Məhkəmə qərarları › İş №2-1(107)-441/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-441/2020

16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-441/2020 16.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Emin Nizami oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialına qarşı “1972-1973, 1976-1978-ci illərdə Göyçay rayon Alxasava kənd “Şirvan” kolxozunda işlədiyi 4 il müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2020-ci il tarixdən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1(116)-1053/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “1972-1973, 1976-1978-cı illərdə Göyçay rayon Alxasava kənd “Şirvan” kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Göyçay rayon Alxasava kəndində anadan olmuşdur. xx.xx.2020-ci il tarixdə hüququ yarandığı üçün ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2020ci il tarixdə “1972-1973, 1976-1978-ci illərdə Göyçay rayon Alxasava kənd “Şirvan” kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilərək pensiyasının yenidən hesablanması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan arxiv arayışına əsasən pensiyanın yenidən hesablanmasının qanunamüvafiq olmadığını bildirmişdir. İddiaçı keçirilən məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “1972-1973, 1976-1978-ci illərdə Göyçay rayon Alxasava kənd “Şirvan” kolxozunda işlədiyi 4 il müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2020-ci il tarixdən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə icraata qəbuledilmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, İddiaçı 64 yaş 6 ayında, yəni qanunvericiliyin tələbinə uyğun olaraq onun yaşa görə əmək pensiyası hüququ yarandığı xx.xx.2020-ci il tarixdə xx.xx.2006-cı il tarixədək 25 il staj 18532.50 manat kapital, xx.xx.2006-cı il tarixdən 13 il 8 ay staj 18650.09 manat kapitalla 258.21 manat avtomatlaşdırılmış qaydada pensiya təyin edilmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2006-cı il tarixli 377 saylı Fərmanı ilə təsdiq olunmuş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının İİİ fəslinin 3.1.1. maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş ştajı əmək kitabçasına əsasən müəyyən edilir. Odur ki, təqdim etdiyi arxiv arayışına əsasən ona yaşa görə əlavə əmək pensiyası hesablamaq qanunamüvafiq olmamışdır. Beləliklə İddiaçı iş stajı aşağıdakı qaydadadır: 1972-1973; 1976-1978= 04-00-00 (kolxoz-Arxiv arayışı) 1974.xx.xx-1975.11.01= 01-10-00 (Hərbi xidmət) 1978.09.01 -2006.01.01 = 27-04-00 33-02-00 Qeyd edilir ki, məhkəmə qərarı əsasında İddiaçı 1972-1973, 1976-1978-ci illərdə işlədiyi müddət nəzərə alınmaqla sosial sığorta stajına daxil edilərək iş stajı 33 il 2 ay qaydada olduğu halda pensiyası 300.24 manat hesablanacaqdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1(116)-1053/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialının üzərinə İddiaçı 1972-1973, 1976-1978-ci illərdə Göyçay rayon Alxasava kənd "Şirvan” kolxozunda işlədiyi 4 il müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2020-ci il tarixdən pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması qərara alınmışdır. DSMF publik hüquqi şəxsin Göyçay rayon filialı həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçi İddiaçı 64 yaş 6 ayında yəni qanunvericiliyin tələbinə uyğun olaraq onun yaşa görə əmək pensiyası hüququ yarandığı xx.xx.2020-ci il tarixdə xx.xx.2006-cı il tarixədək 25il staj 18532.50 manat kapital, xx.xx.2006-cı il tarixdən 13il8ay staj 18650.09 manat kapitalla 258.21 manat avtomatlaşdırılmış qaydada pensiya təyin edilmişdir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondun Göyçay rayon şöbəsinə xx.xx.2020-ci il tarixdə onun 1972-1973, 1976-1978-ci illərdə Göyçay rayon Alxasava kənd “Şirvan” kolxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün müraciət etmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2006-cı il tarixli 377 saylı Fərmanı ilə təsdiq olunmuş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının İİİ fəslinin 3.1.1-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş ştajı əmək kitabçasına əsasən müəyyən edilir. Odur ki, təqdim etdiyi arxiv arayışına əsasən əmək pensiyasını yenidən hesablamaq qanunamüvafiq olmamışdır. Bütün bunların nəzərə alınaraq Şəki İnzibati Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli 2- 1(116)- 1053/2020 nömrəli qərarının ləğv edilməsini və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialının xeyrinə qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1053/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********7 nömrəli imtina məktubu, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 260 nömrəli arayışı, Dövlət Arxivinin Göyçay filialının xx.xx.2020-ci il tarixli 116 nömrəli arxiv arayışı, ******* nömrəli əmək kitabçasının surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********9 nömrəli etiraz məktubu aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1053/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialının üzərinə İddiaçı 1972-1973, 1976-1978-ci illərdə Göyçay rayon Alxasava kənd "Şirvan” kolxozunda işlədiyi 4 il müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2020-ci il tarixdən pensiyasının yenidən hesablanması öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının tələbindən qeyd olunan iş illəri onun sığorta stajına daxil edilərsə, iddiaçının əmək pensiyasının məbləği artaraq 300.24 manat məbləğində olacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 260 nömrəli arayışından müəyyən edilir ki, iddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Sovet Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. İş materiallarında olan Dövlət Arxivinin Göyçay filialının xx.xx.2020-ci il tarixli 116 nömrəli arxiv arayışından müəyyən edilir ki, Göyçay rayon Alxasafa kənd "Şirvan” kolxozunun əmək günü uçotu və hesablaşma kitablarında iddiaçının əmək günü və əmək haqqı qazanmasına dair qeydlər vardır. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1978-ci il tarixdən Aşağı Qaraməryəm kənd məktəbində əmək fəaliyyətinə başlamış, hal-hazırda isə xx.xx.2010-cu il tarixdən Alxasava kənd orta məktəbində direktor vəzifəsində işləyir. Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. İş stajını təsdiq edən sənəd kimi Arayışlar nəzərə alınır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 260 nömrəli arayışından müəyyən edilir ki, iddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Sovet Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Bundan başqa iş materiallarında olan Dövlət Arxivinin Göyçay filialının xx.xx.2020-ci il tarixli 116 nömrəli arxiv arayışından müəyyən edilir ki, Göyçay rayon Alxasafa kənd "Şirvan” kolxozunun əmək günü uçotu və hesablaşma kitablarında iddiaçının əmək günü və əmək haqqı qazanmasına dair qeydlər vardır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. Bununla yanaşı DSMF-nin Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubundan görünür ki, İddiaçı 1972-1973, 1976-1978-ci illərdə işlədiyi müddət nəzərə alınmaqla sosial sığorta stajına daxil edilərək iş stajı 33 il 2 ay qaydada olduğu halda pensiyası 300.24 manat hesablanacaqdır. Yuxarıda qeyd olunan işin hallarını məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlillər əsassız olduğu üçün təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1053/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar