Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-452/2022 15.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1058/2022 nömrəli qərarı artıq icra edildiyinə görə borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə cərimənin tətbiq edilməsindən imtina olunmasına dair inzibati X2 Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2-1(116)- 75/2021 nömrəli qərardadından İddiaçı2 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-75/2021 nömrəli qərarına əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı "cavabdehin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və xx.xx.2008-ci il tarixdə doğulmuş Ramazanzadə Elvin Sabir oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiaları təmin edilmiş, cavabdehin Ramazanzadə Elvin Sabir oğlunun sağlamlıq imkanının məhdudluğunun təyin edilməsindən imtina olunması barədə xx.xx.2020-ci il tarixli qərarı ləğv edilərək cavabdehin üzərinə xx.xx.2008-ci il tarixdə doğulmuş Ramazanzadə Elvin Sabir oğlunun sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi öhdəliyi qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(107)-284/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin icraata qəbulundan imtina edilmişdir. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-1921/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-284/2021 nömrəli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(107)-95/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-75/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1058/2022 nömrəli qərarına əsasən, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 21(107)-95/2022 nömrəli qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli imtina qərarı ləğv edilməklə onun üzərinə xx.xx.2008-ci il tarixdə doğulmuş Ramazanzadə Elvin Sabir oğluna aid 0256003AAJ7T nömrəli göndərişə məhkəmənin həmin qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. X2 Məhkəməsinə qaytarıldıqdan sonra xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1058/2022 nömrəli qərarından çıxarış icra edilməsi üçün borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə göndərilmiş, qərarın icra edilməsi və qərarın icrasını təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi üçün bir ay müddət müəyyən olunmuş, eyni zamanda, əks təqdirdə, borclu orqana cərimə tətbiq olunacağı barədə xəbərdarlıq edilmişdir. Lakin müəyyən olunmuş müddət ərzində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarının icrasını təsdiq edən sənədlər Şəki İnzibati Məhkəməsinə təqdim olunmamışdır. Ona görə də borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə cərimənin tətbiqi məsələsinə baxılması üçün birinci instansiya məhkəməsinin iclası xx.xx.2022-ci il saat 10:30-a təyin edilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu ilə tərəflərə bu barədə məlumat verilmişdir. Bundan sonra borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi xx.xx.2022-ci il tarixli məktubla Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(102)-1058/2022 nömrəli qərarının icrası ilə bağlı Ramazanzadə Elvin Sabir oğluna aid sonuncu Forma 88 yenidən qiymətləndirildiyini və məhkəmə qərarının icra olunduğunu bildirmişdir. Borclunun göstərilən məktubuna xx.xx.2022-ci il tarixli "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının qərarı"nın surəti əlavə edilmişdir. Həmin qərardan görünür ki, Ramazanzadə Elvin Sabir oğlunun dövlət tibb müəssisəsinin 0256003AAJ7T nömrəli göndərişi əsasında əlillik vəziyyəti şəxsin iştirakı olmadan qiymətləndirilmiş, nəticədə onun əlavə müalicəyə ehtiyacının olması barədə qərar verilmişdir. Qərar belə əsaslandırılmışdır ki, xəstəlik xx.xx.2008-ci ildə başlamışdır. Əsas diaqnoz kimi "Generalizə olunmuş idiopatik epilepsiya və epileptık sindromlar, Ensefalopatiya serebral hipertenziya qıcolma tutmaları (ayda 9-12 dəfə)" xəstəliyi, ağırlaşma kimi isə "Miopiya, İnkişaf mərhələlərinin ləngiməsi, inkişafdan gerilik" xəstəlikləri qeyd edilmişdir. Göndərişdə əsas diaqnozu təsdiq edən köməkçi diaqnostik müayinə, yəni EEQ müayinəsinin nəticələri qeyd edilməyib, bu müayinə olmadan epilepsiya diaqnozunun müəyyənləşdirilməsi və müalicə sxeminin təyin edilməsi mümkün deyil. Xəstəliyinə görə stasionar müalicə günləri 0 (sıfır) gün göstərilib ki, bu da qıcolmaların tezliyini və xarakterini müəyyən etməyə imkan vermir. Həmçinin, göndərişin "Funksional pozğunluğu" və "xəstəliyin ekspertiza üçün əhəmiyyətli xüsusiyyətləri" bölməsində də qıcolmaların tezliyi və xarakteri barədə ətraflı məlumat qeyd edilməmişdir. 0256003AAJ7T nömrəli göndərişin rəsmiləşdirildiyi vaxt qüvvədə olan Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 3.1.5-ci bəndinə görə, "epilepsiya və davamlı, terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla) və ya tez-tez təkrarlanan (həftədə 2-3 dəfə) kiçik və ya qıcolmasız tutmalar" olduğu halda sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması nəzərdə tutulub. Göndərişdə qeyd edilmiş məlumatlar əsasında xəstədə Əsasnamənin göstərilən bəndinə müvafiq halların olmasını müəyyən etmək mümkün olmur. Eləcə də hazırda qüvvədə olan Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın 6.7.1-ci bəndinə görə "gündə 2-3 yüngül tutma, yaxud 2 ayda 1 dəfə ağır tutmalarla təzahür edən, həyat fəaliyyətinin əsas sferalarında adaptasiyanı pozmayan və şəxsiyyət dəyişmələri olmayan, yüngül dərəcəli psixopatoloji simptomatika" olduğu hallarda orqanizmin funksiyalarının 40% pozulmasının təyini nəzərdə tutulub. Göndərişdə qeyd edilmiş məlumatlar şəxsdə hazırda qüvvədə olan meyarlara müvafiq halın olmasını əsaslandırmır. Qeyd edilənləri nəzərə alaraq 0256003AAJ7T nömrəli göndərişin əsasında sağlamlıq imkanları məhdudluğunun və ya orqanizmin funksiyalarının pozulma faizinin təyinatının aparılması mümkün deyil və xəstənin hazırkı vəziyyətinin, qıcolmaların tezliyi və xarakterinin dəqiqləşdirilməsi, eləcə də ətraflı köməkçi diaqnostik müayinələrin aparılması üçün əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. İddiaçı2 nümayəndəsi Vəkil birinci instansiya məhkəməsinə etiraz göndərərək, borclunun cərimə olunmasını xahiş etmiş və bildirmişdir ki, borclu müxtəlif bəhanələrlə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarını icra etməkdən qəsdən boyun qaçırır. Belə ki, cavabdehin hazırkı mübahisə ilə bağlı verdiyi imtina qərarı məhkəmə qərarı ilə ləğv olunduğuna görə cavabdeh xəstənin əlilliyini qiymətləndirməli, yəni uşağın sağlamlıq imkanlarının məhdud olmasına dair qərar qəbul etməli idi. Şəki İnzibаti Məhkəməsinin (hakim Vidadi Qasımov) 15 noyabr 2022-ci il tarixli 2- 1(116)-75/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1058/2022 nömrəli qərarı artıq icra edildiyinə görə borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə cərimənin tətbiq edilməsindən imtina olunması qərara alınmışdır. İddiaçı2 nümayəndəsi Vəkil аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2-1(116)-75/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı2 nümayəndəsi Vəkil аpеllyаsiyа şikаyəti verərək bildirmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-75/2021 saylı qərardadı ilə cavabdeh təşkilat barəsində cərimənin tətbiq edilməsindən imtina olunmuşdur. Bunun səbəbi cavabdeh tərəfindən Ali Məhkəmənin qərarının icrası olaraq göndərişə yenidən baxılmasıdır. Məhkəmənin qərardadında Ali Məhkəmənin göstərişini əməl etdiyi göstərilsə də, işə mahiyyəti üzrə hüquqi qiymət verilməmişdir. Ali Məhkəmənin qərarı ilə cavabdehin xx.xx.2020-ci il tarixli imtina qərarı ləğv edilmişdir. Hansı ki, həmin imtina qərarında imtinanın səbəbi əlavə müalicəyə ehtiyacın olması qeyd edilmişdir. Bu qərar qanunsuz olduğuna görə Ali Məhkəmə həmin qərarı ləğv etmiş və cavabdehin üzərində öhdəlik qoymuşdur ki, uşağın xəstəliyinə dair göndərişə məhkəmənin qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxsın. Məhkəmənin mövqeyi isə ondan ibarətdir ki, cavabdeh lazımi araşdırmalar aparsın. Göndərişdə yazılanların natamam olması barədə cavabdeh tərəfindən heç bir fikir bildirilməmişdir. Göndəriş tam doldurulmuş, xəstənin sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə əsasən epilepsiya və davamlı terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla) və ya tez-tez təkrarlanan (həftədə 2-7 dəfə), kiçik və ya qıcolması tutmalar olduğu halda sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin həmin Əsasnaməsinə əsaslanaraq göndərişdə xəstənin diaqnozu generalizə olunmuş idiopatik epilepsiya vəepileptik sindromlar ensefalopatiya serebral hipertenziya qıcolma tutmaları (ayda 8-12 dəfə) xəstəliyi, ağırlaşma kimi isə miopatiya, inkişaf mərhələlərinin ləngiməsi, inkişafdan gerilik xəstəlikləri qeyd olunmuşdur. Lakin göndərişdə qeyd edilmiş məlumatlar Əsasnamədə göstərilən bənddə müvafiq halların olması ilə üst-üstə düşür. Cavabdeh isə göndərişə yenidən baxaraq eyni qərarı qəbul etmişdir. Bu isə onun tərəfindən Ali Məhkəmənin qərarını məhkəmənin qərarda qeyd etdiyi hüquqi mövqeyini nəzərə alaraq icra etmək kimi qiymətləndirilə bilməz. Buna görə də hesab edir ki, qərardad əsaslandırılmamış və ləğv edilərək cavabdeh barəsində cərimə tətbiq edilməlidir ki, cavabdeh Ali Məhkəmənin qərarını düzgün icra etsin. Qərardadın surəti rəsmi qaydada hələlik təqdim edilməmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2-1(116)-75/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər iştirak etməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, borcluya cərimə tətbiq edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120.1-ci maddəsində deyilir ki, bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Həmin Məcəllənin 120.2-ci maddəsinə görə, bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Həmin Məcəllənin 120.3-cü maddəsinə görə, cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Həmin Məcəllənin 120.4-cü maddəsinə əsasən, cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. İşdən görünür ki, iddia tələbi "cavabdehin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və xx.xx.2008-ci il tarixdə doğulmuş Ramazanzadə Elvin Sabir oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması"ndan ibarət olmuş və birinci instansiya məhkəməsinin qərarı ilə həmin tələb təmin edilməklə, mübahisələndirilən xx.xx.2020-ci il tarixli qərar ləğv edilmiş, eləcə də Ramazanzadə Elvin Sabir oğlunun sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsinin həmin qərarı apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılsa da, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası bununla razılaşmamış və iş üzrə yeni qərar qəbul edərək, mübahisələndirilən xx.xx.2020-ci il tarixli imtina qərarını ləğv etməklə cavabdehin üzərinə Ramazanzadə Elvin Sabir oğluna aid 0256003AAJ7T nömrəli göndərişə məhkəmənin həmin qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyini qoymuş, iddianın qalan hissəsini isə təmin etməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası cavabdehin üzərinə Ramazanzadə Elvin Sabir oğlunun əlilliyinin müəyyən edilməsi öhdəliyini deyil, həmin şəxsə aid olan 0256003AAJ7T nömrəli göndərişə yenidən baxmaq öhdəliyini qoymuşdur. Kassasiya instansiyası məhkəməsinin bu mövqeyi belə əsaslandırılmışdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən cavabdehin üzərinə qoyulmuş Ramazanzadə Elvin Sabir oğluna aid olan göndərişə yenidən baxmaq öhdəliyi borclu tərəfindən icra edilmişdir. Ona görə də birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir ki, borcluya cərimənin tətbiq edilməsinə zərurət qalmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qısa,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi cərimənin tətbiq edilməsi barədə ərizədən imtina olunmasına dair qərardad qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022ci il tarixli 2-1(116)-75/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı2 nümayəndəsi Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2-1(116)-75/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-452/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-452/2022
15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver