Məhkəmə qərarları › İş №2-1(107)-443/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-443/2025

14.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-443/2025 14.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13 16 saylı Ucar ərazi idarəsinə qarşı “X5 adına tərtib edilmiş JN-212 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin subyekt tərkibinin ləğv edərək şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 1.50 ha torpaq sahəsi üzərində mərhum X6 ümumi birgə mülkiyyət hüququna dair arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 09 aprel 2025-ci il tarixli 2-1(116)- 438/2025 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. Ucar RAİK-nın xx.xx.1998-ci il tarixli qərarı ilə Ucar rayon İHB-nın Qarabörk, Gəraybəyli və Rəstəcə kənd inzibati ərazi nümayəndəliyi “Qarabörk” narçılıq sovxozunun islahatı ilə əlaqədar Qarabörk kəndində yaşayan, pasport qeydiyyatında olan, torpaq payı almaq hüququ olan vətəndaşların adlı siyahısı təsdiq edilmiş, həmin siyahıda ailənin 3 üvünün adı (X7, X3 və X8) qeyd edilməklə, təsərrüfatbaşına kitaba əsasən həyətyanı torpaq sahəsinin ölçüsü 0,25 ha, normadan artıq həyətyanı torpaq sahəsi 1,25 ha qeyd edilmişdir.

2. X11 və Mirzəliyeva (Tağıyeva) Mədinə Əsəd qızı arasında xx.xx.1995-ci ildə nikah bağlanmışdır.

3. Mübahisə predmeti olan torpaq sahəsinə münasibətdə 2002 və 2004-cü illərdə yeni subyektlər siyahısı tərtib edilmiş, bu siyahılarda isə hüquq subyekti olaraq yalnız X5 adı qeyd edilmişdir.

4. Cavabdeh orqan xx.xx.2005-ci ildə Ucar RAİK-nın xx.xx.1998-ci il tarixli qərarına istinad edərək JN-212 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib etmiş və 1,50 ha torpaq sahəsini üzrə mülkiyyət hüququnun subyekti olaraq X4 adı qeyd edilmişdir.

5. X18 xx.xx.2000-ci il tarixdə, Mədinə Tağıyeva xx.xx.2021-ci il tarixdə vəfat etmişlər.

6. İddiaçı, sözügedən şəhadətnamənin ləğv edilməsi və 1,50 ha torpaq sahəsi üzərində mərhum atasının ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmişdir.

7. Cavabdeh orqan Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsinin məhkəmə qərarı və ya reyestrdə düzəliş aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilməsini əsas gətirərək iddiaçıya imtina cavabı vermişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X5 adına tərtib edilmiş JN-212 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməni ləğv edərək, həmin torpaq sahəsi üzərində mərhum atası X6 ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, mülkiyyət hüququnun dövlət qeydiyyatını təsdiq edən sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-2004/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.

10. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-478/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin e-2-1(116)- 2004/2024 nömrəli xx.xx.2024 il tarixli qərardadı ləğv edilmiş və inzibati iş yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

11. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-438/2025 nömrəli qərardadı ilə X12 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir.

12. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “X5 adına tərtib edilmiş JN-212 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin subyekt tərkibinin ləğv edərək şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 1.50 ha torpaq sahəsi üzərində mərhum X6 ümumi birgə mülkiyyət hüququna dair arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 09 aprel 2025-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X6 1960-cı illərdə Ucar rayonu Qarabörk kəndində istifadəsində 1.50 ha torpaq sahəsi olmuş və onun tərəfindən özünə məxsus olan həmin torpaq sahəsində 2 otaq və 1 eyvandan ibarət hazırda iddiaçının yaşadığı fərdi yaşayış evi inşa olunmuşdur. Təxminən 5 il öncədən başlayaraq, tərəfindən həmin evə bitişik 3 otaq, hamam, sanuzel, həyətdə isə hamam və s. inşa olunmuş, həyətyanı sahə isə hər tərəfdən dəmir hasarla bağlanılmışdır. Həmin torpaq sahəsinə dair qanunsuz olaraq, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar rayon şöbəsi tərəfindən islahatdan əvvəl xarici ölkə vətəndaşı olan qardaşı X4 adına JN-212 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnamə qanunsuz verilməklə yanaşı, iddiaçının vərəsəlik və gözlənilən mülkiyyət hüququnu pozur. İslahatdan öncə və hazırkı zamanda xarici ölkə vətəndaşı olan qardaşı X4 adına tərtib edilmiş, JN-212 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni aşağıdakı hallara görə qanunsuz hesab edir: X16 İslahat Komissiyası tərəfindən təsdiq edilmiş siyahıda 3 nəfər şəxsin-X6, X3, X4 adları qeyd olunmuşdur. JN-212 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Ucar RAİK-nın xx.xx.1998-ci il tarixli qərarı əsasında verilməsinə baxmayaraq, X4 adı qeyd olunan cədvəl Ucar Rayon Aqrar İslahat Komissiyası tərəfindən 2002-ci il tarixdə təsdiq edilmişdir. X8 islahatdan öncə xarici ölkə vətəndaşı olmuşdur. Qanunvericiliyin tələbinə görə onun mülkiyyətinə torpaq sahəsi verilə bilməz. (Torpaq Məcəlləsinin 48-ci maddəsi). İddiaçının atası X11 təsərrüfat başçısı kimi qeyd olunan həyətyanı torpaq sahəsinə dair Təsərrüfatbaşına kitabda torpaq sahəsi qrafasında torpaq sahəsinin ölçüsü 0.25 ha, normadan artıq həyətyanı sahənin 1.25 ha olması qeyd olunub. Odur ki, X4 adına tərtib edilmiş JN-212 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni ləğv edərək, həmin torpaq sahəsi üzərində X6 ümumi birgə mülkiyyət hüququnu dövlət qeydiyyatına alması üçün cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan iddiaçının tələbindən imtina etmişdir.

14. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir.

15. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-438/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərar ilə (hakim Fəxri Hacızadə) iddia təmin edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13 16 saylı Ucar ərazi idarəsinin üzərinə X5 adına tərtib edilmiş JN212 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin subyekt tərkibini ləğv edərək, Şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş Ucar rayonu Qarabörk kəndində yerləşən 1,50 ha torpaq sahəsi üzərində mərhum X6 ümumi birgə (X1 ümumi birgə mülkiyyətçi olması nəzərə alınmaqla) mülkiyyət hüququna dair arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulmuşdur.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia tələbinə əsasən ifadə tərzindən asılı olmayaraq iddiaçının hüquqi marağı JN-212A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətə verilmiş 1,5 ha torpaq sahəsinin mülkiyyətçilərindən biri kimi mərhum atası X6 müəyyən edilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə hazırkı iş üzrə arxiv sənədlərini aqrar islahatın məqsədləri baxımından nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, JN-212A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında Ucar rayonu Qarabörk kəndində yerləşən 1,5 ha torpaq sahəsi Mirzəliyev (Mirzəyev) Elnur Rza oğluna mülkiyyətə verilmişdir. Həmin Şəhadətnamənin subyekt tərkibində yalnız Mirzəliyev (Mirzəyev) Elnur Rza oğlu qeyd edilsə də, müvafiq hüquqmüəyyənedici sənədlərin hazırlanmasının ilkin əsası olan subyektlər siyahısında E.Mirzəliyevlə bərabər X11 və onun arvadı X1 adı qeyd edilmişdir. Göründüyü kimi əslində Şəhadətnamə hazırlanarkən mülkiyyətə verilən 1,5 ha torpaq sahəsi subyektlər siyahısında göstərilən şəxslərin ümumi birgə mülkiyyətinə verilmişdir. Bu baxımdan da həmin Şəhadətnaməyə əsasən mülkiyyətə verilən torpaq sahəsinin subyekt tərkibinə düzəliş edilməsi aqrar islahatın məqsədi baxımından zəruridir. Hazırkı iddia tələbinə əsasən iddiaçı mərhum atası X6 ümumi birgə mülkiyyət hüququna dair arayışın verilməsini tələb etsə də, əslində torpaq sahəsi yuxarıda qeyd olunan subyekt tərkibinin ümumi birgə mülkiyyətinə verilmişdir. Nəzərə alınmalıdır ki, torpaq sahəsindən faktiki istifadə “Torpaq islahatı haqqında” haqqında Qanunun 9-cu maddəsi anlamında qanuni istifadə kimi başa düşülməməlidir. Yəni, torpaq sahəsindən faktiki istifadə edən şəxslərin həmin istifadənin həyata keçirilməsinə hüquqi əsası olmalı, torpaq sahəsinin onlara ayrılması hüquqmüəyyənedici və texniki sənədlərin məzmunundan aşkar görünməlidir. Göründüyü kimi qanunvericilik torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi, həm də qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilməsini birmənalı olaraq müəyyən etmişdir. Lakin, JN-212A nömrəli şəhadətnamə tərtib edilərkən qanunvericiliyin həmin tələbi tam nəzərə alınmamış, həmin torpaq sahəsinin mülkiyyətə verilməsi barədə qərar qəbul olunarkən orada yaşayan və qanuni istifadəçilərin adları şəhadətnamədə göstərilmədən hazırlanmışdır. Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2-1(116)-1182/2023 saylı qərarına əsasən cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə “Ucar rayonu Qarabörk kəndində 1960-cı illərdə mərhum X11 tərəfindən özünəməxsus olan torpaq sahəsində inşa olunmuş 2 otaq və 1 eyvandan ibarət 99 kv.m fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X9 məxsus olması barədə arayışın verilməsi öhdəliyi qoyulmuşdur.

17. Üçüncü şəxsin nümayəndəsi həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayətinin dəlillərinə görə mübahisə predmeti Ucar rayonu Qarabörk kəndində yerləşən 1,5 ha torpaq sahəsinə Mirzəliyev (Mirzəyev) Elnur Rza oğlunun mülkiyyət hüququna dair JN-212A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədir və iddiaçı cavabdeh inzibati orqana həmin şəhadətnamənin ləğv edilməsi, torpaq sahəsi üzərində X6 ümumi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə müraciət etmiş, cavabdeh müraciətin həllindən imtina etdikdən sonra eyni tələblə məhkəməyə müraciət etmişdir. Mübahisə predmeti olan şəhadətnamə Ucar rayonu Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli 17 nömrəli qərarına əsasən verilmişdir və həmin qərar qüvvədədir. İddiaçı tərəf AİK-nın qərarının mübahisələndirməsini aşıq-aşkar qeyri-mümkün iddia hesab edərək hazırkı tələblə məhkəməyə müraciət etmiş və şəhadətnamənin ləğvi tələbi ilə əsil tələbini gizlətmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini ona görə təmin etmişdir ki, Ucar rayonu Qarabörk kəndində yerləşən 1,5 ha torpaq sahəsinə Mirzəliyev (Mirzəyev) Elnur Rza oğlunun mülkiyyət hüququna dair JN-212A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin subyekt tərkibində yalnız Mirzəliyev (Mirzəyev) Elnur Rza oğlu qeyd edilsə də, müvafiq hüquqmüəyyənedici sənədlərin hazırlanmasının ilkin əsası olan subyektlər siyahısında E.Mirzəliyevlə bərabər X11 və onun arvadı X1 adı qeyd edilmiş, əslində Şəhadətnamə hazırlanarkən mülkiyyətə verilən 1,5 ha torpaq sahəsi subyektlər siyahısında göstərilən şəxslərin ümumi birgə mülkiyyətinə verilməli idi, bu baxımdan da həmin Şəhadətnaməyə əsasən mülkiyyətə verilən torpaq sahəsinin subyekt tərkibinə düzəliş edilməsinin aqrar islahatın məqsədi baxımından zəruridir. Göründüyü kimi məhkəmənin də qanunsuz hesab etdiyi aqrar islahat komissiyasının qərarıdır, ancaq iddia müddəti ötürüldüyü üçün həmin qərarı deyil, şəhadətnamənin subyekt tərkibini ləğv etmişdir. Halbuki şəhadətnamədəki subyekt tərkibi də aqrar islahat komissiyasının qərarı ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3621/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərarında təsbit olunan hüquqi mövqeyə əsasən məhkəmələr plan və ölçü sənədinin verilməsinə əsas təşkil etmiş Aqrar-İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarı mübahisələndirilmədən birbaşa plan və ölçü sənədinin ləğvinə dair qaldırılmış hazırkı iddiaya iddiaçının hüquqi marağının mövcudluğu məsələsinə qiymət verməmişlər. Çünki həmin hüquq müəyyənedici sənəd qüvvədə olduğu halda plan və ölçü sənədinin ləğvini tələb etmək əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesin aparılmasını da lüzumsuz edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. İddiaçı, apellyasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, o, mübahisə predmeti olan torpaq sahəsində ailə üzvləri ilə birgə yaşayır. O, atasına və anasına son günlərinə qədər baxmış və dünyadan köçərkən bütün işləri özü həyata keçirmişdir. Azərbaycanda olmayan kiçik qardaşı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Göstərdiklərini nəzərə alaraq birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması xahiş edilmişdir.

tərəflərin izahatları

20. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək Şəki İnzibati Məhkəməsinin 09 aprel 2025-ci il tarixli 2-1(116)-438/2025 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi.

21. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinə etiraz etdiyini bildirərək təmin edilməməsini xahiş etdi.

22. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir.

tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

24. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12. Sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər

1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. ... Maddə 14. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi qaydası Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir. Maddə 20. İslahatı aparan orqanlar Torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 21. Yerquruluşu işlərinin aparılması və sənədlərin verilməsi ... İslahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. ... Maddə 22. Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. ...

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

26. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Üçüncü şəxs onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, üşüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman JN-212 saylı Şəhadətnamənin subyekt tərkibinin ləğv edilməsi və Ucar rayonu Qarabörk kəndində yerləşən 1,50 ha torpaq sahəsi üzərində mərhum X6 ümumi birgə mülkiyyət hüququna dair müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlinsə də, yalnız X1 ümumi birgə mülkiyyətçi olmasının nəzərə alınmasında səhvə yol verilmişdir.

29. Üçüncü şəxsin apellyasiya şikayətinin ümumiləşmiş dəlilləri ondan ibarətdir ki, mübahisələndirilən şəhadətnamə Ucar rayonu AİK-nın xx.xx.1998-ci il tarixli 17 nömrəli qərarına əsasən verilmiş və həmin qərar qüvvədədir. Həmin Şəhadətnamədə yalnız X4 adı göstərilmişdir. İddiaçı tərəf AİK-nın qərarının mübahisələndirməsini açıq-aşkar qeyrimümkün iddia hesab edərək hazırkı tələblə məhkəməyə müraciət etmiş və şəhadətnamənin ləğvi tələbi ilə əsil tələbini gizlətmişdir. Birinci instansiya məhkəməsinin də, qanunsuz hesab etdiyi aqrar islahat komissiyasının qərarıdır, ancaq iddia müddəti ötürüldüyü üçün həmin qərarı deyil, şəhadətnamənin subyekt tərkibi ləğv edilmişdir. Halbuki şəhadətnamədəki subyekt tərkibi də, aqrar islahat komissiyasının qərarı ilə müəyyən edilmişdir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakı xüsusatların qeyd edilməsini zəruri hesab edir.

31. İş materiallarından görünür ki, Ucar RAİK-nın xx.xx.1998-ci il tarixli qərarı ilə vətəndaşların qanuni istifadəsində olan torpaq sahələrinin onların mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Bu qərara əsasən, torpaq sahələrinin hansı ölçüdə və hansı subyektlərə veriləcəyini müəyyənləşdirən ilkin siyahılar hazırlanmış, kompleks yerquruluşu layihələri və torpaq sahəsi ayrılacaq subyektlər siyahısı təsdiq edilmiş, bu qərara uyğun şəhadətnamələrin hazırlanması qeydiyyat orqanına tapşırılmışdır.

32. Odur ki, torpaq sahəsi üzərində əmlak hüquqlarının dövlət qeydiyyatı aparılaraq şəhadətnamə ilə rəsmiləşdirilərkən müvafiq qeydiyyatın aparılmasına əsas olmuş hüquq müəyyənedici sənədlərin məzmunu mütləq qaydada nəzərə alınmalı idi.

33. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən aqrar islahat komissiyasının təsdiq etdiyi ilkin siyahıya əsasən 1,5 ha torpaq sahəsinin mərhum X6 ümumi birgə mülkiyyətinə verilməsinə istinad etmişdir.

34. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, “Şəhadətnamə”nin ləğvi barədə iddia qaldırmaq üçün ilkin olaraq həmin şəhadətnamənin verilməsinə əsas olmuş AİK-nın qərarı mübahisələndirilməlidir.

35. Lakin, hazırkı mübahisə Ucar RAİK-nın xx.xx.1998-ci il tarixli qərarı ilə 1,5 ha torpaq sahəsinin ayrılmasından yox, müvafiq şəhadətnamə tərtib edilərkən sözügedən aqrar islahat komissiyasının qərarının düzgün icra edilməməsindən yaranmışdır. Yəni, aqrar islahat komissiyasının qərarı yox, ondan irəli gələn əmlak hüquqlarının dövlət qeydiyyatının aparılması ilə bağlı cavabdeh orqanın faktiki xarakterli hərəkətləri mübahisələndirilir. Buna görə də, Ucar RAİK-nın sözügedən qərarının mübahisələndirilməsinə ehtiyac yoxdur.

36. İddiaçı, şəhadətnamənin yalnız subyekt tərkibini mübahisələndirir. Torpaq sahəsinin yerləşmə yeri və ölçüsü ilə bağlı mübahisə yoxdur. Buna görə də, şəhadətnamənin bütövlükdə ləğv edilməsi zərurəti də, yoxdur.

37. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə “Torpaq islahatı haqqında” Qanuna əlavə edilən "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nın və "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"nin nümunələri çıxarılmışdır.

38. Odur ki, iddiaçı, JN-212 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin subyekt tərkibinin ləğv edilməsi və şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş torpaq sahəsi üzərində mərhum atasının ümumi birgə mülkiyyət hüququna dair arayışın verilməsini cavabdeh orqandan tələb edir.

39. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyinə əsasən iddia olunan ərazi elektron bazada təqdim olunan kəndin kompleks yerquruluşu islahat layihəsində göstərilən 1,50 ha torpaq sahəsi ilə JN-212A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə eyni ərazidə yerləşir. Lakin JN- 212A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə iddiaçı tərəfindən naturada göstərilən 1,50 ha torpaq sahəsi arasında konfiqurasiya və bucaq fərqləri mövcuddur.

40. Hazırkı iş üzrə mübahisənin obyektiv həlli üçün torpaq sahəsinə aid olan subyektlərin əmlak hüquqlarının dövlət qeydiyyatının düzgünlüyü Aqrar İslahat Komissiyasının təsdiq etdiyi ilkin siyahıya əsasən qiymətləndirilməlidir.

41. İş materiallarından görünür ki, Ucar RAİK-nın xx.xx.1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş ilkin siyahıda torpaq sahəsinin ayrılması nəzərdə tutulmuş şəxslərin siyahısında ailənin 3 üzvünün adı (X8, X11 və X3) göstərilmişdir.

42. İddia olunan torpaq sahəsi ilə bağlı sonradan - 2002 və 2004-cü illərdə yeni subyektlər siyahısı tərtib edilmiş, bu siyahıda isə yalnız X5 adı qeyd edilmişdir.

43. Göründüyü kimi Ucar RAİK-nın xx.xx.1998-ci il tarixli qərarı ilə mübahisəli 1,50 ha torpaq sahəsinin verilməsi nəzərdə tutulan subyektlərin sayı növbəti siyahılarla azaldılmış, lakin, yeni siyahılar rayon aqrar islahat komissiyasının qərarı ilə təsdiq edilməmişdir. Hazırda da, Ucar RAİK-nın xx.xx.1998-ci il tarixli qərarının qəbulundan 4-6 il sonra yenilənmiş siyahıların hansı əsaslarla tərtib edilməsi məlum deyil.

44. Məhkəmə kollegiyası qeyd edir ki, Ucar RAİK-nın xx.xx.1998-ci il tarixli qərarı 2002 və 2004-cü illərdə tərtib edilmiş siyahıları təsdiq edə bilməzdi. Cavabdeh orqan mübahisələndirilən şəhadətnamənin subyekt tərkibini müəyyən edərkən AİK-nın təsdiq etdiyi ilkin siyahını nəzərə almalı və Şəhadətnaməyə ilkin siyahıda göstərilən şəxslərin adlarını daxil etməli idi.

45. Mübahisələndirilən Şəhadətnamədə ancaq 1 nəfərin - X4 adının qeyd edilməsi torpaq sahəsinin ayrıldığı digər subyektlərin əmlak hüquqlarının düzgün rəsmiləşdirilməməsinə səbəb olmuşdur.

46. Odur ki, birinci instansiya məhkəməsi JN-212 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş 1,50 ha torpaq sahəsinin ancaq bir subyektin mülkiyyətində göstərilməsini düzgün hesab etməmiş və həmin şəhadətnamənin subyekt tərkibinin ləğv edilməsi, sözügedən torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun X18ə məxsus olması barədə arayışın cavabdeh orqan tərəfindən verilməli olması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Bununla belə müvafiq arayışın verilməsi zamanı mərhum Mirzəliyeva (Tağıyeva) Mədinə Əsəd qızı ilə birgə həm də, X5 ümumi birgə mülkiyyət hüquqlarının olması nəzərə alınmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikаyəti qismən təmin edilir. Şəki İnzibati Məhkəməsinin 09 aprel 2025-ci il tarixli 2-1(116)-438/2025 nömrəli qərarı dəyişdirilir. İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13 16 saylı Ucar ərazi idarəsinin üzərinə X5 adına tərtib edilmiş JN212 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin subyekt tərkibini ləğv edərək, Şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş Ucar rayonu Qarabörk kəndində yerləşən 1,50 ha torpaq sahəsi üzərində mərhum X6 ümumi birgə (X1 və X4 ümumi birgə mülkiyyətçi olması nəzərə alınmaqla) mülkiyyət hüququna dair arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar