Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-440/2024 11.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X3 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 8 may 2024-cü il tarixli 2-1(116)-88/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsinə əsasən iddiaçı xx xxxxx 1955-ci ildə Şəki rayon Kiçik Dəhnə kəndində anadan olmuşdur. xx.xx.1971-ci ildən xx.xx.1974-cü il tarixə qədər X5 Texnikumunda əyani təhsil almışdır. xx.xx.1974-cü ildən xx.xx.1976-cı il tarixə qədər hərbi xidmətdə olmuşdur. xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər Şəki rayon İstehlak Cəmiyyətinin İdarə Heyəti üzrə Kiçik Dəhnə 41 saylı mağazada satıcı vəzifəsində işləmişdir. xx.xx.1979-cu ildən xx.xx.1996-cı il tarixə qədər Şəki rayon Kooperativlər Cəmiyyətində birinci satıcı, sonra müdir vəzifəsində çalışmışdır. xx.xx.1997-ci ildən 1997-ci ilin dekabr ayına qədər Şəki Quşçuluq sovxozunda ekspeditor vəzifəsində işləmişdir. xx.xx.2008-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər RF Kirov vilayətində 11 saylı cəzaçəkmə müəssəsində cəza çəkmişdir . xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixə qədər müddətli əmək müqaviləsi ilə Mingəçevir şəhər Mənzil Komunal Təsərüffat və İstehsalat Birliyində sahə nəzarətçisi vəzifəsində çalışmışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü ilə qədər Mənzil Kommunal Təsərüffat və İstehsalat Birliyində sahə nəzarətçisi vəzifəsində çalışmışdır. Cəmi stajı 27 il 11 ay 19 gün təşkil edir. İddiaçı DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmiş, iddiaçının tələbi təmin edilməmişdir.
3. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçının təqdim etdiyi əmək kitabçasının, təhsil haqqında diplomun və hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək əyani təhsil aldığı illər və xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla) 10 il 8 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 7 il 1 ay sığorta stajına uyğun olaraq 5.117,82 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 3.491,84 manat olmaqla, ümumilikdə 8.609,66 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34.560,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin qeyd edək ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, xx.xx.1979-cu il tarixdən xx.xx.1986-cı il tarixədək iddiaçının Şəki rayon Kooperativlər Cəmiyyətində olan əmək fəaliyyəti əmək kitabçasında düzgün qeyd edilməyib (işə daxil olma və işdən azad olma əmrləri yoxdur). Eyni zamanda İddiaçı əmək kitabçasının surətində xx.xx.1992-ci il tarixdə işə daxil olma əmrində qaralama olduğu üçün xx.xx.1992ci il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbəri baxımından mümkün hesab edilməmişdir.
4. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 8 may 2024-cü il tarixli 2- 1(116)-88/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mərkəzi Filiala ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-18915/2023 nömrəli xidməti məktuba cavab olaraq qeyd edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. Adıçəkilən şəxsin təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək təhsil illəri, hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti dövrü, X1 Sisteminin Pensiya altsisteminə əsasən xx.xx.2006-cı il tarixdən sonra 3 il 11 ay olmaqla ümumilikdə 20 il 2 ay 4 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 7 il 1 ay sığorta stajına uyğun olaraq 5.117.82 manat. xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 3.491.84 manat olmaqla, ümumilikdə 8.609,66 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34.560,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240.00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin qeyd edilməlidir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, xx.xx.1979-cu il tarixdən xx.xx.1986-cı il tarixədək iddiaçının Səki rayon Kooperativlər Cəmiyyətində olan əmək fəaliyyəti əmək kitabçasında düzgün qeyd edilmədiyindən (işə daxil olma və işdən azad olma əmrləri yoxdur) müvafiq dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbəri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi əsası kimi qeyd etmişdir ki, cavabdehin iddia tələbinə etirazının dəlili iddiaçının Şəki rayon Kooperativlər Cəmiyyətində olan əmək fəaliyyəti əmək kitabçasında düzgün qeyd edilməməsi olmuşdur. Həmin dəlilə münasibətdə məhkəmə bildirir ki, iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1986-cı tarixlərdə Şəki rayon Kooperativlər Cəmiyyətində birinci satıcı, sonra müdir vəzifəsində işləməsi ilə bağlı 1986-1987-ci il tarixli X6 Kooperativi sərəncam kitabında qeyd aparılmışdır. Kitabın birinci səhifəsində cəmiyyətdə xx.xx.1986-cı il tarixindən baş vermiş yanğın hadisəsinə dair məlumat qeydi aparılmış və əvvəlki dövrə aid sənədlərin yandığı göstərilmişdir. Həmin kitabın 5-ci səhifəsində 9 nömrəli qeyddən görünür ki, iddiaçı müdir-satıcı vəzifəsində işləməkdə davam edir. Həmin kitabın 148-ci səhifəsində 412 nömrəli Sərəncamın 2-ci bəndinə əsasən iddiaçı xx.xx.1987-ci il tarixdə vəzifəsindən azad olunmuşdur. Sözügedən mövqeyə münasibətdə bildiririk ki, təqdim edilmiş əmr kitabı 1986-1987-ci illəri əhatə edir və yanlız 1986-1987-ci illərə dair qeydlər əsas götürülməklə iddiaçının 1979-cu ildən etibarən qeyd olunan müəssisədə işləməsini təsdiq etmir. Bundan başqa bildiririk ki, işə birinci instansiya məhkəməsi qismində baxan Şəki İnzibati Məhkəməsi tərəfindən sözügedən əmr kitabının 5-ci səhifəsinin 9 nömrəli qeydinə əsaslanmaqla bütün mübahisələndirilən dövrün iddiaçının sosial sığorta stajı kimi nəzərə alınması qanunvericiliklə mümkün hesab edilməməlidir. Eyni zamanda bildiririk ki, müvafiq olaraq mübahisəli dövrün 1979-1986-cı illəri əhatə etməsinə baxmayaraq birinci instansiya məhkəməsi müvafiq əmr kitabının 148ci səhifəsində 412 nömrəli Sərəncamın 2-ci bəndinə əsasən iddiaçının xx.xx.1987-ci il tarixdə vəzifəsindən azad olunmasına əsaslanaraq iddia tələbini təmin etmişdir. Əlavə olaraq bildiririk ki, müəssisədə yanğın hadisəsinin olması faktının müvafiq əmr kitabında qeyd edilməsi iddiaçının yanğın olmazdan əvvəl həmin müəssisədə işləməsini təsdiq edən hal kimi qəbul edilə bilməz. Ona görə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 8 may 2024-cü il tarixli 2-1(116)-88/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 8 may 2024-cü il tarixli 2-1(116)-88/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 8 may 2024-cü il tarixli 2-1(116)-88/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955ci il təvəllüdlüdür.
3. İddiaçıya məxsus ИТ-İ ******* saylı Əmək kitabçası.
4. İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi bilet.
5. İddiaçıya məxsus Щ 014421 nömrəli diplomun təsdiqlənmiş surətindən görünür ki, iddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixdə qədər Şamaxı Kənd təsərrüfatı Texnikumunda baytar texniki ixtisası üzrə təhsil almışdır.
6. Şəki rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubu.
7. Şəki rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışı.
8. Şəki rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlər.
9. 1986-1987-ci il tarixli X6 Kooperativinin Əmrlər kitabındakı xx.xx.1986-cı il tarixli 5№-li sərəncamdan görünür ki, İddiaçı 5 nömrəli mağazaya müdir satıcı təyin edilmişdir. 10.1986-1987-ci il tarixli X6 Kooperativi Əmrlər kitabındakı xx.xx.1987-cı il tarixli 412-li sərəncamdan görünür ki, İddiaçı 5 nömrəli mağazaya müdir satıcı vəzifəsindən ərizəsi üzrə həmin mağazadan ayrılmış və 48 nömrəli mağazaya satıcı vəzifəsinə təyin edilmişdir. 11.M.Əsədov adına Qəsəbə Təsərrüfat hesablı Ticarət Birliyi üzrə (1992-1995-ci illər üzrə) əmr kitabından görünür ki, M.Əsədov adına Qəsəbə Təsərrüfat hesablı Ticarət Birliyi üzrə 42 nömrəli əmrlə İddiaçı xx.xx.1992-ci il tarixdən mağazaya müdir satıcı təyin edilmişdir. Kitabda 1995-ci ildən sonrakı tarix barədə məlumat yoxdur. 12.11 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu. 13.“Azərittifaq” Şəki rayon Kooperativ Cəmiyyətinin xx.xx.2023-cü il tarixli Arayışı.
14. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki Rayon Dövlət X2 xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən, hissənin arxivində xx.xx.1986-cı il tarixdə saat 15:20-də X6 Kooperativinin idarə binasında baş vermiş yanğın hadisəsi ilə bağlı heç bir məlumat və sənəd yoxdur.
15. Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən Daxili İşlər Nazirliyinin qanuni göstərişinə əsasən 3 il müddəti keçmiş arxiv materiallar müvafiq qaydada məhv edildiyi üçün xx.xx.1986-cı il tarixdə Şəki rayonu ərazisində yerləşən X6 Kooperativinin binasında yanğın hadisəsinin baş verib-verməməsi barədə məlumatların təqdim edilməsi mümkün olmamışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.
15. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).
16. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
17. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir.
18. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
19. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1986-cı tarixlərdə Şəki rayon Kooperativlər Cəmiyyətində birinci satıcı, sonra müdir vəzifəsində işləməsi ilə bağlı 1986- 1987-ci il tarixli X6 Kooperativi sərəncam kitabında qeyd aparılmışdır. Kitabın birinci səhifəsində cəmiyyətdə xx.xx.1986-cı il tarixindən baş vermiş yanğın hadisəsinə dair məlumat qeydi aparılmış və əvvəlki dövrə aid sənədlərin yandığı göstərilmişdir. Həmin kitabın 5-ci səhifəsində 9 nömrəli qeyddən görünür ki, iddiaçı müdir-satıcı vəzifəsində işləməkdə davam edir. Həmin kitabın 148-ci səhifəsində 412 nömrəli Sərəncamın 2-ci bəndinə əsasən iddiaçı xx.xx.1987-ci il tarixində vəzifəsindən azad olunmuşdur. M.Əsədov adına Qəsəbə Təsərrüfat hesablı Ticarət Birliyinin 1992-1995-ci illər üzrə əmr kitabında qeydlər aparılmışdır. Həmin kitabın 5-ci səhifəsində 42 nömrəli əmr iddiaçının 48 nömrəli mağazaya müdir-satıcı vəzifəsinə təyin edilməsi barədədir. Əmrlər kitabı xx.xx.1995-ci ilə qədər olan əmrləri əhatə edir ki, həmin tarixədək də iddiaçının işdən azad olunması barədə qeyd aparılmamışdır.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Belə ki, iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus ИТ-İ ******* saylı əmək kitabçasının dublikatı xx.xx.2020-ci il tarixdə tərtib edilərək Şəki rayon Kooperativ Cəmiyyəti tərəfindən təsdiq edilmişdir. Təqdim edilmiş əmək kitabçası yalnız 1986-1987, 1992-1994-cü illərə aid əmr kitablarına istinad olunaraq tərtib edilmişdir. Göründüyü kimi həmin əmək kitabçası təzədir, həmçinin, əmək kitabçasında xx.xx.1979-cu il tarixdə iddiaçının Şəki RİC-dən azad edilməsindən sonrakı tarix də qeyd edilməmişdir.
26. Bununla yanaşı, xx.xx.1979-cu il tarixdən xx.xx.1986-cı il tarixədək iddiaçının Şəki rayon Kooperativ Cəmiyyətində olan əmək fəaliyyəti əmək kitabçasında düzgün qeyd edilməmiş, həmin dövrə aid işə daxil olma və işdən azad olma əmrləri iş materiallarında mövcud deyildir.
27. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir.
28. Bundan başqa məhkəməyə təqdim edilmiş əmr kitabı 1986-1987-ci illəri əhatə etmiş və birinci instansiya məhkəməsi yalnız 1986-1987-ci illərə dair qeydləri əsas götürməklə iddiaçının 1979-cu ildən etibarən qeyd olunan müəssisədə işləməsini ehtimal etməsi qanunvericiliyə uyğun olmamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi sözügedən əmr kitabının 5-ci səhifəsinin 9 nömrəli qeydinə əsaslanaraq iddiaçının müdirsatıcı vəzifəsində işləməkdə davam etməsini əsas götürərək bütün mübahisələndirilən dövrü iddiaçının sosial sığorta stajı kimi nəzərə almaqda düzgün nəticəyə gəlməmişdir. Bundan başqa müvafiq olaraq mübahisəli dövrün 1979-1986-cı illəri əhatə etməsinə baxmayaraq birinci instansiya məhkəməsi həmin əmr kitabının 148-ci səhifəsində 412 nömrəli Sərəncamın 2-ci bəndinə əsasən iddiaçının xx.xx.1987-ci il tarixdə vəzifəsindən azad olunmasına əsaslanaraq iddia tələbini təmin etmişdir. Həmçinin, müəssisədə yanğın hadisəsinin baş verməsi faktının qeyd edilən əmr kitabında göstərilməsi iddiaçının yanğın olmazdan əvvəl həmin müəssisədə işləməsini təsdiq edən hal kimi qəbul edilə bilməz.
29. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki Rayon Dövlət X2 xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən, hissənin arxivində xx.xx.1986-cı il tarixdə saat 15:20-də X6 Kooperativinin idarə binasında baş vermiş yanğın hadisəsi ilə bağlı heç bir məlumat və sənəd yoxdur. Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən Daxili İşlər Nazirliyinin qanuni göstərişinə əsasən 3 il müddəti keçmiş arxiv materiallar müvafiq qaydada məhv edildiyi üçün xx.xx.1986-cı il tarixdə Şəki rayonu ərazisində yerləşən X6 Kooperativinin binasında yanğın hadisəsinin baş verib-verməməsi barədə məlumatların təqdim edilməsi mümkün olmamışdır.
30. Ona görə də cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
29. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir.
30. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.
31. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 8 may 2024-cü il tarixli 2-1(116)-88/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.