Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-439/2025 10.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “52 yaşının tamam olduğu, xx.xx.2012-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməklə, müraciətdən əvvəlki 3 ilin xx.xx.2020-ci il tarixdən ödənilməmiş sosial müavinətlə əmək pensiyası məbləğinin fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2-1(116)-110/2025 nömrəli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. işin halları:
1. İddiaçı, xx.xx.1960-cı ildə doğulmuşdur.
2. İddiaçı, Şəki rayonu Baş Layısqı kənd “Fəhlə-kəndli birliyi adına” kolxozda 1984- 1997-ci illərdə tütünlə bağlı əmək fəaliyyətini həyata keçirmiş, həmin kolxozda qadınlar üçün minimum adam günü normasının 170 gün olmuşdur. İddiaçının kolxozda ümumi əmək stajı 12 il 2 ay 2 günə bərabərdir (bu stajın minimum 10 il 9 ay 13 gününün zərərli sahəyə aiddir).
3. İddiaçı, xx.xx.1997-xx.xx.2002-ci illərdə Şəki rayonu Şin kənd orta məktəbində işləmişdir.
4. İddiaçının xx.xx.1980, xx.xx.1981, xx.xx.1983 və xx.xx.1984-cü ildə övladları doğulmuşdur.
5. İddiaçı cavabdeh orqana yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir (daxil olma xx.xx.2023), iddiaçının müraciətinə cavabdeh tərəfindən aidiyyəti üzrə baxılaraq xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-191353/2023 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.
6. Cavabdeh orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli 3-48-DA-12/F/2/H-496/2023 nömrəli arxiv arayışında 1979-cu il və 1984-1998-ci illər ərzində kolxozda əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir. Lakin həmin arayışda qanunvericiliyin tələblərinə uyğun olaraq yuxarıda qeyd olunan dövr üzrə il ərzində müəyyən edilmiş əmək iştirakı minimumu haqqında məlumatlar göstərilməyib. Bu səbəbdən də həmin illərin iddiaçının iş stajına daxil etmək mümkün olmadığına görə, onun ümumi iş stajı 25 ildən az (5 il 6 ay (xx.xx.1997-xx.xx.1998-ci il və xx.xx.1998-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər) təşkil edir, həmçinin iddiaçının güzəştli iş stajı da yoxdur.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “52 yaşının tamam olduğu, xx.xx.2012-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməklə, müraciətdən əvvəlki 3 ilin xx.xx.2020-ci il tarixdən ödənilməmiş sosial müavinətlə əmək pensiyası məbləğinin fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. xx.xx.2017-ci il tarixdən yaşa görə sosial müavinət alır. 1984-1997-ci illərdə Şəki rayonu Baş Layısqı kənd Fəhlə-kəndli birliyi adına kolxozda tütünçü vəzifəsində, 1997- 2002-ci illərdə isə Şin kənd orta məktəbində laborant və xidmətçi işləmişdir. Bu barədə əmək kitabçasında və X4 filialı tərəfindən verilmiş arayışda qeydiyyat aparılmışdır. Həmçinin 1980-1983 və 1985-ci illərdə xx.xx.1980, xx.xx.1981, xx.xx.1983 və xx.xx.1984cü tarixlərdə anadan olmuş körpə uşaqlarına qulluq etmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyini üçün tələb olunan sənədlərlə DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişədir. Lakin Filial tərəfindən məktub göndərilərək əmək pensiyası təyininin mümkün olmadığı bildirilmişdir. Əmək pensiyası təyininin mümkün olmaması səbəbi kimi ümumi və güzəştli iş stajının olmaması göstərilmişdir. Arxiv arayışına əsasən iddiaçının 10 il 7 ay tütünçü kimi güzəştli sosial sığorta stajı vardır (1984, 1986, 1987, 1990- 1993, 1996 - 8 il minimum bitirən illər, 1985, 1988, 1994, 1995-ci illər minimum bitirməyən illər 474 /170 = 2 il 7 ay). Arxiv arayışına əsasən 10 il tam illər (1985-ci il uşağa baxımla tam il olmaqla), 2 il 2 ay minimum bitirməyən illər olmaqla, cəmi 12 il 2 ay, əmək kitabçasına əsasən 1998-2002-ci illər üzrə 4 il 7 ay, xx.xx.1980-cı il tarixdən xx.xx.1983-cü il tarixədək körpə uşaqlarına 3 il 5 ay 23 gün qulluq müddəti olmaqla, yekunda 20 il 2 ay ümumi sosial sığorta stajı vardır. Bu stajlar da iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün kifayətdir. Əlavə olaraq bildirir ki, 1997-ci ildə həm kolxozda, həm də məktəbdə işləmişdir. Həmin ildə iqtisadi vəziyyətə görə yayda kolxoza, digər fəsiilərdə isə birinci növbə məktəbdə, ikinci növbədə isə kolxozda işləmişdir. Cavabdeh imtina məktubunda bir neçə səbəbə görə əmək pensiyası təyinindən imtina etmişdir. Səbəblərdən biri təqdim etdiyi arayışda işlədiyi kolxozda il ərzində müəyyən olunmuş adam gününün minimum norması barədə məlumatın olmamasıdır.
9. Cavabdeh müraciəti ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, İddiaçı cavabdehə təqdim etdiyi xx.xx.2023-cü il tarixli 3-48-DA-12/F/2/H-496/2023 nömrəli arxiv arayışında 1979-cu il və 1984-1998-ci illər ərzində kolxozda əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir. Lakin həmin arayışda qanunvericiliyin tələblərinə uyğun olaraq yuxarıda qeyd olunan dövr üzrə il ərzində müəyyən edilmiş əmək iştirakı minimumu haqqında məlumatlar göstərilməyib. Bu səbəbdən də həmin illərin iddiaçının iş stajına daxil etmək mümkün olmadığına görə, onun ümumi iş stajı 25 ildən az (5 il 6 ay (xx.xx.1997-xx.xx.1998-ci il və xx.xx.1998-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər) təşkil edir, həmçinin iddiaçının güzəştli iş stajı da yoxdur. Bundan başqa, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 5093,81 manat təşkil edir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımından İddiaçı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.
10. Şəki İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2-1(116)-110/2025 nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 52 yaşının tamam olduğu, xx.xx.2012-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməklə, müraciətdən əvvəlki 3 ilin xx.xx.2020-ci il tarixdən ödənilməmiş sosial müavinətlə əmək pensiyası məbləğinin fərqinin ödənilməsindən ibarətdir. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 20 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu müddətin cəmi 20 il 5 ay 29 günə bərabərdir. Yəni, iddiaçının xx.xx.2006-cı ilə qədər 20 ildən az olmayan ümumi iş stajı mövcuddur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tələb olunan 10 il güzəştli və 20 il ümumi iş stajına malikdir. Cavabdeh orqan iddiaçının Şəki rayonu Baş Layısqı kolxozunda işlədiyi müddəti mübahisələndirsə də, arxiv sənədlərinə əsasən iddiaçının 1979-cu ildən 1998-ci ilədək olan müddətdə Şəki rayonu Baş Layısqı kəndi “Fəhlə-kəndli birliyi” kolxozunda işləmişdir. İddiaçının həmin kolxozda əmək fəaliyyəti tütün yığımı ilə bağlı olmuşdur. İddiaçının kolxozda işlədiyi dövr ərzində (1984,1986,1990-1993-cü illərdə tam il, qalan illərdə adam günü norması ekvivalenti nəzərə alınmaqla) 20 ildən artıqdır. Belə ki,iddiaçının mübahisələndirilməyən 5 il 6 ay stajı da mövcuddur. Ali Məhkəmənin İnzibati kollegiyası əvvəlki qərarlarında, o cümlədən 2- 1(102)- 2629/2018 saylı 5 dekabr 2018-ci il tarixli, 2- 1(102)-686/2019 saylı 26 fevral 2019cu il tarixli, 2-1(102)-1107/2019 saylı 10 aprel 2019- cu il tarixli və 2-1(102)-499/2020 saylı 18 fevral 2020-ci il, 2-1(102)-871/2021 saylı 19 may 2021-ci il tarixli qərarlarında qeyd edilmişdir ki, tütün istehsalı özü-özlüyündə zərərli sahə olduğundan, tütün istehsalı ilə məşğul olan tütünçünün əməyinin həmin sahə ilə bağlı olmaması qəbul edilməyə bilməz. Tütün anlayışı öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə etdiyindən, iddiaçı tütünçü kimi güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. İddiaçının cavabdehə ilkin müraciəti xx.xx.2023-cü il tarixdə olduğundan ona cavabdehə müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya hesablana bilər. Göstərilən qaydada iddiaçıya ödəniləcək pensiyanın hesablanmasının əvvəli xx.xx.2020-ci ildən sayılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2006- cı il tarixədək ümumi və xüsusi iş stajı tamamlandığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
12. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, birnövdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin 5-ci hissəsinə əsasən, 1 yanvar 2006-cı ilədək olan dövr üzrə kolxozlarda iş müddəti yalnız kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədlə – kolxozçunun əmək kitabçası ilə (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeyd olduqda) sosial sığorta stajına aid edilir. İşə baxan birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdeh orqan iddiaçının Şəki rayonu Baş Layısqı kolxozunda işlədiyi müddəti mübahisələndirsə də, arxiv sənədlərinə əsasən, iddiaçının 1979-cu ildən 1998-ci ilədək Şəki rayonu Baş Layısqı kəndində yerləşən “Fəhlə-kəndli birliyi” kolxozunda əmək fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Onun həmin kolxozdakı işi əsasən tütün yığımı ilə bağlı olmuşdur. İddiaçının bu dövrdə – 1984, 1986, 1990–1993-cü illərdə tam iş ili üzrə, digər illərdə isə adam günü norması ekvivalentinə əsasən – ümumilikdə 20 ildən artıq iş stajı olduğu göstərilmişdir. Bununla belə, birinci instansiya məhkəməsi iddiaçının kolxozda işlədiyi illərə dair minimum adam günü normasını təsdiq edən qeydlərin olmamasına baxmayaraq, işlədiyi günlərin ehtimal əsasında adam günü norması ekvivalentinə uyğun olduğunu qəbul etmiş və bununla bağlı hər hansı əlavə araşdırma aparmadan iddia tələbinin təmin olunmasına qərar vermişdir. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı 1984–1997-ci illərdə Şəki rayonu Baş Layısqı kəndi “Fəhlə-kəndli birliyi” kolxozunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Lakin qeyd olunan halları nəzərə alaraq, vətəndaşın ümumi sosial sığorta stajı qanunla tələb olunan 20 ildən az olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilməmişdir. Eyni zamanda, iddiaçı K. Həsənovaya 01 mart 2018-ci il tarixindən 3 və daha çox uşaq doğaraq onları 8 yaşınadək tərbiyə etməsi və 57 yaşına çatması ilə əlaqədar sosial müavinət təyin edilmişdir və bu müavinətin ödənişi hazırda 220 manat məbləğində olmaqla davam etdirilir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Apellyasiya şikayətinə etirazın dəlilləri ondan ibarətdir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyini iddia etsə də, konkret hansı hüquq normalarının pozulduğunu göstərməmişdir. Bu isə onun iddialarının əsassız olduğunu göstərir, çünki heç bir hüquq norması pozulmamışdır. Cavabdeh şikayətində əsas arqument kimi arxiv arayışında işlənilən kolxozda il ərzində müəyyən olunmuş minimum adam günü norması barədə məlumatın olmamasını göstərmişdir. Lakin həmin məlumatın olmaması iddiaçının günahından baş verməmişdir. İddiaçı cavabdehə ünvanladığı məktubda işlədiyi kolxozda qadınlar üçün minimum adam günü normasının 170 gün olduğunu bildirmiş, DSMF arxivində həmin kolxozda işləyərək əvvəllər pensiya təyin edilmiş qadınların pensiya işlərində bu barədə məlumatların olduğunu əsaslandırmışdır. Buna baxmayaraq, cavabdeh orqan “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Həmin maddəyə əsasən, inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından imtina edə bilməz və təqdim olunmuş sübutlar yetərli olmadıqda əlavə sübutlar toplamalıdır. Lakin cavabdeh bu öhdəlikləri yerinə yetirməmiş, DSMF arxivindən zəruri məlumatları əldə etməmiş və nəticədə əsassız apellyasiya şikayəti vermişdir.
tərəflərin izahatları
15. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-110/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(116)-110/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
18. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: (-); z)kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində: bilavasitə kənd təsərrüfatı məhsulları istehsalınla çalışan traktorçu-maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışanlar: kişilər—55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 20 ilini həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa; sağıcı (maşınla sağım operatoru), quşabaxan, donuzabaxan-operator işləyən qadınlar—50 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda. İİİ. Əmək pensiyaları təyin edildikdə iş stajının hesablanması Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; ...
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”:
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən sənədlər olmadıqda əmək stajını sübutedici kimi həmkarlar ittifaqı üzvlük bileti və hesablaşma kitabçası qəbul edilə bilər. Bu halda hesablaşma kitabçası əmək haqqı verilməsi qeydi aparılan dövrü, həmkarlar ittifaqı bileti ilə orada əmək haqqından və ya təqaüddən üzvlük haqqı verilməsi barədə qeydlər olan müddəti təsdiq edə bilər. Həmkarlar ittifaqı bileti olmadıqda staj həmkarlar ittifaqı üzvünün uçot kartı üzrə orada üzvlük haqqı verilməsi qeyd olunan müddət üzrə qəbul edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı”nın 27-ci bəndində aşağıda müvafiq ardıcıllıqla verilmiş qeyd olunan yeyinti sənayesinin 27.5.1 və 27.5.2-ci yarımbəndlərində tütün istehsalı: a) fəhlələr: tütün üzrə kupajçılar, pnevmatik qurğu maşinistləri, papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri, tənzimləşdirici maşinistlər, tütünkəsən maşın maşinistləri, tütün keşinin presləyiciləri, tütünyumşaldanlar, tütün yarpaqlarını düzənlər, tütünü çəkib bükənlər, tütün çeşidləyiciləri, tütün quruducuları, istehsalat binalarının yığışdırıcıları, avadanlığın təmizləyiciləri, b) mütəxəssislər: tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar və bərpa olunmuş tütünün istehsalı, a) fəhlələr: tortanı buxara verənlər, bərpa edilmiş tütün xətlərində məşğul olan fermentasiya kameralarının doldurucuları-boşaldıcıları, kağız (karton) düzəldən maşının maşinistləri (torçuları), kağız və kağız məmulatlarının hopdurucuları, üyüdücülər, tütün quruducuları, tütün xammalını nəmləşdirənlər, b) mütəxəssislər: bərpa edilmiş tütün sexlərində məşğul olan ustalar, böyük ustalar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat növü hesab edilmişdir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.
21. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 saylı 8 oktyabr 2020-ci il tarixli qərardadı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
23. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
27. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona 52 yaşının tamam olduğu, xx.xx.2012-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə və xx.xx.2020-ci il tarixindən (müraciətdən əvvəlki üç ilin) ödənilməsinə yönəlmişdir. İddiaçı, xx.xx.1960-cı ildə doğulmuşdur.
29. Cavabdeh orqanın apellyasiya şikayətinin başlıca dəlilləri ondan ibarətdir ki, iddiaçının işlədiyi kolxozda minimum adam günü normasını təsdiq edən qeyd yoxdur. Birinci instansiya məhkəməsi bunu nəzərə almamış və əlavə araşdırma aparmamışdır. Bundan başqa, iddiaçının ümumi sosial sığorta stajı 20 ildən az olduğundan ona güzəştli şərtlərlə pensiya təyin olunması qanunsuzdur.
30. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 52 yaşının bitdiyi xx.xx.2012-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1960-cı ildə doğulub).
31. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 20 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması.
32. Şəki rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışı ilə müəyyən edilir ki, iddiaçı, Şəki rayonu Baş Layısqı kənd “Fəhlə-kəndli birliyi adına” kolxozda 1984-1997-ci illərdə tütünlə bağlı əmək fəaliyyətini həyata keçirmişdir.
33. Sözügedən kolxozda qadınlar üçün minimum adam günü norması ilə bağlı qeydlərin olmamasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan məhz həmin kolxozda işləyən şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı inzibati praktikaya malik olmuşdur.
34. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-3347/2019, xx.xx.2019-cu il tarixli 2-1(102)-2669/2019, xx.xx.2020-ci il tarixli 2-1(102)-499/2020 və xx.xx.2021-ci il tarixli 2-1(102)-1199/2021 nömrəli qərarlarından da göründüyü kimi, məhz sözügedən kolxozda işləmiş şəxslərlə cavabdeh orqan arasında yaranmış inzibati mübahisələrdə həmin kolxozda qadınlar üçün minimum adam günü normasının 170 gün olması müəyyən edilmişdir.
35. Bundan başqa, iş materiallarında mövcud olan və oxşar təsərrüfat fəaliyyəti ilə məşğul olmuş (tütünçülük) Şəki rayonu Qoxmuq kənd 1 May kolxozuna dair kolxozçuların əmək stajı və qazancının uçotu kitablarında da, qadınlar üçün minimum adam günü normasının 170 gün olduğu qeyd edilmişdir.
36. Odur ki məhkəmə kollegiyası hazırkı iş üzrə iddiaçının Şəki rayonu Baş Layısqı kənd “Fəhlə-kəndli birliyi adına” kolxozda 1984-1997-ci illər üzrə əmək fəaliyyətini hesablayarkən minimum adam günü normasını 170 gün həddində qəbul etmişdir.
37. İddiaçının sözügedən kolxozda 1984, 1986-1987, 1990-1993, 1996 və 1997-ci illərdə işlədiyi adam günü miqdarı qadınlar üçün müəyyən edilmiş minimumdan yüksək olduğundan həmin illər üzrə tam əmək stajı 9 ildir.
38. 1985, 1988-1989, 1994-1995-cı illərdə isə tam adam günü normasını yerinə yetirmədiyindən həmin müddət faktiki işlənmiş günlər nəzərə alınmaqla hesablanır (162+22+65+166+124=539/170=3,17. Yəni, 3 il, 2 ay, 2 gün).
39. Göründüyü kimi iddiaçının kolxozda ümumi əmək stajı 12 il 2 ay 2 günə bərabərdir. Arxiv arayışından görünür ki, iddiaçının tütün sahəsində işləməklə tam staj olaraq qəbul edilən illər 1984, 1986-1987, 1990-1993, 1996-cı illərdir (8 il). Natamam işlədiyi dövrlərdə isə iddiaçı 1985-ci ildə 162 gün, 1988-ci ildə 22 gün, 1994-cü ildə 166 gün və 1995-ci ildə 124 gün tütün sahəsində işləmişdir ki, yuxarıda qeyd edilən qaydada natamam müddət ərzində tütün sahəsində işlənən staj 2 il 9 ay 13 gün hesablanır. Nəticədə iddiaçının tütün sahəsində xüsusi iş stajının cəmi 10 il 9 ay 13 günə bərabərdir.
40. Ali Məhkəmənin İnzibati kollegiyası 2- 1(102)-2629/2018 saylı 5 dekabr 2018ci il tarixli, 2-1(102)-686/2019 saylı 26 fevral 2019- cu il tarixli, 2-1(102)-1107/2019 saylı 10 aprel 2019-cu il tarixli və 2-1(102)-499/2020 saylı 18 fevral 2020-ci il tarixli qərarlarında qeyd edilmişdir ki, tütün istehsalı özü-özlüyündə zərərli sahə olduğundan, tütün istehsalı ilə məşğul olan tütünçünün əməyinin həmin sahə ilə bağlı olmaması qəbul edilməyə bilməz. Tütün anlayışı öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə etdiyindən, iddiaçı tütünçü kimi güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir.
41. İş materiallarından görünür ki, iddiaçı, xx.xx.1997-xx.xx.2002-ci illərdə Şəki rayonu Şin kənd orta məktəbində işləmişdir ki, bu müddətin cəmi 5 il 7 aya bərabərdir.
42. Dövlət Sosial Müdafiə Fondunun sədrinin yerli şöbələrinə ünvanladığı 8 noyabr 2007-ci il tarixli xx/xx-3402 №-li məktubunun 4-cü bəndinə əsasən Siyahıda nəzərdə tutulan işlərdə çalışan qadınların Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün sosial sığorta stajına daxil edilir (Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-817/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında istinad olunub).
43. İş materiallarından görünür ki, iddiaçının xx.xx.1980, xx.xx.1981, xx.xx.1983 və xx.xx.1984-cü ildə övladları doğulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qaydada hesablama iddiaçının xx.xx.1983 və xx.xx.1984-cü ildə doğulmuş övladlarına qulluqla əlaqədar yenidən hesablanacağı halda natamam dövr kimi hesablanmış 1985-ci il də, tam staj kimi qəbul ediləcəkdir.
44. Hazırkı vəziyyətdə iddiaçının xx.xx.1980 və xx.xx.1981-ci ildə doğulmuş övladlarına qulluq müddətləri yuxarıda hesablanmış 17 il 9 ay 2 gün sosial sığorta stajına toplandıqda minimum 20 ilin tamamlanması üçün zəruri olan çatışmayan 2 il 2 ay 28 gün tamamlandığından məhkəmə kollegiyası hesab edir ki, əlavə hesablamanın aparılmasına lüzum yoxdur və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün qənaətə gəlmişdir.
45. Körpə uşağa qulluq müddətinin iddiaçının əmək fəaliyyətinə başlayanadək nəzərə alınmasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsində işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddətinin iş stajına daxil edilməsi birmənalı müəyyən edilmiş və normada uşağın nə vaxt doğulması (ana işə girənədək və ya ondan sonra), ananın sonradan işə girib-girməməsi ilə bağlı heç bir məhdudiyyət nəzərdə tutulmamışdır.
46. Oxşar inzibati mübahisə üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 817/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, 1 iyul 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinin redaksiyasının mənasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlərsə, onda iddiaçının bu hüquqa malik olması tanınmaya bilməz.
47. İddiaçı 1 iyul 2017-ci ilə qədər pensiyanın təyin edilməsi üçün cavabdehə müraciət etmədiyindən əvvəlki illərin pensiya məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilə bilər.
48. İş materiallarından görünür ki, iddiaçının cavabdeh orqana müraciəti xx.xx.2023-cü ildə daxil olmuş və iddiaçı məhz həmin tarixdən 3 il əvvələ münasibətdə pensiyanın ödənilməsini tələb etmişdir.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2-1(116)-110/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.