Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-45/2024 11.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qəbələ rayonu X2rşı “bələdiyyənin xx.xx.2009-cu il tarixli 3 saylı protokoluna əsasən həyətyanı torpaq sahəsinin digər ərazidən ölçülərək ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli 2-1(116)- 1843/2023 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı cavabdeh Azərbaycan Respublikası Qəbələ rayonu X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh X5 üzərinə əvəzsiz olaraq 0.10 ha torpaq sahəsinin ayrılması öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “bələdiyyənin xx.xx.2009-cu il tarixli 3 saylı protokoluna əsasən ayrılmış həyətyanı torpaq sahəsinin digər ərazidən ölçülərək ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
4. İddia ərizəsinin əsaslarına görə, iddiaçıya yaşadığı Qəbələ rayonunun, Çuxur Qəbələ kəndində fərdi yaşayış evi tikmək üçün Qəbələ rayonu Çuxur Qəbələ bələdiyyəsi tərəfindən 02 mart 2009-cu il tarixdə 03 saylı qərarla əvəzsiz olaraq həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçı, 0,10 hektar həyətyanı torpaq sahəsində fərdi yaşayış evi inşa etmək istəyərkən ona əvəzsiz olaraq Çuxur Qəbələ bələdiyyəsi tərəfindən ayrılmış 0,10 hektar torpaq sahəsinin torpaq islahatı keçirilən zaman Çuxur Qəbələ kənd sakini X3 pay torpaq sahəsi kimi verilməsi məlum olmuşdur. Həmin vətəndaşa Torpağa mülkiyyət hüququna dair Dövlət aktı da verilib. Lakin, Çuxur Qəbələ bələdiyyəsi 2009-cu ildə Qəbələ rayon İcra Hakimiyyəti başçısına rəsmi məlumat vermişdir ki, iddiaçıya X5 perespektiv inkişaf fondundan 0,10 hektar həyətyanı torpaq sahəsi ayrılıb verilmişdir. Həmin məlumat əsasında Qəbələ rayon İcra Hakimiyyəti Başçısının imzası ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər idarəsinə 06 mart 2009-cu il tarixdə 228/53 saylı məktub göndərilmişdir. Məktubda göstərilmişdir ki, iddiaçının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə daxil olmuş müraciətilə bağlı həqiqətən də ona mənzil tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması məsələsinə X7də baxılmış və bələdiyyəsinin perspektiv inkişaf fondundan 0,10 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçı yenidən cavabdeh X6 ərizə ilə müraciət etmiş və onun müraciətinə baxmadıqları üçün Azərbaycan Respublikasının Ədliyyə nazirliyinin Bələdiyyələrlə iş mərkəzinə müraciət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə nazirliyinin Bələdiyyələrlə iş mərkəzində iddiaçının müraciətinə baxaraq X6 iddiaçını torpaq sahəsi ilə təmin etməsi ilə bağlı göstəriş verilmişdir. Göstəriş verilməsinə baxmayaraq, Çuxur Qəbələ bələdiyyəsi iddiaçıya dövlət tərəfindən verilməli olan 0,10 hektar torpaq sahəsini indiyədək ayırmamışdır. 02 mart 2009-cu il tarixində Qəbələ rayonu X5 yığıncağı və eyni tarixli 03 saylı qərar və sərəncamı iddiaçıya əvəzsiz olaraq 0,10 hektar həyətyanı torpaq sahəsinin verilməsi barədə yalnız görünüş üçün çıxarılmışdır.
5. Cavabdeh xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı 02 mart 2009-cu il tarixli 03 saylı protokoluna əsasən həyətyanı məqsədilə fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmin əraziyə DTXK-nin Qəbələ rayon şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş və baş mütəxəssis tərəfindən plan xəritə çəkilərək təsdiq edilmişdir. İddiaçı növbəti il ona verilən 0,10 ha torpaq sahəsinin kənarlarını bağlamaq üçün əraziyə getdikdə həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğu və 104 nömrəli Dövlət Aktı ilə X3 məxsus olduğu məlum olmuşdur. Yenidən bələdiyyəyə müraciət etmiş ona başqa yerdən torpaq veriləcəyi vəd olunmuş ancaq əməl olunmamışdır. 2020-ci il bələdiyyə seçkilərindən sonra yenidən şifahi olaraq İddiaçı bələdiyyəyə müraciət etmiş illər öncə ona verilmiş 0,10 ha torpaq sahəsini tələb etmişdir. Bələdiyyə sədri kəndin daxilində münasib yer olmadığı və Pİ fonduna aid torpaqdan ona yer veriləcəyinin mümkün olduğunu söyləmişdir. İddiaçı oranın uzaq olduğunu qazın, işığın, suyun olmadığını bildirərək imtina etmişdir. Bu barədə xx.xx.2021ci İl 31 saylı məktubla Şəki Regional Ədliyyə İdarəsinə məlumat verilmişdir. 2022-ci ilin payızında vətəndaşın seçdiyi kəndin mərkəzindəki torpaq sahəsi Reyestr tərəfindən ölçülərkən həmin yerin dövlət fonduna aid olduğu məlum olmuş və həyətyanı məqsədilə ayrılması mümkün olmadığı bildirilmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 2 oktyabr 2023-cü il tarixli 2- 1(116)-1843/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclası zamanı məhkəmə tərəfindən cavabdehə müvafiq torpaq sahəsinin ona ayrılması ilə bağlı təklif edilmiş, cavabdeh isə məhkəməyə bildirmişdir ki, Qəbələ rayonu ərazisində ona başqa ərazidə torpaq təklif edilmişdir. Bildirir ki, cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli 61 nömrəli məktubunda qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, həmin məktubda “bələdiyyə mülkiyyəti olan Prespektiv inkişaf sahəsindən 0.10 ha torpaq sahəsini ölçərək qeydiyyata götürdüyünü, torpağın sənədləşdirilməsi üçün qərar qəbul etdiyini və aidiyyəti orqanlara göndərdiyini, həmin ərazidən həyətyanı məqsədi ilə torpaq sahəsi verildiyini, ərazinin 50 metrliyində yaşayış evlərinin mövcudluğunu və bütün bunlara baxmayaraq, iddiaçının həmin ərazidən imtina etdiyini bildirmişdir”. Bununla bağlı məhkəməyə göstərmişdir ki, cavabdehin təklif etdiyi digər torpaq sahəsi meşə ərazisində yaşamaq üçün yararsız bir torpaq sahəsidir. Məhkəmə cavabdehə növbəti iclasadək Qəbələ rayonu Çuxur Qəbələ kəndində digər torpaq sahəsinin ayrılması ilə bağlı tədbirlərin görülməsini tələb etmiş, lakin növbəti iclasda cavabdeh elə həmin yararsız torpaq sahəsini ona təklif etmiş və o razı olmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli 2-1(116)- 1843/2023 nömrəli qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli 2-1(116)- 1843/2023 nömrəli qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən və cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 2 oktyabr 2023cü il tarixli 2-1(116)-1843/2023 nömrəli qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 149 nömrəli məktubundan görünür ki, Qəbələ rayon X5 03 saylı yığıncaq protokolu xx.xx.2009-cu ildə yazılmışdır. Protokollara əlavə edilmiş sənədlər arxivə təhvil verilmədiyi üçün arxivdə saxlanılmır. - cavabdehin xx.xx.2023-cü il tarixli 61 nömrəli məktubunda qeyd edilmişdir ki, DƏDKR-nin X10 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən bələdiyyə mülkiyyəti olan Prespektiv inkişaf sahəsindən 0.10 ha torpaq sahəsi ölçülərək qeydiyyata götürülmüşdür. Torpağın sənədləşdirilməsi üçün qərar qəbul edilmiş və aidiyyatı orqanlara göndərilmişdir. Həmin ərazidən həyətyanı məqsədi ilə torpaq sahəsi verilmişdir. Ərazinin 50 metrliyində yaşayış evləri vardır. Bütün bunlara baxmayaraq vətəndaş İddiaçı həmin ərazidən imtina etmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli 40 saylı iclas protokolundan görünür ki, bələdiyyənin alqı-satqı predmeti olan 0.10 ha torpaq sahəsinin iddiaçıya təmənnasız verilməsi ilə bağlı 0.10 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması qərara alınmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
16. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
18. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
19. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.
20. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
21. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
22. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Qəbələ rayonu X7 xx.xx.2009-cu il tarixli 3 saylı qərarına əsasən ayrıldığı iddia olunan həyətyanı torpaq sahəsinin digər ərazidən ölçülərək ona təhvil verilməsinə nail olmaqdır.
23. İddiaçı ona ayrıldığını bildirdiyi 0,10 ha torpaq sahəsinin digər ərazidən ölçülərək ona təhvil verilməsini tələb etsə də, “digər ərazi” dedikdə hansı torpaq sahəsini nəzərdə tutması aydın deyil.
24. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında iddiaçı, ilkin tələbini dəqiqləşdirərək torpaq sahəsinin digər ərazidən ölçülərək cavabdeh tərəfindən ona təhvil verilməsini xahiş etmiş, iddiaçıya tələbinin qeyri-müəyyən olması və konkret olaraq hansı ərazinin ölçülərək verilməsi ilə bağlı tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir.
25. Bununla belə iddiaçı, ötən müddət ərzində tələbini dəqiqləşdirməmiş, ümumi olaraq fərdi yaşayış evinin tikilməsi mümkün olan digər torpaq sahəsini nəzərdə tutduğunu bildirmişdir.
26. Cavabdeh orqan birinci instansiya məhkəməsinə təqdim etdiyi xx.xx.2023-cü il tarixli 61 nömrəli məktubunda bələdiyyə mülkiyyəti olan Prespektiv inkişaf sahəsindən 0.10 ha torpaq sahəsini ölçərək qeydiyyata götürdüyünü, torpağın sənədləşdirilməsi üçün qərar qəbul etdiyini və aidiyyatı orqanlara göndərdiyini, həmin ərazidən həyətyanı məqsədi ilə torpaq sahəsi verildiyini, ərazinin 50 metrliyində yaşayış evlərinin mövcudluğunu və bütün bunlara baxmayaraq, iddiaçının həmin ərazidən imtina etdiyini bildirmişdir.
27. İşdə olan xx.xx.2023-cü il tarixli 40 saylı iclas protokolundan da aydın şəkildə görünür ki, iddiaçıya 0.10 ha torpaq sahəsinin təmənnasız verilməsi ilə bağlı həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması qərara alınmışdır. Yəni, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, faktiki olaraq iddiaçıya 0,10 ha torpaq sahəsinin digər ərazidən verilməsi ilə bağlı icraat aparılmasına baxmayaraq, iddiaçı sözügedən torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün əlverişli olmadığını bildirərək imtina edir.
28. Belə ki, iddiaçının konkret tələb irəli sürmədən mücərrəd ifadələrlə digər ərazidən torpaq sahəsinin ölçülməsini tələb etməsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh orqanın faktiki olaraq Prespektiv inkişaf sahəsindən iddiaçıya ayrılmasını nəzərdə tutduğu hər hansı torpaq sahəsi “digər ərazi”-də yerləşən torpaq sahəsinin verilməsi ilə bağlı tələbin təmin olunması deməkdir. İddiaçı subyektiv mülahizələrlə cavabdeh orqanın ona ayırmasını nəzərdə tutduğu torpaq sahəsi ilə razılaşmırsa, konkret olaraq hansı torpaq sahəsinin ona ayrılması ilə bağlı tələbi aydın və birmənalı şəkildə ifadə etməlidir.
29. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya tələbin aydın qeyd edilməsi və ayrılmasını nəzərdə tutduğu torpaq sahəsi ilə bağlı məlumatların dəqiqləşdirilməsi təklif edilmiş, lakin iddiaçı qeyri-müəyyən ifadələrlə “fərdi yaşayış evinin tikilməsi üçün əlverişli olan digər torpaq sahəsinin” ayrılmasını nəzərdə tutduğunu bildirmişdir.
30. Göründüyü kimi iddiaçının konkret olaraq hansı ərazinin ölçülərək verilməsi ilə bağlı tələbi konkret və aydın olmadığından cavabdeh orqana qarşı yönəlmiş tələbə mahiyyəti üzrə baxılması mümkün deyildir.
31. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə keçirilmiş birinci instansiya məhkəməsinin iclasında iddiaçının nəzərinə çatdırılaraq onun dinlənilmə hüququ təmin edilmişdir.
32. Beləliklə kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək belə qənaətə gəlir ki, hazırkı iddia tələbinin mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
33. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir, Şəki İnzibati Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli 2-1(116)-1843/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli 2-1(116)-1843/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.