Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-450/2020 20.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “xx.xx.1968-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Şəki Tibb məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2007-ci il tarixdən pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)- 397/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı uzun illər Şəki rayon X2 şöbəsində işləmişdir. Pensiya yaşına çatdığı üçün xx.xx.2015-ci ildən işdən azad olunaraq pensiyaya çıxmışdır. Həmin vaxt onun yalnız, xəstəxanada işlədiyi illər sosial sığorta stajına daxil edilmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, əyani təhsil aldığı dövrlər də sosial sğorta stajına daxil edilməli idi. Lakin ona pensiya təyin edərkən həmin dövr nəzərə alınmamışdır. Məhz buna görə ümumi əmək stajı ilə yanaşı əyani təhsil aldığı dövrün sosial sğorta stajına daxil edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Fondu Şəki şəhər şöbəsinə müraciət etmişdir. Bununla bağlı olaraq orta ixtisas təhsil haqqında diplomun surətini tədim etmişdir. Lakin sözü gedən qurum xx.xx.2019-cu il tarixli məktubla əyani təhsil müddətinin sosial sğorta stajına daxil edilməsinin mümükün olmamasını əsas göstərmişdir. Onların göstərdiyi həmin əsasla razılaşmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı 1968-ci ildən 1972-ci ilə kimi Şəki Tibb məktəbində təhsil alaraq mama ixtisası üzrə diplom almışdır. İddiaçının pensiya yaşı 2016-cı ildə olmuşdur və o, həmin ildən pensiyaçıdır. Həmin zaman onun təhsil müddəti nəzərə alınmayıb. Buna görədə cavabdeh tərəfin imtinası əsassızdır. Cavabdeh məhkəmənin sərəncamına əsasən göndərdiyi xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubunda Vətəndaş İddiaçı xx.xx.2007-ci ildən yaşa görə əmək pensiyaçısı olduğunu, hal-hazırda 235.62 manat miqdarında pensiya aldığını və xx.xx.1968-ci il tarixindən xx.xx.1972-ci il tarixədək əyani təhsil aldığı illər sosial sığorta stajına daxil ediləcəyi halda pensiyanın məbləğinin 10.37 man artaraq cəmi pensiyası 235.62 man olacağını qeyd etmişdir. Bundan sonra cavabdeh birinci instansiya məhkəməsinə xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktub göndərərək bildirmişdir ki, İddiaçı xx.xx.2007-ci il tarixində xx.xx.2006-cı il tarixinədək 35 il 5 ay sosial sığorta stajı nəzərə alınaraq ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin olunmuşdur. Vətəndaşın əyani təhsil müddəti stajına daxil edilərsə xx.xx.2006-cı ilədək sosial sığorta stajı 38 il 11 ay olar və pensiyası yenidən hesablanarsa artım olacaqdır. ƏƏSMN yanında DSMF-nin direktorunun təlimat məktubu ilə xx.xx.2006-cı il tarixədək əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilərək əmək pensiyası məbləğlərinin yenidən hesablanması məqsədəmüvafiq hesab edilmişdir. Bu məktuba istinadən vətəndaşların əyani təhsil müddəti nəzərə alınaraq əmək pensiyaları yenidən hesablanaraq son 36 ayı ödəmək mümkündür. Odur ki, yuxarıdakıları nəzərə alaraq vətəndaşın iddia ərizəsini baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş edirlər. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli iclasında iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.1968-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Şəki Tibb məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2007-ci il tarixdən pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin həmin tarixli iclasında ərizə icraata qəbul edilmiş və cavabdehə münasibət bildirilməsi üçün təqdim olunmuşdur. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara Cavabdeh xx.xx.2019-cu il tarixli **********6 nömrəli imtina məktubu, AZE seriyalı 0******* nömrəli vətəndaşın Şəxsiyyət Vəsiqəsinin surəti, Cavabdeh xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubu, AZ-1 seriyalı 072628 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubu, Cavabdeh xx.xx.2007-ci il tarixli 3819 nömrəli qərarının, 09.2007-ci il tarixli təqdimatının təsdiqlənmiş surətləri, xx.xx.1966-cı il tarixli əmək kitabçasının təsdiqlənmiş surəti, xx.xx.2007-ci il tarixli 2081-k nömrəli arayışın təsdiqlənmiş surəti, xx.xx.2007-ci il tarixli 3165-k nömrəli arayışın təsdiqlənmiş surəti, Ц seriyalı 539011 nömrəli diplomun təsdiqlənmiş surəti, ИЕ seriyalı 463635 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, Cavabdeh xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-397/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı xx.xx.1968-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Şəki Tibb məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2007-ci il tarixdən pensiyasının yenidən hesablanması öhdəliyi qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialı Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-397/2020 nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Apellyаsiyа şikаyətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsi xx.xx.2020-ci il tarixli 2-1(116)739//2020 saylı qərarı ilə İddiaçı iddia tələbini təmin etmiş və «Cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər filialının üzərinə iddiaçı X1 xx.xx.1968-ci ıl tarixdən xx.xx.1972-ci il tarixədək Şəki Tibb məktəbində əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi, hüququnun yarandığı xx.xx.2007-ci il tarixdən pensiyasının yenidən hesablanması öhdəliyi»ni qoymuşdur. Aşağıdakı səbəblərdən Dövlət Sosial Müdafiə Fondu Şəki şəhər filialı Şəki İnzibati Məhkəməsinin yuxarıdakı qərarının ləğv olunmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Bu Qanunun 32.1-1 maddəsində deyilir: 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bu maddəyə əsasən iddiaçının əmək pensiyasının məbləği müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün yenidən hesablanmalı olduğu halda, Məhkəmə qərarında 21,10.2007-ci il tarixdən qeyd olunmuşdur. Bu isə yuxarıdakı maddənin tələblərini həmçinin sosial təminat hüququ olan digər vətəndaşların sosial təminat hüququnu pozmuş olur. Belə ki, "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunun xərclər maddəsinin alt hissələrində əmək pensiyalarının ödənilməsi xərcləri analitik hesablamalara əsaslanmış konkret rəqəmlərlə əks edildiyindən pensiya xərcləri ilə bağlı əlavə yaranmış öhdəliklər bu sahədə maliyyələşdirmənin vaxtında aparılmasını şübhə altına qoymuş olur. Vətəndaşın müraciət etdiyi tarixdən üç ildən çox əmək pensiyasının yenidən hesablanıb ödənilməsi öhdəliyi Şəki şəhər filialının üzərinə qoyulmuş olduqda pensiya almaq hüququ olan digər vətəndaşların pensiya təminatı hüququ pozulmuş olur. Azərbaycan Respublikası Konstitusiyanın 7-ci maddəsinin 3-cü hissəsində qeyd olunmuşdur ki, dövlət hakimiyyətinin təşkili hakimiyyətin bölgüsü prinsipi əsasında həyata keçirilir. Həmin maddənin 4-cü hissəsinə əsasən – Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçıriliməsındə bır sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 -ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010- cu ıl tarixli Qərarı). Odur kı, yuxarıda qeyd edilənləri rəhbər tutaraq Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-397/2020 nömrəli iş üzrə qərarın ləğv edilməsini və iddia tələbinin apellyasiya şikayətində qeyd olunanları nəzərə alaraq apellyasiya instansiyasında yeni qərar qəbul edilməsini xahiş edirik. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-397/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-397/2020 nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apellyasiya şikayəti qismən uğurlu olacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2ci maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fizi-ki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. İddiaçı iddia ərizəsindən görünür ki, o, xx.xx.1968-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Şəki Tibb məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2007-ci il tarixdən pensiyanın yenidən hesablanması xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi qanunun müvafiq normalarına düzgün olaraq istinad edərək təhsil illərini sığorta stajına daxil edilməsi qənaətinə düzgün gəlsə də qərar qəbul edərkən pensiyanın hesablanması zamanı yaranmış fərqin hansı müddət üçün ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını qərara almamışdır. Cavabdehin apellyasiya şikayətindən görünür ki, o, hesablanan pensiya fərqinin xx.xx.2007-ci il tarixdən yenidən hesablanaraq ödənilməsi öhdəliyinin qoyulmasından narazıdır və mövqeyini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2020-ci il 06 fevral tarixli **********2 nömrəli tapşırığına, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubuna əsasən 2006-cı il 01 yanvar tarixinədək bitmiş əyani təhsil müddəti nəzərə alınmaqla əmək pensiyalarının təyin edilməsinin və hesablanmasının (o cümlədən yenidən hesablanmasının) vətəndaşın müraciəti əsasında həyata keçirilməsi və keçmiş dövr üçün hesablanmış məbləğlərin ödənilməsinin “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə uyğun aparılmasının tənzimlənməsi ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx xxxxxxx 2020-ci il tarixli qərarında “pensiyanın yenidən hesablanması” tələbinə dair işlər üzrə hüququn tələbi üzrə məhkəmə təcrübəsinin vahidliyini təmin edilməsi məqsədlə qərara alınmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Cavabdeh orqanının imtina məktubundan görünür ki, iddiaçı təhsil illərinin sığorta stajına daxil edilməsi, pensiyanın yenidən hesablanması və ödənilməsi üçün cavabdeh inzibati orqana 02.12 2019-cu ildə müraciət etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini tam təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-397/2020 saylı qərarı qismən-yəni xx.xx.2007-ci il tarixdən pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması hissəsində dəyişdirilməli, pensiyanın yenidən hesablanması və xx.xx.2016-cı il tarixdən müraciət etdiyi xx.xx.2019-cu il tarixə kimi ödənilməmiş pensiya məbləğinin fərqinin ödənilməsi öhdəliyi qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-397/2020saylı qərarı qismən-yəni xx.xx.2007-ci il tarixdən pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması hissəsində dəyişdirilsin, pensiya yenidən hesablansın və ona xx.xx.2016-cı il tarixdən müraciət etdiyi xx.xx.2019-cu il tarixdə kimi yaranmış fərqin ödənilməsi öhdəliyi qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-450/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-450/2020
20.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver