Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-447/2021 22.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Zərdab rayonu Gödəkqobu bələdiyyəsinin 29.12.2006-cı il tarixli 16 saylı qərarına əsasən Gödəkqobu kəndi ərazisindən bələdiyyənin ehtiyat fonduna aid torpaq sahəsindən ona 25 (iyirmi beş) il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 2 ha torpaq sahəsi üzərində icarə hüquqlarının qeydə alınması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2-1(116)-167/2021 saylı qərarından İddiaçı vermiş olduğu apellyasiya şikayətinə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab rayonu Gödəkqobu bələdiyyəsinin 29.12.2006-cı il tarixli 16 saylı qərarına əsasən Gödəkqobu kəndi ərazisindən bələdiyyənin ehtiyat fonduna aid torpaq sahəsindən ona 25 (iyirmi beş) il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 2.0 ha torpaq sahəsinin dövlət qeydiyyatı ilə bağlı sənədləşdirmə işlərinin aparılması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 12.08.2020-ci il tarixdə daxil olmuş və həmin vaxtdan icraata qəbul edilmişdir. İddia ərizəsində iddia tələbi belə əsaslandırılmışdır ki, Gödəkqobu bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 16 saylı qərarı ilə Gödəkqobu kəndi ərazisindən bələdiyyənin ehtiyat fonduna aid torpaq sahəsindən iddiaçıya 25 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2.0 ha torpaq sahəsi icarəyə verilmiş və sözügedən torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bələdiyyə ilə aralarında 29.12.2006-cı il tarixdə “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmçinin torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı keçmiş DT və XK-nın Zərdab rayon şöbəsi tərəfindən rəy verilməklə həmin torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi məqsədəuyğun hesab edilmiş və bələdiyyə fondundan icarəyə verilmiş torpaq sahəsinin yerquruluşu planı tərtib olunmaqla təsdiqlənmişdir. Qeyd olunan torpaq sahəsi uzun müddət iddiaçının icarəsində olmasına baxmayaraq dövlət reyestrində qeydiyyatı aparılmamış və iddiaçıya müvafiq sənəd təqdim edilməmişdir. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 18.06.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının ərizəsinin icrası ilə bağlı Gödəkqobu kəndində yerləşən 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsi üzərində mübahisə olduğu aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Yuxarıda qeyd edilənlərə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. İddiaçı məhkəməyə daxil olan 29.06.2021-ci il tarixli ərizəsində iddia tələbində dəqiqləşdirmə aparmış və “Zərdab rayonu Gödəkqobu bələdiyyəsinin 29.12.2006-cı il tarixli 16 saylı qərarına əsasən Gödəkqobu kəndi ərazisindən bələdiyyənin ehtiyat fonduna aid torpaq sahəsindən ona 25 (iyirmi beş) il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 2.0 ha torpaq sahəsi üzərində icarə hüquqlarının qeydə alınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2-1(116)-167/2021 saylı qərarı ilə iddia təmin edilməmiş, mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilimiş, mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 321 manat İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X6 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, əvvəla məhkəmə iclasında məhkəmə tərəfindən üçüncü şəxs kimi cəlb edilmiş Gödəkqobu bələdiyyəsinin sədri cənab K.İxtiyarov çıxış etmiş, icarəsinə torpaq sahəsinin verildiyini, tərəflər arasında icarə müqaviləsi bağlandığını, icarə müqaviləsindən irəli gələn öhdəliklərinin icrası ilə bağlı tərəflər arasında fikir ayrılığı olmadığını, icarəsinə verilmiş torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasına etiraz etmədiyini bildirmiş, məhkəməyə bunula əlaqədar məktub ünvanlamışdır. Bundan başqa bələdiyyə kitablarının məhkəməyə təqdim edilməməsi, arxiv və inzibati orqanda qərarların surətlərinin saxlanmamasının cəzası icarəçinin üzərinə qoyulması qanunsuzdur. O məhkəməyə əlində olan qərarların əslini, həm də məhkəmənin tələbi ilə onların notariat qaydada təsdiq edilmiş surətlərini vermişdir. Belə vəziyyətdə həmin sənədlərin mövcud olmaması barədə məhkəmənin bu nəticəyə gəlməsi anlaşılmazdır. Görünür hay-küylə cavabdehə hüquqlarının qeydə alınmasına imkan verməyən dəstə eyni üsul və vasitələrlə məhkəməyə də təsir göstərmiş, nəticədə hüquqlarını pozan məhkəmə aktı qəbul edilmişdir. Digər tərəfdən iş materiallarında olan 29.12.2006-cı il tarixli icarə müqaviləsindən də göründüyü kimi bələdiyyə sədri cənab Rəşid İnıanovla aramızda icarə müqaviləsi imzalanmışdır. Cavabdeh tərəfindən ********** qeydiyyat nömrəli ərizə üzrə cavabdeh tərəfindən ona ünvanlanmış " Daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun dövlət reyesterində qeydiyyata alınmasından imtina edilməsinə dair" 02 iyun 2020-ci il tarixli, ********** 5 saylı bildirişdə Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında " Qanunun 11.1-ci və 11.2-ci maddələrində müəyyən edilən uyğunsuzluğun nədən ibarət olması, eləcə də "...torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsinin üzərində.." aşkar edilmiş mübahisənin nədən ibarət olması qeyd edilməmişdir. Qeyd edir ki, Məhkəmə də bu xüsusatı aydınlaşdırmamışdır. Qeyd edir ki, cavabdeh bu mövqeyini məhkəməyə təqdim etdiyi 15.01.2021-ci il tarixli etiraz məktubunda təkrar etsə də, əsaslandıra bilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2-1(116)-167/2021 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2-1(116)-167/2021 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə doğru olmayan nəticəyə gəlmişdir. Belə ki, işə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: Gödəkqobu bələdiyyəsinin İddiaçı ünvanladığı məktubdan görünür ki, Gödəkqobu kənd əhalisi narazılıq etdiyi üçün 2 ha torpaq sahəsinə dair dövlə reyestrindən çıxarışın alınmasını İddiaçı təmin etməlidir. Əks halda məhsul yığımı başa çatdıqdan sonra həmin sahənin boşaldılması tələb olunur. Gödəkqobu bələdiyyəsinin cavabdeh orqana ünvanladığı 09.12.2019-cu il tarixli məktubdan görünür ki, torpaq sahəsinin 25 il müddətinə icarə hüququ əsasında qeydiyyata alınmasına bələdiyyə etiraz etməmişdir. 29.12.2006-cı il tarixli 18 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, Gödəkqobu bələdiyyəsi adından icarəyə verən bələdiyyənin sədri X7 ilə Gödəkqobu kənd sakini İddiaçı arasında müqavilə bağlanmış və müqaviləyə əsasən 2.0 ha torpaq sahəsi 25 il müddətinə k/t məhsulları əkmək üçün Gödəkqobu kənd sakini İddiaçı icarəyə verilmişdir. Gödəkqobu bələdiyyəsinin 29.12.2006-cı il tarixli, 16 saylı iclas protokolunun qərarından çıxarışdan görünür ki, bələdiyyənin ehtiyat fondundan 2.0 ha torpaq sahəsi kənd təsərrüfatı əkinçilik məqsədi üçün İddiaçı icarəyə ayrılması qərara alınmışdır. DT və XK-nin Zərdab rayon şöbəsinin rəyindən görünür ki, Gödəkqobu kənd sakini İddiaçı 2.0 ha torpaq sahəsinin icarəyə verilməsi qanunvericiliyin tələblərinə uyğundur və şöbə qeyd olunan torpaq sahəsinin İddiaçı icarəyə verilməsini məqsədəuyğun hesab edir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 15.12.2020-ci il tarixli məktubda qeyd edilir ki, Zərdab rayonu Gödəkqobu kəndində yerləşən və İddiaçı icarəsində olan 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla şoranlıq ərazidir. Mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, İddiaçı naturada göstərdiyi və istifadə etdiyi torpaq sahəsi elektron məlumat bazasında mövcud olan Zərdab rayon Gödəkqobu bələdiyyəsinin xəritə materiallarına və baza məlumatlarına (DWJ) əsasən Gödəkqobu bələdiyyəsinin mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı şoran torpaqlara düşür. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 22.07.2021-ci il tarixli məktubunda qeyd edilir ki, İddiaçı Zərdab rayonu, Gödəkqobu kəndində yerləşən 2.0 hektar torpaq sahəsi üzərində icarə hüquqlarını qeydiyyata aldırmaq istədiyi torpaq sahəsi üzərində X2 və qeyrilərinin hər hansı bir hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Məlumat üçün bildirilir ki, Zərdab rayonu, Gödəkqobu kəndində yerləşən torpaq sahələrinə baxış keçirilən zaman torpaq sahəsi üzərində Zərdab rayonu, Gödəkqobu kənd sakinləri tərəfindən kütləvi mübahisə olduğu aşkar edilmişdir. Həmçinin kənd sakinlərinin imzası ilə kütləvi şikayət ərizələri olmuşdur. Zərdab rayonu, Gödəkqobu kəndində yerləşən torpaq sahələri üzərində kənd sakinlərinin kütləvi şikayətinin olması ilə bağlı İddiaçı ərizəsinin icrasından imtina edilərək **********65, **********74 və **********32 nömrəli məktubla bildiriş göndərilmişdir. Gödəkqobu kənd sakinlərinin məhkəməyə ünvanladıqları ərizədə qeyd edilir ki, Zərdab rayonu Gödəkqobu kənd sakini İddiaçı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edib. İddiaçı iddiasının mahiyyəti kəndə məxsus təbii gölün müəyyən hissəsini və bələdiyyəyə məxsus təxminən 4 ha torpaq sahəsini nəyin bahasına olur-olsun icarə üçün öz adına sənədləşdirilməsidir. Həmin göl 10 hektardan çox olan ərazini əhatə edir. Sözügedən təbii gölün İddiaçı adına sənədləşdirilməsi qanunamüvafiq deyil. Çünki həmin göl kəndə məxsusdur, göldən kənd sakinləri istifadə edib yararlanırlar. Gödəkqobu kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və balıqçılıqdır. İddiaçı iddiasının təmin olunması bir kəndin aclığa məhkum olunmasına gətirib çıxaracaq. Bu isə ağır nəticələrə səbəb olacaqdır. Gödəkqobu kəndində örüş torpaqları çox az olduğu üçün kənd sakinləri əziyyət çəkirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə sorğular əsasında toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2-1(116)-167/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14- cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi qeydiyyat üçün əsas kimi icarə müqaviləsini deyil, qanunla müəyyən olunmuş qaydada bələdiyyə orqanı tərəfindən bələdiyyəyə məxsus olan daşınmaz əmlakın icarəyə verilməsinə dair qəbul edilmiş qərarın (inzibati aktın) olmasını müəyyən etmişdir. Qanunun bu yanaşması ondan irəli gəlir ki, torpağın icarəyə verilməsi barədə qərar – bələdiyyə tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş, icarəyə götürən şəxs üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktdır. Həmin inzibati akt qanunla dəqiq müəyyən edilmiş, yəni “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” qanunun və «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin tələblərinə uyğun inzibati icraat aparlmaqla qəbul olunur. Bu inzibati icraatda torpaq sahəsinin hüquqi statusu, məqsədli təyinatı, koordinatları müəyyən olunur, müvafiq orqanların rəyləri alınır, kollegial qərar qəbul olunur. İcarə müqaviləsi isə torpaqdan istifadə üzrə şərtləri, tərəflərin öhdəlk və vəzifələrini müəyyən edən əqddir. Göründüyü kimi qanun, bələdiyyə torpaqlarına icarə hüququnun qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi icarə müqaviləsinə deyil, bələdiyyənin qərarına üstünlük verir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinçi instasiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşmır belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti olan torpaq sahəsinin qeydiyyata alınmaması mаddi və prosessuаl hüquq normаlаrının pozulmаsı və düzgün tətbiq edilməməsini, birinci instansiya məhkəməsinin qərarında göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini nəzərə alaraq hesab edir ki, və apellyasiya şikayətinini dəlillərini əsaslı hesab edir. Belə ki, iddiaçı ilə Gödəkqobu bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 16 saylı qərarı ilə Gödəkqobu kəndi ərazisindən bələdiyyənin ehtiyat fonduna aid torpaq sahəsindən iddiaçıya 25 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2.0 ha torpaq sahəsi icarəyə verilmiş və sözügedən torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bələdiyyə ilə aralarında 29.12.2006-cı il tarixdə “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmçinin torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı keçmiş DT və XK-nın Zərdab rayon şöbəsi tərəfindən rəy verilməklə həmin torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi məqsədəuyğun hesab edilmiş və bələdiyyə fondundan icarəyə verilmiş torpaq sahəsinin yerquruluşu planı tərtib olunmaqla təsdiqlənmişdir. Qeyd olunan torpaq sahəsi uzun müddət iddiaçının icarəsində olmasına baxmayaraq dövlət reyestrində qeydiyyatı aparılmamış və iddiaçıya müvafiq sənəd təqdim edilməmişdir. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 18.06.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının ərizəsinin icrası ilə bağlı Gödəkqobu kəndində yerləşən 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsi üzərində mübahisə olduğu aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Yuxarıda qeyd edilənlərə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək “Zərdab rayonu Gödəkqobu bələdiyyəsinin 29.12.2006-cı il tarixli 16 saylı qərarına əsasən Gödəkqobu kəndi ərazisindən bələdiyyənin ehtiyat fonduna aid torpaq sahəsindən ona 25 (iyirmi beş) il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 2.0 ha torpaq sahəsi üzərində icarə hüquqlarının qeydə alınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi cavabdeh orqanın imtinası əsassız olmuşdur. Çünki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada Gödəkqobu bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 16 saylı qərarı ilə Gödəkqobu kəndi ərazisindən bələdiyyənin ehtiyat fonduna aid torpaq sahəsindən iddiaçıya 25 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2.0 ha torpaq sahəsinin Gödəkqobu kənd sakini İddiaçı icarəyə verilməsinə dair qəbul olunmuş akt mövcudur. Bundan əlavə birinci instansiya məhkəməsi iclasında üçüncü şəxs kimi cəlb edilmiş Gödəkqobu bələdiyyəsinin sədri cənab K. İxtiyarov çıxış etmiş, icarəsinə torpaq sahəsinin verildiyini, tərəflər arasında icarə müqaviləsi bağlandığını, icarə müqaviləsindən irəli gələn öhdəliklərinin icrası ilə bağlı tərəflər arasında fikir ayrılığı olmadığını, icarəsinə verilmiş torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasına etiraz etmədiyini bildirmiş, məhkəməyə bununla əlaqədar məktub ünvanlamışdır. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsinin Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələrində qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu inzibati ədliyyənin bəzi xüsusiyyətlərini qeyd etməyi zəruri hesab edərək göstərir ki, İnzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar, bir qayda olaraq, şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini, hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 20 aprel tarixli Qərarı). Digər tərəfdən, inzibati məhkəmələrin “təyinatı” bununla məhdudlaşmayaraq, həmçinin inzibati orqanların qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərmələrinə “nəzarətin” həyata keçirilməsini ehtiva edir. Bu baxımdan inzibati məhkəmə icraatında mülki məhkəmə icraatı ilə nisbətdə dövlətin daha yüksək publik marağı mövcud olur.Belə ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və yerli özünüidarəetmə sahəsində yaranır və bu münasibətlərin iştirakçıları əvvəlcədən qeyri-bərabər hüquqi vəziyyətdə olurlar. Tərəflərdən biri suverenlik daşıyıcısı olaraq digər tərəfə, yəni fiziki və hüquqi şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olur. Bununla yanaşı, öz maraqlarının müdafiəsi üçün inzibati orqanlar həm təşkilati, həm də əmək resurslarına malikdir ki, əksər hallarda belə resurslar fiziki və ya hüquqi şəxslər üçün əlçatmazdır. Qeyd edilməlidir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir (İnzibati Prosessual Məcəllənin 68.2 və 69.4-cü maddələri). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.Həmçinin qeyd olunur ki, bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Kollegiya qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun10-cu maddəsində hüquqların dövlət qeydiyyatı üçün təqdim edilməli olan sənədlərin siyahısı göstərilməklə bu maddəyə əsasən,hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd.Həmin Qanunun 10.2.1-ci maddəsindən görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil . Bununla yanaşı hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır.Qeyd olunan hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmuşdur. Bununla yanaşı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.4-cü maddəsi əsasən hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələrinin tələblərinəə görə qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur. Yuxarıda qeyd olunanlara əasasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli Plenumu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndinə müvafiq olaraq, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.Həmin Məcəllənin 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə əsasən, torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi görə torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir Torpaq Məcəlləsinin 82-ci maddəsinə görə isə torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. Bununla yanaşı, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir. Həmin Fərmanın 6.2-ci bəndinə müvafiq olaraq, “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı prosesinin təkmilləşdirilməsi, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların təyinatına uyğun istifadə edilməsi sahəsində işin təkmilləşdirilməsi məqsədləri daşıyır. Qüvvədə olan qanunvericilik normalarının tələblərinə görə, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) və sair barədə məlumatlar əks olunmalıdır. Hüquqların dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı belə sənədlərin olmadığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun müvafiq normalarına əsasən maraqlı şəxsə yardım etməli və ya işin həlli üçün zəruri olan əlavə sənədlərin təqdim olunmasını tələb etməlidir. Belə yardımın göstərilməsi, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 3.0.23-cü bəndindən də irəli gəlir. Belə ki, həmin normaya əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifəsidir. Bundan başqa,həmin qərarda qeyd edilmişdir ki,əgər torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlər təqdim olunmazsa, “İnzibati icraat haqqında” Qanunun 34-cü maddəsinə uyğun olaraq ərizə baxılmamış saxlanıla bilər. Bu, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 14.1-ci maddəsinin mənasından da irəli gəlir. Belə ki, Qanunun 14.1-ci maddəsinə müvafiq olaraq, qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. Həmçinin, Qanunun 14.3-cü maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bir aydan artıq olmayan müddətə dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri göstərilməlidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddətin axınını dayandırır. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ərizənin baxılmamış saxlanılmasına və ya hüquqların dövlət qeydiyyatının dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda qeydiyyat orqanı müvafiq qərar qəbul etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarınınn Azərbaycan Respublikasınm Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3 –cü maddəsinə görə İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 61.1-ci maddəsində göstərilmişdir ki, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.2 ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. - 61.4 - çü maddəsinə əsasən İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Beləliklə yuxarıda qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, cavabdeh orqan tərəfindən torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı Gödəkqobu kənd sakinlərin kütləvi mübahisə olduğu əsas gətirərək İddiaçı adına Zərdab rayonu Gödəkqobu bələdiyyəsinin 29.12.2006-cı il tarixli 16 saylı qərarına əsasən Gödəkqobu kəndi ərazisindən bələdiyyənin ehtiyat fonduna aid torpaq sahəsindən İddiaçı 25 (iyirmi beş) il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 2 ha torpaq sahəsi üzərində icarə hüquqlarının qeydə alınması barədə imtina etməsi əsasız və qanunsuzdur. Belə ki, inzibati orqanın mübahisəli torpaq sahəsi üzərində icarə hüquququn qeydə alınması barədə imtina etməsinə dair istinad etdiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun müddəallarında yuxarıda göstərilən əsasa görə hüquqların dövlət qeydiyyatına alınmasından imtina halı nəzərdə tutulmamışdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2-1(116)-167/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməli, Zərdab rayonu Gödəkqobu bələdiyyəsinin 29.12.2006-cı il tarixli 16 saylı qərarına əsasən Gödəkqobu kəndi ərazisindən bələdiyyənin ehtiyat fonduna aid torpaq sahəsindən İddiaçı 25 (iyirmi beş) il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 2 ha torpaq sahəsi üzərində icarə hüquqlarının qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulmalı, mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 321 manat cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X6 Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2-1(116)-167/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Zərdab rayonu Gödəkqobu bələdiyyəsinin 29.12.2006-cı il tarixli 16 saylı qərarına əsasən Gödəkqobu kəndi ərazisindən bələdiyyənin ehtiyat fonduna aid torpaq sahəsindən İddiaçı 25 (iyirmi beş) il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 2 ha torpaq sahəsi üzərində icarə hüquqlarının qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulsun. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 321 manat cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X6 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-447/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-447/2021
22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver