Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-438/2025 31.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Musayev Taleh Valeh oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “25 oktyabr 2024- cü il tarixdən 25 oktyabr 2021-ci il tarixə kimi müvafiq illər üzrə toplanmış pensiya kapitalına münasibətdə indeksləşmə apararaq, iddiaçının pensiyasının yenidən hesablanaraq yaranmış pensiya məbləğ fərqinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2-1(116)-1950/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. işin halları:
1. İddiaçıya xx.xx.2001-ci il tarixdən xidmət illəri ilə bağlı yaşa görə pensiya təyin edilmiş, 01.011.2008-ci ildə yenidən hesablanmışdır.
2. İddiaçı, pensiyanın yenidən hesablanması üçün cavabdeh orqana xx.xx.2024-cü il tarixdə müraciət etmiş, cavabdeh orqan xx.xx.2024-cü il tarixdə əmək pensiyasının yenidən hesablanması haqqında qərar qəbul edərək, xx.xx.2024-cü il tarixdən iddiaçıya 3229,59 manat pensiya hesablamışdır.
3. Cavabdeh orqan iddiaçının müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçı, əmək pensiyasının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına görə yenidən hesablanması üçün xx.xx.2024-cü il tarixdə X2 etmişdir. Qanunun 37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “25 oktyabr 2024-cü il tarixdən 25 oktyabr 2021-ci il tarixə kimi müvafiq illər üzrə toplanmış pensiya kapitalına münasibətdə indeksləşmə apararaq, iddiaçının pensiyasının yenidən hesablanaraq yaranmış pensiya məbləğ fərqinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 12 yanvar 2001-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən pensiyaya çıxmışdır. Həmin tarixdən hazırkı günədək başqa sahələrdə əmək fəaliyyətini davam etdirmiş, fərdi şəxsi hesabında kifayət qədər pensiya kapitalı toplanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə görə işləyən əmək pensiyaçılarına pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir, sonrakı dövr üzrə qazanılan hissələr üzrə kapital toplanması davam etdirilir və müəyyən hallarda pensiya avtomatlaşdırılmış qaydada yenidən hesablanır. İddiaçı 25 oktyabr 2024-cü ildə pensiyanın yenidən hesablanması barədə müraciət etmiş, müraciəti nəzərə alınaraq pensiyası həmin tarixdən yenidən hesablanaraq ödənilmişdir. Lakin əvvəlki dövrlər üzrə yenidən hesablanmamışdır. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə ötən dövr üçün hesablanan pensiya, müraciət tarixindən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 8 oktyabr 2020-ci il tarixli qərardadında və Konstitusiya Məhkəməsinin 2 fevral 2022-ci il tarixli qərarında göstərilmişdir ki, 37.3.1-ci maddə yaşa görə pensiya hüququ olan bütün şəxslərə, o cümlədən güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə çalışan hərbi qulluqçulara da şamil edilir. Uzun illər halal əmək haqqından fərdi şəxsi hesabına toplanmış kapital yalnız iddiaçıya məxsus mülkiyyət olmaqla ona qaytarılmalıdır. Cavabdeh inzibati orqan 19 dekabr 2024-cü il tarixli cavab məktubu ilə tələbinin təmin olunmasından imtina etdiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur.
6. Cavabdeh müraciəti ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçıya 12 yanvar 2001-ci il tarixdən xidmət illərinə görə pensiya təyin edilmişdir. Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir, sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapitalın yenidən hesablanması üçün ilk dəfə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. 188190,66 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci və 45-ci maddələrinə uyğun olaraq 76 aya bölünməklə aylıq 2476,19 manat hesablanmış, mövcud 753,40 manat pensiyaya əlavə edilərək 3229,59 manat məbləğində müəyyən edilmişdir. 559,13 manat fərq məbləği də 2024-cü ilin noyabr ayında ödənilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən 1 yanvar 2025-ci ildən pensiya məbləği 3491,19 manat olmuşdur. İddiaçının 25 oktyabr 2024-cü il müraciətindən əvvəlki dövrlər üzrə yenidən hesablanma tələbi ilə bağlı cavabdeh bildirir ki, Qanunun 37.3.2-1-ci maddəsinə əsasən həmin tarixdən əvvəl müraciət olmadığından əmək pensiyasının yenidən hesablanması həyata keçirilməmişdir. Yenidən hesablanmış məbləğin əvvəlki dövr üzrə ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.
7. Şəki İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2-1(116)-1950/2025 nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilmiş, cavabdeh orqanın üzərinə 25 oktyabr 2021-ci il tarixindən 25 oktyabr 2024-cü il tarixinə olan müddət ərzində (toplanmış pensiya kapitalına münasibətdə indeksləşmə apararaq) iddiaçının pensiyasının yenidən hesablanması və yaranmış məbləğ fərqinin iddiaçıya ödənilməsi öhdəliyi qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hüquqi marağı toplanmış pensiya kapitalına münasibətdə indeksləşmə apararaq, iddiaçının pensiyasının yenidən hesablanaraq ödənilməli məbləğin əvvəlki üç il üçün- 25 oktyabr 2021-ci il tarixindən 25 oktyabr 2024-cü il tarixə kimi müvafiq illər üzrə yaranmış pensiya məbləğ fərqinin iddiaçıya ödənilməsindən ibarətdir. İddiaçı pensiyanın yenidən hesablanması ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsi ilə yenidən hesablanma ilə əlaqədar 3 illik məhdudiyyətin tətbiq olunmağa başlandığı 01 yanvar 2019-cu il tarixindən sonra cavabdehə müraciət etdiyindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il və 14 iyul 2022-ci il tarixli qərarlarında da vurğulandığı kimi, Qanunun 32.1-2-ci maddəsi ilə məhz əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimləndiyindən, bu halda şəxsə yenidən hesablanmış pensiya məbləği 3 illik məhdudiyyət tətbiq olunmaqla ödənilməlidir.
9. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
10. iddiaçı V. Məlikova 12 yanvar 2001-ci il tarixdən xidmət illərinə görə pensiya təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – Qanun) 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 37.3.2-1-ci maddəsinə əsasən, Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında Qanuna uyğun olaraq həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən, Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 20-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci maddəsinə əsasən, Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. İddiaçıya pensiya təyin olunduqdan sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış sığorta kapitalının yenidən hesablanması üçün ilk dəfə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İddiaçı, 25 oktyabr 2024-cü il tarixədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 188 190,66 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 76 (65 il – 64 il 8 ay = 4 ay + 72 ay (144 ay – 72)) aya bölünməklə 2 476,19 (188 190,66 : 76 ay) manat, həmin tarixədək mövcud olmuş pensiyasının (753,40 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 3 229,59 (753,40 + 2 476,19) manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda, ona ödənilməli olan 559,13 manat fərq məbləği hesablanaraq 2024cü ilin noyabr ayında iddiaçının pensiyasının (3229,59 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyası məbləği 1 yanvar 2025-ci il tarixindən 3 491,19 manat təşkil edir. Qanunun 37.3.2-1-ci maddəsinə əsasən, Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında Qanuna uyğun olaraq həyata keçirilir. Belə ki, iddiaçının müraciəti üzrə xx.xx.2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında pensiyası yenidən hesablanmış, həmin tarixdən yenidən hesablanmış məbləğ iddiaçıya ödənilmişdir. Qeyd olunan məbləğin əvvəlki dövr üzrə ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. İddiaçının əmək pensiyasının yenidən hesablanması hüququ pensiya təyin edildikdən sonra 6 il keçdikdən sonra yaranır. Odur ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması hüququ yarandığı tarixdən müraciəti əsasında yenidən hesablanmalıdır. Bu isə o anlama gəlir ki, yenidən hesablama hüququ pensiyaya çıxdıqdan sonra 6 il işlədikdə yaransa da, şəxsin cavabdehə ilkin müraciəti zəruri şərtdir. Əmək pensiyası pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Göründüyü kimi, iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə müraciəti üzrə xx.xx.2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapitalı istifadə olunmuşdur. Buna görə də, topladığı pensiya sığorta kapitalına görə 2021– 2024-cü illər üzrə iddiaçının əmək pensiyasının təkrar olaraq yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.
tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-110/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, pensiyanın yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyasının avtomatlaşdırılmış qaydada hesablanması ƏPHQ-nun 37.3.1-ci maddəsinin əvvəlki redaksiyasında nəzərdə tutulmadığından iddiaçının tələbi əsassız olmuşdur. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: M a d d ə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.19.2. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 37.3.1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli, 530-VİQD №-li Qanun qəbul edilənədək qüvvədə olan redaksiya: 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir; Həmin maddənin hazırda qüvvədə olan redaksiyası: - yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; 37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir;
14. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 52. Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
16. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün hüquqi nəticəyə gəlinmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
20. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı onun fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalına indeksləşmə tətbiq edilməklə pensiyasının yenidən hesablanması və 25 oktyabr 2021-ci ildən 25 oktyabr 2024-cü ilədək olan üç il üçün yaranmış pensiya məbləği fərqinin ödənilməsidir.
21. Cavabdeh orqanın apellyasiya şikayətinin başlıca dəlilləri ondan ibarətdir ki, iddiaçının fərdi hesabında toplanmış sığorta kapitalı artıq xx.xx.2024-cü il tarixdə istifadə olunmuşdur. Qanunun 37.3.1 və 37.3.2-1-ci maddələrinə əsasən, əmək pensiyasının yenidən hesablanması yalnız pensiya təyin olunduqdan sonra 6 il işlədikdən və şəxsin müraciəti əsasında həyata keçirilir. Buna görə də, iddiaçının 2021–2024-cü illər üzrə əmək pensiyasının təkrar yenidən hesablanması qanunvericilik baxımından mümkün deyildir. Cavabdeh orqanın mövqeyinə görə pensiyanın yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyasının avtomatlaşdırılmış qaydada hesablanması ƏPHQ-nun 37.3.1-ci maddəsinin əvvəlki redaksiyasında nəzərdə tutulmamış, iddiaçının müraciət etdiyi tarixdən əvvəlki dövrə münasibətdə pensiyasını yenidən hesablanmasını tələb etmək hüququ olmamışdır.
22. ƏPHQ-nun 37.3.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən ... əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır.
23. Həmin Qanunun 37.3.2-1-ci maddəsinə əsasən Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir.
24. İstinad olunan normada dəyişiklik “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli, 530-VİQD №-li Qanun əsasında aparılmışdır (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir). İddiaçının isə bu normanın qüvvəyə minməsindən əvvəl sosial təminat hüququ yaranmış və xx.xx.2001-ci il tarixdən ona pensiya təyin edilmiş, 01.011.2008-ci ildə yenidən hesablanmışdır.
25. Cavabdeh orqan xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş ƏPHQ-nun 37.3.1-ci maddəsini və həmin Qanunun 37.3.2-1-ci maddəsini tətbiq etməklə iddiaçının müraciəti əsasında əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli qərar qəbul etmiş, lakin əvvəlki 3 ilə münasibətdə pensiya məbləği fərqinin ödənilməsindən imtina etmişdir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır.
27. Həmin qərara əsasən «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. 29.Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, hakimlərin müstəqilliyi həm ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsiplərindən biridir, həm də dövlət tərəfindən hakimlərə verilən konstitusiya təminatıdır. Hakimlərin maddi və sosial təminatları Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi sənədlərdə (BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş “Məhkəmə hakimiyyətinin müstəqilliyinin əsas Prinsipləri”, “Hakimlərin Statusuna dair Avropa Xartiyası”) təsbit olunmuş məhkəmə hakimiyyətinin və hakimləri müstəqilliyinin ayrılmaz mühüm bir elementi kimi çıxış edir. Dövlət və cəmiyyət hakimlərə, xüsusilə onların ədalətliliyinə və peşəkarlığına son dərəcə ciddi tələblərlə yanaşmaqla bərabər öz səylərini hakimlərin sosial və maddi təminatı məsələlərinin yüksək səviyyədə həll edilməsinə yönəltməlidir.
30. İşin hallarından göründüyü kimi cavabdeh orqan, hər bir halda, iddiaçının xx.xx.2001-ci il tarixdən əmək pensiyasında olmasını və pensiya təyin olunduğu gündən sonra 6 il və daha artıq müddətdə əmək fəaliyyətini davam etdirməsini nəzərə alaraq, onun əmək pensiyasını Əmək pensiyaları haqqında Qanunun 37.3.1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyası əsasında yenidən hesablamalı idi.
31. Belə ki, Əmək pensiyaları haqqında Qanunun həmin redaksiyası şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirirdi. Bu hüquqi rejimə əsasən, pensiyanın yenidən hesablanması üçün şəxsin müraciəti tələb olunmurdu və pensiya təyin olunduğu gündən sonra 6 ildən artıq əmək fəaliyyəti göstərilməsi halında pensiyanın yenidən hesablanması nəzərdə tutulmuşdu.
32. ƏPHQ-nun 37.3.1-ci maddəsinin əvvəlki redaksiyasında pensiyanın avtomatlaşdırılmış qaydada yenidən hesablanmasının nəzərdə tutulmaması ilə bağlı cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən normada yenidən hesablanma üçün iddiaçının müraciətinin olması da, məcburi şərt kimi müəyyən edilməmişdir. Yəni, cavabdeh orqan yenidən hesablamanın mütləq qaydada iddiaçının müraciətindən asılı olmasını qeyd etsə də, belə bir norma ƏPHQ-da xx.xx.2022-ci ilədək öz əksini tapmamışdır.
33. ƏPHQ-nun 37.3.1-ci maddəsində pensiyanın yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyasının hansı qaydada hesablanması ilə bağlı (müraciət əsasında yaxud avtomatlaşdırılmış qaydada) qeyri-müəyyənlik xx.xx.2022-ci ildən sonra aradan qaldırılmaqla pensiyanın yenidən hesablandığı gündən sonra 6 il işlədikdə pensiyanın yenidən hesablanmasının avtomatlaşdırılmış qaydada aparılması müəyyən edilmiş, bu zaman şəxsin müraciətinin olması şərti ancaq Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərə aid edilmişdir.
34. Normaya edilmiş dəyişikliklərin qanunvericinin məqsədi baxımından təhlili göstərir ki, qanunvericilikdə sonrakı dəyişikliklər pensiyanın yenidən hesablandığı gündən sonra 6 il işlədikdə onun yenidən hesablanmasının avtomatlaşdırılmış qaydada aparılmasını konkret olaraq təsbit etmişdir.
35. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2022-ci il tarixədək ƏPHQ-nun 37.3.1-ci maddəsində pensiyanın yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyasının yenidən hesablanmasının şəxsin müraciətinə və ya avtomatlaşdırılmış qaydada aparılmasına dair qiymətləndirmə zamanı qanunvericinin məqsədi və normada aparılmış sonrakı dəqiqləşmələr nəzərə alınmalıdır. Bu baxımdan, iddiaçının hakim vəzifəsində işlədiyi dövrdə qüvvədə olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən normanın redaksiyasında pensiyanın yenidən hesablanması üçün şəxsin müraciət etməsi tələbi olmadığı və sonrakı dəyişiklikdə avtomatlaşdırılmış qaydada hesablanma müəyyən edildiyi halda, cavabdeh orqanın iddiaçının ziyanına – müraciət şərtini irəli sürməsi əsaslı sayıla bilməz.
36. Odur ki, iddiaçının pensiyası “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan 37.3.1 və 37.3.2-1-ci maddələri əsasında deyil, onun hakim vəzifəsində işlədiyi dövrdə qüvvədə olmuş və daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan həmin Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 37.3.1-ci maddəsinin redaksiyası əsasında yenidən hesablanmalı və hesablamalar nəticəsində yaranmış pensiya məbləğ fərqi ona ödənilməlidir.
37. Belə olan halda iddiaçı, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən yenidən hesablanmış pensiya məbləğinin əvvəlki üç il üzrə ödənilməsini tələb etməkdə haqlı sayılmalıdır. Belə ki, qeyd olunan normaya görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin Qanunun qüvvəyə mindiyi tarixdən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə uyğun təyin edilir.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 №-li 08 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
39. Pensiya məbləğinin indeksləşməsinə münasibətdə isə müəyyən edilir ki, cavabdeh orqan 2020-ci il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi 2,8 faiz, məbləğ 145 798,51 manat (2021-ci ildə indeksləşən məbləğ), 2021-ci il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi 6,7 faiz, məbləğ 155 567,01 manat (2022-ci ildə indeksləşən məbləğ), 2022-ci il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi 13,9 faiz, məbləğ 177 190,83 manat (2023-cü ildə indeksləşən məbləğ), 2023-cü il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi 8,8 faiz, məbləğ 192 783,62 manat (2024-cü ildə indeksləşən məbləğ) olmaqla indeksləşməni həyata keçirmiş, əmək pensiyası təyin edildikdən sonra X2i daxil olduğu 25 oktyabr 2024-cü il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabın sığorta hissəsində qeydə alınmış 192 783,61 manat (sonradan əks olunmuş pensiya kapitalı nəzərə alınmaqla) pensiya kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 76 aya bölünmüşdür (192 783,61 : 76 ay; 65 il – 64 il 8 ay = 4 ay + 72 ay (144 ay – 72)) və aylıq məbləğ 2 536,62 manat təşkil etmişdir. Həmin məbləğ 25 oktyabr 2024-cü il tarixinədək mövcud olmuş pensiyanın (753,40 manat) üzərinə əlavə edilərək iddiaçının əmək pensiyası həmin tarixdən 3 290,02 manat (753,40 + 2 536,62) məbləğində müəyyən edilmişdir.
40. Göründüyü kimi iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı ilkin icraat zamanı 188190,66 manat olsa da, sonradan əks olunmuş pensiya kapitalı nəzərə alınmaqla həmin məbləğ 192 783,62 manat müəyyən edilmiş və pensiya məbləği sonuncu müəyyən edilmiş məbləğə münasibətdə hesablanmışdır.
41. İddiaçı, xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanladığı ərizəsində ona hər ay üçün hesablanmış məbləğdən narazı olmadığını, tələbinin əvvəlki 3 il üzrə fərqin ödənilməsi ilə bağlı olduğunu bildirmişdir.
42. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, ona hesablanan və aylıq ödənilən pensiyanın məbləği ilə razılaşdığından cavabdeh orqanın indeksasiya ilə bağlı təqdim etdiyi məlumatların əlavə tədqiqatının aparılmasına lüzum yoxdur.
43. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2-1(116)-1950/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.