Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-44/2022 03.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs Mingəçevir bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə (üçüncü şəxs: Mingəçevir bələdiyyəsi) qarşı “Mingəçevir bələdiyyəsinin 19 mart 2007-ci il tarixli, 33/5 nömrəli qərarına əsasən ona baş planda göstərilən yerdən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə verilmiş 350 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq planı və ölçüsü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2-1(116)-799/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir bələdiyyəsinin 19 mart 2007-ci il tarixli, 33/5 nömrəli qərarına əsasən ona baş planda göstərilən yerdən fərdi mənzil tikintisi üçün alqısatqı yolu ilə verilmiş 350 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Mingəçevir bələdiyyəsi 19.03.2007-ci il tarixli 33/5 nömrəli qərarına əsasən iddiaçıya baş planda göstərilən yerdən şəhərin Az.DRES qəsəbəsi, Naxçıvan küçəsi 31 saylı binanın (yataqxana) qarşısındakı yerdən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 350 kv.m torpaq sahəsi xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı 19.03.2007-ci il tarixdə Mingəçevir bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə mülkiyyətinə verilmiş 350 kv.m torpaq sahəsinin dəyərini (520 manat) bələdiyyəyə ödədikdən sonra ona Mingəçevir bələdiyyəsi tərəfindən 19.03.2007-ci il tarixli 33/5 nömrəli torpağın mülkiyyətinə verilməsinə dair qərar, bələdiyyənin möhürü ilə təsdiq olunmuş ödəmə qəbzi və alqı-satqı aktı verilmişdir. Sonradan iddiaçı bələdiyyəyə dəvət edilərək torpağın ödəniş qəbzi və alqı-satqı aktı ondan alınmış, lakin həmin sənədlər iddiaçıya qaytarılmamışdır. İddiaçı sözügedən bələdiyyə qərarının mülkiyyət sənədi olmasını zənn etmiş, bu səbəblə də torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmamış və eyni zamanda çıxarış almamışdır. İddiaçı cavabdeh orqana müraciət edərək bələdiyyə qərarı ilə ona satılmış 350 kv.m torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı ərizə ilə Mingəçevir bələdiyyəsinə ona satılan torpaq sahəsinə dair pulu ödəmə qəbzini və alqı-satqı aktının ona verilməsini xahiş etmişdir. Mingəçevir bələdiyyəsi 31 mart 2021-ci il tarixli, 749 nömrəli məktubla ona bildirmişlər ki, 19 mart 2007-ci il tarixli, 33/5 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş torpaq sahəsinə alqısatqı üçün ödədiyi pulun çekinin surətini bankdan ala bilər. İddiaçı bildirmişdir ki, ödənişini nağd pulla bələdiyyənin özünə ödəmiş və həmin vaxt bələdiyyənin möhürü lə təsdiq olunmuş ödəmə qəbzi və alqı-satqı aktı verilmişdir. Cavabdeh 17.03.2021-ci il tarixli **********22 nömrəli imtina məktubunda göstərmişdir ki, Mingəçevir şəhər bələdiyyəsinin 19.03.2007-ci il tarixli 33/5 saylı qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə iddiaçının müraciətinə baxılmışdır. Mingəçevir bələdiyyəsinin 19 mart 2007-ci il tarixli, 33/5 saylı qərarı ilə iddiaçıya fərdi mənzil tikintisi üçün ayrılmış torpaq sahəsi alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi nəzərədə tutulmuşdur. Ərizəyə əlavə edilmiş sənəd toplusunda torpaq sahəsinin alqı-satqısına dair akt (müqavilə) əlavə edilməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsdində və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması haqqında” Əsasnamənin 1-ci, 13-1-ci, və 23 bəndlərində qeyd olunduğu kimi bələdiyyələr tərəfindən vətəndaşlara fərdi mənzil tikintisi üçün torpaq sahələri alqı-satqı yolu ilə ayrılır. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reeystri haqqında” Azərbaycan Respublikasının Qanununun 8 və 10-cu maddələrində fərdi yaşayış evi, o cümlədən torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması qaydaları izah olunmuşdur. Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün iddiaçının təqdim etdiyi sənədlərdə çatışmazlıqlar vardır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədləri toplayıb yenidən müraciət edə bilər. Cavabdeh 28.04.2021-ci il tarixli iddiaya etirazında qeyd etmişdir ki, vətəndaşın ərazi idarəsinə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün tədim etdiyi sənədlər hüquqların dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilə bilmədiyi üçün ona bu barədə “Bələdiyyə torpaqlarının idarə eaılməsı haqqında Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsində və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması haqqında” Əsasnamənin 1-ci, 13-1ci və 23 bəndlərinin tələbləri izah olunmuşdur. İddia tələbinin əsassız olması cavabdeh tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1, 144.3, 144.5, 146.1 və 146.3-cü maddələri ilə izah olunmuş, bu səbəbdən iddiaçının ərizəsinin icrası mümkün olmadığı bildirilmişdir. Məhkəmənin 16.04.2021-ci il tarixli, 2-1(116)-799/2021 nömrəli qərardadı ilə Mingəçevir bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş materiallarında olan Mingəçevir bələdiyyəsinin 19.03.2007-ci il tarixli, 33/5 nömrəli qərarı və Mingəçevir bələdiyyəsinin ümumi yığıncağının 19.03.2007-ci il tarixli, 33 saylı protokolunun təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən miivafıq İcra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarının təsdiq edilməsi" barədə 04.09.2000-ci il tarixli 160 saylı qərarına əsasən aidiyyatı orqanlarla razılığını, Mingəçevir şəhər əhalisinin çoxsaylı müraciətini, bələdiyyənin “Ərazi, torpaq və memarlıq” komissiyasının, ŞİH-nin "Memarlıq və Tikinti", Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər Torpaq şöbələrinin müsbət rəylərini və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47 və 59-cu maddələrinə, habelə "Torpaq islahatı haqqında" 16 iyul 1996-cı il tarixli Qanununun 19-cu maddəsinə uyğun olaraq baş planda göstərilən yerdən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 350 kv.m torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətinə verilməsi qərara alınmış və həmin qərarda İddiaçı tapşırılmışdır ki, Torpaq Məcəlləsi və qanunvericilikdə nəzərdə tutulan qaydada torpağa mülkiyyət hüququna dair şəhadətnamə alınmasını təmin etsin. İş materiallarında olan Mingəçevir Şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin Mingəçevir bələdiyyəsinə ünvanladığı 29.11.2007-ci il tarixli, 400 nömrəli məktubunda qeyd edilir ki, mənzilə olan ehtiyacını ödəmək məqsədi ilə Az.DRES qəsəbəsi Naxçıvan küçəsi 31 saylı binanın (yataqxana) qarşısındakı ərazidən 350 (üç yüz əlli) kv.m torpaq sahəsinin F.Əzimov küçəsi ev 1 mənzil 58-də yaşayan İddiaçı qanunamüvafiq olaraq alqı-satqı yolu ilə mülkiyyətinə verilməsinə etiraz edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin Mingəçevir bələdiyyəsinə ünvanladığı 29.11.2007ci il tarixli 330 nömrəli məktubunda qeyd edilir ki, Az.DRES qəsəbəsi Naxçıvan küçəsi 31 saylı binanın (yataqxana) qarşısındakı ərazidən 350 (üç yüz əlli) kv.m torpaq sahəsinin F.Əzimov küçəsi ev 1 mənzil 58-də yaşayan İddiaçı qanuna müvafiq olaraq alqısatqı yolu ilə mülkiyyətinə verilməsinə etiraz edilmir. İş materiallarında olan Mingəçevir bələdiyyəsinin İddiaçı ünvanladığı 31.03.2021-ci il tarixli, 749 nömrəli məktubundan görünür ki, iddiaçı torpaq sahəsinin alqı-satqısı üçün ödədiyi pulun qəbzinin ona verilməsinə köməklik göstərilməsini xahiş etmiş, lakin ona bildirilmişdir ki, ödəniş qəbzinin əsli bankdan vətəndaşa verilir, surəti isə bankda saxlanılır. Bələdiyyənin arxivində həmin qəbzin surəti yoxdur. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 15 sentyabr 2021-ci il tarixli, 2-1(116)-799/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Mingəçevir bələdiyyəsinin 19 mart 2007-ci il tarixli, 33/5 nömrəli qərarına əsasən ona baş planda göstərilən yerdən fərdi mənzil tikintisi üçün alqısatqı yolu ilə verilmiş 350 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2-1(116)-799/2021 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2-1(116)-799/2021 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2-1(116)-799/2021 nömrəli iş üzrə qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Mingəçevir bələdiyyəsinin nümayəndəsi X2 bildirdi ki, İddiaçı ilə Mingəçevir bələdiyyəsi arasında hər hansı bir alqı-satqı müqaviləsinin bağlanması və torpağın alınmasına dair ödəniş qəbzi barədə məlumat yoxdur. O, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının 29.06.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisəyə iddiaçı ilə bələdiyyə arasında mövcud mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş qanunvericilik normaların tətbiqi baxımından aşağıdakı müdəalara istinad olunmalıdır. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28.10.2008-ci il tarixli 709-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərə qədər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının 29.06.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun 6.5-ci maddəsinin qüvvədə olmuş mətninə görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23.10.2007-ci il tarixli 466-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərə qədər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının 29.06.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun 9.6-cı maddəsinin qüvvədə olmuş mətninə görə bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqısatqı aktı tərtib edilir. Həmçinin Azəbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 4-cü bəndinə görə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir; 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər; 13-1-ci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğısatqı qaydasında verilir; 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir; 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir; 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir; 23-cü bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir; 25-ci bəndinə görə bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin hazırlanması üçün öz qərarından və torpaq sahəsinin planından (cizgisindən) çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir; 26-cı bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları dövlət torpaq kadastrında, dövlət torpaq reyestrində qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi, bələdiyyə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra, torpaq sahəsinin iddiaçıya ayrılması barədə müvafiq qərar qəbul etməli, qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bank hesabına ödənilməklə onunla bələdiyyə arasında müvafiq alqı-satqı aktı tərtib edilməli olduğu halda iş üzrə bu prosedur qaydalarına əməl edilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iş üzrə Mingəçevir bələdiyyəsinin qərarı 19.03.2007-ci il tarixlərdə qəbul edildiyi halda, Mingəçevir Şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin rəyi 400 nömrəli, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin rəyi isə 330 məktubla, eyni 29.11.2007-ci il tarixdə, yəni qərarın qəbul olunmasından bir neçə ay sonra Mingəçevir bələdiyyəsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi araşdırması zamanı iddiaçı tərəfindən torpağın əvəzinin bələdiyyənin bank hesabına ödənilmədiyinin, belə bir ödənişin həyata keçirilməsi barədə bank qəbzinin olmadığı müəyyən edilmişdir. İddiaçı bu faktı iddia ərizəsində də təsdiq etmişdir. Eyni zamanda bələdiyyə ilə iddiaçı arasında həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə müvafiq şəkildə alqı-satqı aktının tərtib edilmədiyi müəyyən edilmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi iddia ərizəsinin araşdırılması zamanı müəyyən etmişdir ki, iddia ərizəsi Mingəçevir bələdiyyətinin blanklı vərəqində tərtib olunaraq məhkəməyə göndərilmişdir. İddia ərizəsinin belə bir blanklı vərəqdə tərtib edilməsi isə, məhkəməyə iddia ərizəsinin iddiaçı tərəfindən imzalanıb müdafiə edilməsinə rəğmən, məhz Mingəçevir bələdiyyəsinin nümayəndələri tərəfindən tərtib edilməsini düşünməyə kifayət qədər əsas verir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə iddiaçı apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2-1(116)-799/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-44/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-44/2022
03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver