Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-443/2024 31.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X3 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Göyçay rayonu Potu bələdiyyəsinə qarşı “cavabdehin üzərinə islahat zamanı mexaniki səhv nəticəsində X2 və İddiaçı1 islahat zamanı ayrılmamış pay torpaq sahəsinin əvəzi olaraq Göyçay rayonu Potu kənd bələdiyyəsi tərəfindən perspektiv inkişaf üçün saxlanılan ərazidən ayrılmış 0.66 ha torpaq sahəsinin iddiaçıların mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli 2-1(116)-1863/2024 nömrəli qərardadından iş üzrə İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “cavabdehin üzərinə islahat zamanı mexaniki səhv nəticəsində X2 və İddiaçı1 islahat zamanı ayrılmamış pay torpaq sahəsinin əvəzi olaraq Göyçay rayonu Potu kənd bələdiyyəsi tərəfindən perspektiv inkişaf üçün saxlanılan ərazidən ayrılmış 0.66 ha torpaq sahəsinin iddiaçıların mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
2. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 23 may 2024-cü il tarixli 2- 1(116)-1863/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçı2 həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
4. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Göyçay rayonu Potu bələdiyyəsi iddianı etiraf etmiş, məhkəməyə rəsmi ərizə göndərərək, məhkəmədən - X2 və İddiaçı1 islahat zamanı ayrılmamış pay torpaq sahəsinin əvəzi olaraq Göyçay rayon Potu kənd bələdiyyəsi tərəfindən perspektiv inkişaf üçün saxlanılan ərazidən ayrılmış 0.66 ha torpaq sahəsinin onların mülkiyyətlərinə verilməsi barədə iddianın təmin edilməsi xahiş edilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli 2-1(116)-1863/2024 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və digər İddiaçı1 nümayəndəsi İddiaçı2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli 2-1(116)-1863/2024 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
6. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
7. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
8. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası X6 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X1 qərarı ilə razılaşmadıqda 10 gün müddətində X6 Komissiyasına şikayət edə bilərlər. X6 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. X6 Komissiyasının qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.
9. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X5 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X1 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir.
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
11. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
13. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin, başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqda haqlı olmuşdur.
16. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçılara xx.xx.2024-cü il tarixində hüquqi yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki iddia tələbi üzrə Göyçay rayonu Potu bələdiyyəsi cavabdeh qismində qeyd oluna bilməz.
17. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 (on) gün vaxt təyin edilmişdir. İddiaçılar xx.xx.2024-cü il tarixdə yardım məktubunu almalarına baxmayaraq, məhkəməyə münasibət bildirməmişlər.
18. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia tələbinin yönəldiyi cavabdeh Azərbaycan Respublikası Göyçay rayonu Potu bələdiyyəsi X5 Komissiyasının hüquqi varisi olmamaqla hazırkı iddia tələbinə cavab verməli orqan deyildir. Yəni, iddiaçı aqrar islahat zamanı verilməli olduğunu iddia etdiyi torpaq sahəsini həmin tələbi yerinə yetirmək səlahiyyəti olmayan inzibati orqandan tələb edir.
19. Cavabdeh iddiaya münasibət bildirirək həmin torpaq sahəsinin iddiaçıların mülkiyyətinə verilməsinə etiraz etmədiyini bildirmişdir. Hüquqi yardım qaydasında tərəflərə izah olunur ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsinə dair müddəalar “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tənzimlənir.
20. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
21. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
22. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli 2-1(116)- 1863/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli 2-1(116)-1863/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.