Məhkəmə qərarları › İş №2-1(107)-449/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-449/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-449/2022 22.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala qarşı "xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1351/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı xx.xx.1956-cı ildə anadan olmuş və hazırda Mingəçevir şəhərində yaşayır. O, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək (2 il 12 gün) keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçının əmək kitabçasında olan qeydlərə əsasən, o, aşağıdakı iş yerlərində və müddətlərdə işləmişdir: - xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək (5 ay 17 gün) X2 İdarəsində sel əleyhinə dambaların tikintisi üzrə mövsümi işçi, - xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək (17 gün) Mingəçevir çınqıl-beton zavodunda 4-cü dərəcəli çilingər, - xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək (4 ay 11 gün) RSFSR Saratov vilayəti Balaşixovo rayonu Taras Şevçenko adına kolxozda təmir emalatxanasında çilingər, - xx.xx.1979-cu ildən xx.xx.1999-cu ilədək (19 il 7 ay 24 gün) Mingəçevir çınqıl-beton zavodunda çilingər, usta, qrup rəisi, - xx.xx.1999-cu ildən xx.xx.2002-ci ilədək (3 il 10 ay 26 gün) Mingəçevir şəhəri "Cahangir" firmasında sahə rəisi. İddiaçı xx.xx.2021-ci ildə pensiya yaşına (65 yaş) çatmış, yaşa görə əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 saylı regional ərazi filialına müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, xx.xx.2011-ci ildə qüvvədə olmuş pensiya qanunlarının tələblərinə uyğun olaraq, ona həmin tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci ildə onun əlilliyinin müddəti bitdiyi üçün pensiyanın ödənişi dayandırılmışdır. Bundan başqa, iddiaçının xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək olan hərbi xidmət dövrü, eyni zamanda, əmək kitabçasında olan digər dövrlər nəzərə alınmaqla onun sığorta stajı 20 il 11 ay 14 gün təşkil edir və bu müddət qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 20 il 11 ay 14 gün sığorta stajına uyğun olaraq 15934,88 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Bundan əlavə, iddiaçının əmək kitabçasında qeyd olunan 1992-1997-ci il illərə aid əmək haqqlarının hesablanması cədvəlləri saxlanılmadığından həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala qarşı "ümumi iş stajının yenidən hesablanması və yaşa görə sosial pensiyanın əmək pensiyası ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehin imtina məktubu əsassızdır. Onun adına verilmiş ******* nömrəli əmək kitabçasında faktiki əmək stajı 26 il olduğu halda, cavabdeh onun yalnız 20 il 11 ay 14 gün əmək stajının olduğunu bildirmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-6307/2022 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Bundan sonra İddiaçı iddianı dəyişdirmiş və məhkəməyə yeni iddia ərizəsi verərək iddia tələbini "xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Cavabdeh iddiaya qarşı xx.xx.2022-ci il tarixli **********7 nömrəli yazılı etirazında imtina məktubunun dəlillərinə əsaslanmışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur: - İşdə olan, НЗ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - İşdə olan, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək X2 İdarəsində sel əleyhinə dambaların tikintisi üzrə mövsümi işçi, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək Mingəçevir çınqıl-beton zavodunda 4-cü dərəcəli çilingər, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək RSFSR Saratov vilayəti Balaşixovo rayonu Taras Şevçenko adına kolxozda təmir emalatxanasında çilingər, xx.xx.1979-cu ildən xx.xx.1999-cu ilədək Mingəçevir çınqıl-beton zavodunda çilingər, usta, qrup rəisi, xx.xx.1999-cu ildən xx.xx.2002-ci ilədək Mingəçevir şəhəri "Cahangir" firmasında sahə rəisi işləmişdir. - İşdə olan, "xxxx" ATSC-nin xx.xx.2022-ci il tarixli 19 nömrəli arayışından görünür ki, Mingəçevir-Qum-Çınqıl zavodunun şəxsi heyətlə bağlı sənədlərinin saxlanma şəraiti düzgün təşkil olunmadığından bütün sənədlər yararsız hala düşdüyü üçün Mingəçevir Şəhər Arxiv İdarəsinə verilməsi mümkün olmamışdır. Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1351/2022 saylı qərarı ilə (hаkim Vüqar Musayev) iddia təmin edilmiş, İddiaçı xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1351/2022 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsi öz qərarını maddi hüquq normalarının düzgün tətbiq edilməməklə qəbul etmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciətinə Filialın 05 yanvar 2022-ci il tarixli **********6 nömrəli imtina məktubu ilə aşağıda qeyd edilənlər əsas göstərilməklə imtina edilmişdir: iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət dövrü nəzərə alınmaqla sığorta stajı 20 il 11 ay 14 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 20 il 11 ay 14 gün sığorta stajına uyğun olaraq 15934.88 manat təşkil edir ki, bu məbləğ müvafiq ilə münasibətdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Fondun 17 saylı regional ərazi filialı ilə “Mingəçevir Qum-Çınqıl” ATSC-nin xx.xx.2021 -ci il tarixli aktına əsasən əmək kitabçasında qeyd edilən 1992-1997-ci il illərə aid əmək haqqlarının hesablanması cədvəlləri saxlanılmadığından həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Beləliklə, iddiaçının təqdim etdiyi ******* nömrəli hərbi biletə və ******* nömrəli əmək kitabçasına əsasən sığorta stajı aşağıdakı kimi müəyyən olunur: xx.xx.1975ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr (2 il 0 ay 12 gün); xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək X2 İdarəsində işlədiyi dövr (5 ay 17 gün); xx.xx.1978- ci il tarixdən xx.xx.1978-ci il tarixədək Mingəçevir Beton zavodunda işlədiyi dövr (17 gün); xx.xx.1978- ci il tarixdən xx.xx.1979-cu il tarixədək “Taras Şevçenko adına kolxoz”da işlədiyi dövr (4 ay 11 gün); xx.xx.1979- cu il tarixdən xx.xx.1999-cu il tarixədək Mingəçevir Çınqıl-Beton zavodunda işlədiyi dövr (19 il 7 ay 24 gün); xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək Mingəçevir “Cahangir-93” firmasında işlədiyi dövr (3 il 10 ay 24 gün). Bununla belə, İddiaçı 1992-1997-ci illərdə Mingəçevir Çınqıl-Beton zavodunda işlədiyi dövrə (5 il) aid əməkhaqqlarının hesablanması cədvəlləri saxlanılmadığı üçün iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1351/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1351/2022 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(116)- 1351/2022 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla, xx.xx.2021-ci ildə pensiya yaşına (65 il) çatmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini iddia etmədiyinə görə məhkəmə ilk növbədə onun sosial sığorta stajının müddətini hesablamağı zəruri bildi. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.3cü maddəsinə görə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir). Ona görə də İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olduğu 2 il 12 gün müddət onun sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsində isə deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Cavabdeh iddiaçının əmək kitabçasında göstərilmiş müddətlərin 1992-1997ci illərə aid hissəsinin onun sığorta stajına daxil edilməməsini həmin dövrə aid əmək haqqı cədvəllərinin saxlanılmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi tərəfindən "xxxx" X5 Cəmiyyətinə sorğu edilərək, İddiaçı barəsində Mingəçevir Qum-Çınqıl Zavodunun xx.xx.1989-cu il tarixli 26/k nömrəli, xx.xx.1992-ci il tarixli 213/k nömrəli, xx.xx.1993-cü il tarixli 81/k nömrəli, xx.xx.1997-ci il tarixli 18/KA nömrəli əmrlərinin surətləri, eləcə də Mingəçevir QumÇınqıl Zavodunun 1992- 1997-ci illərə aid əmək haqqlarının hesablanması cədvəllərinin İddiaçı aid hissələrindən çıxarışlar tələb edilmişdir. "xxxx" X5 Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 019 nömrəli cavab məktubunda göstərilmişdir ki, Mingəçevir Qum-Çınqıl zavodunun şəxsi heyətlə bağlı sənədlərinin saxlanma şəraiti düzgün təşkil olunmadığına görə bütün sənədlər yararsız hala düşdüyü üçün Mingəçevir Şəhər Arxiv İdarəsinə verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 332a-Asan nömrəli arxiv arayışında da deyilir ki, Mingəçevir Qum- Çınqıl zavodunun arxiv sənədləri filiala təhvil verilməmişdir. Göründüyü kimi, iddiaçının əmək kitabçasında göstərilmiş Mingəçevir-Qum-Çınqıl zavodunun arxiv sənədlərini ümumiyyətlə əldə etmək mümkün olmamışdır. Lakin bununla yanaşı, İddiaçı iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmaması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi əmək kitabçasında olan məlumatları haqlı olaraq mötəbər hesab etmişdir. Belə olan halda, iddiaçının Mingəçevir Qum-Çınqıl zavodunda işlədiyi müddətin 1992-1997-ci illərə aid hissəsinin onun sığorta stajına daxil edilməli olmaması barədə cavabdehin dəlilləri əsassızdır. Eyni hüquqi mövqe analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-532/2020 nömrəli xx.xx.2020-ci il tarixli, 2-1(102)-792/2020 nömrəli xx.xx.2020-ci il tarixli, 2-1(102)-810/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarlarında da ifadə edilmişdir. Beləliklə, İddiaçı əmək kitabçasında göstərilmiş xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək (5 ay 17 gün) X2 İdarəsində, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək (17 gün) Mingəçevir çınqıl-beton zavodunda, xx.xx.1979-cu ildən xx.xx.1999-cu ilədək (19 il 7 ay 24 gün) Mingəçevir çınqıl-beton zavodunda, xx.xx.1999-cu ildən xx.xx.2002-ci ilədək (3 il 10 ay 26 gün) Mingəçevir şəhəri "Cahangir" firmasında işlədiyi müddətlərin, həmçinin həqiqi hərbi xidmətdə olduğu 2 il 12 gün müddətin onun sosial sığorta stajına daxil edilməsinə mane olan hal yoxdur. Bu müddətlərin cəmi 26 il 1 ay 6 gün təşkil edir. Bundan başqa, iddiaçının əmək kitabçasında onun xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək (4 ay 11 gün) RSFSR Saratov vilayəti Balaşixovo rayonu Taras Şevçenko adına kolxozda təmir emalatxanasında çilingər işlədiyi də göstərilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə görə, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRlnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Bununla yanaşı, xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin tələbinə uyğun olaraq, kolxoz üzvünün iş stajının hesablanması üçün həmin təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumu, kolxoz üzvünün həmin minimumu yerinə yetirib-yetirməməsi və yerinə yetirməyibsə, onun işlədiyi faktik müddət barədə məlumatlar mövcud olmalıdır. Beləliklə, birinci instansiya məhkəməsinin araşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.İddiaçının birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1351/2022 nömrəli nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar