Məhkəmə qərarları › İş №2-1(107)-447/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-447/2024

10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-447/2024 10.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 19 may 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)- 519/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçıya hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “iddiaçıya 19 may 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş emişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ümumilikdə 40 il iş stajı, 15 il 10 ay 11 gün isə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmağı ilə bağlı stajı vardır. Bu hal "xxxx" ASC-nin idarə Heyətinin verdiyi arayışla da öz təsdiqini tapır. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Cavabdeh orqan imtinasının əsası kimi usta köməkçisi şagirdi peşəsinin ustalar və usta köməkçiləri peşəsinə uyğun olmadığını bildirir. Halbuki, usta köməkçisi şagirdi elə peşənin adıdır və o, həmin ağır işlərdə işləmişdir. İddiaçı peşə adına görə cavabdeh orqanın imtinasını tamamilə əsassız hesab edərək məhkəməyə müraicət etmişdir.

4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli 3-17-1/2-C-140296/2023 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina məktubuna əsasən iddiaçı tərəfindən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının işlədiyi peşələr yuxarıda qeyd olunan əyirici istehsalatının hazırlıq sexlərindəki maşınlara, burma, əyirmə, sarıma, cütləmə, təkrarsarıma maşınlarına və toxuculuq dəzgahlarına xidmət edən ustalar və usta köməkçiləri peşəsinə uyğun deyil. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 4 ay 16 gün (xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1988-xx.xx.1995-ci il, xx.xx.1995xx.xx.1995-ci il, xx.xx.2002-xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, İddiaçı iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: - Bildiririk ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə - 60 yaşına xx.xx.2023-cü il tarixdə çatmışdır. Beləliklə, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələbinə görə aşağıdakı şərtlər ödənilməlidir: -xx.xx.2023-cü il tarixədək 25 il ümumi iş stajı: -xx.xx.2023-cü il tarixədək 12 il 06 ay güzəştli iş stajı. - İddiaçı tərəfindən cavabdehə təqdim edilən "xxxx" ASC-nin iddiaçıya dair arayışında xx.xx.1978-xx.xx.1979-cu il tarixləri arasındakı dövr ərzində toxucu sexində cütləyici şagirdi, xx.xx.1980-xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində həmin sexdə usta köməkçisi şagirdi, xx.xx.1984-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində toxucu sexinin hazırlıq şöbəsində ehtiyat usta köməkçisi peşələrində işlədiyi qeyd olunmuşdur. Həmçinin qeyd edirik ki, iddiaçının işlədiyi sözügedən müəssisənin xx.xx.2023-cü il tarixli 19 №li məktubuna əsasən iddiaçıya yuxarıda qeyd olunan güzəştli arayış əmək kitabçasında qeyd olunan məlumatlar əsasında tərtib olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi peşələr yuxarıda qeyd olunan əyirici istehsalatının hazırlıq sexlərindəki maşınlara, burma, əyirmə, sarıma, cütləmə, təkrarsarıma maşınlarına və toxuculuq dəzgahlarına xidmət edən ustalar və usta köməkçiləri peşəsinə uyğun deyildir. Bu səbəbdən də, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (9 il 4 ay 16 gün (xx.xx.1981xx.xx.1981-ci il, xx.xx.1988-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.2002xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir.

5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu; - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963cü il təvəllüdlüdür. - НЗ seriyalı ******* nömrəli Hərbi biletin təsdiqlənmiş surəti; - Şəki rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli arxiv arayışı. - Güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışı. - xx.xx.1980-cı il tarixli Əmək kitabçasının təsdiqlənmiş surəti, - xx.xx.2023-cü il tarixli 4/27 nömrəli arayış.

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) xx.xx.2024-cü il tarixli 2- 1(116)-519/2024 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 60 yaşının tamam olduğu 19 may 2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 60 yaşının tamam olduğu vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: 1. İddiaçı 60 yaşına çatmalıdır. 2. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 3. Ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı təhsil və hərbi xidmət illəri nəzərə alınmaqla 25 ildən çoxdur. Cavabdeh tərəfindən bu hal mübahisələndilməmişdir. Lakin, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd olunan əmək fəaliyyəti üzrə çalışdığı peşələrdən yalnız xx.xx.1978-xx.xx.1988-ci ilədək işlədiyi 9 il 04 ay 16 gün müddət güzəştli iş stajına daxil edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının çalışdığı aşağıdakı peşələr üzrə dövrün də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxil olduğu müəyyən edilir. Həmin Siyahının 32-ci toxuculuq istehsalatı bölməsində əyirici istehsalatının hazırlıq sexlərindəki maşınlara, burma, əyirmə, sarıma, cütləmə, təkrarsarıma maşınlarına və toxuculuq dəzgahlarına xidmət edən ustalar və usta köməkçiləri nəzərdə tutulmuşdur. İddiaçı xx.xx.1984-xx.xx.1988-ci il tarixləri arasındakı 3 il 10 ay 28 gün ərzində toxucu sexinin hazırlıq şöbəsində ehtiyat usta köməkçisi vəzifəsində işləmişdir. Həmin peşənin əmək funksiyası usta köməkçisi ilə eyni olduğundan qeyd olunan peşə yuxarıda göstərilən bəndin təsir dairəsinə düşür. Bununla da iddiaçının 9 il 4 ay 16 gün (xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1988-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995ci il, xx.xx.2002-xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər) güzəştli stajının üzərinə əlavə etdikdə iddiaçının güzəştli staj dövrü 13 il 3 ay 14 günə bərabərdir. Yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının üç iş yeri üzrə güzəştli iş stajına daxil edilməli olan dövr qanunvericilikdə tələb olunan 12 il 06 ay müddətdən artıq olduğundan digər dövrlərə münasibət bildirilməsinə zərurət qalmamışdır. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının 19 may 2023-cü ildən “Əmək pensiyaları haqqında” Qanunun 9.1ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1963-cü ildə doğulub). Həmçinin, iddiaçı xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən həmin dövr üçün pensiya kapitalı tələbi yoxdur.

8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-519/2024 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edirlər ki, məhkəmənin qərarı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Bildirirlər ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə - 60 yaşına xx.xx.2023-cü il tarixdə çatmışdır. Beləliklə, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələbinə görə aşağıdakı şərtlər ödənilməlidir: xx.xx.2023-cü il tarixədək 25 il ümumi iş stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; xx.xx.2023-cü il tarixədək 12 il 06 ay güzəştli iş stajı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın toxuculuq istehsalatı bölməsində (32) əyirici istehsalatının hazırlıq sexlərindəki maşınlara, burma, əyirmə, sarıma, cütləmə, təkrarsarıma maşınlarına və toxuculuq dəzgahlarına xidmət edən ustalar və usta köməkçiləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin iddiaçıya dair arayışında xx.xx.1978-xx.xx.1979-cu il tarixləri arasındakı dövr ərzində toxucu sexində cütləyici “şagird”i, xx.xx.1980-xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində həmin sexdə usta köməkçisi “şagird”i, xx.xx.1984xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində toxucu sexinin hazırlıq şöbəsində “ehtiyat” usta köməkçisi peşələrində işlədiyi qeyd olunmuşdur. Həmçinin qeyd edirlər ki, iddiaçının işlədiyi sözügedən müəssisənin xx.xx.2023-cü il tarixli 19 nömrəli məktubuna əsasən iddiaçıya yuxarıda qeyd olunan güzəştli arayış əmək kitabçasında qeyd olunan məlumatlar əsasında tərtib olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi peşələr yuxarıda qeyd olunan əyirici istehsalatının hazırlıq sexlərindəki maşınlara, burma, əyirmə, sarıma, cütləmə, təkrarsarıma maşınlarına və toxuculuq dəzgahlarına xidmət edən ustalar və usta köməkçiləri peşəsinə uyğun deyildir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 9 il 4 ay 16 gün təşkil edir: xx.xx.1981-xx.xx.1981-ci il tarixləri arasındakı dövrlər; xx.xx.1988xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər; xx.xx.1995-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər; xx.xx.2002-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər; xx.xx.2003-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər. Məhkəmənin diqqətinə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)-668/2024 nömrəli Qərarının 28-ci bəndini çatdırmaq istəyirlər. Belə ki, iş materiallarında olan iddiaçının güzəştli iş stajı barədə məlumatları özündə əks edən arayışlarda onun xx.xx.1983-xx.xx.1984-cü il tarixləri ərzində elektrik qaynaqçısı şagirdi kimi təhsil aldığı və işlədiyi dövrü də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən dövrlərə aid etmişlər. Lakin məhkəmə kollegiyası məhkəmələrin bu qənaəti ilə razılaşmır. Belə ki, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1983-cü ildə elektrik qaynaqçısı peşəsi üzrə şagird kontingentliyinə qəbul edildiyi, xx.xx.1984-cü ildə məktəbi qurtardığı üçün şagird kontingentliyindən çıxarıldığı qeyd edilmişdir. Bu dövr, iddiaçının texniki peşə məktəbində şagird kimi təhsil aldığı müddətdir. Həmin müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən staja aid olması ilə əlaqədar məhkəmələr ətraflı araşdırma aparmamış, şagird kontingentliyinin (şagird kimi təhsil aldığı müddətin) güzəştli staja aid olub olmaması ilə bağlı heç bir normativ akta və ya arayışa istinad etmədən həmin müddəti güzəştli əmək stajı kimi qəbul etmişlər. Məhkəmə iddiaçının peşə məktəbində qaynaqçı peşəsi üzrə şagird kimi təhsil aldığı müddətin Siyahılarda olan hansı peşəyə uyğunluğunu əsaslandırmamışdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən hazırkı işə münasibətdə belə qənaətə gəlirlər ki, iddiaçının həmin müəssisədə usta köməkçisi “şagird”i və “ehtiyat” usta köməkçisi vəzifəsində olması onun sözügedən vəzifədə vəzifə üzrə funksiyalarının tam və daimi olaraq daşıması demək deyildir. Bu səbəbdən də həmin dövrlərin iddiaçının güzəştli iş stajına daxil edilməməsi qanunvericiliyə uyğun olmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)-668/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 2-1(102)-584/2024 nömrəli qərarlarına əsasən məhkəmə kollegiyası pensiya işləri ilə bağlı Ali Məhkəmənin aşağı instansiya məhkəmələrinə göndərdiyi icmal məktuba əsaslanaraq qeyd etmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Göründüyü kimi, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-519/2024 nömrəli qərarı əsassız olduğundan ləğv edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-519/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(116)-519/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1 İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.

16. “Əmək pensiyaları haqqında” Qanun: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

17. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: Bənd 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1 -ci bənd) göstərilir ki, müraciət edən şəxs "Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

18. İnzibati icraat haqqında Qanun Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı”: Bənd 32. Toxuculuq istehsalatı Əyirici istehsalatının hazırlıq sexlərindəki maşınlara, burma, əyirmə, sarıma, cütləmə, təkrarsarıma maşınlarına və toxuculuq dəzgahlarına xidmət edən ustalar və usta köməkçiləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat növü hesab edilmişdir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı Əyirici istehsalatının hazırlıq sexlərindəki maşınlara, burma, əyirmə, sarıma, cütləmə, təkrarsarıma maşınlarına və toxuculuq dəzgahlarına xidmət edən ustalar və usta köməkçiləri

22. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 saylı xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.

Apellyasiya şikayətinin mümkünlüyü

23. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

31. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsindən ibarətdir.

32. Cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyi ehtiyat usta köməkçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında göstərilən vəzifələrə uyğun olmadığından onun güzəştli iş stajının müddəti bitmir.

33. Məhkəmə kollegiyası toxuculuq istehsalatı sahəsində ehtiyat usta köməkçisi çalışmış işçinin güzəştli şərtlə pensiya hüququ verən peşə olması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Toxuculuq istehsalatı özü-özlüyündə zərərli sahə olduğundan, Toxuculuq istehsalatı hazırlıq sexlərində xidmət edən usta köməkçisi ilə ehtiyat usta köməkçisinin əməyinin eyniliyi və həmin sahə ilə bağlı olmaması qəbul edilməyə bilməz. İddiaçı da toxuculuq istehsalatı hazırlıq sexlərində xidmət edən ehtiyat usta köməkçisi kimi güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir.

34. Qanunverici istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını təsdiq edərkən toxuculuq istehsalatını da, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat növünə aid etmiş, bu sahənin zərərli olmasını qəbul edərək bu sahədə çalışan insanların əməyini qiymətləndirərək onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olmalarını təsdiq etmişdir.

35. Bundan əlavə olaraq apellyasiya məhkəməsi araşdırması zamanı sorğu əsasında iş materiallarına əlavə edilmiş Şəki İpək ASC-dən daxil olmuş 29 avqust 2024-cü il tarixli, 10 nömrəli məktubdan görünür ki, Toxucu istehsalatında usta köməkçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş ’’Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 32-ci bəndində Toxuculuq istehsalatı əyirici və hazırlıq sexlərindəki maşınlara, burma, əyirmə, sarıma, cütləmə, təkrarsarıma maşınlarına və toxuculuq dəzgahlarına xidmət edən ustalar və usta köməkçiləri siyahısına daxil edilmişdir. Usta köməkçisi aşağıda qeyd olunan əmək funksiyasını yerinə yetirir: Maşınlarda, aqreqatlarda, kalandlarda profilaktiki baxış sazlama, ustanın göstərişinə əsasan avadanlığın sürtünən səthlərinin yağlanması, sınama işlərinin yerinə yetirilməsi, nasazlıqların və qüsurların aradan qaldırılması, avadanlıqla cari təmirin aparılması və onların orta və əsaslı təmirə hazırlanması, təmirdən sonra avadanlığın qəbul edilməsində iştirak edilməsi. Ehtiyatda olan usta köməkçisi usta köməkçisi ilə eyni əmək funksiyasını yerinə yetirir. Belə ki, hər hansı bir səbəbdən (məzuniyyət, xəstəlik və sair) usta köməkçiləri işdə olmadığı müddət ərzində istehsal xəttində boş dayanmaların qarşısının alınması məqsədi ilə ehtiyatda olan usta köməkçisi əsas usta köməkçisini əvəz edir.

36. İşdən də göründüyü kimi, İddiaçı xx.xx.1984-xx.xx.1988-ci il tarixləri arasındakı 3 il 10 ay 28 gün ərzində toxucu sexinin hazırlıq şöbəsində ehtiyat usta köməkçisi vəzifəsində işləmişdir. Həmin peşənin əmək funksiyası usta köməkçisi ilə eyni olduğundan qeyd olunan peşə yuxarıda göstərilən bəndin təsir dairəsinə düşür. Bununla da həmin müddəti iddiaçının 9 il 4 ay 16 gün (xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1988-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.2002-xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər) güzəştli stajının (cavabdeh tərəfindən mübahisələndirilməyən) üzərinə əlavə etdikdə iddiaçının güzəştli staj dövrü 13 il 3 ay 14 günə bərabərdir.

37. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir.

38. Məhkəmə kollegiyası cavabdeh orqanın apellyasiya şikayətinin “xx.xx.1978xx.xx.1979-cu il tarixləri arasındakı dövr ərzində toxucu sexində cütləyici “şagird”i, xx.xx.1980-xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində həmin sexdə usta köməkçisi “şagird”i” işləməsinin güzəştli iş stajına aid edilməməsi barədə dəlillərinin araşdırılmasına zərurət olmadığı qənaətindədir. Ona görə ki, cavabdeh orqanın mübahisələndirmədiyi dövr və iddiaçının toxucu sexinin hazırlıq şöbəsində ehtiyat usta köməkçisi vəzifəsində işlədiyi dövr qanunvericilikdə tələb olunan 12 il 06 aydan artıqdır. Həmçinin, iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması da cavabdeh orqan tərəfindən mübahisələndirilmir.

39. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

40. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

41. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

42. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

43. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

44. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

qərara aldı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli 2-1(116)-519/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar