Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-45/2025 12.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X5 və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Çallı bələdiyyəsinin 04 avqust 2000-ci il tarixli, 08 saylı qərarı və Çallı bələdiyyəsi ilə aralarında bağlanmış 25 dekabr 2007-ci il tarixli icarə müqaviləsi ilə icarəsinə verilmiş 37,88 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2-1(116)-4/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Çallı bələdiyyəsinin 04 avqust 2000-ci il tarixli, 08 saylı qərarı və Çallı bələdiyyəsi ilə aralarında bağlanmış 25 dekabr 2007-ci il tarixli icarə müqaviləsi ilə icarəsinə verilmiş 50 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-1668/2021 nömrəli qərardadı ilə Zərdab rayonu Çallı bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına adi cəlb edilmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-488/2022 nömrəli qərardadı ilə iş üzrə icraat - Zərdab Rayon Məhkəməsinin icraatında olan, iddiaçı Çallı bələdiyyəsinin cavabdeh İddiaçı qarşı "icarə müqaviləsinin ləğvi və torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılması tələbinə dair" iş üzrə mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək dayandırılmışdır.
4. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-37/2023 nömrəli qərardadı ilə 2- 1(116)-37/2023 nömrəli inzibati iş üzrə icraat təzələnmişdir.
5. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-4/2024 nömrəli qərardadı ilə iddia tələbi “12.12 ha torpaq sahəsi üzərində iddiaçının icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” hissəsində mümkün sayılmamışdır.
6. İddia ərizəsinin əsaslarına görə Çallı bələdiyyəsinin 04 avqust 2000-ci il tarixli, 6 saylı qərarı ilə Çallı kəndi ərazisində 50 torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir, 25 dekabr 2007-ci ildə icarə müqaviləsi yenilənmişdir. Torpaq sahəsinin icarə haqları müntəzəm olaraq ödənilmiş, torpaq sahəsinin planı tərtib edilmişdir. Cavabdeh tərəfindən **********96 qeydiyyat nömrəli ərizə üzrə ünvanlanmış 04 oktyabr 2021-cı il tarixli, bildirişlə ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmış, hüquqlarının dövlət qeydiyyatına alınmasından faktiki olaraq imtina edilmiş, əsas olaraq yerquruluşu xəritələrinin ləğv edilmiş DTXK-nın Zərdab rayon Şöbəsi tərəfindən təsdiq edilməməsi və ləğv edilmiş DTXK-nın Zərdab rayon Şöbəsinin rəyinin təqdim edilməməsi göstərilmiş, qeyd edilən pozuntuların aradan qaldırılacağı təqdirdə hüquqların dövlət qeydiyyatına alınacağı məsələsinə qanıınayuğun şəkildə baxıla biləcəyi göstərilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində hüquqları pozulmuşdur.
7. Cavabdeh nəzərə almalı idi ki, torpaq sahəsi bələdiyyə aktı qəbul edilən gündən, hətta icarə müqaviləsi bağlanana qədər onun faktiki icarəsinə verilmişdir, hazırda da icarəsindədir, torpaq sahəsindən təyinatına uyğun istifadə həyata keçirilir, icarə haqları ödənilir. Ləğv edilmiş DTXK-nın Zərdab rayon Şöbəsinin rəyinin təqdim edilməsi mümkünsüzdür, çünki həmin təşkilat ləğv edilmişdir. Bundan başqa ərizəyə yerli bələdiyyə tərəfindən təsiq edilmiş elektron xəritədən çıxarış əlavə edilmişdir. Bu sənəd sübut edir ki, torpaqların elekton qeydiyyat bazasında icarəsinə verilmiş torpaq sahəsi barədə məlumat var. Həmin məlumat torpaq sahəsinin məhz onun icarəsində olması barədədir. Buna görə də hesab edir ki, cavabdehin torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatından imtinası qanunsuz olmuşdur.
8. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, Əzizov X3 rayonu, Çallı kəndində yerləşən 50.0 hektar torpaq sahəsi üzərində icarə hüququnun rəsmiləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Yerquruluşu xəritəsindən çıxarışın ləğv edilmiş DTXK-nin Zərdab rayon şöbəsi tərəfindən təsdiq edilməməsi və torpaq sahəsinin ayrılması barədə ləğv edilmiş DTXK-nin Zərdab rayon şöbəsinin rəyinin təqdim edilməməsi səbəbindən vətəndaşın ərizəsinin icrasından imtina olunmuşdur.
9. Vətəndaş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddəsinə uyğun müraciət etməmişdir.
10. Belə ki, vətəndaşın ərizəsinə hüquqmüəyyənedici sənədlərin əsli əlavə olunmamış, ərizə müəyyən olunmuş formaya uyğun təqdim edilməmişdir. Bu səbəbdən də, torpaq sahəsi ilə bağlı inventarlaşdırma işi və elektron baza məlumatlarında araşdırma aparılmamışdır.
11. Zərdab rayonu Çallı kəndində yerləşən 50.0 hektar kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin ayrılması barədə Zərdab rayonu Çallı bələdiyyəsinin qərarının xx.xx.2000-ci il tarixdə verilməsinə baxmayaraq, icarə müqaviləsinin xx.xx.2007-ci il tarixdə bağlanılması, həmçinin, icarə müqaviləsində icarə müddətinə düzəliş edilməsi və icarə haqqının 2013-cü ildən hesablanmasının qeyd olunması və yerquruluşu xəritəsindən çıxarışın ləğv edilmiş DTXK-nin Zərdab rayon şöbəsi tərəfindən təsdiq edilməməsi və torpaq sahəsinin ayrılması barədə ləğv edilmiş DTXK-nin Zərdab rayon Şöbəsinin rəyinin təqdim edilməməsi Zərdab rayonu Çallı kəndində yerləşən 50.0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrılarkən və ya ayrıldıqdan sonra ciddi qanun pozuntusuna yol verilməsinə əsaslı şübhə yaratmışdır.
12. Sərəncamda tələb olunan inzibati icraat materialları və arxiv qovluğunda saxlanılan məlumatların təqdim edilməsi hissəsinə münasibətdə bildiririk ki, vətəndaş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddəsinə uyğun müraciət etmədiyi üçün ərazi idarəsi tərəfindən sözügedən torpaq sahəsinə dair arxiv qovluğu açılmamışdır. Həmçinin, vətəndaşın təqdim etdiyi sənədlərin surəti oxunaqsız halda olduğu üçün həmin sənədlərdən ibarət olan inzibati icraat materiallarının təqdim edilməsi mümkün deyildir.
13. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
14. Göstərilənlər nəzərə alınaraq iddianın təmin edilməməsi xahiş edilmişdir.
15. Üçüncü şəxs iddia tələbinə münasibətində iddia ərizəsinin qanunamüvafiq qaydada həll edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
16. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 27 iyun 2024-cü il tarixli 2- 1(116)-4/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
17. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqdim edilmiş icarə müqaviləsində həqiqiliyi təsdiqlənməmiş düzəlişlər edilmişdir. Zərdab rayonu Çallı bələdiyyəsinin qərarı xx.xx.2000-ci il tarixdə verilməsinə baxmayaraq icarə müqaviləsi xx.xx.2007-ci il tarixdə bağlanılmışdır. Təqdim edilmiş yerquruluşu xəritəsindən çıxarış Zərdab rayon DTXK tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinin ayrılması barədə rəyi əlavə edilməmişdir. Məhkəmə torpaq sahəsinin ayrılmasına dair Zərdab rayonu Çallı bələdiyyəsinin qərarının verilmə tarixi ilə icarə müqaviləsinin fərqli tarixlərdə verilməsinə və həqiqiliyi təsdiqlənməmiş düzəliş edilməsinə münasibət bildirməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2-1(116)-4/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2-1(116)-4/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
21. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
22. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubu, Zərdab rayon Çallı bələdiyyəsinin 04 avqust 2000-ci il tarixli, 08 saylı iclas protokolundan çıxarış, Çallı bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış 25 dekabr 2007-ci il tarixli icarə müqaviləsi, iddiaçının icarəsinə verilməsi nəzərdə tutulmuş 0,36 ha və 0,14 ha torpaq sahələrinin yerləşmə vəziyyətinə dair bələdiyyə tərəfindən təsdiq edilmiş elektron xəritədən çıxarış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-6078/2022 nömrəli qərarı, cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyi və yeruquruluşu planı, cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi və yerquruluşu planı. - Birinci instansiya məhkəməsi tərəfindən 12 iyun 2024-cü il tarixdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin Zərdab rayon şöbəsinin inzibati binasında elektron baza məlumatlarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, üst-üstə düşdüyü bildirilən 12.12 ha torpaq sahəsi DWJ xəritəsində bələdiyyənin kənd təsərrüfatı təyinatlı, örüş uqodiyalı, TEKUİS xəritəsində xüsusi mülkiyyət - JN-0045, JN-0046, JN-0048, JN-0049, JN-0055, JN-0056, JN-0057, JN-0058, JN-0059, JN-0060 nömrəli Dövlət Aktlarında qeyd edilmiş torpaq sahələrinin yerləşdiyi ərazidir. İddia olunan 12.12 ha torpaq sahəsi yuxarıda sadalanan Dövlət aktlarının yeni elektron uçot məlumatları ilə üst-üştə düşür. X4 JN-0045, JN-0048, JN-0056, JN-0057 nömrəli Dövlət Aktları əsasında hüquqların təkrar Dövlət qeydiyyatı aparılaraq çıxarışlarla rəsmiləşdirilmişdir. Bununla da, mütəxəssis rəyində qeyd edilmiş 12.12 ha torpaq sahəsinin xüsusi mülkiyyətdə olan torpaq sahələri ilə üst-üstə düşməsi barədə məlumatların doğruluğu müəyyən edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
24. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Maddə 11.3. Bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Maddə 11.9. Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
26. Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları, torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
27. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən Zərdab rayon Çallı bələdiyyəsinin 04 avqust 2000-ci il tarixli, 08 saylı iclas protokolunun qərarının “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
28. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
29. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
30. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
31. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi mahiyyət etibarilə əsaslı olduğundan təmin edilməlidir.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. İş materiallarında olan Zərdab rayon Çallı bələdiyyəsinin 04 avqust 2000-ci il tarixli, 08 saylı iclas protokolundan çıxarışla və Çallı bələdiyyəsi ilə aralarında bağlanmış 25 dekabr 2007-ci il tarixli icarə müqaviləsi ilə müəyyən olunur ki, Zərdab rayonu Çallı kəndində yerləşən 50 ha torpaq sahəsi 50 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Sözügedən torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi ilə bağlı sənədlər torpaq sahəsinin aid olduğu bələdiyyə tərəfindən məhkəməyə təqdim edilmişdir.
35. Torpaq Məcəlləsinin 66-cı maddəsinin tələblərindən irəli gələrək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır.
36. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
37. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1- 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
38. Analoji norma “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. 10.2.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.
39. Apellyasiya şikayətinin dəlilləri iddia olunan torpaq sahəsinin ayrılması barədə Zərdab rayonu Çallı bələdiyyəsinin qərarının xx.xx.2000-ci il tarixdə verilməsinə baxmayaraq, icarə müqaviləsinin xx.xx.2007-ci il tarixdə bağlanılması, həmçinin, icarə müqaviləsində icarə müddətinə düzəliş edilməsi və icarə haqqının 2013-cü ildən hesablanmaslının qeyd olunması və yerqurluşu xəritəsindən çıxarışın ləğv edilmiş DTXKnin Zərdab rayon şöbəsi tərəfindən təsdiq edilməməsi və torpaq sahəsinin ayrılması barədə ləğv edilmiş DTXK-nin Zərdab rayon şöbəsinin rəyinin təqdim edilməməsi, Zərdab rayonu Çallı kəndində yerləşən 50.0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrılarkən və ya ayrıldıqdan sonra ciddi qanun pozuntusuna yol verilməsi ilə bağlıdır.
40. Məhkəmə kolleguiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-6078/2022 nömrəli qərarına əsasən, Zərdab rayon Çallı bələdiyyəsi tərəfindən iddiaçıya qarşı "icarə müqaviləsinin ləğvi və torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılması tələbinə dair" Zərdab Rayon Məhkəməsində iddia qaldırılmış, lakin iddia tələbi təmin edilməmişdir. Qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri də təmin edilməmişdir. Odur ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıya icarəyə verilməsinə dair Zərdab rayon Çallı bələdiyyəsinin 04 avqust 2000-ci il tarixli, 08 saylı iclas protokolu və Çallı bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış 25 dekabr 2007-ci il tarixli icarə müqaviləsi qüvvədədir.
41. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia olunan torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi ilə bağlı bələdiyyə qərarı və icarə müqaviləsinin mövcudluğu, o cümlədən həmin sənədlərin hazırda qüvvədə olması işin mübahisəsiz halıdır.
42. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən Zərdab rayon Çallı bələdiyyəsinin 04 avqust 2000-ci il tarixli, 08 saylı qərarı hüquqmüəyyənedici sənəd olmaqla iddiaçının icarə hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsasdır.
43. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
44. Etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.
45. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-1862/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında hazırkı hüquqi mövqeyi ifadə etmişdir.
46. Bununla yanaşı məhkəmə kollegiyasının qənaətinə görə həmin qərar qəbul edilərkən qanun pozuntularına yol verilməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
47. Bələdiyyə tərəfindən müvafiq qərarın qəbul edilməsinədək torpaq ayırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
48. Lakin, müvafiq alqı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.
49. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.
50. Odur ki, müvafiq prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).
51. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
52. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.
54. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe).
55. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsinə dair mütəxəssis rəyi əldə edilərək müəyyən edilmişdir ki, iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 36.8 ha torpaq sahəsi elektron baza məlumatlarında təqdim olunan Torpaqların elekron kadastr uçotu informasiya sistemi məlumatları əsasında tərtib edilən elektron kadastr uçotu xəritəsində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olaraq göstərilmişdir. İddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 17.8 ha torpaq sahəsinin 5.68 ha hissəsi elektron baza məlumatlarında təqdim olunan Torpaqların elekron kadastr uçotu informasiya sistemi məlumatları əsasında tərtib edilən elektron kadastr uçotu xəritəsində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi, 12.12 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı, xüsusi mülkiyyətə verilmiş torpaqlar kimi göstərilmişdir.
56. İddia olunan torpaq sahəsinin 12.12 ha hissəsinin xüsusi mülkiyyətdə olan torpaq sahələri ilə üst-üstə düşməsi (JN- 045, JN-046, JN-048, JN-49, JN-055, JN-056, JN-057, JN-058, JN-059, JN-060) vəziyyəti Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına (TEKUİS) uyğun verilmişdir. JN-45 nömrəli Dövlət Aktın əsasında ərazidə X7 və ailə üzvlərinin mülkiyyət hüququ **********53 reyestr nömrəli çıxarışla (1.70 ha) dövlət qeydiyyatına alınmışdır. Real məkan (torpaq sahələrinin faktiki yerləşdiyi ərazi) ilə Zərdab rayonu Çallı kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi (DVJ) arasında uyğunsuzluqlar, bucaq fərqləri və sürüşmə halı mövcud olduğu üçün islahat layihəsinə uyğun araşdırma aparılması mümkün olmamışdır.
57. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən 12 iyun 2024-cü il tarixdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin Zərdab rayon şöbəsinin inzibati binasında elektron baza məlumatlarına baxış keçirilmiş və təqdim edilmiş rəylərin elektron uçot məlumatlarına uyğun olması müəyyən edilmişdir.
58. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması üçün qanuni əsaslar mövcud olduğu halda cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
59. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Zərdab rayon Çallı bələdiyyəsinin 04 avqust 2000-ci il tarixli, 08 saylı qərarına və Çallı bələdiyyəsi ilə bağlanmış 25 dekabr 2007-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verilmiş 37,88 ha torpaq sahəsi üzərində İddiaçı Fəzli oğlunun icarə hüququnun dövlət reyestrində qeydiyyata alınmamasına dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
60. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2-1(116)-4/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.