Məhkəmə qərarları › İş №2-1(107)-438/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-438/2023

19.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-438/2023 19.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsi və Cavabdeh2nə qarşı “Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsi üzərində Göyçay bələdiyyəsinin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən Göyçay bələdiyyəsinin adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarış və xx.xx.2022-ci il tarixli, AN 682413 nömrəli plan ölçü, həmçinin torpaq sahəsinin satılması barədə Göyçay bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 20 nömrəli qərarının etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli 2-1(116)-1790/2023 nömrəli qərardadından iş üzrə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsi və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə müraciət edərək “Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsi üzərində Göyçay bələdiyyəsinin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən Göyçay bələdiyyəsinin adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarış və xx.xx.2022ci il tarixli, AN 682413 nömrəli plan ölçü, həmçinin torpaq sahəsinin satılması barədə Göyçay bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 20 nömrəli qərarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə hüquqi yardım barədə məktub ünvanlanaraq izah olunmuşdur ki, iddia ərizəsi mümkünlük şərtlərinə cavab vermir. İddiaçıya məhkəmənin yardım məktubuna münasibət bildirməsi 10 gün müddət təyin edilmiş,həmin müddətdə münasibət bildirilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

3. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 23 iyun 2023-cü il tarixli 2- 1(116)-1790/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

4. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

5. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı tələblər nə iki inzibati orqan arasında olan mübahisə deyildir, nə də ki, mübahisənin məzmunu aidiyyət və ya səlahiyyətlə bağlı deyildir. Mübahisənin məzmunundan göründüyü kimi Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq əməkdaşlarının qulluq vəzifələrini düzgün yerinə yetirməməsi nəticəsində əsassız olaraq dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində bələdiyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə, göründüyü kim bu tələb üzrə mübahisənin məzmunu aidiyyət və ya səlahiyyətlə bağlı deyildir, dövlətin torpaq sahəsi üzərində pozulmuş mülkiyyət hüququnun bərpası barədədir. Eyni zamanda bildirilir ki, cavabdehlərdən biri olan Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi inzibati orqan deyildir. Belə ki, “İnzibati icraat haqqında” AR Qanununun 3.1-ci maddəsinə əsasən həmin Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Cavabdehlərdən biri olan Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda inzibati orqan kimi müəyyən edilməmişdir. xx.xx.2017-ci il tarixinə qədər qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər də inzibati orqan hesab edilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 oktyabr 2017-ci il tarixli 458 nömrəli Qərarı ilə “İnzibati orqanların Təsnifatı”nın V bölməsi yeni redaksiyada verilmiş və həmin dəyişikliyə əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan sayılır. Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin ərazi idarələri inzibati akt qəbul etmədiyindən “İnzibati orqanların Təsnifatı”nın V bölməsinə əsasən ərazi idarələri inzibati orqan deyildir. Beləliklə, yuxarı qeyd edilənlərən göründüyü kimi məhkəmə tərəfindən ƏMDX-nin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin ərazi idarəsinə qarşı tələblərin inzibati orqanlar arasında aidiyyət və saləhiyyətlə bağlı mübahisə kimi qiymətləndirməsi əsassızdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli 2-1(116)-1790/2023 nömrəli qərardadının ləğv edilməsi və işin icraata götürülməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli 2-1(116)-1790/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və digər cavabdeh nümayəndələrinin iştirakını təmin etməmişlər.

8. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

9. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

10. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

11. İnzibati icraat haqqında Qanun: Maddə 4.3. İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

12. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

14. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsi üzərində Göyçay bələdiyyəsinin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən Göyçay bələdiyyəsinin adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarış və xx.xx.2022-ci il tarixli, AN 682413 nömrəli plan ölçü, həmçinin torpaq sahəsinin satılması barədə Göyçay bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 20 nömrəli qərarının etibarsız hesab edilməsinə nail olmaqdan ibarət olmuşdur.

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddia ərizəsində iki cavabdeh göstərilməklə tələb iki hissədən ibarət olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 37-ci maddəsinə deyilir ki, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.

16. Tələbin birinci hissəsi Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsi üzərində Göyçay bələdiyyəsinin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və onun əsasında verilmiş sənədlərin ləğv edilməsi, ikinci hissəsi Göyçay bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 20 nömrəli qərarının etibarsız hesab edilməsindən ibarətdir.

17. İddianın birinci hissəsi üzrə tələb öhdəliyin icrası haqqında iddia növündə, ikinci hissəsi üzrə tələb müəyyən etmə və ya tanınma haqqında iddia növündədir.

18. Tələbin birinci hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin hissənin yönəldiyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsi iddiaçının tabeliyində olan PHŞ-in alt qurumu-ərazi idarəsidir.

19. İddia tələbinin ikinci hissəsi ilə bağlı kollegiya qeyd edir ki, ikinci hissə birinci hissədən asılı tələbdir.İddia tələbinin birinci hissəsi inzibati icraat qaydasında araşdırılacağı halda ikinci tələblə bağlı hissəyə baxıla bilər.

20. İnzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

22. Beləliklə kollegiya hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 4.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqanlar arasında olan aidiyyət və ya səlahiyyətlərlə bağlı inzibati mübahisələrin həlli inzibati mühakimə icraatının predmeti olmadıgından hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

23. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

24. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli 2-1(116)- 1790/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli 2-1(116)-1790/20233 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar