Məhkəmə qərarları › İş №2-1(107)-444/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-444/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-444/2024 18.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X3 ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “zərərli iş sahəsində işlədiyi üçün güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2-1(116)-1567/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “zərərli iş sahəsində işlədiyi üçün güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilə kimi Azərbaycan DRES-də müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1989-cu il tarixdən xx.xx.1993cü il tarixədək DRES-in Mərkəzi təmir sexində 4-cü dərəcəli kompressor qurğusu üzrə maşinist vəzifəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.2015-ci il tarixədək X1 və Təmiri sexinin “Azot və Oksigen sahəsində“ 4-cü dərəcəli kompressor qurğusu üzrə maşinist” vəzifəsində işləmişdir. xx.xx.2015-ci il tarixdən öz xahişi ilə işdən azad olunmuşdur. İşlədiyi sahə zərərli iş sahəsi olmuş, həmin sahədə 8 saatlıq iş günü ərzində havanın hərəkət sürətinin, iş yerində havanın temperaturunun yüksək, səs-küy, əməyin ağırlığı, yeknəsəqliyi (monotonluğu), əsəb, emosional və intellektual gərginlik faktorları mövcud olmuşdur. İş şəraitinin ağır və zərərli olduğuna görə işlədiyi müddət ərzində xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək aylıq məvacibinin 4% və xx.xx.1998-ci il tarixdən xx.xx.2015-ci il tarixədək aylıq məvacibinin 8% miqdarında əlavə əmək haqqı ödənilmişdir. Həmçinin, zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən əmək məzuniyyətinə 06 təqvim günü əlavə edilmişdir.

3. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla pensiya təyinatından imtina etmiş və göstərmişdir ki, işlədiyi X8 kompressorlarının maşinisti vəzifəsi Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 Ne-li qərarı ilə təsdiq olunmuş siyahı üzrə nəzərdə tutulmuş qaz kompressorlarına xidmət ilə məşğul olan texnoloji kompressorların maşinisti vəzifəsinə uyğun deyildir.

4. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı eyni tələblə cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etsə də ona ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-M- 277216/2023 nömrəli imtina məktubunda qanunvericiliklə tələb olunan güzəştli iş stajı olmadığından yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmadığı bildirilmişdir. İddiaçı xx xxxxxx 1965-ci il tarixdə anadan olmuşdur “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyası üzrə hüquqi əsaslandırma: “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Belə ki, xx.xx.1965-cü il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş qanuvericilikdə nəzərdə tutulmuş yaş həddinə, yəni 52 yaşına xx.xx.2017-ci il tarixdə çatmışdır. İddiaçı qeyd olunan dövrdə pensiya yaşına çatmadığından həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyası üzrə hüquqi əsaslandırma: “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bildiririk ki, İddiaçı qanunvericiliklə tələb olunan yaş həddinə (55 yaş) xx.xx.2020-ci il tarixdə çatmışdır. Həmin tarixdə qüvvədə olmuş Qanunun redaksiyasına əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməlidir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 51600,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 29902,70 manat təşkil edirdi. Buna görə də İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin hazırki redaksiyası üzrə hüquqi əsaslandırma: Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 il 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. Hazırki qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldıldıqda iddiaçının hal-hazırda güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmır. Göründüyü kimi İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş yaş həddinə çatmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi üzrə hüquqi əsaslandırma: Bildiririk ki, Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 N°- li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı V.X2 təqdim etdiyi HT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, 01 yanvar 2006-cı il tarixədək iddiaçının ümumi iş stajı qanunvericiliklə tələb olunan 20 il ümumi iş stajından azdır. Buna görə də İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Əlavə olaraq nəzərənizə çatdırırıq ki, Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsüsilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr (35) bölməsində qaz kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı V.X5 təqdim etdiyi "xxxx" MMC-nin ona dair arayışında xx.xx.1989xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin Avadanlıqların İstismarı və Təmiri sexində X8 kompressorlarının maşinisti vəzifəsində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi X8 kompressorlarının maşinisti vəzifəsi yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə nəzərdə tutulmuş qaz kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri vəzifəsinə uyğun deyildir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.

5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 aprel 2024-cü il tarixli 2- 1(116)-1567/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazın dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2-1(116)-1567/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2-1(116)-1567/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2-1(116)- 1567/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

11. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir.

1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu,

2. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti,

3. 13.08.2021-ci il tarixli “İşin xarakteri haqqında” arayış,

4. 11.09.2023-cü il tarixli “istehsalat fəaliyyəti haqqında” arayışlar,

5. ИТ-İ ******* əmək kitabçasının təsdiq edilmiş surəti,

6. xx.xx.2024-cü il tarixli "xxxx" ASC "xxxx" MMC-nin sorğuya cavab məktubuna əsasən İddiaçı xx.xx.1989-cu il tarixdən “Azərbaycan DRES”-nin Mərkəzi Təmir sexinə 4cü dərəcəli kompressor qurğusu üzrə maşinist vəzifəsinə işə qəbul edilmişdir. .(Əmr 605,xx.xx.1989-cu il), xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək həmin sexdə 4cü dərəcəli kompressor qurğusu üzrə maşinist vəzifəsində işləmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.2015-ci il tarixədək X1 və Təmiri sexinin “Azot və Oksigen sahəsində “kompressor qurğusu üzrə maşinist “vəzifəsində işləmişdir. .(Əmr 224/K,xx.xx.1993-cü il),. xx.xx.2009-cu il tarixdən struktur dəyişikliyi ilə əlaqədar olaraq X1 və Təmiri sexi-X1 sexi adlandırılmışdır.( Əmr № 28 xx.xx.2009). İddiaçı işlədiyi müddət ərzində xx.xx.1989-cu il il tarixdən xx.xx.2015-ci il tarixədək zərərli sahədə 8 saatlıq iş günü ərzində havanın hərəkət surətinin, iş yerində havanın temperaturun yüksək, səs-küy, əməyin ağırlığı, yeknəsəkliyi,(monotonluğu) əsəb, Emosional və intellektual gərginlik faktorları mövcud olmuşdur. İş şəraitinin ağır və zərərli olduğuna görə İddiaçı işlədiyi müddət ərzində xx.xx.1989-cu il il tarixdən xx.xx.1998-ci il tarixədək aylıq məvacibinin 4% və xx.xx.1998-ci il tarixdən xx.xx.2015-ci il tarixədək aylıq məvacibinin 8% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə 06 təqvim günü məzuniyyət günü verilmişdir. İddiaçı işlədiyi illər ərzində xx.xx.1989-cu il tarixdən xx.xx.2015-ci il tarixədək kompressor qurğusu üzrə maşinist vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Ümumi peşələr 35ci bölməsində qaz kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri vəzifəsinin xüsusiyyətlərinə uyğun hesab edilə bilər. Həmin sahədə iş stajı xx.xx.1989-cu il il tarixdən xx.xx.2015-ci il tarixədək 25 il 06 ay 19 gün təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

13. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

14. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

15. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...

16. 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.

17. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

18. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2-1(116)-1567/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

26. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 52 yaşının bitdiyi xx.xx.2017-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1965-ci ildə doğulub).

27. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 20 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması.

28. Müəyyən edilir ki, xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu müddətin (xx.xx.1984-1.10.1988, xx.xx.1989-xx.xx.2006) cəmi 20 il 8 ay 9 günə bərabərdir. Yəni, iddiaçının xx.xx.2006-cı ilə qədər 20 ildən az olmayan ümumi iş stajı mövcuddur.

29. İddiaçının xüsusi iş stajına münasibətdə isə müəyyən edilir ki, həmin müddət 16 il 2 ay 8 gün olmaqla tələb olunan 10 ildən çoxdur.

30. İş materiallarına əlavə edilmiş iş xarakteri haqqında arayışın məzmunu ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək DRES-in Mərkəzi təmir sexində 4-cü dərəcəli kompressor qurğusu üzrə maşinist vəzifəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.2015-ci il tarixədək X1 və Təmiri sexinin “Azot və Oksigen sahəsində“ 4-cü dərəcəli kompressor qurğusu üzrə maşinist” vəzifəsində işləmişdir. xx.xx.2015-ci il tarixdən öz xahişi ilə işdən azad olunmuşdur. İşlədiyi sahə zərərli iş sahəsi olmuş, həmin sahədə 8 saatlıq iş günü ərzində havanın hərəkət sürətinin, iş yerində havanın temperaturunun yüksək, səs-küy, əməyin ağırlığı, yeknəsəqliyi (monotonluğu), əsəb, emosional və İntellektual gərginlik faktorları mövcud olmuşdur. İş şəraitinin ağır və zərərli olduğuna görə işlədiyi müddət ərzində xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək aylıq məvacibinin 4% və xx.xx.1998-ci il tarixdən xx.xx.2015-ci il tarixədək aylıq məvacibinin 8% miqdarında əlavə əmək haqqı ödənilmişdir. Həmçinin, zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən əmək məzuniyyətinə 06 təqvim günü əlavə edilmişdir.

31. İstehsalat fəaliyyəti haqqında arayışla müəyyən edilir ki, iddiaçı azot, oksigen və sıxılmış hava istehsalında iştirak etmiş və texnoloji kompressorlara xidmət etmişdir.

32. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr (35) bölməsində qaz kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi X8 kompressorlarının maşinisti vəzifəsi yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə nəzərdə tutulmuş qaz kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri vəzifəsinə uyğun deyildir.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, istinad olunan “Siyahı”da hava kompressorlarının maşinisti vəzifəsi zərərli sahə hesab edilməsə də, qaz kompressorlarına xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistlərinə münasibətdə məhz hansı qaz kompressorunun nəzərdə tutulması konkret qeyd edilməmişdir. Yəni, qaz kompressorlarına xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri olaraq maye qaz (propan, butan), quru qaz (metan), azot qazı və ya oksigen qazına münasibətdə hər hansı fərqli tənzimləmə müəyyən edilməmişdir. Müəyyən edilən yeganə istisna hava kompressorları ilə bağlıdır. Odur ki, iddiaçının azot, oksigen qazları ilə bağlı yerinə yetirdiyi əmək funksiyası “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr (35) bölməsində qaz kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri vəzifəsinə uyğundur.

34. Bununla yanaşı məhkəmə kollegiyasının sorğusuna cavab olaraq "xxxx" ASC "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubuna əsasən İddiaçı xx.xx.1989-cu il tarixdən “Azərbaycan DRES”-nin Mərkəzi Təmir sexinə 4-cü dərəcəli kompressor qurğusu üzrə maşinist vəzifəsinə işə qəbul edilmişdir. .(Əmr 605,xx.xx.1989cu il), xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək həmin sexdə 4-cü dərəcəli kompressor qurğusu üzrə maşinist vəzifəsində işləmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.2015-ci il tarixədək X1 və Təmiri sexinin “Azot və Oksigen sahəsində “kompressor qurğusu üzrə maşinist “vəzifəsində işləmişdir. .(Əmr 224/K,xx.xx.1993-cü il),. xx.xx.2009cu il tarixdən struktur dəyişikliyi ilə əlaqədar olaraq X1 və Təmiri sexi-X1 sexi adlandırılmışdır.( Əmr № 28 xx.xx.2009). İddiaçı işlədiyi müddət ərzində xx.xx.1989-cu il il tarixdən xx.xx.2015-ci il tarixədək zərərli sahədə 8 saatlıq iş günü ərzində havanın hərəkət surətinin, iş yerində havanın temperaturun yüksək, səs-küy, əməyin ağırlığı, yeknəsəkliyi,(monotonluğu) əsəb, Emosional və intellektual gərginlik faktorları mövcud olmuşdur. İş şəraitinin ağır və zərərli olduğuna görə İddiaçı işlədiyi müddət ərzində xx.xx.1989-cu il il tarixdən xx.xx.1998-ci il tarixədək aylıq məvacibinin 4% və xx.xx.1998-ci il tarixdən xx.xx.2015-ci il tarixədək aylıq məvacibinin 8% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə 06 təqvim günü məzuniyyət günü verilmişdir. İddiaçı işlədiyi illər ərzində xx.xx.1989-cu il tarixdən xx.xx.2015-ci il tarixədək kompressor qurğusu üzrə maşinist vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Ümumi peşələr 35ci bölməsində qaz kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri vəzifəsinin xüsusiyyətlərinə uyğun hesab edilə bilər. Həmin sahədə iş stajı xx.xx.1989-cu il il tarixdən xx.xx.2015-ci il tarixədək 25 il 06 ay 19 gün təşkil edir.

35. Belə ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

36. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının güzəştli şərtlərlə iş stajı tələb olunan minumum dövrdən artıq olduğundan cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

38. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2-1(116)-1567/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar