Məhkəmə qərarları › İş №2-1(107)-452/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-452/2021

09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-452/2021 09.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı (üçüncü şəxslər: X13, X22, X14) “Mingəçevir şəhər X10 Mənzil Təsərrüfatı İdarəsi tərəfindən 05 noyabr 1976- cı il tarixdə 1584 nömrəli order ilə kirayə verilmiş Mingəçevir şəhəri Y.Muradov küçəsi ev 39 ünvanında yerləşən 14 nömrəli mənzilin X5 razılıq ərizəsi olmadan İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2- 1(116)-928/2021 nömrəli qərarından iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər X10 Mənzil Təsərrüfatı İdarəsi tərəfindən 05.11.1976-cı il tarixdə 1584 nömrəli order ilə kirayə verilmiş Mingəçevir şəhəri Y.Muradov küçəsi 39 nömrəli evin 14 nömrəli mənzilinə X5 razılıq ərizəsi olmadan İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 17.05.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçının atası X25 uzun illər X28 Stansiyasında işləmiş və ona 05.11.1976-cı il tarixdə Mingəçevir Şəhər X10 Mənzil Təsərrüfatı İdarəsi tərəfindən ünvan 1 ünvanında üç otaqlı mənzil ilə təmin edilməsi barədə 1584 nömrəli order verilmişdir. Order iddiaçının atasının adına olmuşdur. Bundan başqa orderdə iddiaçının anası X15, X5, X11, X6 və X16 adları qeyd edilmişdir. Orderdə adları qeyd edilənlərdən iddiaçının atası X25, X23, X19 dünyasını dəyişmişlər. X22 və X14 mənzilin iddiaçının mülkiyyətinə keçməsinə dair notarial qaydada razılıq ərizəsi vermişlər. Orderdə adı qeyd edilən X13 isə 1990-cı ildə ailə həyatı quraraq Rusiya Federasiyasına yaşamaq üçün köçmüşdür. Hazırda o, Rusiya Federasiyasının vətəndaşıdır və demək olar ki, iddiaçı ilə əlaqə saxlamır. Uzun müddətdir ki, S.Səfərova barəsində iddiaçı və digər yaxın qohumları hər hansı bir məlumata malik deyillər. Eyni zamanda iddia ərizəsində o da bildirilir ki, X13 orderdə adının qeyd edilməsinə baxmayaraq ünvan 1 ünvanında qeydiyyatda olmamış və orada yaşamamışdır. Bu da onu göstərir ki, iddiaçının bacısı X5 həmin mənzilə dair hər hansı bir istifadə hüququ yoxdur. Cavabdehin iddiaçının nümayəndəsinə ünvanlanmış 14.04.2021-ci il tarixli **********47 nömrəli imtina məktubunda göstərilmişdir ki, Mingəçevir şəhəri Y.Muradov küşəsi 39 nömrəli binanın 19 nömrəli mənzilinin özəlləşdirilməsinə və mənzilə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətə baxılmışdır. Ərizə ilə əlaqədar bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər, və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Həmçinin məlumat olaraq bildirilmişdir ki, Mingəçevir şəhəri Y.Muradov küşəsi 39 saylı binanın 14 saylı mənzilinin qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarıda qeyd olunan sənədlərlə “ASAN xidmət” mərkəzinə və ya 17 saylı Yevlax Ərazi İdarəsinin Mingəçevir şəhər şöbəsinə müraciət edəcəyiniz təqdirdə mülkiyyət hüququnun qeydiyyata alınması məsələsinə baxıla bilər. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı 01.06.2021-ci il tarixli, **********73 nömrəli etiraz məktubunda 14.04.2021-ci il tarixli imtina məktubunda göstərilənləri qeyd edərək, iddia tələbinə münasibətini bildirmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 04.06.2021-ci il tarixli, 2-1(116)-928/2021 nömrəli qərardadı ilə X13, X22, X14 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İş materiallarında olan Azərbaycan SSR Mingəçevir Şəhər X10 Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilən 05.11.1976-cı il tarixli, 1584 nömrəli orderin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir şəhəri Y.Muradov küçəsində yerləşən 39 nömrəli evin 14 nömrəli mənzili X20 mənzil ilə təmin olmaq üçün verilmişdir. Sözügedən orderdə ailə tərkibi Səfərova Diliş, Səfərova Sədaqət, İddiaçı, Səfərov Mehman, Səfərov Elman, Səfərova Məlahət olmaqla qeyd edilmişdir. İş materiallarında olan notarial qaydada tərtib və təsdiq edilmiş ərizələrin surətindən görünür ki, X25, X22, X8, X14, X18 və X3 şəhəri Y.Muradov küçəsində yerləşən 39 nömrəli evin 14 nömrəli mənzilin İddiaçı adına özəlləşdirilməsinə, çxıarış verilməsinə və digər texniki sənədlərin hazırlanmasına etiraz etməmişlər. İş materiallarında olan 09 saylı Mənzil İstismar Sahəsinin 18.03.2021-ci il tarixli, 367 nömrəli arayışından görünür ki, Mingəçevir şəhəri Y.Muradov küçəsində yerləşən 39 nömrəli evin 14 nömrəli mənzili Mingəçevir Şəhər İcra Hakimiyyətinə məxsusdur və mənzildə Cəmil Səfərov, Diliş Səfərova, İddiaçı, Sevda Səfərova, Təhminə Səfərova, Mehman Səfərov yaşayış hüququ olmaqla qeydiyyatdadırlar. Arayışda qeyd edilir ki, Məlahət Səfərova 14.04.2010-cu ildən Bakı şəhərində, Elman Səfərov 06.01.2006-cı ildən Tərtər şəhərində qeydiyyatdadır, Sədaqət Səfərova orderdə adı qeyd edilməsinə baxmayaraq həmin ünvanda yaşamır, Mehman Səfərov isə vəfat etmişdir. İş materiallarında olan 066588 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X25 05.04.2020-ci il tarixdə vəfat etmişdir. Bu barədə akt qeydləri kitabında 05.04.2020-ci il tarixdə 144 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan 120894 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X23 11.05.1996-cı il tarixdə vəfat etmişdir. Bu barədə akt qeydləri kitabında 13.05.1996-cı il tarixdə 14 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan Dövlət Miqrasiya Xidmətinin iddiaçının vəkilinə ünvanladığı 28.04.2021-ci il tarixli məktubunda qeyd edilir ki, “Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununun 2.1.1-ci maddəsinə əsasən şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat fərdi məlumat hesab olunur. Həmin Qanunun 13.1-ci maddəsinə görə fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız fərdi məlumatların subyektinin yazılı razılığı ilə yol verilir. Bundan əlavə qeyd olunmalıdır ki, “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə «mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarat zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 6.6-cı maddəsinə görə yazılı müraciət nümayəndə vasitəsilə təqdim edildikdə müraciətə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti əlavə olunmalıdır. Lakin vəkil Nail X1 adından hazırkı hərəkəti həyata keçirmək səlahiyyətinin etibar olunduğunu təsdiq edən müvafiq sənəd Dövlət Miqrasiya Xidmətinə təqdim olunmamışdır. İş materiallarında olan 9 nömrəli Mingəçevir şəhər MİS-in 12.07.2021-ci il tarixli 639 nömrəli arayışda qeyd edilir ki, X2 şəhəri Y.Muradov küçəsində yerləşən 39 nömrəli evin 14 nömrəli mənzildə yaşamır. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 09 sentyabr 2021-ci il tarixli, 2-1(116)-928/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı (üçüncü şəxslər: X13, X22, X14) “Mingəçevir şəhər X10 Mənzil Təsərrüfatı İdarəsi tərəfindən 05 noyabr 1976-cı il tarixdə 1584 nömrəli order ilə kirayə verilmiş Mingəçevir şəhəri Y.Muradov küçəsi ev 39 ünvanında yerləşən 14 nömrəli mənzilin X5 razılıq ərizəsi olmadan İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2-1(116)-928/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətində qeyd etmişdilər ki, X25 uzun illər X28 Stansiyasında işləmiş və ona 05 noyabr 1976-cı il tarixdə Mingəçevir Şəhər X10 Mənzil Təsərrüfatı İdarəsi tərəfindən ünvan 2 ünvanında üç otaqlı mənzil ilə təmin edilməsi barədə 1584 nömrəli order verilmişdir. Order atasının adına olmuşdur. Bundan başqa orderdə anası X17, X9, X11, X6 və X16 adları qeyd edilib. Orderdə adları qeyd edilənlərdən atası X25, X23, X19 dünyasını dəyişmişdir. X22 və X14 mənzilin onun mülkiyyətinə keçməsinə dair notarial qaydada razılıq ərizəsi vermişdilər. Orderdə adı qeyd edilən X13 isə 1990-cı ildə ailə həyatı quraraq Rusiya Federasiyasına yaşamaq üçün köçmüşdür. Hazırda o, Rusiya Federasiyasının vətəndaşıdır və demək olar ki onlarla heç bir əlaqə saxlamır. Uzun müddətdir ki, onun barəsində iddiaçı və digər yaxın qohumlarım hər hansı bir məlumata malik deyil. Eyni zamanda onu da qeyd edib ki, X5 orderdə adının qeyd edilməsinə baxmayaraq ünvan 2 ünvanında qeydiyyatda olmamış və orada yaşamamışdır. Bu da onu göstərir ki, artıq X4 həmin mənzilə dair hər hansı bir istifadə hüququ yoxdur. Belə ki, onun 30 ildən artıq olan müddətdə Azərbaycan Respublikasında yaşamaması, həmin mənzildə və ümumumiyyətlə Azırbaycanda qeydiyyatda olmamamsı, Azərbaycan vətəndaşlığı olmamamsına dair sənədləri və sübutları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə təqdim etsək də, mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina etmiş və onun Azərbaycan Respublikası Konstitusiyası ilə nəzərdə tutulmuş mülkiyyət hüququmun reallaşmasına maneçilik yaratmışdır. Tərəfimizdən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə X5 Azərbaycan Respublikası vətəndaşı olub- olmaması, Azərbaycan Respublikası vətəndaşı deyilsə nə zaman Azərbaycan Respubliksı vətəndaşılığına xitam verilməsi və hansı ölkənin vətəndaşlığını qəbul etməsi barədə ətraflı məlumat almaq məqsədi ilə sorğu verilmişdir. X32 Xidməti sorğumuza cavab verməmişdir. 08 İyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə X5 Azərbaycan Respublikası vətəndaşı olub-olmaması, Azərbaycan Respublikası vətəndaşı deyilsə nə zaman Azərbaycan Respubliksı vətəndaşılığına xitam verilməsi və hansı ölkənin vətəndaşlığını qəbul etməsi barədə ətraflı məlumat almaq məqsədi ilə Şəki İnzibati Məhkəməsindən sorğu vermək barədə vəsatət verdik. Lakin qərarın qəbul ediuldiyi günə qədər üç aylıq müddətin keçməsinə baxmayaraq sorğu verilməmişdir. Şəki İnzibati Məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)- 1419/2020 nömrəli iş üzrə 11.11.2020-ci il tarixli qərarının da eyni mövqedən çıxış etdiyini göstərir. Amma bildirmək istəyirəm ki, Ali Məhkəmənin həmin qərarında razılıq ərizəsi tələb olunan şəxslər mənzildə qeydiyyatda olub və həmin mənzildə yaşayıblar. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-1419/2020 nömrəli iş üzrə 11.11 2020-ci il tarixli qərarına əsaslanması işin faktiki hallarının təhrif olunmasıdır və tərəfimizdən təqdim edilən iddia tələbinin mahiyyəti ilə eyniyyət təşkil etmir. Eyni zamanda bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-1419/2020 nömrəli iş üzrə 11.11.2020- ci il tarixli qərarının 21-ci bəndində qeyd edilir ki, Qanunvericiliyə görə özəlləşdirmədə iştirak hüququna mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləri malikdirlər. Başqa sözlə, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxs və onun yetkinlik yaşına çatmış ailə üzvləri bu hüququn subyektidirlər. Kirayəçinin yetkinlik yaşına çatmış ailə üzvləri bu hüquqdan istifadə edə bilmələri üçün əlavə olaraq özəlləşdirılmə üçün müraciət edilən anda həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşamalıdırlar. Şəki İnzibati Məhkəməsinin hakimi yuxanda qeyd edilən AR Mülki Prosessual və İnzibati Prosessual Məcəllələrinin maddələrinin tələblərinə riayyət etməmişdir. Belə ki, 08 İyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə X5 Azərbaycan Respublikası vətəndaşı olubolmaması, Azərbaycan Respublikası vətəndaşı deyilsə nə zaman Azərbaycan Respubliksı vətəndaşılığına xitam verilməsi və hansı ölkənin vətəndaşlığını qəbul etməsi barədə ətraflı məlumat almaq məqsədi ilə Şəki İnzibati Məhkəməsinin sorğu verməsi barədə vəsatət verdik. Lakin qərarın qəbul edildiyi günə qədər üç aylıq müddətin keçməsinə baxmayaraq sorğu verilməmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2- 1(116)-928/2021 saylı qərararının ləğv edəsini və “Mingəçevir şəhər X10 Mənzil Təsərrüfatı İdarəsi tərəfindən 05 noyabr 1976- cı il tarixdə 1584 nömrəli order ilə kirayə verilmiş Mingəçevir şəhəri Y.Muradov küçəsi ev 39 ünvanında yerləşən 14 nömrəli mənzilin X5 razılıq ərizəsi olmadan İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia tələbinin təmin edilməsinə dair yeni məhkəmə qərar qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2-1(116)-928/2021 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi və üçüncü şəxslər X13, X22 və X14 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Həmin Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun yuxarıda göstərilən müddəalarına əsasən vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə (ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə) keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. Qanunun yuxarıda göstərilmiş 5-ci maddəsində təsbit edilmiş belə şərtlərdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqları olmalıdır. Qanunvericiliyə görə özəlləşdirmədə iştirak hüququna mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş yetkinlik yaşına çatmış ailə üzvləri malikdirlər. Başqa sözlə, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxs və onun yetkinlik yaşına çatmış ailə üzvləri bu hüququn subyektidirlər. Qanunvericiliyin müəyyən etdiyi əsas şərtdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirilmənin aparılmasına dair razılıqları olmalıdır. Sözügedən razılıq mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə, yaxud da onların paylı və ya birgə mülkiyyətinə verilməsinə dair özəlləşmədə iştirak edən şəxslərin iradələrini göstərir. Qanunun 5-ci maddəsinin strukturunda “özəlləşdirilməsi üçün müraciət edilən anda” ifadəsinin işlənilməsi bütün ailə üzvlərinin həmin anda özəlləşdirməyə razılıqlarının olmasını tələb edir. Başqa sözlə, müraciət edilən anda mənzilə münasibətdə özəlləşmə prosesində iştirak etməyə hüquq sahibi olan hər kəs özəlləşmənin aparılmasına razı olmalıdır. Lakin burada ümumən özəlləşdirmənin aparılmasına razı olmaqla, onun hansı qaydada aparılmasına razı olmaq məsələləri fərqləndirilməlidir. Buna görə, hüquq sahibi şəxslər ümumən özəlləşdirmənin aparılmasına dair vahid razılığa gəlsələr də, mənzilin məhz hansı qaydada özəlləşdirilməsi ilə bağlı fərqli məzmunda razılıqlarını ifadə edə bilərlər. Qanunverici belə razılığın məzmunu ilə bağlı hüquq sahibi şəxslərə seçim imkanı vermişdir - mənzilin ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə keçirilməsi. Bu seçimi hər bir hüquq sahibi öz azad iradəsinə uyğun olaraq həyata keçirməkdə sərbəstdir. Beləliklə, özəlləşdirmənin aparılmasına dair razılıq iki məsələ üzrə iradənin birgə mövcudluğunu tələb edir - həm ümumən özəlləşdirmənin aparılmasına dair razılığın, həm də onun hansı qaydada aparılmasına dair razılığın bildirilməsi. Qanunun 5-ci maddəsi mövqeyindən çıxış edərək göstərilməlidir ki, özəlləşmə üçün müraciət edilən anda özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslərin razılıqlarının mövcud olmaması özəlləşmənin aparılmasını istisna edir. Çünki yuxarıda da qeyd olunduğu kimi vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. Qanunvericiliyin şərh olunan müddəalarının hazırkı işin hallarına tətbiqi baxımından məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzilin özəlləşdirilməsində iştirak etmək hüququna malik şəxslərdən olan üçüncü şəxs X5 razılığı olmadığı üçün cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının mənzili (hüququ çatan hissəsini) digər kirayəçinin razılığı olmadan özəlləşdirmək hüququna malik olduğuna dair dəlilini əsassız hesab edir. Belə ki, yuxarıda şərh olunanlardan da göründüyü kimi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsi özəlləşdirmənin yalnız bütün hüquq sahibi şəxslərin razılıqlarının mövcudluğu halında aparılacağını müəyyən etməklə digər şəxslərin razılıqları olmadığı halda iddiaçıların özlərinə düşən hissələrini özəlləşdirmələrinə dair hüquqlarını təsbit etmir. Sözügedən qanunvericilikdə özlləşdirmədə iştirak hüququna malik şəxslərin bir qisminin özəlləşdirmənin aparılmasına razı olmadıqları halda digər şəxslərə münasibətdə özəlləşdirmənin aparılacağının mümkünlüyünü müəyyən edən hər hansı norma mövcud deyildir. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunvericilik mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanmasını müəyyən etdiyindən özəlləşmədə iştirak etmək istəməyən şəxslərin iradələrinin ziddinə olaraq onlara da müəyyən qədər mülkiyyət payı verməklə özəlləşməni aparmaq da yolverilməzdir. Eynilə, özəlləşmədə iştirak etmək istəməyən şəxslərə ümumiyyətlə pay vermədən mənzilin bütövlükdə özəlləşmədə iştirak etmək istəyən şəxsin (və ya şəxslərin) adına özəlləşdirilməsi də mümkün deyildir. Baxılan məsələ ilə bağlı olaraq həmçinin nəzərə almaq lazımdır ki, dövlət “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunu qəbul etməklə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə yaşadıqları mənzilləri (evləri) əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə keçirmək hüququ versə də, bu hüququn reallaşdırılması şərtlərini və qaydasını da dəqiq təsbit etmişdir. Bu zaman qanunverici özünün mülahizə səlahiyyətindən istifadə etməklə özəlləşdirmənin yalnız müraciət edilən anda özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslərin razılıqlarının mövcudluğu halında həyata keçiriləcəyini müəyyən etmişdir. Hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq məhkəmə dövlətin sözügedən mülahizə səlahiyyətinin həyata keçirilməsi qaydasına və qanunvericinin iradəsinə müdaxilə edə bilməz. Bununla yanaşı qeyd etmək lazımdır ki, bu zaman şəxslərin mənzil hüquqlarının müdafiəsi ilə bağlı ədalətli tarazılığa da riayət edilmiş olur. Belə ki, özəlləşmənin baş tutmaması orada yaşayan və mənzili özəlləşdirmək istəyən şəxslərin həmin mənzildən istifadələrinə hər hansı qaydada əngəl törətmir, onların mənzildən çıxarılmalarına səbəb olmur. Eləcə də, həmin şəxslər gələcəkdə özəlləşdirməyə dair ümumi razılıq əldə ediləcəyi halda mənzili özəlləşdirmək hüququndan istifadə imkanlarını yenə də qoruyub saxlayırlar. Beləliklə, hazırkı işdə digər hüququ olan şəxs buna razılıq vermədiyi üçün iddiaçının mənzilin özəlləşdirilməsinə dair müraciətlərinin təmin edilməməsi zamanı cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi arasındakı ədalətli tarazılığa riayət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-1419/2020 nömrəli iş üzrə 11.11.2020-ci il tarixli qərarında da eyni mövqedən çıxış etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qiso,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanunsuz və əsassızdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2-1(116)-928/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar