Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-450/2025 24.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Sadiqov Zülfüqar Əhməd oğlu və X5 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “18 yaşına çatanadək əlilliyin müəyyən olunmasının əlillik altsisteminə əlavə edilməsi” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 05 may 2025-ci il tarixli 2-1(116)-1197/2025 nömrəli qərarından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. işin halları:
1. İddiaçı 1974-cü ildə doğulmuşdur. Ona ilk dəfə 1999-cu ildə, yəni 25 yaşında ikinci dərəcə əlillik təyin edilmişdir.
2. İddiaçı ona təyin olunmuş əlilliyin 18 yaşınadək müəyyən olunmaqla əlillik altsisteminə əlavə edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir.
3. Cavabdeh orqan imtina cavabında qeyd etmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq, dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində və Agentliyin arxiv sənədləri arasında iddiaçının qeyd etdiyi dövrə aid (18 yaşınadək) məlumat aşkarlanmamışdır.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
4. İddiaçı cavabdehin imtinasını mübahisələndirərək, əlilliyinin 18 yaşınadək müəyyən olunmaqla əlillik altsisteminə əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 14 avqust 1974-cü ildə Mingəçevir şəhərində anadan olmuş və hazırda ümumi xəstəlik səbəbindən əmək qabiliyyətsiz kimi ikinci dərəcəli, müddətsiz əlillik əsasında pensiya alır. Təyin olunmuş diaqnoza əsasən, onda "keçirilmiş uşaq serebral iflicinin qalıq əlamətləri, sol tərəfli dərin hemiparez, dizartriya, sol ətrafların deformasiyası, ölü – miopik astiqmatizm və sol milbilək oynağının kəskin kontrakturası" müşahidə olunur. Tibbi sənədlərdən aydın olur ki, o, artıq 1975-ci ildən etibarən “X12”nin qalığı, sol tərəfli hemiparez və dizartriya diaqnozları ilə xəstə kimi qeydiyyata alınmışdır. Buna baxmayaraq, atası – X7, dövlət qulluqçusu və vəzifəli şəxs olduğundan, övladının müalicə edilə biləcəyinə ümid edərək, ona uşaqlıq dövründə əlilliyə görə pensiya təyin edilməsinə razılıq verməmişdir. Atası – X1 şəhər İcra Hakimiyyətində Əsaslı tikinti, Təmir və Abadlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışmış və 08 iyul 2021-ci il tarixində vəfat etmişdir. O, dövlət qulluqçusu kimi yüksək pensiya almışdır. İddiaçı evlidir, iki övladı var və hazırda əmək qabiliyyəti olmayan şəxs kimi aldığı pensiyanın məbləği azdır. Atasının vəfatından sonra ailə başçısını itirməyə görə əmək pensiyası almaq məqsədilə cavabdehə müraciət olunmuşdur. Agentliyin cavabında bildirilmişdir ki, əlilliyin müəyyən olunması yalnız dövlət tibb müəssisələrinin göndərişləri əsasında, xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarla təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq həyata keçirilir. Bununla belə, Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində və arxiv sənədlərində 18 yaşa qədər dövrə dair məlumat aşkarlanmadığına görə, ərizəçinin uşaqlıqdan əlil olması faktı təsdiq olunmur. Lakin mövcud tibbi sənədlər, o cümlədən sonuncu tibbi müayinənin nəticələri əsasında müəyyən olunan diaqnoz – “Keçirilmiş uşaq serebral iflicinin q/ə. Sol tərəfli dərin hemiparez. Dizartriya. Sol ətrafların deformasiyası. ÖÜ – miopik astiqmatizm. Sol mil-bilək oynağının kəskin kontrakturası” – onun xəstəliyinin uşaqlıqdan mövcud olduğunu açıq şəkildə təsdiqləyir. Belə olan halda, 18 yaşına çatana qədər sağlamlıq imkanlarının məhdudluğu faktı yalnız məhkəmə qaydasında müəyyən edilə bilər. Bu səbəbdən, ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun tanınması üçün həmin faktın məhkəmə qərarı ilə müəyyən olunmasını tələb etmək məcburiyyətində qalmışdır.
6. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2002-ci il tarixli göndərişi əsasında baxılmış və diaqnoz olaraq “Keçirilmiş uşaq serebral iflicinin qalıq əlamətləri. Sol tərəfli dərin hemiparez. Dizartriya. Sol ətrafların deformasiyası. OU-miopik astiqmatizm. Sol mil-bilək oynağının kəskin kontrakturası” göstərilməklə, vətəndaşa müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Vətəndaşa ilk dəfə xx.xx.1999-cu il tarixində əlillik statusu verilmişdir. İddiaçı xx.xx.1974-cü ildə anadan olduğunu nəzərə alsaq, ona əlillik statusu verildiyi tarixdə 25 yaşı olmuşdur. Bu səbəbdən, 18 yaşınadək mövcud diaqnoz üzrə əlilliyin olubolmamasına dair tibbi sənədlərin mövcudluğu ilə bağlı məlumat aşkarlanmamışdır. Həmçinin, sonuncu qərarın 2002-ci ildə qəbul edilməsinə baxmayaraq, bu qərar uzun müddət ərzində vətəndaş tərəfindən mübahisələndirilməmişdir. Bu mübahisə ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 324/2023 saylı, xx.xx.2023-cü il tarixli analoji qərarı mövcuddur. Həmin qərara əsasən, “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə görə, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə və ya başqa səbəblə qüvvədən düşənədək hüquqi qüvvədə qalır. Buna görə də cavabdehin xx.xx.2020-ci il tarixli imtina qərarı bu günədək qüvvədədir və həmin qərar məhkəmə qaydasında mübahisələndirilmədiyindən, iddiaçının sağlamlıq imkanlarının məhdudluğu ilə bağlı faktın imtina qərarından əvvəlki dövr – yəni xx.xx.2019-cu il tarixindən etibarən hesablanması qanunvericiliyin tələblərinə ziddir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə əsasən, şəxs yalnız bu barədə qəbul olunmuş qərarın tarixindən etibarən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati akt üzrə mübahisələndirmə iddiası həmin aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırılmalıdır. Buraxılmış müddətin bərpası yalnız qanunla müəyyən olunmuş əsaslar olduqda mümkündür (İPM-nin 24.1 və 24.2-ci maddələri). “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın müvafiq müddəalarına əsasən, əlilliyin qiymətləndirilməsi yalnız göndəriş verilmiş, vətəndaşın şəxsiyyətini və diaqnozunu təsdiq edən sənədlərlə, müvafiq qaydada rəsmiləşdirilmiş formada, elektron sistem üzərindən aparılır. Göndəriş əsasında TSEK tərəfindən verilən qərar gücləndirilmiş elektron imza ilə təsdiqlənir və yalnız bu əsasla hüquqi nəticələr doğurur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndinə görə, məhkəmələr hər bir iddia üzrə ilk növbədə iddiaçının subyektiv hüququnun olub-olmamasını, cavabdehin isə həmin iddiaya cavab veribverməməli olduğunu qiymətləndirməlidirlər. Cavabdeh orqan hesab etmişdir ki, qaldırılmış iddia mümkünlük şərtlərinə cavab vermir.
7. Şəki İnzibati Məhkəməsinin 05 may 2025-ci il tarixli 2-1(116)-1197/2025 qərardadı ilə (hakim Rüstəm Kərimli) iddia təmin edilmiş, iddiaçı 14 avqust 1974-cü il təvəllüdlü İddiaçı uşaqlıqdan (18 yaşınadək) sağlamlıq imkanlarının məhdud olması barədə məlumatın “əlillik” altsisteminə əlavə edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının əlilliyinin təyin olunması ilə bağlı müvafiq tibb müəssisəsi vasitəsilə daxil olmuş müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı əlilliyinin 18 yaşına çatanadək müəyyən olunmasının əlillik altsisteminə əlavə edilməsindən imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İş materiallarında olan Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından alınmış “ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış”da 14 avqust 1974-cü il tarixdə doğulmuş və hazırda ünvan 1 ünvanında yaşayan İddiaçı barəsində aşağıdakılar qeyd olunmuşdur: - Diaqnoz: Əsas xəstəlik (G80) – uşaq serebral iflicinin davamlı qalıq nəticələri; - Əsas xəstəliyin ağırlaşmaları (G81.1) – sol ətrafların dərin hemiparezi; - Yanaşı xəstəliklər (F48.0) – astenonevrotik vəziyyət; - Xəstəliyin başlanma tarixi 1 iyul 1981-ci il; - Qısa anamnez: Özünü uşaqlıqdan xəstə hesab edir. Uşaqlıqdan xəstəliyə görə müalicə alır. Vəziyyəti orta ağırdır. Yerişi pozulub. İş materiallarında olan “X6 İnstitutu” PHŞ-nin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 3 aprel 2025-ci il tarixli 3-28-12/2- 92/2025 nömrəli məktubunda aşağıdakılar qeyd olunmuşdur: - Uşaq serebral iflici əsasən bətndaxili inkişaf dövründə, nisbətən az halda isə erkən postnatal dövrdə yarana bilər. - Hal-hazırda serebral iflicin ilkin diaqnozu 3 yaşa qədər, son diaqnozu 5 yaşında qoyulur və diaqnoz qoyulmuş xəstənin həyatıboyu davam edir. - Uşaq serebral iflici yetkinlik yaşından sonra yaranmır. İş materiallarında olan “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 8 aprel 2025-ci il tarixli 18-1-61/2- 395/2025 nömrəli məktubunda aşağıdakılar qeyd olunmuşdur: - 1974-cü il təvəllüdlü İddiaçı “anadangəlmə uşaq serebral iflici” diaqnozu ilə daimi dispanserdə qeydiyyatdadır. Yerişi və sol ətrafının hərəki funksiyası pozulmuşdur. TSEK tərəfindən vətəndaşa 9 aprel 2002-ci il tarixdən “Keçirilmiş uşaq serebral iflicinin qalıq əlamətləri. Sol tərəfli dərin hemiparez. Dizartriya. Sol ətrafların deformasiyası. OU - miopik astiqmatizm. Sol mil-bilək oynağının kəskin kontrakturası” diaqnozu ilə müddətsiz olaraq İİ qrup əlillik təyin edilmişdir. İş materiallarında olan TƏBİB “Respublika Neyrocərrahiyyə Xəstəxanası” PHŞ-nin məhkəməyə təqdim olunmuş 2 aprel 2025-ci il tarixli 18-1-5/2-239/2025 nömrəli arayışında aşağıdakılar qeyd olunmuşdur: - “Uşaq serebral iflici”nin anadangəlmə xəstəlik olub-olmaması haqqında – “Uşaq serebral iflici” əsasən mərkəzi sinir sisteminin inkişaf qüsuru və ya doğuş zamanı baş verən zədələnmələr nəticəsində yaranan xroniki xəstəlikdir. Bu xəstəlik adətən prenatal (doğuşdan əvvəl), perinatal (doğuş zamanı) və ya poatnatal (doğuşdan sonrakı erkən dövr) dövrdə baş verən zədələnmələr nəticəsində yaranır. Əksər hallarda anadangəlmə hesab olunur. - “Uşaq serebral iflici” xəstəliyi hansı yaş qrupunu əhatə edir – Bu, ədatən erkən yaş dövründə, yəni uşaqlıq çağında diaqnoz qoyulan bir xəstəlikdir. Bu diaqnoz əsasən 0 – 18 yaş arası uşaqlara aiddir. - “Uşaq serebral iflici” xəstəliyinin yetkinlik yaşına çatdıqdan sonra yaranması mümkündürmü? – Xeyr, bu xəstəliyin 18 yaşdan sonra qazanılması mümkün deyil. Bu, inkişaf edən mərkəzi sinir sisteminin erkən dövrlərində yaranan xroniki nevroloji xəstəlikdir və yalnız uşaq yaşlarında meydana çıxır. Yetkin yaş dövründə baş verən nevroloji zədələnmələr və iflic halları “Uşaq serebral iflici” diaqnozu ilə deyil, digər tibbi diaqnozlarla qiymətləndirilir. Göründüyü kimi, məhkəmə icraatında alınmış və tədqiq edilmiş yuxarıda sadalanan sübutlar, o cümlədən ixtisaslaşmış tibb müəssisələrindən alınmış sənədlər “Uşaq serebral iflici” xəstəliyinin 18 yaşdən sonra meydana gəlməsini birmənalı inkar edir. Hazırkı iş üzrə cavabdeh inzibati orqan bu xüsusatı təkzib edən hər hansı dəlil və arqument də təqdim etməmişdir. Belə hal, hazırkı iddiaçı 1974-cü il təvəllüdlü İddiaçı qoyulmuş “Uşaq serebral iflici” diaqnozu üzrə xəstəliyin 18 yaşınadək yaranmasını birmənalı təsdiq edir. Məhkəmə iddiaçının qaldırdığı məsələyə onun hüquqi marağı nöqteyi nəzərdən də yanaşaraq diqqətə çəkir ki, mövcud qanunvericilik ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan övladların (ölmüş şəxsin övladlarının) sırasına 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxsləri də aid etmişdir. Belə olan halda, ona təyin olunmuş əlilliklə bağlı “Əlillik altsistemi”ndə müvafiq düzəlişin olunmasını tələb etmək üzrə iddiaçının subyektiv hüququ da yaranmış olur. Qaldırılan iddia mahiyyətinə görə bu səbəbdən “öhdəliyin icrası haqqında” iddia növünə aiddir ki, iddiaçı yeni inzibati aktın qəbulunu, yaxud qəbul olunmuş inzibati aktın dəyişdirilməsini və ya ləğvini deyil, inzibati aktın qəbulunda yol verilmiş nöqsanın, ziddiyyətli məqamın aradan qaldırılmasını, yəni müvafiq düzəliş olunmasını tələb edir. Belə hal isə «İnzibati icraat haqqında» Qanunun 63-cü maddəsinə görə inzibati icraat çərçivəsinə, İPM-in 2.2.3 və 34cü maddələrinə görə isə, inzibati məhkəmə icraatı müstəvisinə uyğun gəlir. Bununla da məhkəmə işdə olan sənədlərə və mövcud qanunvericiliyin müddəalarına əsasən mübahisəyə qiymət verərək, cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır və hesab edir ki, İPM-in 14.3-cü maddəsinə (ikinci cümləsi) əsasən sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan hazırkı məhkəmə icraatında imtinasını formal şəkildə xüsusatlarla əsaslandırmış, iddiaçının sağlamlıq vəziyyəti, o cümlədən xəstəliyinin yaranma vaxtının müəyyən olunması üzrə araşdırmanı tam və hərtərəfli aparmamış, sadəcə “əlilliyin tibbi göndəriş əsasında qiymətləndirilməli olmasını” göstərməklə kifayətlənmişdir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsassız olaraq İddiaçı əlilliyi ilə bağlı “əlillik altsistemi”ndə xəstəliyin 18 yaşınadək yaranması barədə məlumatın əlavə olunmasından imtina etmişdir. Halbuki, iddiaçıda olan həmin xəstəlik (uşaq serebral iflici) uşaq yaşlarından yaranma xarakterindədir.
9. Cavabdeh orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh orqan, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1403/2022 saylı qərarına və "İnzibati icraat haqqında" Qanunun 16.2-ci maddəsinə, İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na istinad edərək apellyasiya şikayətini aşağıdakı kimi əsaslandırmışdır: - cavabdehin mövqeyinə görə, əlilliyin təyini ilə bağlı qərar vermək qanunla müəyyən edilmiş diskresion səlahiyyətlərinə aiddir. Məhkəmə isə bu səlahiyyəti nəzərə almadan, sadəcə xəstəxanadan alınmış arayış əsasında iddianı təmin etməklə qanunvericiliyin tələblərini pozmuşdur. Halbuki, əlilliyin qiymətləndirilməsi yalnız aidiyyəti komissiyanın rəyinə əsasən və altsistem vasitəsilə həyata keçirilməlidir. Birinci instansiya məhkəməsi iddiaçının Agentliyə əyani müayinəyə göndərilməsi barədə aralıq qərardad qəbul etməli, yaxud məhkəmə-tibbi ekspertizası təyin etməli idi. Xəstəxananın təqdim etdiyi arayışlarda ziddiyyətlər mövcuddur və məhkəmənin yalnız bu arayışlara istinad edərək iddianı təmin etməsi düzgün deyil. Məhkəmə mübahisənin düzgün həlli üçün bütün faktiki halları araşdırmaq öhdəliyini yerinə yetirməmişdir. Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 və 12 nömrəli qərarları ilə müəyyən edilmiş qaydalara əsasən əlilliyin qiymətləndirilməsi yalnız müvafiq göndəriş əsasında, müəyyən olunmuş tibbi göstəricilərə əsasən aparılır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları:
12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin təmin edilməməsini Şəki İnzibati Məhkəməsinin 05 may 2025-ci il tarixli 2-1(116)-1197/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
15. “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.
16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
17. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti məhkəmə qərarının ləğv olunması hissəsində əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı iddia mümkün sayılmamalıdır.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
21. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
22. İcraat materiallarından görünür ki, iddiaçıya ilk dəfə əlillik rəsmi qaydada 25 yaşında təyin edilmişdir. İddiaçının 18 yaşından yuxarı əlilliyi olan şəxs olması mübahisə doğurmur. Mübahisə onun əlilliyinin məhz 18 yaşına çatanadək müəyyən edilməsi ilə bağlıdır. Qanunverici, əlilliyi olan şəxs statusunun əldə edilməsini məhz əlilliyin qiymətləndirilməsini həyata keçirən orqanın müvafiq qərarı ilə şərtləndirmişdir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi status faktiki vəziyyətdən yox, rəsmi və hüquqi şəkildə tanınmış qərardan yaranır. Şəxsin sağlamlıq vəziyyəti hər nə qədər əlillik səviyyəsində pozulmuş olsa da, bu fakt hələ özlüyündə hüquqi nəticə doğurmur. Hüquqi nəticə yalnız bu vəziyyətin səlahiyyətli orqan tərəfindən qiymətləndirilməsi və inzibati aktla (qərarla) rəsmiləşdirilməsi ilə yaranır. Odur ki, əlilliyin faktiki (tibbi) olması deyil, onun səlahiyyətli orqan tərəfindən rəsmi şəkildə qiymətləndirilməsi və qərarla təsdiqlənməsi hüquqi nəticə doğurur.
24. Nəzərə alınmalıdır ki, əlilliyin təyin olunması ilə bağlı icraatın aparılmasına münasibətdə qanunvericilik konkret və ardıcıl xüsusi tənzimləmə müəyyən etmişdir. Məhz bu xüsusi prosedura uyğun aparılan inzibati icraat çərçivəsində cavabdeh orqan şəxsə əlillik təyin edə bilər.
25. Faktiki olaraq iddiaçı, əlillik təyinatı ilə bağlı hər hansı icraatın aparılmadığı, yəni, onun sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas verib-verməməsi istiqamətində qiymətləndirmə aparılmadığı dövr üzrə əlilliyinin müəyyən olunmasını və bunun əlillik altsisteminə əlavə edilməsini cavabdeh orqandan tələb edir.
26. Cavabdeh orqanın vəzifəsi tibbi göndəriş əsasında şəxsin sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas verib-verməməsini qiymətləndirməkdir. Belə bir göndəriş olmadıqda isə cavabdeh orqanın keçmiş dövr üzrə əlliliyi müəyyən etməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
27. Odur ki, iddiaçı keçmiş dövr üzrə əlillik faktının müəyyən edilməsini və müəyyən edilməmiş əlilliyə dair məlumatların altsistemə əlavə edilməsini tələb etməklə faktiki olaraq cavabdehdən onun səlahiyyətinə aid olmayan (icrası mümkün olmayan) məsələnin həllini tələb edir.
28. İş materiallarından görünür ki, mübahisə ilə bağlı iddiaçının nail olmaq istədiyi yekun hüquqi nəticə ona ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin olunmasından ibarətdir.
29. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxslərin vəfat etmiş ailə başçısının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.
30. Birinci instansiya məhkəməsi iddiaçıya qoyulmuş “Uşaq serebral iflici” diaqnozu üzrə xəstəliyin 18 yaşınadək yaranmasına dair sübutlar toplayaraq, həmin xəstəliyin 18 yaşınadək yaranmasının müəyyən edilməsi qənaətinə gəlmişdir. Lakin bu qənaət hazırkı tələbin yox, DSMF PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbi irəli sürüləcəyi halda həmin tələbin əsaslılığının qiymətləndirilməsinə xidmət edə bilər.
31. Bunun üçün iddiaçı, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş şəxslərə bərabər statusda olan şəxs kimi “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbi ilə sözügedən orqana müraciət etməli, müraciəti təmin edilmədikdə isə analoji iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Məhz həmin iddia çərçivəsində iddiaçıya qoyulmuş “Uşaq serebral iflici” diaqnozunun 18 yaşınadək yarandığı sübut edilməklə, qeyd olunan maddənin tətbiqinə hüquqi əsas yarana bilər.
32. İddiaçının 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə valideynlərinin əlilliyi müəyyən edən orqana müraciət etməsinə dair işdə sübut olmamasına və 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə inzibati aktın olmamasına baxmayaraq, “Uşaq serebral iflici” diaqnozu üzrə xəstəliyin 18 yaşınadək yaranması müəyyən edildiyindən onun 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxslərə bərabər statuslu hesab edilməklə, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ istisna edilmir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2925/2023 saylı qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: 42.... yuxarıda istinad olunan qanunvericiliyin müəyyən etdiyi ümumi qaydaya görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Şəxsin əlilliyinin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilməsi barədə inzibati orqanın qərarı hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 43 Lakin, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan əldə olunması halına münasibətdə xüsusi yanaşma tətbiq olunmalıdır.
44. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən məsələyə münasibətdə daha əvvəlki qərarlarda əks olunmuş kassasiya məhkəməsinin mövqeyi əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli müdafiəsinin təmin edilməsi baxımından inkişaf etdirilməlidir.
45. Nəzərə alınmalıdır ki, əlillik anadangəlmə xəstəliklərin və ya çatışmazlıqların, yaxud sonradan qazanılmış xəstəliklərin və ya zədənin, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqların səbəb olduğu əqli və ya fiziki qüsurlar nəticəsində yaranır. Əlilliyin qiymətləndirilməsi və bunun nəticələrindən irəli gələn əlilliyin müəyyən olunmasına və ya imtinaya dair qərar qəbul edilməsi səlahiyyəti TSEK-ə məxsusdur. Əlilliyin qiymətləndirilməsinə dair fəaliyyət isə orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə həyata keçirilir.
46. Kollegiya qeyd edir ki, əlilliyə səbəbiyyət verən xəstəliklər və ya çatışmazlıqların anadangəlmə və ya sonradan qazanılmış olmasının fərqləndirilməsi bu qəbildən olan mübahisələr üzrə mühüm əhəmiyyət kəsb edir. Birinci halda, şəxsin cəmiyyət həyatında digər şəxslərlə bərabər tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissi pozuntuları onun doğulduğu andan mövcud olur, digər halda isə həyatın sonrakı dövrlərində müxtəlif amillərin təsiri altında əldə edilir.
47. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin məqsədi ona yönəlmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vəfat etmiş şəxsin övladları sırasından həm də o şəxslərə verilsin ki, onlar 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs olsunlar.
48. Hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərtlərdən biri 18 yaşına çatanadək əlilliyin müəyyən edilməsidir. Kollegiya qeyd edir ki, əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığı mötəbər sübutlarla təsdiq olunduqda, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Bu halda da şəxs qanunun məqsədləri baxımından 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş şəxs kimi qəbul edilməlidir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər.
49. Kollegiya hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığının mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi halında qərarın tarixinə üstünlük verilməsi həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı.
34. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, hazırkı cavabdehə qarşı irəli sürülmüş iddia, iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsi olmadığından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilir. Şəki İnzibati Məhkəməsinin 05 may 2025-ci il tarixli 2-1(116)-1197/2025 nömrəli qərarı ləğv edilir. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “18 yaşına çatanadək əlilliyin müəyyən olunmaqla əlillik altsisteminə əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.