Məhkəmə qərarları › İş №2-1(107)-447/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-447/2025

17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-447/2025 17.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), X2 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin vahid əmlak kimi iddiaçının adına qeydiyyata alınması öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 07 may 2025-ci il tarixli 2-1(116)-2125/2025 nömrəli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək “fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin vahid əmlak kimi iddiaçının adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 07 may 2025-ci il tarixli 2-1(116)-2125/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı adına Şəki şəhəri, X4 küçəsi, mənzil 13 ünvanında yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 639 kv.m torpaq sahəsinin vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 07 may 2025-ci il tarixli 2-1(116)-2125/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası 17 iyul 2025-ci il tarixə təyin edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi məhkəməyə ərizə göndərərək apellyasiya şikayətindən imtinanın qəbul edilməsini edilməsini və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisəli daşınmaz əmlaka dair açılmış yeni hallarla bağlı birinci instansiya məhkəməsinin qərarının icrası mümkün və qanunamüvafiq olduğundan bu mərhələdə apellyasiya şikayətindən könüllü və heç bir təzyiq olmadan imtina edilir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətindən imtinanın qəbul edilməsi barədə ərizənin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibаti Prosessuаl Məcəlləsinin 88.1-ci mаddəsinə əsasən, şikаyət аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərаrı qаnuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.3-cü mаddəsinə görə, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. İnzibаti Prosessuаl Məcəlləsinin 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin Şəki İnzibati Məhkəməsinin 07 may 2025-ci il tarixli 2-1(116)- 2125/2025 nömrəli qərarından vermiş olduğu apellyasiya şikayətindən imtinaya dair ərizəsi qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 88.1, 88.3 və Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin 369.4-cü maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin Şəki İnzibati Məhkəməsinin 07 may 2025-ci il tarixli 2-1(116)- 2125/2025 nömrəli qərarından vеrdiyi apellyasiya şikayətindən imtinaya dаir ərizəsi qəbul еdilir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin vahid əmlak kimi iddiaçının adına qeydiyyata alınması öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə apellyasiya icraatına xitam verilir. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar