kontrakturası, dirsək sinirinin zədələnməsi” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Vətəndaş İddiaçı əyani müayinəsi zamanı aşkar edilən patofunksional dəyişikliklər onun sol əlinin funksiyasının tam pozulmasına səbəb olmamışdır”. Halbuki, nə ekspert tərəfindən, nə də məhkəmə tərəfindən onun sağlamlığında olan problemlərin konkret olaraq hansı fəsadlara səbəb olduğu və onun normal həyat tərzinə hansı dərəcədə mənfi təsir göstərdiyi məsələsini araşdırmamışlar. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsini 22 may 2023-cü il tarixli 2-1(116)-900/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsini 22 may 2023-cü il tarixli 2-1(116)-900/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
20. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
21. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən analoji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - cavabdeh orqanın TSEK müayinələri qiymətləndirilmə nəticəsindən görünür ki, iddiaçıya “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Posttravmatik (kor qəlpə yarası) Sol dirsək sinirinin neyropatiyası. Sol əlin distal hissəsində hərəki hissi pozulmalar və İV-V barmağın kontrakturası. Sol əlin funskiyasının pozulması ilə Oynaqların kontrakturası. Dirsək sinirinin zədələnməsi” diaqnozu ilə xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. - cavabdehin xx.xx.2021-ci il tarixli **********5 nömrəli protokolundan görünür ki, əlillik vəziyyəti növbəti dəfə tibbi müəssisəsinin 0260003AAGEY nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Həmin qərardan narazı vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixli 155 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Hər iki bazunun aşağı 1/3-nin, hər iki budun yuxarı 1/3nin, sağ baldırın aşağı 1/3-nin və sağ ayağın alt səthinin kor qəlpə yarası, çox saylı qəlpə yarası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Posttravmatik (kor qəlpə yarası) Sol dirsək sinirinin neyropatiyası. Sol əlin distal hissəsində hərəki hissi pozulmalar və İV-V barmağın kontrakturası. Sol əlin funksiyasının pozulması ilə Oynaqların kontrakturası. Dirsək sinirinin zədələnməsi.”anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqni tapmamışdır. Belə ki, sol əlin qəlpə zədələrinin izləri, İV-V barmaqların hərəki məhdudluğu qeyd olunsa da əlin tutma funksiyaları pozulmayıb. Nəticədə diaqnoz “Əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyən olunması meyarlarına dair Əsasnaməyə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir”. - Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-900/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. - “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.2023-cü il tarixli 1554 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XX sinif - xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - hərbi əməliyyatlar => Y36.2-hərbi əməliyyatlar nəticəsində digər... Diaqnozun mətni: hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarda və ya qəlpələrdə törənmiş zədələnmələr, posttravmatik (kor qəlpə yarası), sol dirsək sinirinin neyropatiyası, sol əlin distal hissəsində hərəki hissi pozulmalar və İV-V barmağın kontrakturası, sol əlin funksiyasının pozulması ilə oynaqların kontrakturası, dirsək sinirinin zədələnməsi” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Vətəndaş İddiaçı əyani müayinəsi zamanı aşkar edilən patofunksional dəyişikliklər onun sol əlinin funksiyasının tam pozulmasına səbəb olmamışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
23. İmtinanın verildiyi zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.1-ci bəndinə əsasən birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Həmin bənddə birinci dərəcə əlilliyin təyin edilməsi üçün 17 hal sadalanmışdır. 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin bənddə ikinci dərəcə əlilliyin təyin edilməsi üçün 15 hal sadalanmışdır.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
25. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
27. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli 2-1(116)-900/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
28. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. İş materiallarından göründüyü kimi, cavabdeh orqanın müraciətin təmin edilməsindən imtina dəlili iddiaçıya qoyulmuş diaqnozun əlillik əlaməti təyin etməməsi ilə bağlı olmuşdur.
31. Belə ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-900/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyi”nin ekspertlərinə həvalə edilmiş, ekspert qarşısında iddiaçıya qoyulmuş diaqnozun düzgün olub-olmaması, sol əlin qəlpə zədələrinin izləri, İV- V barmaqların hərəki məhdudluğu əlin tutma funksiyalarının pozulması ilə müşaiət olunubolunmaması və iddiaçının hazırkı vəziyyətini əks etdirən diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd olunmuş hansı diaqnoza uyğun olması ilə bağlı suallar qoyulmuşdur.
32. Təqdim edilmiş ekspert rəyi ilə iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü müəyyən edilmiş, lakin sözügedən ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı əyani müayinəsi zamanı aşkar edilən patofunksional dəyişikliklər onun sol əlinin funksiyasının tam pozulmasına səbəb olmamışdır. Nəzərə alınmalıdır ki, cavabdeh orqan xx.xx.2021-ci il tarixdə iddiaçını əyani müayinə edərkən sol əlin tutma funksiyaları pozulmaması qənaətinə gəlmişdir.
33. İş materiallarından görünür ki, iddiaçıya qoyulmuş diaqnozla bağlı göndərişdə ağırlaşma diaqnozu olaraq M24.5 koduna istinad edilmiş və oynaqların kontrakturası qeydi icra edilmişdir. İmtinanın verildiyi zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə M24.5 kodu ilə 2.3.2-ci bənddə dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması), 2.5.1-ci bənddə bir əldə üç barmağın olmaması, onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası, 2.5.6-cı bənddə hər iki topuğun ankilozu və ya kəskin kontrakturası, 3.1.43-cü bənddə ankilozlarla, kontrakturalarla, patoloji sınıqlarla, skeletin deformasiyası ilə nəticələnmiş skeletin sistem xəstəlikləri, dayaq-hərəkət aparatının inkişaf qüsurları, habelə əzələlərin patoloji dəyişiklikləri və sümük toxumasının iriölçülü destruksiyaları nəticəsində fiziki aktivliyin kəskin məhdudlaşması və ya hərəkətin və özünəxidmətin mümkün olmaması, 5.1.6-cı bənddə ətraflarda oynaqların nəzərəçarpan kontrakturası, 5.2.3.16-cı bənddə budçanaq oynağının ankilozu və ya kəskin çarpan kontrakturası (hərəkətlərin həcmi 10 dərəcəyədək olduqda), 5.2.3.17-ci bənddə diz oynağının ankilozu və ya funksional əlverişsiz vəziyyətdə (150 dərəcədən az və 170 dərəcədən artıq bucaq altında) kəskin kontrakturası, 5.2.3.19-cu bənddə hər iki bud və ya baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində onların 170 dərəcədən az bucaq altında deformasiyası diaqnozları öz əksini tapmışdır.
34. İddiaçıya münasibətdə M24.5 kodunun tətbiq edilməsi üçün 2.3.2, 2.5.1, 3.1.43, 5.1.6-cı bəndlərdə qeyd edilmiş diaqnozların müəyyən edilməsi zəruridir. İddiaçı barəsində tərtib edilmiş göndərişdə M24.5 kodu ilə oynaqların kontrakturası (oynaqların hərəkət məhdudiyyəti) qeyd edilsə də, yuxarıda sadalanan bəndlərin tətbiq edilməsi üçün iddiaçının sol əlinin funksional yararsız və ya kəskin kontrakturası, fiziki aktivliyin kəskin məhdudlaşması və ya hərəkətin və özünəxidmətin mümkün olmaması sübuta yetirilməlidir. Lakin, yuxarıda qeyd edildiyi kimi istinad olunan ekspert rəyində iddiaçının əyani müayinəsi zamanı aşkar edilən patofunksional dəyişikliklərin onun sol əlinin funksiyasının tam pozulmasına səbəb olmadığı qeyd edilmişdir.
35. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, M24.5 kodunun tətbiq edilməsi üçün əsaslar olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
36. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
37. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli 2-1(116)-900/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.