Məhkəmə qərarları › İş №2-1(107)-449/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-449/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-449/2025 24.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Sadiqov Zülfüqar Əhməd oğlu və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin ömürlük təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1237/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. işin halları:

1. İddiaçıya sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmişdir.

2. İddiaçı cavabdeh orqana müraciət edərək ona əlilliyin müddətsiz təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh orqan iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, Şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq, dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan, xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, Sizə xx.xx.2016-cı il tarixindən ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, Sizə əlillik təyinatının aparıldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin edildiyi halda, əlillik müddətsiz müəyyən edilir. Həmçinin, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4.2-ci bəndinə əsasən, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 61–80 faiz aralığında ardıcıl olaraq 10 (on) il müddətində müəyyən olunduğu halda, həmçinin fərqli faiz aralıqları üzrə həmin Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Qeyd olunanlara əsasən, Sizə xx.xx.2016-cı il tarixində aparılmış əlillik təyinatı ilə bağlı müddətlər, qanunvericilikdə müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı müəyyən edilən yuxarıdakı şərtlərə uyğun gəlmədiyindən, müddətli əlilliyin təyin edilməsi barədə qərar qanuni və əsaslıdır.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

4. İddiaçı cavabdehə qarşı məhkəməyə ərizə ilə müraciət edərək “əlillik dərəcəsinin ömürlük təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. Ona xx.xx.2009-cu il tarixindən başlayaraq və sonrakı dövrlərdə aparılmış təkrar tibbi müayinələr nəticəsində “Ürəyin işemik xəstəliyi, sakitlik stenokardiyası, infarktdan sonrakı kardioskleroz, qan dövranı çatışmazlığı – İİ mərhələ” diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya ilk dəfə xx.xx.2009-cu il tarixində İİ dərəcəli əlillik təyin olunmuşdur. Sonrakı illərdə aparılmış müvafiq tibbi müayinələr nəticəsində əlillik təkrar olaraq xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilə, xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilə və xx.xx.2016-cı ildən xx.xx.2021-ci ilədək fasiləsiz olaraq davam etmişdir. Nəticədə, iddiaçı 10 ildən artıq müddət ərzində fasiləsiz olaraq İİ dərəcəli əlillik statusuna malik olmuşdur. Lakin, xx.xx.2021-ci il tarixində Şəki TSEK-ə etdiyi müraciətə və xx.xx.2024-cü il tarixində cavabdeh quruma ünvanladığı təkrar şikayətə baxılaraq, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-4/2-A-23957/2024 saylı məktubla əlilliyin yenidən təyin edilməsindən imtina edilmişdir. Bu imtina qərarı isə qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci maddəsinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik isə fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda, əlillik müddətsiz müəyyən edilir.

6. Şəki İnzibati Məhkəməsinin -1(116)-1237/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Fəxri Hacızadə) iddia mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Məhkəmə aşağıdakı normalara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Yevlax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış, “sakitlik stenokardiyası, infarktdan sonrakı kardioskleroz, q.d.ç - ıı mərhələ-diaqnozu” qoyulmuş, ümumi xəstəlik səbəbi ilə əlaqədar xx.xx.2016-cı il tarixindən 5 il müddətinə 2-ci dərəcə əlillik təyinatı aparılmışdır. İddiaçının əlillik müddəti 2021-ci ildə başa çatmasına baxmayaraq, o vaxtdan sonra onun tərəfindən hər hansı göndəriş rəsmiləşdirilməmişdir. İddianın əsaslılığını yoxlamamışdan əvvəl iddiaçının müvafiq ərizə ilə cavabdehə müraciət edib-etmədiyi, həmçinin cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina edib-etmədiyi müəyyən edilməlidir. Belə ki, əlilliyin təyin edilməsi ilə bağlı iddia tələbi “məcburetmə haqqında” iddia növünə aiddir. Hazırkı iş materiallarından görünür ki, iddiaçı müvafiq tələblə inzibati ilkin müraciət etməmişdir. Odur ki,iddiaçıya hüquqi marağına uyğun olaraq cavabdeh inzibati orqana forma 88 göndərişi verilməsi üçün qeydiyyatda olduğu tibb müəssisəsinə müraciət etməli olduğu,tələbinin icrası təmin edilmədikdə və ya qanunla nəzərdə tutulmuş müddət ərzində cavablandırılmadıqda məhkəməyə iddia ərizəsi ilə müraciət edə biləcəyi izah edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının (Göndərişin verilməsi qaydası) 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. Şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibbi müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İş materiallarından isə görünür ki, şəxs barəsində 2021-ci il tarixdən etibarən əlilliyin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə iddiaçı barəsində göndəriş daxil olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür.

8. İddiaçı, həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia tələbinin mümkün sayılmaqla təmin edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

a) apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsi qərardadda iddiaçının müvafiq tələblə cavabdehə müraciət etməməsini göstərmişdir. Halbuki, iddiaçı DTSERAS-a etdiyi müraciətin cavabını işə əlavə etmişdir. Ancaq “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun qeyd edilən tələblərinə əsasən, iddiaçının cavabdehə ayrıca müraciət etməsinə ehtiyac yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı, xx.xx.2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci maddəsinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda, əlillik müddətsiz müəyyən edilir. Bu Qərara əsasən, hazırda qüvvədə olan qanunla cavabdeh, elektron qaydada iddiaçıda əlilliyi müəyyən etməli idi ki, bunu etməmiş, qeyd edilən qanunun tələblərini pozmuş, məhkəmə isə iddiaçının əlilliyində 10 ildən artıq müddəti nəzərə almadan və ancaq axırıncı 5 ili əsas göstərmişdir. Qərardadda qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının (Göndərişin verilməsi qaydası) 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. Halbuki, hazırkı iddia, qeyd edilən Qərarın təsir dairəsinə, ancaq iddiaçının vəziyyətinin yaxşılaşacağı halında aid edilə bilər. Belə ki, iddiaçıya ilkin əlillik xx.xx.2009-cu il tarixində təyin edilmişdir ki, həmin zaman qüvvədə olan qanunların tələbləri tətbiq edilməli idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları:

11. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ona təyin edilmiş əlillik üzrə 10 illik müddət 2019-cu ildə bitdiyindən cavabdeh orqan avtomatik qaydada ona müddətsiz əlillik təyinatı aparmalı idi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

13. “İnzibati icraat haqqında” Qanun 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 4.2. İnzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur. ... 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

15. “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.

16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

17. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

21. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə qaydasında müdafiəsi təmin edilir. Lakin bu hüquq mütləq deyil və yalnız hüquqi müdafiə marağı olduğu halda həyata keçirilə bilər. Hüquqi müdafiə marağı - şəxsin qanunla qorunan hüquqlarına və maraqlarına təhlükənin mövcud olduğu hallarda, həmin hüquqların qorunması və ya bərpası üçün məhkəmə müdafiəsinə ehtiyacın yaranmasıdır. Hüquqi müdafiə marağının yaranması üçün şəxsin hüquq və ya maraqlarına bilavasitə toxunan bir hüquqi vəziyyət mövcud olmalıdır.

22. İş materiallarından görünür ki, iddiaçıya sonuncu dəfə əlillik 2016-cı ildə 5 il müddətinə təyin edilmişdir. Əlillik müddəti başa çatdıqdan sonra səhiyyə müəssisəsi tərəfindən iddiaçı ilə bağlı tibbi sosial ekspert komissiyasına tibb göndəriş verilməmişdir.

23. İddiaçı, hazırkı tələbində artıq başa çatmış əlillik dərəcəsi üzrə ona əlilliyin müddətsiz təyin edilməsini xahiş etmişdir.

24. Birinci instansiya məhkəməsi iddianı o əsasla qeyri-mümkün saymışdır ki, iddiaçı barəsində tibbi göndəriş verilmədiyindən cavabdeh orqan tərəfindən tibbi göndərişə baxılma qaydasında imtina cavabı (qərarı) verilməmişdir.

25. İddiaçı isə cavabdeh orqanla aralarında olan müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı yazışmanı təqdim edərək faktiki olaraq cavabdeh orqan tərəfindən onun müraciətinə imtina cavabının verildiyini bildirir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, əlilllik müddəti bitdikdən sonra şəxsin əlilliyi müəyyən edildiyi halda ona təyin ediləcək əlilliyin müddətli-müddətsiz olmasından söhbət gedə bilər. Əgər əlilliyin təyin olunması üçün tibb müəssisəsi tərəfindən tibbi göndəriş verilməmişdirsə cavabdeh orqanın birbaşa müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı icraat aparması qanunvericilikdə nəzərdə tutulmamışdır.

27. Bu qərarın 14-15-ci bəndində qeyd edilən maddi hüquq normalarından göründüyü kimi əlilliyin təyin olunması ilə bağlı icraatın aparılmasına münasibətdə qanunvericilik konkret və ardıcıl xüsusi tənzimləmə müəyyən etmişdir. Məhz bu xüsusi prosedura uyğun aparılan inzibati icraat çərçivəsində cavabdeh orqanın qəbul etdiyi qərar əlilliyin təyin edilməsindən imtina cavabı kimi qiymətləndirilə və hüquqi nəticə doğura bilər.

28. Faktiki olaraq iddiaçı barəsində belə bir icraat aparılmamış, göndərişin tibb müəssisəsi tərəfindən cavabdeh orqana ötürülməsi baş verməmişdir. Bu isə o deməkdir ki, iddiaçının sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas verib-verməməsi istiqamətində qiymətləndirmə aparılmamış, əlilliyin təyin edilməsindən imtina barədə inzibati akt qəbul edilməmişdir.

29. İddiaçı, hesab edir ki, onun əvvələr 10 ildən artıq əlilliyi olduğundan əlilliyi avtomatik qaydada müəyyən edilməli və bu əlillik müddətsiz olmalıdır.

30. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, əlilliyin müddətli və ya müddətsiz olması yalnız yeni qiymətləndirmə nəticəsində əlilliyin özünün təyin edilməsindən asılı olduğundan, bu qiymətləndirilmənin aparılması üçün iddiaçı tibbi göndərişin verilməsi məqsədilə səhiyyə müəssisəsinə müraciət etməlidir.

31. “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.6-cı bəndində orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılması birbaşa müəyyən edilmişdir. Yəni, müddətsizlik - əllilik təyini üçün hüquqi əsasların mövcud olub-olmamasına hüquqi qiymət verilməsindən asılı olan və məhz həmin icraatın nəticəsindən yaranan məsələdir.

32. İddiaçı, yuxarıda istinad olunan qaydaların müəyyən etdiyi tənzimləməyə zidd olaraq cavabdehə birbaşa müraciət etmiş, ona əlilliyin təyin edilməsini və bunun müddətsiz olmasını tələb etmişdir. Göründüyü kimi iddiaçının tələbi olmayan bir statusun (bitmiş əlilliyin) müddətsiz təyin edilməsinə yönəlmişdir ki, bu da hüquqi cəhətdən qeyrimümkündür.

33. Odur ki, cavabdeh orqan tərəfindən verilən cavab məktubu qanuna müvafiq qaydada aparılması tələb olunan inzibati icraat çərçivəsində qəbul edilmiş imtina qərarı olmadığından, müstəqil mübahisələndirilə bilən inzibati akt kimi (imtina qərarı kimi) qiymətləndirilə bilməz.

34. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli 2-1(116)-1237/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar