Məhkəmə qərarları › İş №2-1(107)-45/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-45/2022

01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-45/2022 01.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 1246 kv.m həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli 2-1(116)-641/2021 nömrəli qərarından iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, JN-1581A saylı Şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 1.250 (min iki yüz əlli) kv.m həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, Oğuz Rayon Dövlət Notariat Kontorunda təsdiq olunmuş 23.12.2005-ci il tarixli müqavilə əsasında iddiaçının mərhum X3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və həmin evin yerləşdiyi 1.349 kv.m həyətyanı torpaq sahəsini iddiaçıya bağışlamışdır. İddiaçı qeyd etmişdir ki, həmin həyətyanı torpaq sahəsinin 0.06 ha hissəsinə Torpağın mülkiyyətə verilməsinə dair JN-1581A saylı şəhadətnamə verilmişdir. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək, fərdi yaşayış evi və evin yerləşdiyi 1.250 kv.m torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir.

3. Cavabdeh iddiaçıya ünvanladığı 19.11.2020-ci il tarixli **********74 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının qanuni istifadəsində olan 0.06 ha torpaq sahəsinə Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli 75 nömrəli qərarı əsasında ona JN-1581A nömrəli “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə” hazırlanmışdır. Qeyd olunan sənəd əsasında iddiaçı yalnız 0.06 ha torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıra bilər. Qalan 0.0650 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim etmədən 0.1250 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Əlavə torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edəcəyi təqdirdə ərizənin icrasına qanunamüvafiq qaydada baxılacaqdır.

4. Cavabdeh 17.03.2021-ci il tarixli etirazında qeyd etmişdir ki, İddiaçı Oğuz şəhərində yerləşən 1.250 kv.m torpaq sahəsinin 650 kv.m hissəsinə dair qeydiyyat üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası cavabdeh tərəfindən mümkün olmamışdır. Eyni zamanda bildirilmişdir ki, mübahisəli faktiki 1250 kv.m torpaq sahəsi yaşayış məntəqələri torpağıdır. Torpaq sahəsində fərdi yaşayış evi və digər həyət tikililəri inşa edilmişdir. Torpaq sahəsinin istifadəçisi İddiaçıdır.

5. İddiaçının iddia etdiyi 650 kv.m torpaq sahəsi ərazi idarəsində mövcud olan elektron baza məlumatlarına görə Oğuz Şəhər Bələdiyyəsinə aid torpaq sahəsidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 6 oktyabr 2021-ci il tarixli 2- 1(116)-641/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

8. İddiaçı nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edilmiş və həmin ərizə ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 1246 kv.m həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2022-ci il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizə təmin edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsi nəinki şəhadətnamədə göstərilən həyətyanı torpaq sahəsinin ölçüsü, onun mülkiyyətində olan evin altında yerləşməsi barədə təqdim edilmiş dəlil və sübutlara münasibət bildirməmiş, əksinə qərarın qəbul olunması üçün asas kimi qeyd edilmiş dəlilləri səhv izah edərək, yalnız cavabdehin etirazına əsaslanaraq, uzun müddət davam edən araşdırmadan sonra sözügedən qanunsuz və əsassız qərarı qəbul etmişdir. Hazırkı işə məhkəmə baxışı zamanı ilk növbədə onun hüquqlarına və qanuni mənafelərinə zərər vurulduğunu, mülkiyyət hüququnun açıq-aşkar pozulduğunu sübut etmək üçün kifayət qədər dəlillər təqdim etməsinə baxmayaraq Şəki İnzibati Məhkəməsi şikayət etdiyi qərarında bu dəlilləri nəzərə almamışdır. Belə ki, birinci instansiya məhkəməsi hazırda şikayət etdiyi qərarın təsviri hissəsində "iddia ərizəsinin əsaslarına görə ... 1349 kv.metr həyətyanı torpaq sahəsini iddiaçıya bağışlamışdır" yazmaqla onun iddia tələbini təhrif edərək səhv nəticəyə gəlmişdir. İddiaçı iddia ərizəsində və məhkəmə iclaslarında 1349 kv.metr həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnu, ona ev bağışlandığı zaman əldə etdiyini qeyd etmişdir. Yenə həmin təsviri hissədə məhkəmə cavabdehin 19.11.2020-ci il tarixli **********74 nömrəli imtina məktubunu şərh edərkən qanunun tələbinə görə qeydiyyatın "hüquqmüəyyənedici sənədlər" əsasında aparıldığını, yalnız 0.06 ha torpaq sahəsinə hüquqlarını qeydiyyata aldıra biləcəyini yazmışdır. Lakin məhkəmə 2005-ci ildə bağışlama müqaviləsi imzalanan zaman həmin hüquqmüəyyənedici sənədin nədən ibarət olduğunu konkret olaraq qeyd etməmişdir. Yenə qərarın təsviri hissəsində məhkəmə cavabdehin 17.03.2021-ci il tarixli etirazını şərh edərkən "iddiaçının iddia etdiyi 650 kv.m torpaq sahəsi ərazi idarəsində mövcud olan elektron baza məlumatlarına görə Oğuz Şəhər Bələdiyyəsinə aid torpaq sahəsidir" yazmışdır. Ən maraqlısı isə odur ki, Şəki İnzibati Məhkəməsi "Oğuz Şəhər Bələdiyyəsinə aid torpaq sahəsidir" ifadəsini qara hərflərlə qeyd etmişdir. Görünür ki, həmin epizodda məhkəmə elektron baza məlumatlarını "hüquqmüəyyənedici sənəd" kimi qəbul etmişdir. Şəki İnzibati Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli 2-1(116)-641/2021 nömrəli qərarının əsaslandırıcı hissəsində yenə qara hərflərlə "Bağışlama müqaviləsində torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı heç bir müddəa öz əksini tapmamış, faktiki torpaq sahəsinin ölçüsündən isə evi təsvir etmək üçün ifadə vasitəsi kimi istifadə edilmişdir" yazmışdır. Maraqlıdır, görəsən məhkəmə “bağışlama müqaviləsində torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı heç bir müddəa öz əksini tapmamışdır" dedikdə hansı müddəanı nəzərdə tutur və 1349 kv.m torpaq sahəsi 2005-ci ildə hansı mülkiyyət sənədinə əsasən mənə bağışlanmalı idi? Bundan başqa məhkəmə şikayət etdiyi qərarda nədənsə mərhum atasının adına olan JN-1581A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin hansı tarixdə (bağışlama müqaviləsindən əvvəl, yoxsa sonra) tərtib olunduğu barədə də bir dəfə də olsa qeyd etməmişdir. Növbəti cümlədə məhkəmə X19 istinad etmişdir. Şəki İnzibati Məhkəməsi 1987-ci ilin avqust ayında tərtib olunmuş həmin texniki pasportda "faktiki torpaq sahəsinin ölçüsünün 1949.5 kv.metr olduğu qeyd edilmişdir" yazmışdır. Lakin həmin hissədə məhkəmə hansı səbəbdənsə Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanına istinad etməmişdir. Eyni zamanda məhkəmə qaytanlanmış torpaq kitabında mərhum atasının adına 0.75 ha həyətyanı torpaq sahəsi qeyd edildiyini yazmış və dərhal Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanına (məhkəmə qeyd edilən Fərmanın tarixini də səhvən 13.01.2005-ci il kimi qeyd edir) istinad edərək, "Fərmanda "Qaytanlanmış torpaq kitabı"nda olan məlumatlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd qismində öz əksini tapmamışdır" yazmışdır. Həmin epizodda məhkəmə "Qaytanlanmış torpaq kitabı"nda olan məlumatların qanuni istifadə kimi nəzərə alındığını da görməzdən gələrək, qeyd etməmişdir.

13. X19 istinad etdikdən sonra məhkəmə heç bir ehtiyac olmayan, hazırkı iş üçün əhəmiyyət kəsb etməyən, heç bir tərəfin mübahisələndirmədiyi bağışlama müqaviləsinin uzun-uzadı araşdırılmasına keçmişdir. Həmin hissədə məhkəmə yenidən qara hərflərlə 12.12.2005-ci il tarixli Forma №1 arayışı barədə yazır: "Arayışın torpaq sahəsi ayrılması barədə mülkiyyət hüququnu təsdiq edən sənədin adı, tarixi, nömrəsi və ya onun ayrılması barədə rayon (şəhər) icra hakimiyyətinin qərarı (sərəncamı) tarix və nömrəsi dəqiq göstərilməklə) qrafası boş saxlanılmış, sənəd üzrə torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Həmin cümlənin ardınca məhkəmə artıq qara olmayan hərflərlə "Yalnız evin yerləşdiyi torpağın faktiki sahəsi kimi 1349.0 kv.m qeyd olunmuşdur. Yəni sənəddə torpaq sahəsi ayrılması barədə mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədin məlumatları qrafasında qeydlər aparılmamışdır" yazmaqla yenidən hansısa mülkiyyət sənədinin olmadığından bəhs edir. Bu zaman birinci instansiya məhkəməsi qeyd edilən torpaq sahəsinin mərhum atasına 1970-ci ildə ayrıldığını, həmin vaxt torpağın dövlət mülkiyyətində olduğunu və torpaqların vətəndaşlara istifadəyə verildiyini, Azərbaycan Respublikasında torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsində olan və həmin torpaqlara bitişik olan artıq torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verildiyini nəzərə almamışdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan JN-1581A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin təsdiq olunmuş surətinə istinad edərək yenidən rayon Aqrar İslahat Komissiyasının 05.11.1998-ci il tarixli 75 nömrəli qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsinin mərhum atasının mülkiyyətinə verildiyi barədə səhv qənaətə gəlmişdir. Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05.11.1998-ci il tarixli 75 nömrəli qərarı Oğuz rayonu, Oğuz şəhər 28 may X14 İslahat Komissiyasının 29 oktyabr 1998-ci il 06 saylı qərarının təsdiq olunması barədədir. Həmin qərarların heç birində daşlara verilən həyətyanı torpaq sahələrinin ölçüsü göstərilmir. Oğuz rayonu, Oğuz şəhər 28 may X14 İslahat Komissiyasının 29 oktyabr 1998-ci il tarixli 06 saylı qərarının 3-cü bəndində qeyd edilir: "Vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri Azərbaycan Respublikasının “Torpaq İslahatı haqqında” Qanununun 9-cu maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq onların mülkiyyətinə verilsin. Qanuni istifadəsindən artıq olan hissəsi ona düşən torpaq payına hesablansın." Qeyd edilən qərardan da göründüyü kimi faktiki istifadədə olan torpaq sahəsi mərhum atasının mülkiyyətinə verilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin əvəzinə imtinanı əsaslandırmağa çalışmış və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin bütün bəndlərini qərarda qeyd etmişdir. Lakin həmin 6 bənddən hansına əsasən ona imtina verildiyinə məhkəmə aydınlıq gətirməmişdir. Sonda birinci instansiya məhkəməsi yenə qara hərflərlə mübahisələndirilən torpaq sahəsinin elektron baza məlumatlarına görə Oğuz Şəhər Bələdiyyəsinə aid torpaq sahəsi olduğunu qeyd etmiş və onun iddiasının təmin edilməməsi barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu verərək Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05.11.1998-ci il tarixli 75 nömrəli qərarının və Oğuz rayonunun, Oğuz şəhər 28 may X14 Aqrar İslahat Komissiyasının 29.10.1998-ci il tarixli 06 saylı Qərarının müvafiq qaydada təsdiq olunmuş surətlərini almamış, yalnız şəhadətnamədə qeyd edilən qərarın nömrəsi və tarixi ilə kifayətlənmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli 2-1(116)-641/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 oktyabr 2021ci il tarixli 2-1(116)-641/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli 2-1(116)-641/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir.

17. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

18. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Oğuz Rayon Dövlət Notariat Kontorunda 4-Ə-2/182 nömrə ilə reyestrdə qeydə alınan 23.12.2005-ci il tarixli müqavilədən görünür ki, X4 Rayon İnventar Bürosunun verdiyi 12 dekabr 2005-ci il tarixli, 208 nömrəli Forma №1-ə, 2340 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan ünvan 2 ünvanında, 1.349,0 kv.m torpaq sahəsində yerləşən 1970-ci ildə saman kərpicdən tikilmiş, üstü kirəmitlə örtülmüş, 65.1 kv.m ümumi sahəsi olan, iki otaqdan ibarət yaşayış evini qızı İddiaçı bağışlamışdır. Bağışlama müqaviləsində torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı heç bir müddəa öz əksini tapmamış, faktiki torpaq sahəsinin ölçüsündən isə evi təsvir etmək üçün ifadə vasitəsi kimi istifadə edilmişdir. - 1987-ci ilin avqust ayında tərtib edilən 574 inventar nömrəli “Fərdi yaşayış evinin texniki pasportu”ndan görünür ki, Vartaşen (ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X6 mülkiyyətindədir. Sənəddə tikinti altı sahənin ölçüsünün 252.2 kv.m, faktiki torpaq sahəsinin ölçüsünün isə 1.949.50 kv.m olduğu qeyd edilmişdir. - Oğuz Rayon Notariat Ofisinin 27.04.2021-ci il tarixli 506 nömrəli məktubunda bildirilmişdir ki, 23.12.2005-ci il tarixli müqaviləyə dair sənədlər Oğuz Rayon Dövlət Notariat Ofisindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Arxiv şöbəsinə təhvil verilmişdir. -Dövlət Notariat Arxivinin 01.06.2021-ci il tarixli məktubu ilə Oğuz Rayon Dövlət Notariat Ofisində 23.12.2005-ci il tarixdə 4Ə-2/187 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işi. - Notariat işində olan 345190 nömrəli “Evlənmək haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X15 ilə X7 arasında 21.07.1958-ci il tarixdə nikah bağlanmışdır. X7 “Musayeva” soyadını qəbul etmişdir. 862118 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən isə görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Vartaşen (Oğuz) rayonunda anadan olmuşdur. X3, anası X5r. - Notariat işinə əlavə edilmiş 23.12.2005-ci il tarixli ərizədən görünür ki, X1 Nüsrət Fərhad oğluna məxsus olan ünvan 4 ünvanında yerləşən evin bağışlanmasına etiraz etməmişdir. Ərizədən də göründüyü kimi, ərizədə torpaq sahəsinin bağışlanması və ya iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı razılıq olmamışdır. - Notariat işində olan 12.12.2005-ci il tarixli 208 nömrəli Forma №1 arayışının təsdiq edilmiş surətində Oğuz şəhəri S.Vurğun küçəsi ünvanında yerləşən 67 nömrəli evin ümumi sahəsi 65.1 kv.m, tikinti ili 1970-ci il, evin mülkiyyətiçisi X11r. Arayışın torpaq sahəsi ayrılması barədə mülkiyyət hüququnu təsdiq edən sənədin adı, tarixi, nömrəsi və ya onun ayrılması barədə rayon (şəhər) icra hakimiyyətinin qərarı (sərəncamı) tarix və nömrəsi dəqiq göstərilməklə) qrafası boş saxlanılmış, sənəd üzrə torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Yalnız evin yerləşdiyi torpağın faktiki sahəsi kimi 1349,0 kv.m qeyd olunmuşdur. Yəni, sənəddə torpaq sahəsi ayrılması barədə mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədin məlumatları qrafalarında qeydlər aparılmamışdır. - Məktuba əlavə edilən 2340 nömrəli “Qeydiyyat vəsiqəsi”nin təsdiq edilmiş surətində Oğuz şəhəri S.Vurğun küçəsi ünvanında yerləşən iki otaqlı 50.1 kv.m yaşayış sahəsindən ibarət olan ev X6 mülkiyyətindədir. Sənəd 574 nömrəli inventar işinə əsasən reyestr kitabının 67-ci səhifəsində 2340 nömrə ilə qeydə alınmışdır. - JN-1581A kod 40501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətində Oğuz rayon Aqrar İslahat Komissiyasının 05.11.1998-ci il tarixli 75 nömrəli qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir. - Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mütəxəssis rəyinin verilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti yanından Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti sorğuya cavab olaraq 17.06.2021-ci il tarixli **********08 nömrəli məktuba əlavə edilmiş arayışla bildirmişdir ki, məhkəmə işi ilə əlaqədar 17.08.2020-ci il tarixdə ŞM-224 nömrəli mütəxəssis rəyi təqdim edilmişdir. - 17.09.2020-ci il tarixli ŞM-224 nömrəli mütəxəssis rəyinə əsasən, iddiaçının istifadəsində olan torpaq sahəsi 1246 kv.m olub döngə nöqtələrinin koordinatları SXEM 1də göstərilmişdir. Yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olub həyətyanı məqsədilə İddiaçı tərəfindən istifadə olunur. - Məhkəmə kollegiyasının 05.05.2022-ci il tarixli sorğusuna cavab olaraq cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş 31.05.2022-ci il tarixli məlumatdan görünür ki, İddiaçı və X8 adına Oğuz şəhəri üzrə 0,06 ha torpaq sahəsinə dair JN-989 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmamışdır, arxiv nüsxəsi ərazi idarəsində mövcud olan arxiv materiallarında mövcud deyil. Bu səbəbdən də qeyd olunan JN-989 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətini təqdim etmək mümkün deyildir. Ərazi idarəsində mövcud olan elektron baza məlumatlarında JN- 989 A saylı şəhadətnamə öz əksini tapmışdır. JN-989 A saylı şəhadətnamə kimi ərazi idarəsində mövcud olan elektron baza məlumatlarında öz əksini tapan 0,06 ha torpaq sahəsi İddiaçı adına dövlət qeydiyyatına alınmış və ********** qeydiyyat nömrəli çıxarış və plan-ölçü sənədi verilmişdir. Həmin torpaq sahəsi İddiaçı tərəfindən 04.09.2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. X6 adına 0,06 ha torpaq sahəsinə dair tərtib edilmiş JN-1581 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə ərazi idarəsində mövcud olan elektron baza məlumatlarında JN-989 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə kimi öz əksini tapan torpaq sahələri 174 m fərqli ərazidə yerləşir. 23.12.2005-ci il tarixli müqavilə ilə X15 tərəfindən İddiaçı bağışlanan fərdi yaşayış evi X6 adına 0.06 ha torpaq sahəsinə dair tərtib edilmiş JN-1581 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə verilmiş torpaq sahəsində yerləşir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

20. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

21. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı: Maddə 2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

22. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 25. Keçid müddəaları Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanunu: Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

25. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

26. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

27. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

28. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçı tələbində qeyd etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərə malik deyil və bu hal məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir və onun tərəfindən istinad edilən Oğuz Rayon Dövlət Notariat Kontorunda tərtib edilən 23.12.2005-ci il tarixli müqavilədən göründüyü kimi həmin müqavilə əsasında iddiaçının mərhum atası özünə məxsus olan yalnız fərdi yaşayış evini iddiaçıya bağışlamışdır. Sözügedən müqavilədə 1349 kv.m torpaq sahəsinin X10 məxsus olması və N.Musayev tərəfindən həmin torpaq sahəsinin iddiaçıya bağışlanmasına dair qeydlər mövcud deyildir. Həmçinin, iş materiallarında olan Şəki Rayonlararası Dövlət Texniki İnventarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin arayışında da fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsünün 1.349 kv.m olması qeyd edilsə də, torpaq sahəsinin X6 mülkiyyətinə verilməsini təsdiq edən hüquqmüəyyənedici sənədin məlumatlarının qeyd edilməli olduğu qrafaların boş saxlanıldığı və müvafiq qeydlərin aparılmadığı müəyyən edilir. Bu hal da onu deməyə əsas verir ki, mərhum X15 1.349 kv.m torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən hüquqmüəyyənedici sənədlərə malik olmamış və bu səbəblə də bağışlama müqaviləsində yalnız fərdi yaşayış evinin iddiaçıya bağışlandığı qeyd edilmişdir. İş materiallarında olan hüquqi və texniki sənədlər ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş sənədlərdir. İddiaçının mərhum atasına X25 Komissiyasının müvafiq qərarına əsasən yalnız 0.06 ha həyətyanı torpaq sahəsi verilmiş və bununla bağlı JN-1581A şəhadətnamə tərtib edilmişdir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətində iş üzrə göstərilən dəlillər əsaslıdır.

32. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, 1987-ci ilin avqust ayında tərtib edilən 574 inventar nömrəli “Fərdi yaşayış evinin texniki pasportu”ndan görünür ki, Vartaşen (ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X6 mülkiyyətindədir. Həmin texniki pasporta əsasən, tikilmiş yaşayış evinin sahəsi 65.1 kv.mdir. 23.12.2005-ci il tarixli bağışlama müqaviləsinə əsasən də X4 Rayon İnventar Bürosunun verdiyi 12.12.2005-ci il tarixli 208 nömrəli Forma № 1-ə, 2340 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan ünvan 6 ünvanında 1349 kv.m torpaq sahəsində yerləşən, 1970-ci ildə saman kərpicdən tikilmiş, üstü kirəmitlə örtülmüş, 65.1 kv.m ümumi sahəsi olan, iki otaqdan ibarət yaşayış evini qızı İddiaçı bağışlamışdır. Bundan başqa, məhkəmə kollegiyasının 05.05.2022-ci il tarixli sorğusuna cavab olaraq cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş 31.05.2022-ci il tarixli məlumatdan görünür ki, İddiaçı və X8 adına Oğuz şəhəri üzrə 0.06 ha torpaq sahəsinə dair JN-989 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” hazırlanmamışdır, arxiv nüsxəsi ərazi idarəsində mövcud olan arxiv materiallarında mövcud deyil. Bu səbəbdən də qeyd olunan JN-989 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətini təqdim etmək mümkün deyildir. Ərazi idarəsində mövcud olan elektron baza məlumatlarında JN-989 A saylı şəhadətnamə öz əksini tapmışdır. JN-989 A saylı şəhadətnamə kimi ərazi idarəsində mövcud olan elektron baza məlumatlarında öz əksini tapan 0.06 ha torpaq sahəsi İddiaçı adına dövlət qeydiyyatına alınmış və ********** qeydiyyat nömrəli çıxarış və plan-ölçü sənədi verilmişdir. Həmin torpaq sahəsi İddiaçı tərəfindən 04.09.2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. X6 adına 0.06 ha torpaq sahəsinə dair tərtib edilmiş JN-1581 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə ərazi idarəsində mövcud olan elektron baza məlumatlarında JN-989 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” kimi öz əksini tapan torpaq sahələri 174 m fərqli ərazidə yerləşir. 23.12.2005-ci il tarixli müqavilə ilə X15 tərəfindən İddiaçı bağışlanan fərdi yaşayış evi X6 adına 0.06 ha torpaq sahəsinə dair tərtib edilmiş JN-1581 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə verilmiş torpaq sahəsində yerləşir. Eyni zamanda işdə olan 17.09.2020ci il tarixli ŞM-224 nömrəli mütəxəssis rəyinə əsasən, iddiaçının istifadəsində olan torpaq sahəsi 1246 kv.m olub “Yaşayış məntəqələri torpaqları” kateqoriyasına aid olub həyətyanı məqsədilə İddiaçı tərəfindən istifadə olunur.

33. Göründüyü kimi, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi 1246 kv.m olub ərazi idarəsində mövcud olan elektron baza məlumatlarında JN-989 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə kimi öz əksini tapan torpaq sahəsi ilə 174 m fərqli ərazidə yerləşir.

34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

35. Göründüyü kimi, X10 məxsus yaşayış evinə dair 2001-ci il yanvarın 1-dək tərtib edilmiş texniki pasport mövcuddur və bu da hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas sənədlərdən biri hesab edilir.

36. Bundan əlavə işdə olan 17.09.2020-ci il tarixli ŞM-224 nömrəli mütəxəssis rəyinə əsasən, iddiaçının istifadəsində olan torpaq sahəsi 1246 kv.m olub “Yaşayış məntəqələri torpaqları” kateqoriyasına aid olub həyətyanı məqsədilə İddiaçı tərəfindən istifadə olunur. Ona görə də iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəyişdirilməsi (həcminin azaldılması) barədə ərizə təqdim edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 1246 kv.m həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə predmeti olan torpaq sahəsinin Oğuz Şəhər Bələdiyyəsinə aid torpaq sahəsi olması və həmin torpaq sahəsinin iddiaçıya məxsus olmasını təsdiq edən hüquqmüəyyənedici sənədlərin məhkəmə araşdırması zamanı müəyyən edilməməsi ilə bağlı mövqeyi ilə də razılaşmayaraq qeyd edir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz.

38. Göründüyü kimi, X10 məxsus yaşayış evinə texniki pasport 2001-ci il yanvarın 1dək, yəni 1987-ci ilin avqust ayında tərtib edildiyindən, mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququ barədə bələdiyyələr tərəfindən hər hansı iddia tələbi qəbul edilə bilməz.

39. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapır.

40. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməkklə düzgün nəticəyə gəlməmişdir.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 1246 kv.m həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Apellyasiya şikayəti təmin edilməlidir.

42. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli 2-1(116)-641/2021 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 1246 kv.m həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq onun adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar