Məhkəmə qərarları › İş №2-1(107)-448/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-448/2024

24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-448/2024 24.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1028/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya təyin olunmuş yaşa görə sosial müavinətin dəyişdirilərək yaşa görə əmək pensiyası ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə təmin edilmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyası huququ yaranmışdır. Buna əsasən elə həmin tarixdə cavabdeh Dövlət Sosial Mudafiə Fondu tərəfindən iddiaçıya yaşa görə sosial müavinət təyin olunmuşdur. Lakin iddiaçı 25 ildən çox əmək stajının olduğunu bildirərək yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, tələbinin təminindən imtina olunmuşdur.

4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən təqdim edilən əmək kitabçalarının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı ümumilikdə (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 24 il 1 ay 22 gün təşkil edir. Həmçinin bildiririk ki, 01.01 2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən İddiaçı əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün (xx.xx.1978-ci il tarixdə texniki peşə məktəbinə daxil olma əmri qeyd edilmədiyindən xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək təhsil illəri və xx.xx.1977ci il tarixdən xx.xx.1979-cu il tarixədək əmək fəaliyyəti illəri ardıcıllıq gözlənilmədən və 5 nömrəli qeyddə ay və gün düzgün formada qeyd olunmadığından xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək əmək fəaliyyəti dövrü) sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Beləliklə, İddiaçı cavabdeh tərəfindən mübahisələndirilən sosial sığorta stajı ümumilikdə 1 il 11 ay 26 gündən ibarət olmaqla aşağıdakı kimidir: xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil illəri (7 ay 29 gün); xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək əmək fəaliyyəti dövrü (1 il 3 ay 27 gün). - Əlavə olaraq qeyd edək ki, İddiaçı tərəfindən əyani təhsil haqqında arayış təqdim edildikdə təhsil illəri (7 ay 29 gün) sığorta stajına daxil edilsə belə qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-ci il təvəllüdlüdür. - İddiaçıya məxsus B207100 nömrəli saylı Əmək kitabçası. - İddiaçıya məxsus xx.xx.1972-ci il tarixli Əmək kitabçası. - İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi bilet. - Zərdab rayon X3 hissəsinin xx.xx.2022-ci il tarixli Arayışı.

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 22 may 2024-cü il tarixli 2- 1(116)-1028/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1956-ci ildə doğulub). Cavabdehin iddia tələbinə etirazının dəlili İddiaçı texniki peşə məktəbinə daxil olma əmri qeyd edilmədiyindən xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək təhsil illəri, əmək kitabçasının doldurulma qaydası pozulduğu, əmək fəaliyyəti illəri ardıcıllıq gözlənilmədən və 5 nömrəli qeyddə ay və gün düzgün formada qeyd olunmadığından üçün xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmaması ilə bağlı olmuşdur. İddiaçıya məxsus əmək kitabçalarından və hərbi biletindən görünür ki, o, 1972-ci ildə əmək fəaliyyətinə başlamış, 2003-cü ilədək əmək fəaliyyətini davam etdirmişdir. Cavabdeh tərəfindən də mübahisələndirilməyən sosial sığorta stajı 24 il 9 ay 21 gün təşkil edir. Mübahisələndirilən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək olan təhsil dövrünü də əhatə edən müddətə münasibətdə məhkəmə bildirir ki, iddiaçının təhsil dövrünün daxil edilməməsi halında belə 25 illik minimum sosial sığorta stajı tamamlanır. Belə ki, iddiaçıya məxsus xx.xx.1972-ci il tarixli əmək kitabçasının 21-ci səhifəsində onun xx.xx.1977-ci il tarixində Zərdab kolxozlararası tikinti idarəsində işə qəbul edildiyinə dair 5 nömrəli qeyd aparılmışdır. Mübahisələndirilən və qəbul edilməyən xx.xx.1978-ci il- xx.xx.1978-ci il tarixləri arasındakı təhsil dövrü istisna edilməklə iddiaçının xx.xx.1979-cu il tarixinədək 7 ay 26 gün həmin idarədə əmək fəaliyyəti olmuşdur. Bu isə iddiaçının hərbi xidmət dövrü daxil olmaqla cəmi 25 il 5 ay 17 gün sosial sığorta stajına malik olduğunu təsdiq edir. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdur.

8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli 2-1(116)-1028/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qeyd: İddiaçı 65 yaşını xx.xx.2021-ci il tarixdə tamamlamışdır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22–1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Qanunun 22.1-ci maddəsinə görə, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Sözügedən Qanunun 22–1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. - Bildiririk ki, İddiaçı cavabdehə təqdim etdiyi əmək kitabçasının və digər sənədlərinin surətinə əsasən onun mübahisəsiz qəbul edilən sosial sığorta stajı cəmi 24 il 1 ay 22 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Beləliklə, İddiaçı cavabdeh tərəfindən mübahisələndirilən sosial sığorta stajı ümumilikdə 1 il 11 ay 26 gündən ibarət olmaqla aşağıdakı kimidir: xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək təhsil illəri (7 ay 29 gün); xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək əmək fəaliyyəti dövrü (1 il 3 ay 27 gün). Əlavə olaraq qeyd edək ki, İddiaçı tərəfindən əyani təhsil haqqında arayış təqdim edildikdə təhsil illəri (7 ay 29 gün) sığorta stajına daxil edilsə belə xx.xx.2006-cı il tarixədək olan ümumi sığorta stajı 24 il 9 ay 21 gün təşkil edəcəkdir. Göründüyü kimi, hər bir halda iddiaçı Qanunun 7-ci maddəsində nəzərdə tutulan sığorta stajını tamamlamır. Bu hissədə vurğulamağı zəruri hesab edirik ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1028/2024 nömrəli qərarının 4-cü səhifəsində cavabdehin iddiaçının 24 il 9 ay 21 gün stajını mübahisələndirmədiyi qeyd edilmişdir. Lakin, yuxarıda qeyd etdiyimiz kimi yalnız iddiaçının əyani təhsil alması faktı sübut olunduğu təqdirdə onun 24 il 9 ay 21 gün sosial sığorta stajının olacağı həm imtina məktubunda, həm də etirazımızda qeyd edilmiş, iddiaçının ümumilikdə 24 il 1 ay 22 gün mübahisəsiz sosial sığorta stajının olduğu məhkəmənin diqqətinə çatdırılmışdır. Göründüyü kimi, məhkəmə mübahisəsiz dövrlərə dair səhvə yol vermişdir. Şəki İnzibati Məhkəməsi iddiaçının təhsil dövrünü araşdırma zərurəti görməmiş, təhsil illəri daxil edilməməklə iddiaçının 25 il 5 ay 17 gün sığorta stajının olduğu qənaətinə gəlmişdir. Məhkəmə bu hissə ilə bağlı hesablama səhvinə yol vermişdir. Belə ki, iddiaçının əmək kitabçasının 20-21 və 22-23-cü səhifələrindən onun xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Zərdab Kolxozlararası Tikinti idarəsində əmək fəaliyyəti ilə məşğul olması müəyyən olunur. Birinci instansiya məhkəməsi iddiaçının əmək fəaliyyəti ilə üst-üstə düşən təhsil dövrünü staja daxil etmədən aşağıdakı hesablamanı aparmışdır:

1. xx.xx.1977-ci il tarixdən 01 02.1978-ci il tarixədək – 1 ay 19 gün;

2. xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək – 6 ay 10 gün. Cəmi 1 ay 19 gün+6 ay 10 gün= 7 ay 29 gün. -Şəki İnzibati Məhkəməsi 24 il 9 ay 21 günün üzərinə 7 ay 29 gün gələrək iddiaçının 25 il 5 ay 17 gün sığorta stajının olduğu qənaətinə gəlmişdir. Məhkəmə cavabdehin əslində 24 il 1 ay 22 gün sosial sığorta stajını mübahisələndirmədiyinə diqqət etməmişdir. Belə ki, mübahisəsiz 24 il 1 ay 22 gün stajla məhkəmənin qəbul etdiyi 7 ay 29 gün toplananda belə 25 il staj tamamlanmır. Göründüyü kimi, məhkəmə iddiaçının stajına daxil edilən dövrlərdə hesablama səhvinə yol verərək səhvən stajı 25 ilə çatdırmışdır. O cümlədən qeyd edirik ki, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək əmək fəaliyyəti illəri ardıcıllıq gözlənilmədən və 5 nömrəli qeyddə ay və gün düzgün formada qeyd olunmadığından xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək əmək fəaliyyəti dövrü onun stajına daxil edilməmişdir. İddiaçının əmək kitabçasına baxıldıqda onun xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək təhsil illərinin 1977-ci il tarixdə işə başlamasından əvvəl qeyd olunması, müəssisənin arxiv sənədlərinin (əmrlər kitabı və s.) olmaması artıq əmək kitabçasının sonradan doldurulması faktını ortaya çıxarır. Lakin, məhkəmə bu hissədə mübahisəyə düzgün hüquqi qiymət verməyərək müəssisənin fəaliyyətini araşdırmamış, əmək kitabçasını düzgün doldurulmadığı halda mötəbər hesab etmişdir. Hesab edirik ki, sözügedən əmək kitabçası mötəbər sənəd hesab edilə bilməz. Qanunvericilik aktlarının tələblərindən irəli gələrək İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək əmək fəaliyyəti əmək kitabçasının düzgün doldurulmaması, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək təhsil illəri əmrin olmaması səbəbilə mübahisələndirilən dövr kimi onun sosial sığorta stajına daxil edilməmişdir. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən 25 il sosial sığorta stajına qarşı 24 il 1 ay 22 gün sosial sığorta stajına malik olduğundan inzibati orqan haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Beləliklə, xx.xx.2021-ci il tarixdən ona proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixdən müavinət 180 manata çatdırılmışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən və iddiaçının əmək kitabçası doldurulma qaydalarına zidd doldurulduğundan, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulan dövrdən (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz verərək göstərmişdir ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1028/2024 saylı qətnaməsindən cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti məhkəmənin icraatındadır. Həmin şikayət formal xarakter daşıdığından rədd olunmalı, Şəki İnzibati məhkəməsinin xx.xx.2024-cü il tarixli № 2-1(116)-1028/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh apellyasiya şikayətində Şəki İnzibati məhkəməsi qərar qəbul edən zaman səhv hesablama etdiyini bildirsə də, lakin şikayətini əsaslandıra bilməmişdir. Qeyd edir ki, cavabdeh apellyasiya şikayətində mübahisələndirilmədən qəbul edilen sosial sığorta stajının cəmi 24 il 1 ay 22 gün olduğunu iddia edir. Məsələyə cavabdehin dediyi ilə yanaşsaq 25 il sosial sığorta stajının olması üçün 11 ay 9 gün sığorta stajının olması zəruriyyəti yaranmışdır. Lakin cavabdeh nəzərə almamışdır ki, xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək əmək və təhsil staj müddəti dövrü 1 il 3 ay 27 gün təşkil edir. Təhsil müddəti ilə əmək stajı müddəti dövrləri üst-üstə düşdüyündən bunlardan əmək stajı illəri nəzərə alınmalı və sığorta stajının üzərinə gəlinməlidir. Bu da qeyd etdiyi kimi ümumilikdə 1 il 3 ay 27 gün təşkil etdiyindən 25 il 5 ay 17 gün əmək stajının olması anlamına gəlir. Eyni zamanda qeyd edir ki, cavabdehin əmək kitabçasında qeyd olunmuş xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixə qədər olan əmək və təhsil müddətlərini mübahisələndirmək hüququ yoxdur. Həmin illərin tək sübutu əmək kitabçası olduğundan əmək kitabçasında aparılan qeydlərə uyğun pensiya təyin olunmalıdır. Cavabdeh təhsil haqqında arayışının olmamasını arqument hesab etsə də, lakin xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixə qədər olan əmək stajı dövrü ilə bağlı hər hansı ciddi səbəb göstərə bilmir. Bu isə onu deməyə əsas verir ki, həmin illər əmək stajı kimi hesablanmalıdır. Cavabdehin apellyasiya şikayəti formal xarakter daşımış və yalnız vətəndaş narazılığının yaranmasına köklənmişdir. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarın şərhi onu deməyə əsas verir ki, cavabdeh qərar qəbul edən zaman şəxsi mülahizələrinə istinad etməməli və aparılmış qeydləri şübhə altına almamalıdır. Ümumilikdə qanunvericiliyin tələbi onu deməyə əsas verir ki, vətəndaşla inzibati orqan arasında olan mübahisələrdə sübut etmə öhdəliyi inzibati orqanın üzərində olur. Sübut etmə isə özü elə bir anlayışdır ki, inzibati orqan imtinasının əsasını təşkil edən sübutları təqdim etməlidir. Hazırki, işdən də görünür ki, 1 il 3 ay 27 gün əmək stajının olmasının mübahisəsi ilə bağlı inzibati orqan hər hansısa sübut təqdim edə bilməmiş, şəxsi mülahizələri əsasında həmin illəri sığorta stajına daxil etməmişdir. Bundan əlavə məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən, hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənilməsi və ona hörmət olunması məhkəmə işinin səmimiliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Akimova Azərbaycana qarşı 27 sentyabr 2007-ci il; Delcourt Belçikaya qarşı işi üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; X8rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Yuxarıda qeyd olunanlara əsasən xahiş edir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli № 2- 1(116)-1028/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı və Şəki İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli № 2-1(116)-1028/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli 2- 1(116)-1028/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etiraz ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli 2-1(116)-1028/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

14. İnzibati Prosessual Məcəllə: Maddə 14.3 inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

16. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşmüş): Maddə 67. mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: ... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

19. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

22. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

27. Cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Şəki İnzibati Məhkəməsi 24 il 9 ay 21 günün üzərinə 7 ay 29 gün gələrək iddiaçının 25 il 5 ay 17 gün sığorta stajının olduğu qənaətinə gəlmişdir. Məhkəmə cavabdehin əslində 24 il 1 ay 22 gün sosial sığorta stajını mübahisələndirmədiyinə diqqət etməmişdir. Belə ki, mübahisəsiz 24 il 1 ay 22 gün stajla məhkəmənin qəbul etdiyi 7 ay 29 gün toplananda belə 25 il staj tamamlanmır. Göründüyü kimi məhkəmə iddiaçının stajına daxil edilən dövrlərdə hesablama səhvinə yol verərək səhvən stajı 25 ilə çatdırmışdır.

28. Apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən xüsusatla bağlı X10 müvafiq sorğu verilmişdir.

29. Belə ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X6 Peşə Liseyindən daxil olmuş 21 avqust 2024-cü il tarixli, 52 nömrəli arayışdan görünür ki, İddiaçı 01 fevral 1978-ci ildə Zərdab 124 saylı X15 Peşə Məktəbinə (indiki X14) “Traktorçu-maşinist” ixtisası üzrə qəbul olmuş və 28 sentyabr 1978-ci ildə həmin ixtisas üzrə tam kursu bitirmişdir.

30. Göründüyü kimi, iddiaçı 7 ay 27 gün Zərdab 124 saylı X15 Peşə Məktəbində (indiki X14) “Traktorçu-maşinist” ixtisası üzrə təhsil almışdır. Ona görə də, həmin müddət təhsil müddəti olmaqla iş stajına daxil edilməlidir.

31. Beləliklə cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 24 il 1 ay 22 gün stajla təhsil müddətini topladıqda iddiaçının stajı 24 il 9 ay 19 gün təşkil edir.

32. Məhkəmə kollegiyası cavabdehin təhsil müddəti ilə bağlı dəlillərini əsassız sayır. Hesab edir ki, iş materiallarına əlavə edilmiş sübutlar cavabdehin bu dəlillərini təkzib edir.

33. Cavabdeh orqanın apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək əmək fəaliyyəti illəri ardıcıllıq gözlənilmədən və 5 nömrəli qeyddə ay və gün düzgün formada qeyd olunmadığından xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək əmək fəaliyyəti dövrü onun stajına daxil edilməmişdir. İddiaçının əmək kitabçasına baxıldıqda onun xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək təhsil illərinin 1977-ci il tarixdə işə başlamasından əvvəl qeyd olunması, müəssisənin arxiv sənədlərinin (əmrlər kitabı və s.) olmaması artıq əmək kitabçasının sonradan doldurulması faktını ortaya çıxarır. Lakin, məhkəmə bu hissədə mübahisəyə düzgün hüquqi qiymət verməyərək müəssisənin fəaliyyətini araşdırmamış, əmək kitabçasını düzgün doldurulmadığı halda mötəbər hesab etmişdir.

34. Məhkəmə kollegiyası cavabdehin dəlili ilə bağlı aşağı instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın 2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur.

35. Məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

36. Həmçinin, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Zərdab Rayon İcra Hakimiyyəti Zərdab Rayon Dövlət Arxivindən cavabdeh orqana göndərilmiş 29 yanvar 2024-cü il tarixli, 03 nömrəli məktubdan görünür ki, Zərdab Kolxozlararası Tikinti İdarəsinin 1977-1979-cu illəri əhatə edən sənədləri mühafizə üçün Zərdab rayon Dövlət Arxivinə təhvil verilməmişdir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, adıçəkilən müəssisə ilə bağlı mübahisəli dövrə aid arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

38. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləməsinə, həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasındakı müvafiq qeydlərin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.

39. Göründüyü kimi, həm məhkəmə, həm də cavabdeh orqan iddiaçının yuxarıda qeyd edilən mübahisələndirilən dövr üzrə həmin müəssisənin fəaliyyətinin olubolmamasını təsdiq edən müvafiq sənədlər təqdim edilməsi üçün sorğular vermişlər. Həmin sorğulara verilən cavab məktublarından mübahisələndirilən illərdə müəssisənin fəaliyyət göstərməməsi müəyyən edilməmiş, sadəcə olaraq həmin orqanlar haqqında təhvil-təslim aktlarına əsasən sənədlərinin müvafiq orqanlara təqdim edilməməsi müəyyən edilmişdir. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirilən dövrlərdə işlədiyi müəssisənin fəaliyyətinin olmaması barədə cavabdeh orqanın apellyasiya şikayətinin dəlili əsassızdır.

40. Bundan əlavə əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə cavabdeh tərəfindən qaldırıldığından formalaşmış məhkəmə təcrübəsinə əsasən əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır.

41. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasının 5 nömrəli qeydində ay və günün düzgün formada qeyd olunmaması, yəni yerlərinin dəyişik yazılması da iddiaçının təqsiri ilə bağlı olan hal deyil.

42. Bundan başqa, cavabdeh qeyd edir ki, iddiaçının əmək kitabçasına baxıldıqda onun xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək təhsil illərinin 1977-ci il tarixdə işə başlamasından əvvəl qeyd olunması əmək kitabçasının sonradan doldurulması faktını ortaya çıxarır. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçı xx.xx.1975-ci il tarixdə hərbi xidmətə çağırılmamışdan əvvəl də Zərdab Kolxozlararası Tikinti İdarəsində işləmiş, hərbi xidmətə çağırıldığından işdən azad edilmiş, daha sonra həmin İdarədə işə qəbul olunmuş, peşə məktəbində təhsil almış, daha sonra isə iddiaçı, Zərdab Kolxozlararası Tikinti İdarəsində xx.xx.1979-cu il tarixdə öz ərizəsinə əsasən işdən azad edildikdən sonra 04 may 1979-cu il tarixdə Qazaxıstan Respublikasında işə qəbul olmuş, əmək kitabçasında müvafiq olaraq qeyd aparılmışdır. Bu dövrlər cavabdeh tərəfindən mübahisələndirilməmiş, eyni zamanda bu hallar əmək kitabçasının sonradan doldurulması faktını aradan qaldırır.

43. Bir sözlə, iddiaçının təhsil müddətinin tarix baxımından işlədiyi müddətin daxilində olmaqla əmək kitabçasında təhsil illərinin ilkin olaraq qeyd edilməsi iddiaçının xx.xx.1977ci il tarixdən 01 02.1978-ci il tarixədək – 1 ay 19 gün və xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək – 6 ay 10 gün, cəmi 1 ay 19 gün+6 ay 10 gün= 7 ay 29 gün müddətinə Zərdab Kolxozlararası Tikinti İdarəsində işləməməsinə dəlalət etmir.

44. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Zərdab Kolxozlararası Tikinti İdarəsində işlədiyi 7 ay 29 gün müddət də onun stajına əlavə edilməlidir.

45. Beləliklə iddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilməyən və təhsil müddəti də daxil olmaqla 24 il 9 ay 19 gün stajı ilə onun Zərdab Kolxozlararası Tikinti İdarəsində işlədiyi 7 ay 29 gün müddəti topladıqda iddiaçının əmək kitabçasına əsasən 25 ildən artıq sığorta stajı olduğu təsdiq olunur.

46. Belə olan halda əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.

47. Göründüyü kimi, iş materialları iddiaçının qeyd olunan işlərdə və müddətlərdə əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir, hazırki araşdırma isə iddiaçının həqiqətən sosial sığorta stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsini mötəbər qaydada müəyyən edir.

48. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

49. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 25 il sosial sığorta stajı olduğu halda cavabdehin iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməlidir.

51. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

qərara aldı

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli 2-1(116)-1028/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar