Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-442/2025 10.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Yevlax şəhəri İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “11 iyul 2009-cu il təvəllüdlü X2 üzərində himayəçi, 13 iyul 2011-ci il təvəllüdlü X3 və 26 aprel 2013-cü il təvəllüdlü X1 üzərində qəyyum təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2-1(116)-2746/2025 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. işin halları:
1. İddiaçı, cavabdeh Yevlax şəhəri İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı iddia ərizəsi ilə Yevlax rayon Məhkəməsinə müraciət edərək “uşaqların üzərində himayəçi və qəyyum təyin edilməsi barədə” qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Yevlax rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(039)-1044/2025 nömrəli qərardadı ilə iddia ərizəsinin qəbulundan imtina edilmiş, iddiaçıya müvafiq tələblə Yevlax şəhəri İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə orqanına, müraciəti təmin edilmədikdə isə həmin orqanın hərəkət və ya hərəkətsizliyindən aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
3. İddiaçı cavabdeh qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “11 iyul 2009-cu il təvəllüdlü X2 üzərində himayəçi, 13 iyul 2011-ci il təvəllüdlü X3 və 26 aprel 2013-cü il təvəllüdlü X1 üzərində qəyyum təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Şəki İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2-1(116)-2746/2025 qərardadı ilə (hakim Fəxri Hacızadə) iddia mümkün sayılmamışdır.
5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki mübahisə Yevlax şəhəri İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Yevlax şəhəri İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının fəaliyyəti “İnzibati icraat haqqında” qanunla deyil, Azərbaycan Respublikası Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün birinci növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Hazırkı iş üzrə cavabdeh qismində qoyulan qurum inzibati orqan statusuna malik olsa da və nəzərə alınmalıdır ki, hazırkı mübahisə publik hüquq münasibətlərindən deyil, xüsusi mülki hüquq münasibətlərindən, irəli gəlmişdir. Odur ki, publik hüquqla tənzimlənmir. Odur ki, müqavilədən irəli gələn mübahisə xüsusi hüququn tənzimetmə predmetinə aid olduğundan mübahisəyə mülki məhkəmə icraatı qaydasında ümumi rayon məhkəməsində baxılmalıdır. Sözügedən xarakterli mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılması ilə bağlı məhkəmə təcrübəsi mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-139/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərarından da görünür ki, mübahisəyə mülki qaydada baxılmışdır. Hazırkı mübahisəyə münasibətdə nəzərə almaq lazımdır ki, iddiaçının irəli sürdüyü tələbin predmetinin cavabdehin sərəncamı ilə bağlı olmasına rəğmən, həmin sərəncam “İnzibati İcraat haqqında” Qanun anlamlında inzibati akt sayıla biməz. Belə ki, Həmin Qanunun 2.0.2 maddəsinə görə, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Başqa sözlə, inzibati akt sayılması üçün həmin sərəncam publik hüquq sahəsinə aid olan məsələnin həlli ilə bağlı olmalıdır. Hazırkı mübahisə isə cavabdehin mülki hüquq sahəsinə aid məsələnin həlli ilə bağlı, yəni mülki qanunvericiliyin qəyyumluq və himayəçilik institutunun tətbiqini tənzimləyən normalarına əsasən qəbul edilmiş sərəncamla bağlıdır. Nəzərə almaq lazımdır ki, mülki hüquq sahəsində icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş aktlar yuxarıda istinad olunan anlamda inzibati akt kimi qiymətləndirilə və həmin aktlarla bağlı mübahisələrə inzibati məhkəmə qaydasında baxıla bilməz. Həmçinin qeyd olunmalıdır ki, cavabdehin inzibati orqanların siyahısında nəzərdə tutulması hələ onun “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan, eləcə də həmin orqanın qəbul etdiyi aktların hamısının inzibati akt sayılması anlamına gəlmir. İcra hakimiyyəti orqanları yalnız inzibati akt formasında (inzibati hüquq sahəsində) deyil, eləcə də mülki hüquq sahəsində də fəaliyyət göstərə bilərlər. İcra hakimiyyəti orqanlarının mülki hüquq sahəsində fəaliyyəti ilə bağlı mübahisələrə mülki məhkəmə qaydasında baxıldığı nəzərə alınmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının - 1(102)-1041/2022 2saylı, xx.xx.2022-ci il tarixli Qərarında təsbit olunan hüquqi mövqe).
6. İddiaçı, həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
7. İddiaçının Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33, 35-ci və Ailə Məcəlləsinin 136–137-ci maddələrinə əsaslanan apellyasiya şikayətinin ümumiləşmiş dəlilləri aşağıdakılardan ibarətdir: - iddiaçı artıq 6 ildir ki, nəvələri Fidan, Nicat və Səkinəyə faktiki olaraq baxır, onların bütün maddi və mənəvi ehtiyaclarını təmin edir. Valideynlər – ana uşaqlarla maraqlanmır, ata isə cəzaçəkmə müəssisəsindədir. Bu səbəbdən iddiaçı bir nəvə üzərində himayəçi, digərləri üzərində qəyyum təyin olunmasını və bu qərarın qəbulunun Yevlax Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilməsini istəyir. İddiaçı, əvvəlcə Yevlax Rayon Məhkəməsi işin aid olmadığını bildirərək Şəki İnzibati Məhkəməsinə yönləndirmiş, lakin həmin məhkəmə də iddianı mümkün saymamışdır. İddiaçı bildirir ki, faktiki himayə şəraiti və valideynlərin laqeyd münasibəti himayə və qəyyumluğun təyin edilməsini zəruri edir və bu tələb qanunvericiliyə əsaslanır. Buna görə iddiaya mahiyyəti üzrə baxılmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları:
9. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
11. “İnzibati icraat haqqında” Qanun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;
12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
13. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
15. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
17. İnzibati məhkəmələrin səlahiyyəti inzibati hüquq münasibətlərindən yaranan mübahisələrin həlli ilə məhdudlaşır. Belə mübahisələrin predmeti yalnız inzibati fəaliyyət nəticəsində qəbul edilən və ünvanlandığı hüquqi və ya fiziki şəxslər üçün hüquqi nəticələr yaradan inzibati aktlar, o cümlədən publik idarəetmə ilə bağlı inzibati orqanların faktiki xarakterli hərəkətləri ola bilər.
18. Lakin iş materiallarından göründüyü kimi, iddiaçının tələbi qəyyumluq (himayəçilik) hüququnun əldə olunması ilə bağlıdır ki, bu da mahiyyət etibarilə mülki hüquq münasibətlərindən irəli gəlir.
19. Məhkəmə kollegiyası hesab edir ki, Qəyyumluq və himayəçilik münasibətləri hər nə qədər dövlət orqanlarının iştirakı ilə yaransa da, onların hüquqi təbiəti inzibati deyil, ailə hüququ çərçivəsində tənzimlənən xüsusi hüquq münasibətləridir. Burada məqsəd şəxslərin, xüsusilə də yetkinlik yaşına çatmayanların fərdi maraqlarının qorunmasıdır. Bu isə dövlətin inzibati funksiyasından deyil, sosial müdafiə və şəxsi hüquqların təminatı məqsədindən qaynaqlanır.
20. İnzibati aktın əsas fərqləndirici xüsusiyyəti onun publik hüquq münasibətlərini nizama salmaq məqsədi daşımasıdır. Hazırkı halda isə cavabdeh orqan tərəfindən qəbul edilməsi tələb edilən sənədlər konkret şəxslərin ailə münasibətləri çərçivəsində hüquqi statusunun müəyyənləşdirilməsinə yönəlmişdir və onların hüquqi nəticəsi yalnız fərdi subyektlərə şamil olunur. Bu baxımdan, sözügedən aktların inzibati akt kimi hüquqi dəyərləndirilməsi mümkün deyil. 21 Qeyd edilməlidir ki, inzibati orqan tərəfindən qəbul olunan hər bir akt inzibati akt sayılmır. İcra hakimiyyəti orqanları həm inzibati hüquq, həm də mülki və ailə hüququ sahəsində fəaliyyət göstərirlər. Odur ki, yerli icra hakimiyyəti orqanlarının qəyyumluqla bağlı qəbul etdiyi qərarlar dövlətin inzibati idarəetmə funksiyasının nəticəsi kimi deyil, ailə hüququ sahəsində konkret şəxsin hüquqi vəziyyətini tənzimləyən akt kimi çıxış edir.
22. Buna görə də, mübahisəyə Mülki Məcəllə və Ailə Məcəlləsinin tələblərinə uyğun olaraq mülki mühakimə icraatı qaydasında ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən baxılmalıdır.
23. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2-1(116)-2746/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.