Məhkəmə qərarları › İş №2-1(107)-452/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-452/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-452/2024 21.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X1 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2-1(116)-1311/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “əlillik müddətinin uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1311/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1999-cu ildə anadan olmuşdur. Anadangəlmə doğuş travması ilə doğulmuş, sol yuxarı ətrafı inkişafdan qalmışdır. Əlində və barmaqlarında anomaliya vardır. 8 yaşından qıcolma tutulmaları başlamışdır. Eyni zamanda huşun itməsi ilə əlaqədar baş verən qıcolma tutulmaları, ətraflarında əsmə, sol qolunda zəiflik var və sol əl ilə iş görə bilmir.

5. Ona 9 yaşında ilk dəfə olaraq əlillik təyin olunmuşdur. 18 yaşında isə 5 illik əlillik təyin olunmuşdur. İİ qrup əlildir. İİ qrup əlilliyə görə aldığı pensiyası sonuncu dəfə xx.xx.2023-cü ildə almışdır.

6. Bu müddətdən etibarən əlillik bərpa edilməmiş və pensiyanın ödənilməsi dayandırılmışdır.

7. Sonuncu dəfə xx.xx.2023-cü ildə Həkim-məsləhət Komissiyasından keçmiş və ona G63.4 (ağır), G80.0 (əsas) - “doğuş travmasından qalıq vəziyyət, perinatal ensofalopatiya. Uşaq serebral iflici”, Ağırlaşma - G40.0 - “Epilepsiya xəstəliyi. Qıcolma tutmaları ilə”, G71.3 - “sol yuxarı ətrafın anadangəlmə anomaliyası. Sol yuxarı ətrafın qısalığı, sol yuxarı ətrafın funskiyasının pozulması”, R26 - “Hərəki hissi, trofiki pozulma, sol əldə tutma funskiyasının olmaması” diaqnozu qoyulmuşdur.

8. Lakin, cavabdeh inzibati orqan tərəfindən əlillik müddətinin uzadılmasından imtina edilmişdir. Səbəb olaraq dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması qeyd edilmişdir. Eyni zamanda həkim rəyi olaraq qeyd edilmişdir ki, əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsinin dəqiqləşdirilməsi ətraflı qeyd edilməmiş, göstəricilərdən biri olan əzələ gücü barədə məlumat qeyd edilməmişdir.

9. Əlillik müddətinin uzadılması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir.

10. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış Diaqnozun Mətni: “Kvadroplegik spastik serebral iflic. Uşaq serebral iflici ”, Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: “Göndərişin natamam doldurulması - Səbəb: Əsas diagnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin. Göstəricilərdən biri olan əzələ gücü barədə məlumat qeyd edilməyib, status localisdə əsası ilə Mərkəzə geri göndərilmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddianın təmin edilməməsi xahiş edilmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 aprel 2024-cü il tarixli 2- 1(116)-1311/2024 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı barəsində Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli, R00153533HAE nömrəli göndərişinə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyi nəzərə almaqla yenidən baxmaq öhdəliyinin qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

14. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsini 30 aprel 2024-cü il tarixli 2-1(116)-1311/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

15. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

16. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

17. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrinə dair xx.xx.2023-cü il tarixli əlilliyin təyin edilməsindən imtina cavabı, Tibbi-Sosial Ekspert Komissiyasının müayinə cavabları (Akt nömrələri: xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0003, xxxxxxx0004, xxxxxxx0008, xxxxxxx0010, xxxxxxx0011)

TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın – 2.4-cü bəndinə görə, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.7-ci bəndinə görə, TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Xidmət tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Xidmətə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Xidmətin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir; 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2-1(116)-1311/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

22. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.

25. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

26. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

27. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin, göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.

28. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir.

29. Cavabdeh orqan müraciətin təmin edilməsindən imtinasını “Göndərişin natamam doldurulması, (Əsas diaqnozun ağırlaşması dəqiqləşdirilsin və diaqnostik müayinələrlə təsdiqlənsin)” ilə əsaslandırmışdır.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın – 2.4-cü bəndinə görə, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.7-ci bəndinə görə, TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Xidmət tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Xidmətə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Xidmətin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir; 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

31. Həmin normalarla müəyyən edilmiş inzibati icraat qaydaları (o cümlədən, əlavə araşdırma aparılması imkanının nəzərdə tutulması) və müddətləri nəzərə alındıqda, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması və əlavə sübutların toplanması həmin icraatda mümkün, həm də zəruridir. Belə ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsi).

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək belə qənaətə gəlir ki, inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan və inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan, bu səbəblə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəliyin qoyulması işin hazırkı vəziyyətində mümkün olmadığından birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişinə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyinin cavabdehin üzərinə qoymaqda haqlı olmuşdur.

33. Belə ki, hazırkı vəziyyətdə cavabdeh orqan iddiaçının sağlamlıq vəziyyətinin ona əlilliyin təyin edilməsinə imkan verib-verməməsi ilə bağlı yekun mövqeyini bildirməmişdir. Bununla belə iddiaçıya əlilliyin təyin edilməsinin mümkün olub-olmaması barədə qərar qəbul etmək üçün zəruri olan inzibati araşdırmanın tamlığını da təmin etməmiş, əsassız olaraq “göndərişin natamam doldurulması” əsası ilə imtina cavabı vermişdir.

34. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

35. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2-1(116)-1311/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar