Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-450/2023 31.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi və vəkili Vəkil3 və üçüncü şəxs Səfərov Məmməd Səfər oğlunun hüquqi varisi Səfərov Eldar Məmməd oğlunun nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Göyçay rayon Qarabaqqal bələdiyyəsinə qarşı “Göyçay Rayon Çayarxı bələdiyyəsinin Səfərov Məmməd Səməd oğluna satmış olduğu 0.08 ha və 0.22 ha torpaq sahələrinə dair xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarlarının ləğv edilməsi tələbinə dair” inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2- 1(116)-24/2022 nömrəli qərarından üçüncü şəxs Səfərov Məmməd Səfər oğlunun hüquqi varisi Səfərov Eldar Məmməd oğlu tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Göyçay Rayon XDS İK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli qərarına əsasən, rayonda fəaliyyət göstərən 8 nömrəli kolxozlararası tikinti trestinin istehsal baza tikintisinə 5,0 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır.
2. Göyçay Rayon XDS İK-in xx.xx.1981-ci il tarixli 06 nömrəli qərarına əsasən, rayonda fəaliyyət göstərən 8 nömrəli kolxozlararası tikinti trestinin istehsal baza tikintisinə RİK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli qərarı ilə əvvəl ayrılmış 5 ha sahəyə əlavə olaraq əkinə yaramayan çınqıllı sahədən 1,33 ha torpaq sahəsi ayrılmaqla cəmi 6,33 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır.
3. Bundan sonra Göyçay Rayon Çayarxı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarı ilə Səfərov Məmməd Səməd oğluna 0.08 ha torpaq sahəsinin satılması qərara alınmışdır.
4. Çayarxı Bələdiyyəsi ilə Məmməd Səfərov arasında həmin torpaq sahəsi ilə bağlı "Torpaqların alqı-satqısına dair akt" tərtib edilmiş, həmin akt xx.xx.2007-ci ildə Göyçay rayon torpaq şöbəsində 439 nömrəsi ilə qeydiyyata alınmışdır.
5. Həmçinin, Göyçay Rayon Çayarxı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarı ilə Səfərov Məmməd Səməd oğluna 0.22 ha torpaq sahəsinin satılması qərara alınmışdır.
6. Çayarxı Bələdiyyəsi ilə Məmməd Səfərov arasında həmin torpaq sahəsi ilə bağlı "Torpaqların alqı-satqısına dair akt" tərtib edilmiş, həmin akt xx.xx.2007-ci ildə Göyçay rayon torpaq şöbəsində 438 nömrəsi ilə qeydiyyata alınmışdır.
7. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Səfərov Məmməd Səməd oğlunun adına həmin torpaq sahələri ilə bağlı A seriyalı 212168 və A212167 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri tərtib edilmiş və X7 kitabında uçota alınmışdır.
8. Göyçay rayonu Çayarxı kəndində yerləşən 0.22 ha torpaq sahəsinə Səfərov Məmməd Səməd oğlunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir.
9. Göyçay rayonu Çayarxı kəndində yerləşən 0.0801 ha torpaq sahəsinə Səfərov Məmməd Səməd oğlunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir.
10. İddiaçı ASC cavabdeh Göyçay rayon Qarabaqqal bələdiyyəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayonu Çayarxı bələdiyyəsinin (hazırda Qarabaqqal bələdiyyəsi) Səfərov Məmməd Səməd oğluna satmış olduğu ümumilikdə 0.30 ha torpaq sahəsinin 2013-cü il tarixli qərarlarının etibarsız hesab edilməsini” xahiş etmişdir.
11. Daha sonra birinci instansiya məhkəməsinin hüquqi yardımı əsasında iddiaçı, tələbini dəqiqləşdirərək cavabdehin Səfərov Məmməd Səməd oğluna satmış olduğu ümumilikdə 0.30 ha torpaq sahələrinin xx.xx.2007-ci il tarixli 17 saylı qərarlarının ləğv edilməsini xahiş etmişdir.
12. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-361/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi tələbini dəqiqləşdirərək cavabdehin Səfərov Məmməd Səməd oğluna satmış olduğu 0.08 ha və 0.22 ha torpaq sahələrinə dair xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir.
14. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
15. İddiaçı, tələbini belə əsaslandırmışdır ki, mübahisələndirilən qərarlarla Səfərov Məmməd Səməd oğluna satılmış torpaq sahələri uzun illərdir ki, iddiaçının qanuni istifadəsindədir.
16. Cavabdeh iddiaya yazılı münasibət bildirməmişdir.
17. Üçüncü şəxsin hüquqi varisi birinci instansiya məhkəməsinə ünvanladığı yazılı münasibətində iddianın mümkün sayılmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
18. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 22 sentyabr 2022-ci il tarixli, 2-1(116)-24/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Göyçay Rayon Çayarxı bələdiyyəsinin Səfərov Məmməd Səməd oğluna satmış olduğu 0.08 ha və 0.22 ha torpaq sahələrinə dair xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarlarının ləğv edilməsi qərara alınmışdır.
19. Üçüncü şəxs Səfərov Məmməd Səfər oğlunun hüquqi varisi Səfərov X5 İnzibati Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti vermişdir.
20. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2-1(107)-411/2022 nömrəli qərarı ilə (hakimlər: V.Məlikov - sədrlik edən və məruzəçi, G.Cavadova və R.Rəfiyev) apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
21. Şəki Apellyasiya Məhkəməsinin İnzibаti kollegiyаsının 15 dekabr 2022-ci il tarixli, 2-1(107)-411/2022 saylı qərarından üçüncü şəxsin hüquqi varisi Səfərov Eldar Məmməd oğlu kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 23 may 2023-cü il tarixli 2-1(102)-833/2023 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibаti kollegiyаsının 15 dekabr 2022-ci il tarixli, 2-1(107)-411/2022 nömrəli qərarının ləğv edilib işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
22. Üçüncü şəxs Səfərov Məmməd Səfər oğlunun hüquqi varisi Səfərov Eldar Məmməd oğlu apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya müvafiq bələdiyyə qərarlarının mövcud olması uzun müddətdir ki, bəllidir və başqa məhkəmə proseslərində başqa iddialar ilə məhkəməyə müraciət edilmişdir və iddia tələbləri təmin edilməmişdir. Belə olan halda məhkəmə iddia müddətinin ötürülməklə verildiyindən hazırkı iddianı mümkünsüz saymalı idi. Həmçinin iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır. Məhkəmə iddiaçının iddiasının əsaslı olması ilə bağlı heç bir sübutu olmamağına, eyni zamanda iddianın verilməsi üçün iddia müddəti ötürülməyinə və iddianı verməkdə subyektiv hüquq olmamasında baxmayaraq iddianın təmin edilməsinə dair əsassız qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(116)-24/2022 saylı qərarının ləğv edilməsi və yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Səfərov Məmməd Səfər oğlunun hüquqi varisi Səfərov Eldar Məmməd oğlunun nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(116)-24/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(116)-24/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
25. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Göyçay rayon Qarabaqqal bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmişdir.
26. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
27. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İşdə olan, Göyçay Rayon XDS İK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli qərarından görünür ki, rayonda fəaliyyət göstərən 8 nömrəli kolxozlararası tikinti trestinin istehsal baza tikintisinə 5,0 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. - İşdə olan, Göyçay Rayon XDS İK-in xx.xx.1981-ci il tarixli 06 nömrəli qərarından görünür ki, rayonda fəaliyyət göstərən 8 nömrəli kolxozlararası tikinti trestinin istehsal baza tikintisinə RİK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli qərarı ilə əvvəllər ayrılmış 5 ha sahəyə əlavə olaraq əkinə yaramayan çınqıllı sahədən 1,33 ha torpaq sahəsi ayrılmaqla cəmi 6,33 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. - İşdə olan, Göyçay Rayon Çayarxı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarlarından görünür ki, Səfərov Məmməd Səməd oğluna 0.08 ha və 0.22 ha torpaq sahəsinin satılması qərara alınmışdır. - İşdə olan, RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" lardan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Göyçay rayonu Çayarxı kəndində yerləşən 0,08 ha və 0.22 ha torpaq sahələri Səfərov Məmməd Səməd oğlunun adına qeydiyyata alınmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir.
29. Torpaq Məcəlləsi: Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi:
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.
8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir.
9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
31. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, Göyçay Rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarları Səfərov Məmməd Səməd oğluna münasibətdə əlverişli inzibati aktlar olsalar da, iddiaçının istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyündən qanunsuz olmaqla iddiaçının hüquqlarına, eləcə də dövlət maraqlarına ziyan vurur. Ona görə də iddia təmin edilərək, Göyçay Rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarları ləğv edilməlidir.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 23 may 2023-cü il tarixli 2-1(102)-833/2023 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibаti kollegiyаsının 15 dekabr 2022-ci il tarixli, 2-1(107)-411/2022 nömrəli qərarının ləğv edilib iş yeni apellyasiya baxışına qaytarılarkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
35. Ali Məhkəmə hazırkı iş üzrə 23 may 2023-cü il tarixli 2-1(102)-833/2023 nömrəli qərarında hüquqi varisliyin müəyyən olunması ilə bağlı qeyd etmişdir ki, yuxarıda göstərilən Göyçay Rayon XDS İK-in qərarları ilə Göyçay rayonunda fəaliyyət göstərən 8 nömrəli Kolxozlararası Tikinti Trestinin İstehsal baza tikintisinə cəmi 6,33 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin trestin hüquqi varisi olmasını iddia etməsinə baxmayaraq, "xxxx" ilə iddiaçı ASC arasında olan əlaqə ilə bağlı iş materiallarında heç bir sənəd o cümlədən nizamnamə işə əlavə olunmamış və bu istiqamətdə apellyasiya məhkəməsi tərəfindən araşdırma aparılmamışdır.
36. Torpaq sahəsinin yerləşməsi ilə bağlı qeyd etmişdir ki, Göyçay Rayon XDS İK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli və xx.xx.1981-ci il tarixli 06 nömrəli qərarları ilə "xxxx"nə ayrılan torpaq sahələrinin dəqiq yerləşmə yeri barədə heç bir məlumat yoxdur.
37. İddiaçının mübahisəli torpaq sahəsinə subyektiv hüququ öz təsdiqini tapdığı halda iddia müddəti ilə bağlı isə qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən iddia müddəti ilə bağlı mümkünlük məsələsinə fikir bildirməmiş bununla bağlı apellyasiya şikayətinin dəlillərinə qiymət verməmişdir.
38. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57)
39. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53).
40. Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36).
41. Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27).
42. Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X2rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).
43. Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60).
44. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
45. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
46. Göyçay Rayon XDS İK-in qərarları ilə Göyçay rayonunda fəaliyyət göstərən 8 nömrəli Kolxozlararası Tikinti Trestinin İstehsal baza tikintisinə cəmi 6,33 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin trestin hüquqi varisi olmasını iddia etməsinə baxmayaraq, "xxxx" ilə iddiaçı ASC arasında olan əlaqə ilə bağlı iş materiallarında heç bir sənəd o cümlədən nizamnamə işə əlavə olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən bu hal ilə bağlı araşdırma aparılmamışdır.
47. Həmçinin Göyçay Rayon XDS İK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli və xx.xx.1981-ci il tarixli 06 nömrəli qərarları ilə "xxxx"nə ayrılan torpaq sahələrinin dəqiq yerləşmə yeri barədə heç bir məlumat yoxdur.
48. Belə ki, Torpaq Məcəlləsinin 65 və 68-ci maddələrinin tələbləri baxımından torpaq sahəsinin üzərində hüquqların torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilən arayışda da qeyd edilmişdir ki, “Göyçay Rayon XDS İK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli və xx.xx.1981-ci il tarixli 06 nömrəli qərarları ilə "xxxx"nə ayrılan torpaq sahələrinin yerini müəyyən etmək mümkün olmamışdır”
49. Həmçinin iş materiallarına olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində üçüncü şəxsə ayrılmış torpaq sahələri elektron bazada 6.4 ha dövlət mülkiyyətinə məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşməsi qeyd edilməsinə baxmayaraq, mütəxəssis 6.4 ha dövlət mülkiyyəti olaraq qeyd edilmiş torpaq sahəsinin coğrafi yerləşmə vəziyyətinə uyğun olaraq 1979-1981-ci il tarixli qərarlarla "xxxx"nə ayrılmış 6.33 ha torpaq sahəsinin yerləşmə vəziyyəti ilə bağlı döngə nöqtələrinin koordinatları əks olunan yerləşmə sxemi təqdim edilmədiyi üçün həmin suala cavab verə bilməmişdir.
50. Belə olan halda, birinci instansiya məhkəməsi iddiaçının torpaq sahəsinə subyektiv hüququnun müəyyən edilməsi üçün ilk öncə "xxxx"nin iddiaçının hüququ varisliyi təsdiq olunduğu təqdirdə trestə ayrılmış torpaq sahəsinin yerini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələbləri baxımından müəyyən etməli, bundan sonra üçüncü şəxsə aid olan torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst üstə düşüb düşməməsini araşdırmalıdır.
51. Üçüncü şəxsə aid torpaq sahəsi həqiqətən də 1979-1981-ci il tarixli qərarlarla "xxxx" ayrılan torpaq sahəsində yerləşdiyi sübuta yetirildiyi halda, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən torpaq sahələrinin bələdiyyə torpağı olması ilə bağlı DƏDRX Ucar Ərazi İdarəsinə verilmiş rəy ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş üçüncü şəxslə satılan torpaq sahələrinin dövlət mülkiyyətində olan torpaq sahələri üst-üstə düşməsi barədə mütəxəssis rəyi arasında olan ziddiyyətlə aydınlıq gətirilməlidir.
52. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ASC cavabdehlərə (o cümlədən hazırkı 3-cü şəxsə) qarşı “çıxarışların etibarsız hesab edilməsi, özbaşına tikililərin sökülməsi, zəbt olunmuş ərazinin boşaldılması və ərazinin əvvəlki vəziyyətə salınması”tələbi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki məhkəmə icraatı Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə başa çatmışdır. Onu da nəzərə almaq lazımdır ki, üçüncü şəxsin çıxarışın etibarsız hesab edilməsi barədə iddiaçının iddia tələbinə Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə xitam verilmiş (inzibati mübahisə olmasına görə) və iddiaçı həmin qərardaddan şikayət verməmişdir.
53. Hazırkı tələblə isə iddiaçı xx.xx.2020-ci il tarixdə, yəni Ali Məhkəmənin qərarından 2 aydan çox, Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından isə 1 il 2 aydan daha çox müddət keçdikdən sonra Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.
54. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi inzibati işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qanunu düzgün təfsir etməmiş, mübahisənin maddi və prossesual hüquqi əsaslarını araşdırmadan düzgün nəticəyə gəlməmişdir.
55. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə kollegiyası tərəfindən göstərilən məsələlərin birinci instansiya məhkəməsi tərəfindən təkrar araşdırılması zərurəti yaranmşdır.
56. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır.
57. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası,
QƏRАRА АLDİ:
Üçüncü şəxs Səfərov Məmməd Səfər oğlunun hüquqi varisi Səfərov Eldar Məmməd oğlu tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(116)-24/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.