Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-442/2024 13.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaç İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)- 1350/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1992-ci ildən N saylı hərbi hissənin 2-ci Seydimli rotasına atıcı vəzifəsinə təyin olunmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər çərçivəsində Tərtər rayonunda hərbi xidmət keçmişdir. Hərbi xidmət dövrü xx.xx.1992-ci il tarixə kimi əhatə edib. N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 168 nömrəli əmri ilə öz ərizəsi ilə batalyondan azad edilərək qazan-yemək təchizatından silinmişdir. İddiaçı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, xx.xx.2023-cü il tarixli imtina məktubuna əsasən ona “Veteran statusu” və “vəsiqəsinin” verilməsi təmin olunmayıb.
3. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixli, 3-25-4/21299/2024 nömrəli etiraz məktubunda qeyd edilmişdir ki, iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 29 avqust 2023-cü il tarixli 920 nömrəli arayışına əsasən iddiaçının 06 iyun 1992-ci il tarixdən sonrakı xidməti tam təsdiqlənmir, həmçinin, iddiaçı qanuni əsaslarla ehtiyata buraxılmamışdır. Bununla da Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya 07 noyabr 2023-cü il tarixli qərarı ilə əsaslı olaraq iddiaçıya “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina etmişdir.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu. - İddiaçıya məxsus AO seriyalı ******* nömrəli hərbi biletin surəti. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 920 nömrəli arayışı. - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubu. - SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və qeydiyyat kartası. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 724 saylı məktubu.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 30 aprel 2024-cü il tarixli 2- 1(116)-1350/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı qanuni əsaslarla ehtiyata buraxılmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi arxivinin xx.xx.2024-cü il tarixli arayışında qeyd olunur ki, N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 163 №-li əmrilə sıravi X6 atıcı vəzifəsinə təyin edilərək hər cür ləvazimatla təmin olunmuşdur. X4 öz ərizəsinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 168 №-li əmrilə batalyondan azad edilərək qazanyemək təchizatından silinmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda N №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci ilədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Göründüyü kimi iddiaçı ordu sıralarından qanuni əsaslarla tərxis olunmadığından inzibati orqan tərəfindən ona müharibə veteranı adı və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2-1(116)-1350/2024 nömrəli qərarının ləğv edilməsini, işə mahiyyəti üzrə baxaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından İddiaçı döyüşlərdə iştirak etməsi sübuta yetirilir. Onun sonrakı xidməti tam təsdiqlənmir qeydi iddiaçının döyüşlərdə iştirak etməməsi kimi qiymətləndirilə bilməz. O, xx.xx.1992-ci il tarixdən hərbi səfərbərlik ilə bağlı özü könüllü olaraq Tərtər istiqamətində döyüşən hərbi hissələrdən biri olan N saylı hərbi hissəyə qoşulmuşdur. Qeyd edilən sübutlara məhkəmə düzgün hüquqi qiymət verməmiş və həmin sübutlara əsaslanmalı olduğu halda əsaslanmamış və yanlış qənaətə gəlmişdir. İddiaçı döyüş bölgəsini özbaşına tərk etməmiş, fərarilik hərbi cinayət əməlinə məhkum olunmamışdır. Şəki İnzibati Məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır, bu səbəbdən də ləğv edilməli, işə mahiyyəti üzrə baxıb iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir.
Allyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
12. İnzibati Prosessual Məcəllə: Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
13. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
14. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).
15. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 37. Həqiqi hərbi xidmətin başlanğıcı və sonu 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə: Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
2. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Cavabdeh, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasda “səkkizinci yarımbəndində” sözləri “səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində” sözləri ilə....əvəz edilmişdir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd: Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
Apellyasiya şikayətinin mümkünlüyü
19. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyildir, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
27. Belə ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir.
29. Bu qərarın 14-cü bəndində istinad edilən normaya görə, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
30. Başqa sözlə, şəxsin hərbi hissədə hərbi xidmətdə olması və ya hərbi xidmət keçməsi faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Eyni zamanda, yuxarıda istinad edilən normaların müddəalarına görə, “Müharibə veteranı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir.
31. Mübahisəyə dair işin birinci instansiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, N nömrəli hərbi hissə komandirinin arxivdə saxlanılan müvafiq əmrlərində iddiaçının hərbi xidməti barədə müəyyən məlumatlar vardır. Lakin buna baxmayaraq, onun hərbi hissənin siyahısından çıxarılması, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması və tərxis olunması iş üzrə materiallarla təsdiq edilmir. Bu barədə hər hansı əmr və ya sənəd, eləcə də hər hansı məlumat aşkar edilməmiş, buna dair iddiaçı tərəfindən də məhkəməyə heç bir sübut təqdim olunmamışdır.
32. Belə ki, nəzərə almaq lazımdır ki, iddiaçının hərbi xidmətdə olması və döyüş əməliyyatlarında iştirakı faktına istinad etməsi yuxarıda qeyd olunan normaların müddəaları baxımından ona “Müharibə veteranı” adının verilməsi üçün yetərli sayıla bilməz. Bu zaman həm də iddiaçının xidmət etdiyi və ya ezam olunduğu hərbi hissənin, eləcə də həmin hərbi hissənin tərkibində onun döyüş əməliyyatlarında iştirakı, eləcə də qanunla müəyyən olunmuş qaydada ehtiyata buraxıldığı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığı da sübut edilməli və bununla bağlı müvafiq sənədlər təqdim olunmalıdır. Bu mənada hazırkı mübahisəyə münasibətdə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtlərinin iddiaçı tərəfindən ödənildiyi iş üzrə materiallarla təsdiq olunmur. Bu baxımdan iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmalıdır.
33. Bundan əlavə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar 1996-cı il tarixli, 433 nömrəli Fərmandan sonra başlamışdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir”.
34. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, "Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarılmasıdır.
35. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi arxivinin xx.xx.2024-ci il tarixli arayışında qeyd olunur ki, N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 163 №-li əmrilə sıravi X7 atıcı vəzifəsinə təyin edilərək hər cür ləvazimatla təmin olunmuşdur. X4 öz ərizəsinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 168 №-li əmriylə batalyondan azad edilərək qazanyemək təchizatından silinmişdir.
36. Belə olan halda İddiaçı sözügedən Fərmandan əvvəl, yəni xx.xx.1992-ci il tarixində N nömrəli hərbi hissənin qazan-yemək təchizatından azad edilməsi ilə müəyyən olunur ki, şəxs qanunvericiliklə nəzərdə tutulmuş qaydada təxris olmamışdır.
37. Bundan əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş 01 mart 2024-cü il tarixli 724 nömrəli məktubun 4-cü abzasından görünür ki, ...Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahli Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli hərbi hissənin xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır.
38. Hazırkı işin mübahisəsiz hallarından da müəyyən olunur ki, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 138 №-li əmrilə 2-ci Seydimli rotasına atıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 163 №-li əmrilə sıravi X7 atıcı vəzifəsinə təyin edilərək hər cür ləvazimatla təmin olunmuşdur.
39. Göründüyü kimi, iddiaçı, N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə (xx.xx.1992-xx.xx.1992) N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən (xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixədək iştirak edib) hərbi hissə olmamışdır. Həmçinin, iddiaçı, Azərbaycan Respublikası Prezidentinin "Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” xx.xx.1996-cı il tarixli, 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi isə iş materialları ilə öz təsdiqini tapmır.
40. Göründüyü kimi iddiaçı N №-li hərbi hissənin sıralarına daxil olduğu zaman həmin hərbi hissə müvafiq döyüş əməliyyatlarında ümumiyyətlə iştirak etməmiş, şəxsin özünün həmin müddət kəsiyində digər hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi barədə hər hansı sübut məhkəmə kollegiyasına təqdim edilməməklə bərabər, həmin hal ümumiyyətlə iddiaçı tərəfindən mübahisələndirilməmiş, sadəcə şəxsin N №-li hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi üzrə hazırkı iddia tələbi ilə bağlı cavabdeh orqanın hərəkətlərinin qanunsuz olması qeyd edilmişdir.
41. Daha sonra, iddiaçının istinad etdiyi hallara münasibətdə nəzərə alınmalıdır ki, onun qeyd etdiyi hallar iddiaçıya "Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün əsas ola bilməz. Belə ki, qanunvericiliyə əsasən, "Müharibə veteranı” adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi hissədən tərxis olunmaması onun "döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməsini istisna edir.
42. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya "Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün Əsasnamədə qeyd edilən əsaslar, yəni iddiaçının qanuni əsaslarla ehtiyata buraxılmasına dair hərbi hissənin nizami hissə üzrə əmri və ya arxiv arayışı olmadığından, istinad olunan Əsasnamənin tələblərinə uyğun olaraq iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında bilavasitə iştirak etməsi, qanuni əsaslarla hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması sübuta yetirilmədiyindən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üzrə cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
43. Məhkəmə kollegiyası "Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməni təhlil edərək qeyd edir ki, iddiaçının xidməti barədə məlumatlar mötəbər sübutlarla təsdiq edilməlidir.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən səhvə yol verməmiş, işin faktiki hallarını tam şəkildə araşdıraraq doğru nəticəyə gəlmiş, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbi düzgün olaraq təmin edilməmişdir.
46. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini zəruri edən şərtləri sübut edə bilməsə də, cavabdeh orqan iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək belə qənaətə gəlir ki, iddaçının apellyasiya şikayətində iş üzrə göstərilən dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir.
48. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
qərara aldı
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2-1(116)-1350/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.