Məhkəmə qərarları › İş №2-1(107)-451/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-451/2020

16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-451/2020 16.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “1983-1989-cu illərdə Ucar rayon Qazıqumlaq kənd sabiq “Qafqaz” kolxozunda işlədiyi 3 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxxxx 2020-ci il tarixdən yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1005/2020 nömrəli qərarından iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1983-1989cu illərdə Ucar rayonu Qazıqumlaq kənd sabiq “Qafqaz” kolxozunda işlədiyi müddətin sığorta stajı kimi qəbul edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü il tarixdə Ucar rayonunda anadan olmuşdur. 1983-1989-cu illərdə Ucar rayonu Qazıqumlaq kənd keçmiş “Qafqaz” kolxozunda kolxozçu işləmişdir. Lakin onun xx.xx.1993-cü il tarixdə anadan olmuş qızı X1 imkanı məhdud olan uşaq olduğundan, halhazırda isə 1-ci qrup əlil olduğundan uşağı anadan olduqdan sonra heç bir yerdə işləyə bilməmiş və ona baxmaq məcburiyyətində qalmışdır. Belə ki, o, heç bir yerdə işləmədən xx.xx.1993-cü il tarixdən xx.xx.2009-cu il tarixədək 16 yaşınadək sağlamlıq imkanı məhdud qızına qulluq etmişdir. xx.xx.2012-ci il tarixdən hal-hazıradək isə müddətsiz ümumi səbəbdən 1-ci qrup əlil uşağı X2 qulluq edir. (Əslində iddiaçı uşağı doğulan gündən indiyədək həmin uşağa qulluq edir. Sadəcə olaraq heç bir yerdə işləmədən 16 yaşınadək sağlamlıq imkanı məhdud uşağına xx.xx.1993-cü il tarixdən xx.xx.2009-cu il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək orta məktəbdə xadimə işləyərək qızına qulluq edib). O, aidiyyəti sənədləri də təqdim edərək ona uşaqlıqdan əlil uşağın anası kimi yaşa görə pensiya təyin etməsi üçün cavabdeh dövlət orqanına müraciət etsə də həmin orqanxx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktublarla bundan imtina etmişdir. İddiaçı məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “1983-1989-cu illərdə Ucar rayon Qazıqumlaq kənd sabiq “Qafqaz” kolxozunda işlədiyi 3 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxxxx 2020-ci il tarixdən yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi ərizənin məhkəmənin icraatına qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Həmin tarixli məhkəmə iclasında ərizə icraata qəbul edildi. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında “Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyyə etmiş anaların bu qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır və həmin qanunun 21.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan 1-ci qrup əlilə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. Lakin iddiaçının 1983- 1989-cu illərdə Ucar rayonu Qazıqumlaq kənd keçmiş “Qafqaz” kolxozunda işləməyi əmək kitabçasında qeyd edilmədiyi üçün tələb olunan sosial sığorta stajı tamamlanmamış və bu səbəbdən pensiya təyin edilməsindən imtina edilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-1005/2020 nömrəliqərarı ilə iddia təmin edilərək, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı 1983-1989-cu illərdə Ucar rayon Qazıqumlaq kənd sabiq “Qafqaz” kolxozunda işlədiyi 3 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı xx xxxxxx 2020-ci il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. DSMF publik hüquqi şəxsin Ucar rayon filialı həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543- VQD nömrəli Qanunu ilə Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ( 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017- ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək , qadınların yaş həddi 2017- ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.Bildiririk ki,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2.maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1 maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından.əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin , hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslzrin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2. maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. Qanunun 21.2. maddəsində nəzərdə tutulan müddətlər yalnız şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxs) olduqda nəzərə alınır.“Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək kitabçasına əsasən müəyyən edilir.İddiaçı 1983-1989-cu illərdə Ucar rayon Qazıqumlaq kənd sabiq Qafqaz adına kolxozda işlədiyi illər əmək kitabçasında qeyd olunmamışdır. Halbuki, əmək kitabçası kolxoz üzvülüyünə qəbul olunduqları vaxtdan, bütün kolxoz üzvləri üçün tərtib edilirdi. Bildiyiniz kimi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan , şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün (Məhkəmə qərarı şöbəyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur.) müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq məhkəməyə göndərə bilər. Qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1005/2020 nömrəli qərarını ləğv edib, iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.Bundan sonra cavabdeh xx xxxxxxx 2020-ci il tarixdə Şəki Apelyasiya məhkəməsinə daxil olmuş apelyasiya şikayət Şəki İnzibati Məhkəməsinə xx xxxxxxxx 2020-ci il tarixdə daxil olmuş apelyasiya şikayəti ilə eyni məzmunlu olmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1005/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçıt qızı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)- 1005/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, 050264 nömrəli vəsiqənin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli imtina məktubları, Ucar rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 03 nömrəli arxiv arayışı, xx.xx.2020-ci il tarixli aktın təsdiq edilmiş surəti, ******* nömrəli “Kolxozçunun əmək kitabçası”nın təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli məktubu, xx.xx.2020ci il tarixli akt aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1005/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: -Ucar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 03 nömrəli arxiv arayışından görünür ki, Abdullayeva(Niftəliyeva) X6 rayonu, Qazıqumlaq kənd keçmiş “Qafqaz” kolxozunun əmək haqqı sənədlərinə əsasən 1983-188, 1984-232, 1985-73, 1986-95, 1989-72 adam günü işləmişdir. -xx.xx.2012-ci il tarixdə verilən 050264 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən müəyyən olunur ki, X3 ümumi səbəbdən 1-ci qrup müddətsiz əlildir. - Qazıqumlaq kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin tərtib etdiyi xx.xx.2020ci il tarixli aktın təsdiq edilmiş surətindən müəyyən olunur ki, xx.xx.1993-cü il təvəllüdlü X3 xx.xx.1997-ci il tarixdən sağlamlıq imkanları məhdud olmaqla xx.xx.2016-cl il tarixdən 1-ci qrup əlildir və kənar şəxsin köməyinə çox ehtiyacı vardır. - ******* nömrəli “Kolxozçunun əmək kitabçası”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı 1983-cü ilin yanvar ayından 1989-cu ilin dekabr ayınadək “Qafqaz” kolxozunda kolxozçu işləmişdir. - xx xxxx 2020-ci il tarixli məktubundan müəyyən olunur ki, iddiaçının Qazıqumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx xxxx 2020-ci il tarixli Aktına əsasən sağlamlıq imkanları məhdud və 1-ci qrup əlil uşağına xidmət müddəti 16 il 03 ay 09 gün, əmək kitabçasına əsasən 06 il 06 ay (2009-2016) olmaqla, cəmi 22 il 09 ay 09 gün təşkil edir. İddiaçının 1983-1989-cu illərdə Məlikballı kənd keçmiş “Qafqaz” kolxozunda işlədiyi müddət 03 il 08 ay təşkil edir. Pensiya hüququ isə xx.xx.2020-ci il tarixdə yaranır. - “1-ci qrup əlilə, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa və 70 yaşından yuxarı ahıla qulluq müddəti barədə Akt”dan müəyyən olunur ki, iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2009-cu il tarixədək sağlamlıq imkanları məhdud və xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək 1-ci qrup əlil uşağı X2 qulluq etmişdir. Əmək pensiyasının təyinatı zamanı sosial sığorta stajına hesablanacaq müddət 16 il 03 ay 03 gün təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. İş stajını təsdiq edən sənəd kimi Arayışlar nəzərə alınır. Bunda başqa “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.2.4-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Kollegiya hesab edir ki,birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin edərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı 1983-1989-cu illərdə Ucar rayon Qazıqumlaq kənd sabiq “Qafqaz” kolxozunda işlədiyi 3 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı xx xxxxxx 2020-ci il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi öhdəliyini qoymuşdur. Yuxarıda qeyd olunan işin hallarını məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlillər əsassız olduğu üçün təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ucar rayon filialının apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1005/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar