Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-448/2025 24.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Sadiqov Zülfüqar Əhməd oğlu və X7 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Şəki bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 03 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-1220/2025 nömrəli qərardadından iş üzrə iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. işin halları:
1. ünvan 1 ünvanında yerləşən yaşayış evi üzərində 4/6 hissə X5 və İddiaçı, 1/6 hissə X3, 1/6 hissə X8 paylarına mülkiyyət hüququna dair texniki inventarizasiya bürosu tərəfindən 02 noyabr 1984-cü il tarixli 2540/4703 nömrəli Qeydəalma vəsiqəsi verilmişdir.
2. Şəki bələdiyyəsinin 09 mart 2002-ci il tarixli 03 saylı iclas protokolunun 5 nömrəli qərarı ilə mərhum X1 varislərinin notariat qaydada təsdiq edilmiş razılıq ərizələrini nəzərə alaraq, Şəki şəhəri, 22-ci rayon, Həmid Sultanov küçəsi 2 ünvanında yerləşən X1 adına olan yaşayış evi qəzalı vəziyyətdə olduğu üçün həmin həyətdə X9 fərdi yaşayaış evi tikintisinə icazə verilməsi qərara alınmışdır.
3. Şəki rayon məhkəməsinin 26 iyul 2007-ci il tarixli 2-484 nömrəli qətnaməsi ilə ərizə təmin edilərək, ünvan 2 ünvanda yerləşən 600 kv.metr torpaq sahəsində tikdirdiyi 2 yaşayış otağı, bir mətbəx və 1 yardımçı sahə olan şüşəbənddən ibarət fərdi yaşayış evinə X6 mülkiyyət hüququnun tanınması və X6 adına qeydiyyat vəsiqəsinin verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsinə tapşırılması qət edilmiş və 03 sentyabr 2007-ci ildə icra vərəqəsi verilmişdir.
4. Bundan sonra sözügedən fərdi yaşayış evi üzərində Elçin İlyasovun tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 03 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 3/6 hissəsi X5 və İddiaçı, 1/6 hissə X3, 1/6 hissəsi Nurəhməd Səfəralı oğlunun, 1/6 hissəsi Töyfə Məmməd qızının adına qeydiyyata alınmışdır. Anası 20 mart 1992-ci il tarixdə vəfat etmişdir. O, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin 3/6 hissəsinin mərhum X4 məxsus olması barədə arayışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, müraciəti təmin edilməmişdir. Cavabdeh orqan sözügedən fərdi yaşayış evinin digər şəxsin adına qeydiyyata alındığını bildirmişdir. Məhkəmə araşdırması zamanı ona məlum olmuşdur ki, Şəki bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 03 nömrəli qərarı ilə onun mərhum anası X4 məxsus həyətdə X9 fərdi yaşayış evi tikintisinə icazə verilmiş və bundan sonra X12 həmin qərar əsasında mərhum anasına məxsus torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüquqlarını qeydə aldıraraq xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli MH seriyalı, № ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Şəki bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 03 nömrəli qərarında qeyd edilmişdir ki, Şəki şəhəri, 22-ci rayon, M.Ə.Rəsulzadə küç, 68 saylı evdə yaşayan X6 ərizələrini, mərhum X1 varislərinin notarial qaydada təsdiq edilmiş ərizələrini nəzərə alaraq 22-ci rayon, H.Sultanov küçəsi, 2 saylı ünvanda yerləşən, X1 adına olan yaşayış evi qəza vəziyyətində olduğu üçün həmin həyətdə X10 fərdi yaşayış evi tikintisinə icazə verilsin. Göründüyü kimi, Şəki bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 03 nömrəli qərarında guya mərhum X1 varislərinin notarial qaydada təsdiq edilmiş ərizələrinin olmasını qeyd etsə də o, heç vaxt belə bir ərizə verməmişdir və notarial qaydada belə bir ərizə mövcud deyil. Bundan əlavə həmin qərardan da göründüyü kimi qeyd edilən həyət onun anasının mülkiyyətində olmuşdur və bələdiyyənin hər hansı bir şəxsin həyətində digər şəxsə fərdi yaşayış evi inşa edilməsi üçün icazə verilməsi səlahiyyəti yoxdur. Şəki Bələdiyyəsi sadəcə özünə məxsus torpaq sahələri ilə bağlı qərar verə bilər, lakin həmin torpaq sahəsi mərhum anasının mülkiyyətində olmuşdur. Göründüyü kimi, Şəki Bələdiyyəsi öz vəzifə səlahiyyətlərini aşaraq bələdiyyəyə məxsus olmayan torpaq sahəsi ilə qərar qəbul etmişdir. Buna görə də Şəki bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 03 nömrəli qərarı ləğv edilməlidir. Hazırkı torpaq sahəsi iddiaçının mərhum anasından ona vərəsəlik qaydasında keçmişdir. Dövlət reyestrinden xx.xx.2019-cu il tarixində reyestr nömrəsi **********94- 10301, qeydiyyat nömrəsi ********* olan çıxarış və Texniki Pasport verilmişdir. Texniki pasportda həyətyanı torpaq sahəsi sənəd üzrə 0,12 ha, faktiki sahə isə 0.2313 ha qeyd olunmuşdur. X2 yaxınlaşaraq zəbt sahə kimi bələdiyyə mülkiyyətində olan torpaq sahəsini 2006-cı ildən bələdiyyədən aldğını və ona həmin torpağa dair sənəd verildiyini bildirmişdir.
7. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-1220/2025 nömrəli qərardadı ilə (hakim Fəxri Hacızadə) iddia mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Şəki bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 03 saylı Qərarı inzibati aktdır və onun mübahisələndirilməsi imkanı artıq itirilmişdir. Belə ki, inzibati orqanın mübahisələndirilən qərarı qəbul olunan dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Hazırkı iş üzrə üçüncü şəxsə mübahisələndirilən torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisinə icazə verilməsinə dair qərarın iddiaçıya məlum olma tarixi konkret müəyyən olunmasa da, iddiaçının həmin qərarla torpaq sahəsi üzərində yaşayış evi tikməsi barədə məlumatsız olması aradan keçən kifayət qədər uzun müddət nəzərə alındığında ağlabatan görünmür. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1286/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe) Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-887/2023 saylı, xx.xx.2023- cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqeyə əsasən müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir.
9. İddiaçının nümayəndəsi, həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
10. Şəki İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli qərarı qeyri-obyektiv və birtərəfli qəbul olunub, işin halları tam və hərtərəfli araşdırılmayıb. Məhkəmə iddia müddətinin keçməsini əsas gətirərək iddianı rədd edib, lakin iddia müddətinin başlanma vaxtını düzgün müəyyən etməyib. İnzibati orqanın xx.xx.2002-ci il tarixli qərarı qəbul edilərkən iddiaçının xəbərdar edilməməsi səbəbindən müddət onun hüquq və azadlıqlarının pozulduğu barədə məlum olan gündən hesablanmalıdır. Hazırkı işdə mərhum ananın mülkiyyət hüquqları pozulduğundan və daşınmaz əmlak qanunsuz ələ keçirildiyindən, iddia müddəti tətbiq edilə bilməz. Bununla belə, birinci instansiya məhkəməsi iddiaçının qərarın mövcudluğundan xəbərdar olub-olmaması barədə heç bir sübuta istinad etməmiş və bununla da, iddiaçının hüquqlarının pozulmasına səbəb olan qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları:
12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
14. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun Maddə 2. Bələdiyyə torpaqlarının tərkibi 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. ... Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; 4.0.3. yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək; 4.0.4. bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq; 4.0.5. ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq; 4.0.6. bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; 4.0.7. hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; 4.0.8. bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; 4.0.9. bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; 4.0.10. bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək; 4.0.11. öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək; 4.0.12. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək.
15. “İnzibati icraat haqqında” Qanun 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 4.2. İnzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur. ... 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 33.1. Ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. 36.1. Aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: 36.1.1. inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan; Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: ... 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; ... 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
17. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı hüquqi mövqeyi ilə razılaşır. Lakin, bu iddia müddətinin ötürülməsi ilə yox, qaldırılmış iddianın iddiaçının hüquqi müdafiə marağına uyğun olmaması ilə bağlıdır.
21. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
22. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə qaydasında müdafiəsi təmin edilir. Lakin bu hüquq mütləq deyil və yalnız hüquqi müdafiə marağı olduğu halda həyata keçirilə bilər. Hüquqi müdafiə marağı - şəxsin qanunla qorunan hüquqlarına və maraqlarına təhlükənin mövcud olduğu hallarda, həmin hüquqların qorunması və ya bərpası üçün məhkəmə müdafiəsinə ehtiyacın yaranmasıdır. Hüquqi müdafiə marağının yaranması üçün şəxsin hüquq və ya maraqlarına bilavasitə toxunan bir hüquqi vəziyyət mövcud olmalıdır.
23. İş materiallarından görünür ki, Şəki bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 03 nömrəli iclas protokolunun gündəliyində olan 2-ci məsələ üzrə qəbul edilmiş qərarda “Tikinti altına torpaq sahələrinin ayrılması haqqında qərar layihəsinin təsdiq edilməsi” qeyd edilmişdir. İclas protokoluna əlavə edilmiş qərar layihəsinin 1.13-cü bəndində qərarın məzmunu aşağıdakı kimi ifadə olunmuşdur: - Şəki şəhəri, 22-ci rayon, M.Ə.Rəsulzadə küçəsi, 68 saylı evdə yaşayan X6 ərizəsini, mərhum X1 varislərinin notarial qaydada təsdiq edilmiş ərizələrini nəzərə alaraq, 22-ci rayon, H. Sultanov küçəsi, 2 saylı ünvanda yerləşən, mərhum X1 adına olan yaşayış evi qəza vəziyyətində olduğu üçün həmin həyətdə X9 fərdi yaşayış evi tikməsinə icazə verilsin.
24. Məhkəmə kollegiyası qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4-cü maddəsində torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri konkret müəyyən edilmişdir.
25. Mübahisələndirilən qərar Elçin İlyasova torpaq sahəsinin ayrılması ilə bağlı olmamış, sözügedən torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilməsi məqsədilə qəbul edilmişdir. Lakin həm qərarın qəbul olunduğu dövrdə, o cümlədən hazırda bələdiyyənin tikintiyə icazə vermək səlahiyyəti qanunvericiliklə müəyyən edilməmişdir. Sözügedən qərar bələdiyyə tərəfindən səlahiyyət həddi aşılmaqla qəbul edilmiş və bələdiyyə faktiki olaraq həll etdiyi məsələ baxımından səlahiyyətsiz inzibati orqan olmuşdur.
26. Əgər sözügedən qərar əsasında əmlak hüquqlarının dövlət qeydiyyatı aparılmışdırsa iddiaçı qeydiyyat orqanının hərəkətlərini müstəqil mübahisələndirilməli idi.
27. İş materiallarından görünür ki, sözügedən fərdi yaşayış evi üzərində Elçin İlyasovun tam mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas mübahisələndirilən bələdiyyə qərarı yox, Şəki rayon Məhkəməsinin 2-484/2007 nömrəli, xx.xx.2007-ci il tarixli qətnaməsi olmuşdur. Məhz həmin qətnamə ilə sözügedən ünvanda, 600 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinə X6 mülkiyyət hüququnun tanınması qət edilmiş, qətnamə icra edilməsi üçün DƏDRX-nin Şəki şəhər ərazi idarəsinə göndərilmişdir.
28. Odur ki məhkəmə kollegiyası hesab edir ki mübahisələndirilən fərdi yaşayış evi üzərində Elçin İlyasovun əmlak hüququnun dövlət qeydiyyatına alınmasına əsas Şəki bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 03 nömrəli qərarı olmadığından, o cümlədən qəbul edilmiş qərar etibarsız inzibati akt olmaqla hər hansı hüquqi nəticə yaratmadığından, sözügedən qərarın mübahisələndirilməsi iddiaçının hüquqi müdafiə marağına uyğun olmamışdır.
29. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli 2-1(116)-1220/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.