Məhkəmə qərarları › İş №2-1(107)-437/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-437/2025

15.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-437/2025 15.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki rayonu Birinci Biləcik kənd sakini X5 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli elektron çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2-1(116)-133/2025 nömrəli qərarından üçüncü şəxs X10 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki rayonu Birinci Biləcik kənd sakini X5 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli elektron çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-762/2024 nömrəli qərardadı ilə X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şəki rayonu Birinci Biləcik kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X4 alıq-satqı qaydasında alımışdır. Belə ki, Şəki rayonu 1 saylı dövlət notariat kontorunda 23 noyabr 2015-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi ilə X5 mülkiyyətində olan 0,4388 ha torpaq sahəsi iddiaçıya satılmışdır. X10 alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsinə dair Kod 40404068, JN-48 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktını iddiaçıya təqdim etmişdir. Lakin iddiaçı satın aldığı torpaq sahəsinə çıxarış almamışdır. X10 Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi haqqında məlumatı gizlədib, iddiaçıya satdığı torpaq sahəsinə 26 oktyabr 2021-ci il tarixdə ********** qeydiyyat nömrəli elektron qaydada təqdim edilən hüquqların dövlət qeydiyyatı haqqında çıxarış almışdır. 27 oktyabr 2021-ci il tarixdə rəsmi qaydada aldığı torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün ərizə ilə cavabdehə müraciət etmiş, həmin idarənin 19 noyabr 2021-ci il tarixli cavab məktubundan məlum oldu ki, cavabdehin iddiaçıya satdığı torpaq sahəsinə 26 oktyabr 2021-ci il tarixdə digər şəxsin adına hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir.

4. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən 12 saylı Şəki Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan qeydiyyat orqanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq yalnız məhkəmə qaydasında etibarsız hesab edilə bilər.

5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - JN-0048 KOD 40404068 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 06 saylı qərarı ilə X6 0.49 ha torpaq sahəsi verilmişdir. - AN-İ ******* seriya nömrəli xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X10 özünə məxsus 0.49 ha torpaq sahəsini İddiaçı satmışdır. - A 654410 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, 0.4388 ha torpaq sahəsinin hüquqi subyekti X7r. - ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Şəki rayonu, Birinci Biləcik kəndində yerləşən 0.4388 ha torpaq sahəsi üzərində X5 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - Şəki rayonu, Birinci Biləcik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 386 nömrəli arayışı. - Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli 3-16-3/6-11-9207/2023 nömrəli məktubu. - Şəki Regional ASAN Xİdmət mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə olunan sənədlər.

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 03 aprel 2025-ci il tarixli 2- 1(116)-133/2025 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki rayonun Birinci Biləcik kəndində yerləşən 0,4388 ha torpaq sahəsi üzərində X5 mülkiyyət hüququna dair aparılmış qeydiyyatın və onun əsasında verilmiş xx.xx.2021ci il tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, işin hallarına əsasən müəyyən edilir ki, mübahisəli torpaq sahəsi iddiaçı tərəfindən alğı-satqı müqaviləsi əsasında əldə edilməsinə baxmayaraq üçüncü şəxs X10 tərəfindən Dövlət Aktının surəti təqdim edilməklə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına nail olmuşdur. Cavabdeh inzibati orqan inzibati icraat çərçivəsində araşdırma aparmaqla həmin torpaq sahəsi ilə bağlı mülki-hüquqi əqdin olmasını araşdırmamış və qanunsuz olaraq JN 0048 saylı Dövlət aktı əsasında Şəki rayonun Birinci Biləcik kəndində yerləşən 0,4388 ha torpaq sahəsi üzərində X5 mülkiyyət hüququnu qeydə almışdır. Həmin qeydiyyat əsasında xx.xx.2021-ci il tarixli Çıxarış verilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməli, Şəki rayonun Birinci Biləcik kəndində yerləşən 0,4388 ha torpaq sahəsi üzərində X5 mülkiyyət hüququna dair qeydiyyat, onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli Çıxarış ləğv edilməlidir.

8. Üçüncü şəxs X10 həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2-1(116)-133/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

9. Daha sonra, məhkəmə kollegiyasına əlavə apellyasiya şikayəti göndərərək Şəki İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2-1(116)-133/2025 nömrəli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün geri qaytarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Üçüncü şəxs X10 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçıya özünə məxsus torpaq sahəsinin satılması barədə razılığa gəlməmişdir. Atasına məxsus torpaq sahəsini iddiaçıya satarkən dövlət aktında ailə üzvləri kimi onların adları olduğundan onların da razılıqları tələb olunduğunu demişdir. O, sahədə işləyərkən onun yanına gələrək özünə məxsus maşında həmin razılıq sənədinə imza etdirmişdir. O, heç bir notariat xidmətinə getməmiş, özünə məxsus heç bir əmlakın satılması barədə iddiaçı ilə razılığa gəlməmişdir. Heç bir notarial qaydada təsdiqlənmiş razılıq sənədi yoxdur, satış razılığı olmadan qanunsuz şəkildə həyata keçirilib. Müqaviləyə nəzər yetirəndə 4388.11 kv/m torpaq sahəsinin satış qiymətinin 350 manata satıldığı görsənir. Bu isə o deməkdir ki, torpağın 1 hektarı 100 manatdan da aşağı qiymətə satılıb. Halbuki həmin dövrdə onun maddi imkanı var idi və heç bir halda 0.44 ha torpaq sahəsini 350 manata satmazdı. Məhkəmə yalnız iddiaçının iddia ərizəsində göstərilənləri əsas hesab edərək Torpaq Məcəlləsinin 67-ci maddəsinin dispozisiyası baxımından heç bir araşdırma aparmadan tələbin təmin olunması haqqında qətnamə qəbul etmişdir. Hansı ki, maddənin məzmunundan görünür ki, dövlət yalnız qeydiyyata alınan hüquqların toxunulmazlığına təminat verir. Eyni zamanda həmin maddədə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınmasının məcburiliyi imperativ formada əks olunmuşdur. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsində nəzərdə tutulan vəzifələri yalnız iddiaçıların mövqeyinə münasibətdə icra edərək qeyri mötəbər dəlillərə əsaslanmamışdır. Məhkəmənin qərarı qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

12. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2- 1(116)-133/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə göndərərək onun iştirakı olmadan apellyasiya şikayəti əsasında işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi)

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... Maddə 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 140. reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Maddə 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

19. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

20. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə Bənd 3. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: .... 3.0.8 dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək; ... 3.0.29. vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək.

Apellyasiya şikayətinin mümkünlüyü

21. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

29. Belə ki, üçüncü şəxs X5 apellyasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, o, özünə məxsus torpaq sahəsini iddiaçıya satmamış, o, heç bir notariat xidmətinə getməmiş, özünə məxsus heç bir əmlakın satılması barədə iddiaçı ilə razılığa gəlməmişdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan 23 noyabr 2015-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Şəki rayon Torpaq şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə JN 0048 nömrəli kod 40404068 olan dövlət aktı əsasında tam mülkiyyət üzrə X6 verilmiş 0,49 ha torpaq sahəsinin 4388.11 kv.m hissəsi Möhsün Seyidov tərəfindən iddiaçıya satılmışdır. İddiaçı isə bunun müqabilində üçüncü şəxsə 350 manat məbləğində ödəniş etmişdir.

31. Daha sonra mübahisəli torpaq sahəsi iddiaçı tərəfindən alğı-satqı müqaviləsi əsasında əldə edilməsinə baxmayaraq üçüncü şəxs X2 Aktının surətini qeydiyyat orqanına təqdim etməklə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına nail olmuşdur.

32. Cavabdeh inzibati orqan inzibati icraat çərçivəsində araşdırma aparmaqla həmin torpaq sahəsi ilə bağlı mülki-hüquqi əqdin olmasını araşdırmamış və qanunsuz olaraq JN 0048 saylı Dövlət aktı əsasında Şəki rayonun Birinci Biləcik kəndində yerləşən 0,4388 ha torpaq sahəsi üzərində X5 mülkiyyət hüququnu qeydə almışdır. Həmin qeydiyyat əsasında xx.xx.2021-ci il tarixli Çıxarış verilmişdir.

33. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin üçüncü şəxs tərəfindən iddiaçıya satılması iş materialları ilə öz təsdiqini tapır.

34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı qeyd edilən torpaq sahəsini gələcəkdə daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyata aldıraraq sərəncam hüququ əldə etməklə tam mülkiyyətə “gözlənilən” hüququ vardır.

35. Belə olan halda tərəflər arasında alqı-satqı müqaviləsi bağlandıqdan sonra həmin torpaq sahəsinin üzərində X5 mülkiyyət hüququnun qeydə alınaraq ona Çıxarışın verilməsi qanunazidd olmuşdur.

36. Məhkəmə kollegiyası onu da qeyd edir ki, üçüncü şəxs iddiaçı ilə alqı-satqı müqaviləsi bağlanmadığını qeyd etsə də, onların aralarında Şəki rayonu 1 saylı dövlət notariat kontorunda 23 noyabr 2015-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlanaraq satıcı və alıcı tərəfindən imzalanmış və təsdiq edilmişdir. Həmin alqı-satqı müqaviləsi mübahisələndirilməmiş, ləğv və ya etibarsız hesab edilməmişdir.

37. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, üçüncü şəxs işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

38. Bununla bağlı isə qeyd olunmalıdır ki, işin yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması hazırda mübahisələndirilən qərarın ləğvindən (İPM-nin 87.7ci maddəsi tətbiq edilməklə) sonra törəmə tələb olduğundan, həmin qərar isə ləğv olunmadığından apelyatorun qeyd edilən tələbi də təmin edilə bilməz.

39. Bundan başqa, iş üzrə İPM-in 87.7-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının apellyasiya qaydasında ləğv olunması üçün məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Şəki rayonu Birinci Biləcik kənd sakini X5 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli elektron çıxarışın ləğv edilməsini cavabdeh orqandan tələb etməkdə, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, üçüncü şəxsin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

41. Məhkəmə kollegiyası sonda onu da qeyd edir ki, cavabdeh orqanın hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bu halı cavabdeh orqanın məhkəmə qərarı ilə razılaşaraq apellyasiya şikayəti verməməsi də bir daha təsdiq edir.

42. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, üçüncü şəxs X5 apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, apellyasiya şikayətinin dəlilləri işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsinin qərarı İPMin 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

43. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

Üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2-1(116)-133/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar